Erməni işğalı və terrorunu
ifşa edən QHT-lərin əlaqələndirmə
şurası yaradılacaq
Azay Quliyev: “Müsabiqədə
Dağlıq Qarabağ məsələsi prioritet mövzu
olaraq irəli sürülüb”
Dağlıq Qarabağla
bağlı Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması işində
dövlətlə yanaşı qeyri-hökumət təşkilatları
da xüsusi fəallıq göstərirlər. Prezident
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası yaradıldıqdan sonra isə QHT-lər
bu sahədə daha sistemli və səmərəli işləməyə
başlayıblar. Şuranın sədri, millət vəkili
Azay Quliyev qəzetimizə müsahibəsində QHT-lərin
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında rolundan və Şuranın bu
istiqamətdə gördüyü işlərdən
danışıb.
-Son
iki ildə QHT sektorunun inkişafı üzrə çox ciddi
təməllər qoyulub. Birincisi, cənab prezident İlham Əliyev
QHT-lərə dövlət dəstəyi konsepsiyasını
təsdiq etməklə dövlətin QHT sektoru ilə
bağlı siyasətinin nədən ibarət olduğunu
bütün dünyaya, o cümlədən Azərbaycan
ictimaiyyətinə təqdim etdi. Bu siyasət QHT-ləri hərtərəfli
dəstəkləmək, QHT-lərin bilik və
bacarıqlarından ümummilli məsələlərin həllində
istifadə etmək, ictimai problemlərin həllinə QHT-ləri
cəlb etmək, QHT-hökumət münasibətlərini yeni
bir əməkdaşlıq müstəvisinə qaldırmaq,
QHT-lərə maliyyə baxımından yardım etmək,
QHT-lərin informasiya ehtiyaclarını qarşılamaq, QHT-lərə
metodoloji, texniki və təşkilati yardım etməkdən
ibarətdir. Yəni, bütün bu sahələrdə
sadaladığım niyyət konkret olaraq Azərbaycanda
üçüncü sektorun inkişafına, vətəndaş
cəmiyyətinin güclənməsinə istiqamətlənib.
Son iki ildə sadaladığım bu istiqamətlərin
çox ciddi təməli atıldı və konkret nəticələr
artıq özünü göstərməkdədir. Artıq
bu gün hökumət QHT-lərə çox ciddi şəkildə
tərəfdaş gözü ilə baxır və onları
özünün ən yaxın köməkçisi hesab edir.
Bununla belə, bəzi QHT-lər hökuməti tənqid etsələr
də, ona qarşı alternativ hesabatlar hazırlayıb təqdim
etsələr də biz başa düşürük ki, bu məsələdə
əsas məqsəd ayrı-seçkiliyə yol vermədən
QHT-lərin ən yaxşı ideya və təşəbbüslərini
dəstəkləməkdən ibarətdir. Buna görə də
bu, istər maddi, istər ideoloji, istər siyasi, istərsə
də mənəvi baxımdan QHT-lər üçün
çox böyük bir üstünlükdür.
-
Şura tərəfindən Dağlıq Qarabağla
bağlı Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində
hansı işlər görülür?
-
Şura yarandığı ilk gündən indiyə qədər
dövlətin bu sahədə həyata keçirdiyi layihələrə
və siyasətə dəstək verməyə
çalışıb. Hələ ulu öndər Heydər Əliyev
1998-ci ildə erməni yalanlarını ifşa etmək
üçün Ermənistandan deportasiya olunan
soydaşlarımızla, eyni zamanda azərbaycanlılara
qarşı törədilmiş soyqırımları ilə
bağlı çox vacib sənədlər imzaladı. Bundan
sonra bu işlər yeni bir müstəviyə keçdi və
bu sahədə işlər daha sistemli şəkildə
aparılmağa başlandı. Dövlət
başçısı cənab İlham Əliyevin prezident
seçilməsindən sonra bu istiqamətdə işlər
daha da sürətləndi və bu siyasətin konkret strukturu,
maddi-texniki bazası və təşkilati işləri
hazırlanıb həyata keçirilməyə
başlandı. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılmasında, erməni yalanlarının
ifşa olunmasında Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu son illər ərzində
çox böyük layihələr həyata keçirib. Təkcə
onu demək kifayətdir ki, “Xocalıya ədalət”
kampaniyası çərçivəsində Fondun Rusiya
bölməsinin rəhbəri Leyla xanım Əliyeva
Xocalı faciəsini dünyaya çatdırmaq
üçün çox böyük bir hərəkata
başlayıb. Fond tərəfindən çoxlu sayda filmlər
hazırlandı, kitablar çap edildi və artıq
görülən işlər öz müsbət nəticələrini
verməkdədir.
