İnsan alveri- ümumbəşəri bəla

 

Azərbaycan insan alverində həm mənbə, həm təyinat, həm də tranzit ölkəsi rolunu oynayır

 

Bu gün bütün dünya dövlətlərini ən çox narahat edən problemlərdən biri də insan alveri problemidir. Gün keçdikcə bu problem özünü daha qabarıq  şəkildə göstərməyə başlayır. ABŞ Dövlət Departamentinin bu sahə üzrə illik hesabatında göstərilir ki, hər il dünya üzrə 800 mindən artıq insan bu qanunsuz ticarət növünün qurbanı olur ki, onların da 80 faizi qadınlar və gənc qızlardır.

Məlumat üçün bildirək ki, insan alveri güc işlətmə və ya güc işləyədiləcəyi ilə hədələmə və digər formada məcburiyyət, oğurlama, fırıldaqçılıq, aldatma, hakimiyyətdən və ya köməksizlikdən sui-istifadə yolu ilə, yaxud başqa şəxsə nəzarət edən şəxsin razılığını pul və ya fayda verməklə alma yolu ilə insanların istismar məqsədi ilə cəlb edilməsi, daşınması, başqasına verilməsi, gizlədilməsi və ya əldə edilməsi deməkdir. İstismar ən az başqa şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarının digər formalarını, məcburi əməyi və ya xidmətləri, köləliyi və ya köləliyə bənzər adətləri, asılı vəziyyəti və ya bədən üzvlərinin çıxarılmasını əhatə edir.   BMT-nin son hesablamalarına görə, il ərzində insan alverindən 20 milyard dollara yaxın gəlir əldə edilir və silah və narkotika ticarətindən sonra dünyada ən çox gəlir gətirən sahə hesab olunur.

 

Qurbanların orqanları   satılır

 

 İnsan alveri ilə məşğul olan xüsusi cinayətkar qruplar daha çox xüsusi risq qrupuna daxil olan insanları seçir və onları öz torlarına salmağa çalışırlar. Qadın alverçilərinin toruna əsasən savadsız, kasıb, dünyagörüşü dar olan, həyat yoldaşından boşanmış, ailəsində problemi olan, maddi sıxıntı içərisində yaşayan, iş tapa bilməyən, qalmağa yeri olmayan, bəzən isə dünyagörüşünü artırmaq istəyən, cah-cəlallı və komfortlu həyat xülyası ilə yaşayan qadınlar düşürlər. Təəssüf doğuracaq faktlardan biri də odur ki, bu cür cinayətlərin təşkilatçıları da əksər hallarda məhz qadınlar olur. Onların bəziləri isə ilk əvvəl özləri əxlaqsızlıqla məşğul olur, bu peşəyə yiyələndikdən sonra isə digərlərini də öz arxalarıyla sürükləyirlər.

  Diqqət çəkən məqamlardan biri də insan alverinin qurbanı olan qadınların bir qisminin sonradan qətlə yetirilməsidir. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, il ərzində ayrı-ayrı ölkələrdə bu sahədə çalışan minlərlə qadın yoxa çıxır. Onlar ya ölkəni dəyişir, ya da fiziki cəhətdən məhv edilirlər. Əksəriyyəti gənc olduğundan həmin qurbanlar bir çox hallarda öldürülərək orqanları transplantasiya üçün istifadə edilir.

 

İş əvəzinə priton

 

Qadınların yoldan çıxarılması üçün müxtəlif üsullardan istifadə olunur. Daha çox isə xaricdə iş elanları verməklə öz niyyətlərini həyata keçirirlər. Belə ki, qadınları cəlb etmək üçün internet, qəzet, jurnal, işədüzəltmə kimi fəaliyyət göstərən agentliklərdə elanlar verilir. Artıq Azərbaycanda da geniş vüsət almış bu cür çağırışlarda iş yerlərinə cavan və gözəl qadınların dəvəti, xaricdə böyük miqdarda pulla iş yerləri vədləri səslənir. Yalan vədlərə uyan qadınlar isə tez bir zamanda cinayətkarların toruna düşürlər. Araşdırmalar da cavan qadınların əksər hallarda iş adı ilə yoldan çıxarıldığını göstərir. Onlara xarici ölkələrdə yüksək maaşlı işlər təklif olunur. Sonra xüsusi agentlər vasitəsilə qadınların yol və digər xərcləri ödənilərək, müqavilə imzalanmağa məcbur edilirlər. İş təklifindən başqa təhsil almaq, nikaha girmək adı ilə də xaricə aparılanlar var.