Cənab
Prezident Şuranı yaradanda da dövlətin QHT-lərə dəstək
verəcəyi prioritet istiqamətləri müəyyənləşdirdi
ki, bu prioritet istiqamətlərin də önündə
Dağlıq Qarabağ məsələsi və Azərbaycan
gerçəkliyinin dünya ictimaiyyətinə
çatdırılması durur. Bu günə qədər
şuranın maliyyə dəstəyi ilə QHT-lər tərəfindən
Qarabağ məsələsinə həsr olunmuş yüzə
yaxın layihə həyata keçirilib və bu layihələr
çərçivəsində 50-dən artıq kitab,
broşür, buklet çap olunub, 3 film çəkilib, 30-a
yaxın sayt hazırlanıb. Bundan əlavə bir çox
beynəlxalq tədbirlərdə, forumlarda QHT-lərin
iştirakı təmin olunub, Azərbaycanın ədalətli
mövqeyinin dünya ictimaiyyətinə
çatdırılması üçün bu forumlardan
maksimum dərəcədə faydalanmağa
çalışmışıq. Bütün bu işlər
hazırda da davam etdirilir və şura tərəfindən bu
il elan edilən müsabiqədə Dağlıq Qarabağ məsələsi
yenə də prioritet mövzu olaraq irəli
sürülüb.
- Qarabağla bağlı fəaliyyət
göstərən QHT-lərin hər hansı bir formada
birliyinin yaradılması nəzərdə tutulubmu?
-
Hər zaman bir fikri müdafiə etmişəm və həmişə
bu fikirdə olmuşam ki, bu gün Qarabağla bağlı fəaliyyət
göstərən QHT-lərlə hökumət arasında
koordinasiya çox zəifdir. Bu koordinasiya mütləq
olmalıdır, çünki Qarabağ bizim ümumi
problemimizdir. Burada siyasi, maddi və digər maraqlar arxa planda
olmalıdır. Ona görə də bizim belə bir fikrimiz
var ki, maliyyələşdirdiyimiz layihələri həyata
keçirən QHT-lərin əlaqələndirmə
şurasını yaradaq, bununla da onların bir-biri ilə
bağlı əlaqələrinin, bir-biri ilə bağlı
təcrübə mübadiləsinin
yaxşılaşmasına kömək edək. Yəqin ki, bu
istiqamətdə Xarici İşlər Nazirliyi ilə də
müəyyən danışıqlar aparacağıq və
çox istərdik ki, nazirlik bu işdə biz ən azı
informasiya dəstəyi versin.
-
Gələcəkdə bu istiqamətdə Şura tərəfindən
hansı işlər görüləcək?
-
Düşünürəm ki, biz artıq təbliğat vasitələrinə
də yenidən baxmalı, daha çox kütləviliyə
diqqət yetirməliyik. Bilməliyik ki, bizim təbliğat
materiallarımız hansı asan və effektiv yollarla yayıla
bilər. Qarabağ həqiqətlərini dünya birliyinə
çatdırmağın ən effektiv yolunu sənədli
filmlərin hazırlanmasında görürəm.
Çünki bu filmlər qısametrajlı olsalar da, Azərbaycan
həqiqətlərini daha dolğun, yığcam və təsirli
şəkildə təqdim etməyə imkan verir. Bu səbəbdən
də bizim gələcək planlarımızda və layihələrimizdə
film yaradıcılığına
daha çox yer veriləcək. İndiyə qədər
Quba soyqırımı, İrəvan, Çanaqqala
savaşı ilə bağlı filmlər çəkmişik
və düşünürəm ki, Zəngəzur,
Şuşa, Laçın, Naxçıvan və digər
bölgələrimizlə də bağlı ciddi filmlər
hazırlanmalıdır. Bununla yanaşı, digər təbliğat
formaları, xüsusən də qarşılıqlı səfərlər,
görüşlər, beynəlxalq tədbirlərdə
iştirak, xüsusi nəşrlərin çapı və digər
bu kimi mühüm məsələlər də diqqətimizdə
olacaq.
-Qarabağ
həqiqətləri ilə bağlı yerli QHT-lərin beynəlxalq
təşkilatlarla əməkdaşlığı hansı səviyyədədir?
-
Son dövrlər bu sahədə bir sıra mühüm işlər
görülsə də, Qarabağ məsələsi ilə
bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığın
indiki səviyyəsi qənaətbəxş sayıla bilməz.
Çünki torpaqlarının bir hissəsi işğal edilən,
Ermənistan kimi hiyləgər bir düşmənlə
üz-üzə olan bir məmləkətin QHT-ləri beynəlxalq
əməkdaşlıq sarıdan daha çox işlər
görməlidirlər. Bunu nəzərə alaraq, belə bir
qərara gəldik ki, QHT-lərin beynəlxalq əməkdaşlığını
qurmaq üçün Şuranın hansısa bir layihəsi
olsun. Bu layihə ilk növbədə həmin təşkilatlara
informasiya təminatı verəcək, QHT-lərin xarici
ölkələrdəki həmkarları ilə necə əlaqələr
qurulması ilə bağlı metodoloji dəstək verəcək.
Bundan sonra ola bilsin ki, biz bir neçə beynəlxalq forumun
keçirilməsini də gündəmə gətirdik. Bizim
QHT-lərə tövsiyə edərdim ki, məhz beynəlxalq
təşkilatların üzvü olmağa, onların
tribunasından istifadə etməyə cəhd göstərsinlər,
ikitərəfli və çoxtərəfli əlaqələrin
qurulmasına üstünlük versinlər. Bu, ölkəmizi
beynəlxalq arenada lazımi səviyyədə təmsil və
təbliğ etmək üçün önəmli bir
fürsət olardı. Onu da nəzərinizə
çatdırım ki, bizim milli hesabatımız
hazırlanıb və artıq çapa göndərmişik.
Bu hesabat nəticəsində bəlli olur ki, çox az sayda
QHT-lər bu cür imkanlardan faydalana bilirlər.
-Bəs
millət vəkili kimi Qarabağla bağlı Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki
fəaliyyətiniz barədə nə deyə bilərsiniz?
-
Millət vəkili kimi çalışıram ki, üzərimə
düşən missiyanı və vəzifəni layiqincə
yerinə yetirim və seçicilərimin, eyni zamanda ölkəmin
və parlamentimin gözləntilərini qarşılaya bilim. Bu
həm Azərbaycan daxilində fəaliyyətimlə
bağlıdır, həm də Azərbaycandan kənarda. ATƏT-in
Parlament Assambleyasının üzvü kimi, tez-tez xaricdə
toplantılarımız olur və burada Azərbaycanı
layiqincə təmsil etməyə
çalışırıq. Xüsusilə Dağlıq
Qarabağla bağlı mövqeyimiz kifayət qədər
aydın və davamlı şəkildə eşidilməkdədir.
Eyni zamanda başqa-başqa forum və toplantılarda da
çalışırıq ki, ölkəmizin
ehtiyaclarını və maraqlarını nəzərə
alaraq öz mövqeyimizi quraq. Ümumiyyətlə,
vicdanlı, səmimi, işgüzar və seçicilərlə
daim ünsiyyət qurmaq kimi ağır bir missiyanı
daşımaq çox da asan məsələ deyil. Səndən
çoxlu gözləntilər var, hər kəs səndən
nəsə umur, problemlərinin həll edilməsinə dəstək
olmağını istəyirlər. Hesab edirəm ki, millət
vəkili hər zaman seçicilərinə yaxın
olmalı, sözün ən səmimi mənasında qəlbi
seçicilərin qəlbi ilə döyünməlidir.
Babək
CAHANDAROV
Paritet.- 2010.- 4-5 may.- S. 7.