“Tacirlər” tora saldıqları qadınları ətraf mühitdən təcrid edərək qaldıqları yerdə yaşamağa məcbur edirlər. Əksər hallarda qadınların sənədləri də müsadirə edilir. Qadınları təsir altına salmaq üçün onlar fiziki təhqirlə hədələnir, maaşları verilmir, geyimləri əllərindən alınır. Belə  işgəncələrə məruz qalan qadın isə sırf təsadüf nəticəsində bu mühitdən can qurtara bilir. Odur ki,    Azərbaycanda fəaliyyət göstərən işədüzəltmə firmalarının fəaliyyətinə nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var.

Eyni zamanda tanışlıq büroları da insan alverinin yayılmasında böyük rol oynayırlar. Rusiya mətbuatının apardığı araşdırmalar göstərib ki, varlı ər axtarışında olan gənc qızların bir çoxu tanışlıq bürolarının köməyi ilə əcnəbilərlə ailə qurduqdan sonra istismara məruz qalırlar. Misal üçün, Nadya adlı bir qadın amerikalıya ərə gedəndən sonra anlayıb ki, sevgilisi Coni onu həyat yoldaşı kimi deyil, kölə kimi alıb. Fermasında Nadyanı kölə kimi işlədən Coni ona müxtəlif işgəncələr də verirmiş. Bədbəxt qadın yalnız polisə müraciət etdikdən sonra “sevgilisindən” canını qurtara bilib.

 

Gecə barları əxlaqsızlıq yuvalarına çevrilib

 

İnsan alverinin və fahişəliyin geniş yayılmasında gecə barlarının da böyük “əməyi” var. İnkişaf etmiş ölkələrdə barlar daha çox istirahət məkanları kimi tanınsa da, bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda barlar daha çox əyləncə və əxlaqsızlıq yuvası qəbul olunur. Doğma Bakımızın müxtəlif ərazilərində, xaricdən fərqli olaraq əsasən zirzəmilərdə yaradılan barlarda gənc qızlar və qadınlar əxlaqsızlıqla məşğul olurlar. Onların bəziləri könüllü şəkildə, bəziləri isə başqaları tərəfindən aldadılaraq bu işlə məşğul olurlar. Hətta polisin keçirdiyi reydlər zamanı azyaşlıların da pozğunluqla məşğul olduğu üzə çıxıb. Bütün bunlara baxmayaraq bu sahədə heç bir ciddi tədbirin görülməməsi isə ancaq təəssüf doğurur.

Ekspertlərin sözlərinə görə, qadınlarla yanaşı kişilər və uşaqlar da bu alverin qurbanı olurlar və bu kimi faktların sayı getdikcə artır. Kişilər əsasən yüksək maaş qazanmaq istəyi ilə insan alverçilərinin qurbanına çevrilirlər. Gün ərzində sərf etdikləri əməyin müqavilində cüzi məvacib alırlar.

Uşaqlar isə cinsi istismarla yanaşı dilənçiliyə və başqa qanunsuz hərəkətlərə məcbur edilirlər. Xüsusən də küçə uşaqları daha böyük təhlükə qarşısındadırlar.

“Ümidli Gələcək” Gənclər Təşkilatının sədri, Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidovun sözlərinə görə, ölkəmizdə uşaqların insan alverinin qurbanı olmasına dair faktlar az olsa da, bu sahədə geniş maarifləndirmə işinin aparılmasına ehtiyac var: “Azərbaycanda uşaqların insan alverinin qurbanı olmasına dair faktlar azdır, lakin bu cür faktlar var.   Uşaq alveri əsasən uşağın tanıdığı insanlar tərəfindən onların cinsi istismar, pornoqrafiya və sair hərəkətlərə cəlb etmək , bəzi hallarda isə cinayətkar qrup tərəfindən uşaqların yenə də cinsi istismarı və ya orqanlarının satılması məqsədilə həyata keçirilir. Bu istiqamətdə uşaqların ölkə hüdudlarından çıxarılması zamanı valideynlərin razılığının tələb olunması və bu kimi digər inzibati xarakterli tədbirlərin böyük əhəmiyyəti var. Digər tərəfdən əhali arasında maarifləndirmənin, əsasən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə, məktəblərdə, internat müəssisələrində və uşaq tərbiyə müəssisələrində aparılması çox vacibdir. Təəssüf ki, televiziya və radio, çap mediası vasitəsilə məlumatlar ya yayılmır, ya da bu iş çox zəif aparılır”.

 

Bəzi valideynlər özləri öz uşaqlarını fəlakətə sürükləyirlər

 

  Uşaqların müxtəlif vasitələrlə insan alverinin qurbanına çevrildiyini deyən N.Seyidovun sözlərinə görə, hətta bəzi valideynlər özləri öz uşaqlarını fəlakətə sürükləyirlər: “Uşaqları ələ almaq üçün müxtəlif şəxslər və qruplar fərqli vasitələrə əl atır. Lakin daha çox maliyyə vəsaitinin verilməsi, digər ölkədə gözəl həyat vəd edilməsi, ölkədə qalan ailənin dolanışığının həmin bu uşaqların hesabına yaxşılaşması və sair təklif olunur.   Ona görə həmin uşaqların ölkədən çıxarılması problem olmur, çünki, bütün sənədlər düzgün olur. Bu cür halların qarşısının alınması üçün ilk əvvəl uşaqlar üçün “Qaynar xətt”ə ehtiyac var. Bundan başqa sərhəd qoşunları  əməkdaşlarının ölkəni tərk edən bütün uşaqları daha diqqətlə müşahidə etməli və şübhə olduqda onlarla söhbət aparılmalıdır. Eləcə də, yerlərdə uşaqların müdafiəsi işinin və bu sahədə çalışan dövlətin uşaq müdafiəsi qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi  zəruridir”.

Uşaqlarla yanaşı internat evlərini tərk edən gənc qız və oğlanların da insan alveri qurbanına çevrilmə risqi olduqca böyükdür. Onlar uşaq evlərini tərk edəndən sonra ev, iş tapa bilmədiklərindən və digər problemlərlə üzləşdiklərindən asanlıqla insan alverçilərinin toruna düşürlər.

Bu ticarət növünün geniş yayılmasının ən dəhşətli tərəfi əxlaqsızlağa yuvarlanan qadınların AİDS-ə və digər təhlükəli xəstəliklərə yoluxma ehtimallarının böyük olmasıdır. Onlar xəstəliyin daşıyıcısına çevrildikdən sonra öz ölkələrinə gəlib qorxulu xəstəliyi yayırlar. Həmin qadınlar tibbi müayinədən keçmədikləri üçün onların hansının xəstə olduğunu müəyyən etmək mümkün deyil. Onlar gizli həyat keçirdiklərindən aşkarlayıb müayinəyə cəlb etmək də müşkül məsələdir. Son illər belə qadınların sayının çoxalması isə bu xəstəliyin ölkəmizdə kütləviləşməsinə hər an şərait yarada bilər. Problemin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi tərəfindən arabir reydlər keçirsə də, bu problemi həll etmir. Belə ki, əxlaqsızlıqla məşğul olan qadınlar tibbi müalicə aldıqdan və ya müəyyən məbləğdə cərimə ödədikdən sonra yenidən əvvəlki işləri ilə məşğul olmağa başlayırlar.

 

İnsan alverində həm mənbə, həm təyinat, həm də tranzit ölkə

 

İnsan alveri problemi üzrə Azərbaycan həm mənbə, həm təyinat, həm də tranzit ölkəsi rolunu oynayır. İstər rəsmi statistika, istərsə də qeyri-rəsmi mənbələrdən alınan məlumatlar ölkəmizdə insan alveri ilə bağlı məsələnin getdikcə dərinləşdiyini deməyə əsas verir.

Başqa ölkələrdə olduğu kimi Azərbaycanda da insan alverinin əsas qurbanları qızlar və qadınlardır. Onlar əsasən Türkiyə, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Rusiya və İrana aparılaraq istismar olunurlar.

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildiriblər ki, 2009-cu ildə həyata keçirilmiş əməliyyatlar nəticəsində insan alveri ilə bağlı 80 cinayət faktı qeydə alınıb. Bu cinayətləri törətdiklərinə görə əksəriyyəti qadın olmaqla (90-95 faiz) 76 şəxs cinayət məsuliyyətinə cəlb edilib. İnsan alverinin qurbanı olan 91 nəfər isə müayinə olunub. Bu qəbildən olan cinayətlər sırasında 3 fakt əməyin istismarı ilə bağlı olub. Hesabat dövründə 4 insan alveri qurbanı olmuş Özbəkistan vətəndaları öz ölkələrinə təhvil verilib.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qəzetimizə müsahibəsində insan alverinin daimi hərəkətdə olan proses olduğunu bildirərək, buna qarşı mübarizəni davamlı və daha fəal şəkildə aparmağın zəruriliyini vurğulayıb: “Elə məqamlar var ki, orada boşluqlar ortaya çıxır. Bu halda insan alverçiləri həmin boşluqlardan istifadə etməyə cəhd göstərirlər. Bu baxımdan mübarizə aparan tərəf daim bu prosesləri izləməli, ortaya çıxan boşluqlarla bağlı təcili tədbirlər həyata keçirməlidir”.

Təşkilat rəhbəri insan alverinə şərait yaradan səbəblərdən də danışaraq bildirib ki, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməyi, qadınların peşəyönümlü olmamağı, təhsildən yayınması halları da insan alverinə təsir göstərən səbəblərə aid edilə bilər ki, bu istiqamətdə də ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur: “İstəyirik ki, regionlarda qadınlarımız üçün hüquq məsləhət mərkəzləri və yaxud reinteqrasiya mərkəzləri fəaliyyət göstərsin. Bu formada qadınların müraciət edə biləcək mərkəzlərin yaranmasına böyük ehtiyac var”.

 Əsas məsələlərdən biri də insan alveri qurbanlarının cəmiyyətə inteqrasiyasıdır. Təəssüf ki, bir çoxlarının bu insanlara münasibəti heç də yaxşı deyil. Bu və digər səbəblərdən insan alverinin qurbanları cəmiyyətə qaynayıb-qarışmaqda çətinlik çəkir, çox vaxt da depressiyaya düşürlər.

 

İnsan alverinə qarşı mübarizə gücləndirilib

 

Nəzərə çatdıraq ki, son vaxtlar problemin qarşısını almaq üçün dövlət tərəfindən ciddi işlər görülür, qanunvericilik bazası təkmilləşdirilir. Belə ki, BMT-də 2000-ci il dekabrın 12-də imzalanmış “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyası, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” protokolu və 20 sentyabr 2002-ci ildə qəbul edilmiş “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel bəyannaməsi 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilib.

Prezidentin 6 may 2004-cü il tarixli sərəncamı ilə bu sənədlərdəki müddəalar əsasında hazırlanan “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiqlənib. Daxili işlər nazirinin 19.05.2004-cü il tarixli əmri ilə Daxili İşlər Nazirliyində İnsan Alverinə qarşı Mübarizə İdarəsi (İAQMİ) və bu planın həyata keçirilməsinə nəzarət üçün milli koordinator postu yaradılıb.

Sözügedən idarədən verilən məlumata görə, milli fəaliyyət planına uyğun olaraq, insan alveri cinayətlərinin qarşısının alınması məqsədilə “Qaynar xətt” xidməti (tel: 152 və 562-21-12) üçün ayrılmış mənzil DİN-in İsan Alverinə Qarşı Mübarizə İdarəsinin istifadəsinə verilib. Bundan əlavə “Təmiz Dünya” qeyri-hökumət təşkilatının ofisində 24 saat fəaliyyət göstərən 050-511-11-51 nömrəli telefon “yardım xətti”, həmçinin İAQMİ-də 012-590-90-75 nömrəli telefon “növbətçi əlaqə telefonu” açılıb.

Adıçəkilən planın icrası başa çatdıqdan sonra insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq ölkə Prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə 2009-2013-cü illəri əhatə edən yeni Milli Fəaliyyət Proqramı qəbul edilib. Ardınca isə Nazirlər Kabineti tərəfindən insan alveri qurbanları ilə bağlı “Milli istiqamətləndirmə mexanizmi” və “İnsan alveri qurbanlarının müəyyən edilməsi qaydaları” təsdiq edilib. Bundan əlavə Cinayət Məcəlləsində də cinayətkarlığın bu növü ilə mübarizəni nizamlayan müvafiq maddələr, cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların, eləcə də kişilərin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ-hüquqi aktlar var. 2005-ci ilin 28 iyun tarixində “İnsan alverinə qarşı mübarizə haqqında” qanunun qəbul edilməsi də xüsusi qeyd edilməlidir.

 

İnsan alveri qurbanlarına ödənən kompensasiyanın məbləği artırılacaq

 

Qeyd olunanlarla yanaşı insan alverinin qurbanları üçün xüsusi sığınacaq mərkəzi yaradılıb. Həmin mərkəzdə cinayət qurbanları üçün reabilitasiyalar keçirilir. Eyni zamanda dövlət tərəfindən insan alveri qurbanlarına az məbləğdə də olsa müavinətlər verilir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyevin sözlərinə görə isə, yaxın zamanlarda müavinətin məbləğinin artırılması gözlənilir: “Azərbaycanda insan alveri qurbanlarına verilən kompensasiyanın məbləğinin artırılması üçün təkliflər paketi hazırlanıb. Hazırda Maliyyə Nazirliyində bu məsələyə baxılır. İndi insan alveri qurbanlarına 33 manat məbləğində kompensasiya verilir. Sənəddə bu məbləğin 500-600 manata qaldırılması təklif olunub”.

İdarə rəisi mayın 1-7-si Azərbaycanda insan alveri ilə mübarizə həftəsi elan olunduğunu da bildirib: “ATƏT-in Bakı ofisi və Azərbaycan hökumətinin birgə elan etdiyi mübarizə həftəsinin məqsədi bu sahədə maarifləndirmə işini gücləndirməkdir. Bununla bağlı həftə çərçivəsində Bakıda, Şirvanda və Sumqayıtda silsilə maarifləndirmə tədbirləri keçiriləcək. Həftə ərzində hava, dəniz limanında, avtovağzalda, dəmiryol vağzalında əhaliyə insan alveri ilə mübarizə məqsədilə hazırlanmış bukletlər paylanacaq, telekanallarda sosial reklam yayımlanacaq, gəzintilər təşkil olunacaq. Polisdə 152 saylı “qaynar xətt” açılacaq”.

Göründüyü kimi, insan alveri problemi tək ölkəmizdə deyil, bütün dünyada həll edilməli ən aktual problemlərdən biridir. Bu problemin qarşısının alınması üçün ciddi tədbirlər görülməsə minlərlə uşağın, qadının, kişinin başına insanlığa sığmayan oyunlar açılmaqda davam edəcək. Neçə-neçə qadın namusunu, neçə-neçə kişi qeyrətini, neçə-neçə uşaq isə həm də gələcəyini itirəcək. Buna yol verməmək üçünsə ekspertlər ciddi tədbirlərin görülməsini- insan alverinə qarşı mübarizənin gücləndirilməsini, əhali arasında geniş maarifləndirmə işinin aparılmasını, qurbanlara hərtərəfli yardım göstərilməsini, risk qrupunda olanların müdafiəsinin gücləndirilməsini və başqa tədbirlərin görülməsini vacib sayır və hər kəsi bu işdə fəal olmağa çağırırlar.

 

 

Babək CAHANDAROV

 

 Paritet.- 2010.-1-3 may.-S.9-10.