“Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında”

 

Uzun illərdir ki, Azərbaycanın-xalqımızın  ağrılı yeri olan və hələ də həllini tapmamış Qarbağ  məsələsi ilə bağlı yerli müəlliflər  tərəfindən silsilə kitablar yazılıb, teatr tamaşaları səhnələşdirilib,  rəsmlər və  filmlər çəkilib. Eyni zamanda  artıq bir neçə ildir ki, dünyanın diqqətində olan  Qarabağ məsələsi ilə bağlı bir neçə  kənar müəlliflər tərəfindən  kitablar yazılıb. Belə ki, Amerikada tanınmış yazıçı, jurnalist Tomas de Vaalın Qarabağ münaqişələrinə həsr etdiyi  “Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” kitabı bir müddət əvvəl işıq üzü görüb.

Nəzərinizə çatdıraq ki, ABŞ səfirliyinin  maliyyə dəstəyi ilə  Azərbaycan dilinə  tərcümə olunub və çap edilmiş kitabda Dağlıq Qarabağ münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə regionlarda baş verən olaylar, aparılan danışıqlar və vasitəçilik prosesi kənar müşahidəçi prizmasından araşdırılır.

Bu kitabın bir özəlliyi var ki, xalqımızın ən ağrılı yeri  olan Qarabağ hadisələri kənar, yəni başqa bir ölkənin tədqiqadçısı tərəfindən  yazılıb.

Sözügedən kitabın Azərbaycan dilinə tərcüməsi zamanı müəllifin məxsusi olaraq  kitabın girişində yazdığı” Azərbaycan nəşri üçün bir neçə söz”- adlı məqaləsində  T. de Vaal bunları qeyd edib: ”Dağlıq Qarbağ münaqişəsi  mövzusunda yazmağa cəsarət edən  hər bir müəllif  əlbəttə ki, tənqid obyektinə çevrilir. Bu kitab həmçinin ermənilər və azərbaycanlılar tərəfindən tənqid atəşinə tutulur. Bu,  təbiidir. Qarbağ məsələsi hər iki ölkənin ən yeni tarixinin təməlində durur və hər iki millət gələcəyə irəlilədikcə, onların boyunlarından asılmış daşa bənzəyir”. Vaalın müəllifi olduğu məqalədə bir diqqətçəkən məqam var:”Münaqişəni tədqiq edərkən  mən ilk əvvəl   bu hekayələri- əfsanələri-öyrənməyə, sonra isə  həqiqəti araşdırmağa qərar verdim. Xüsusən, 1988-ci ildə  münaqişənin necə yarandığını anlamağa çalışdım. Mən bu kitabı yazarkən, Azərbaycanda bir neçə həftə keçirdikdən sonra,  Azərbaycanın mövqeyi, yəni azərbaycanlıların bu münaqişənin qurbanı olduqları, ermənilərin isə Azərbaycanın böyük hissəsini  işğal etdikləri mənə yaxın və inandırıcı görünürdü. Sonra atəşkəs xəttinin o biri tərəfinə Moskvadan və Gürcüstandan keçib  getdikdə,  tədricən münaqişəyə ermənilərin gözləri  ilə baxmağa başlayır, onların dəlillərini eşitməyə  alışırdım ki, ermənilərin öz kimliyi və  hüquqları uğrunda vuruşmaqdan başqa çıxış yolları olmayıb”,

 O, bilidirb ki,   Azərbaycan və Ermənistan  arasında uzun illərdi davam edən  münaqişə və müharibə ilə bağlı materialları  tədqiq etdikdən sonra yazdığına görə, sual verib ki, onun  hansı tərəfə daha çox ürəyi yanır? Və gəldiyi nəticə belə olub:” Mənin səmimi cavabım belədir: hər iki tərəfdə hörmət etdiyim və rəğbət bəslədiyim insanlar var, lakin ümumi vəziyyət ürək açan deyil və həyəcan doğurur”.

Məqalədə o da qeyd olunub ki,  kitabın özülündə duran tədqiqat təqribən 120 birbaşa müsahibənin əsasında işlənib.Qarabağın azərbaycanlıların yaralı yeri olduğundan müəllifi olduğu kitabın  Azərbaycan oxucuları tərəfindən  maraqla  qarşılanacağını T.d. Vaal qeyd edib:” Siz siyasi məqsədlər naminə buradakı məlumatlara seçimli şəkildə istinad etmədən çəkinməyə çağırıram. Bu kitab yalnız vahid və tam şəkildə səhih sayıla bilər”

 Amma qeyd edək ki, müəllif kitabı yazarkən bir sıra ciddi təhriflərə yol verib. Məsələn, kitabın 15-ci səhifəsində  T.D.Vaal Xankəndini qədim erməni şəhəri adlandırır. Həmin səhifədə bunlar qeyd edilib:”Dağlıq  Qarabağa aparan yollar Azərbaycandan  sonra sakit görünürdü. Həmin axşam  biz yerli  paytaxta-Stepanakertə yetişdik. Bu kiçik və kifayət qədər müasir, xoşagəlimli və eyni zamanda  sıravi, gül və meyvə bağlarına bürünmüş bir şəhər idi. Müharibə zamanı şəhər artilleriya atəşi və bombardımandan çox ziyan  çəkib, ancaq indi tamamilə bərpa edilib. Ağdamın xeyli hissəsi, onun daşları, pəncərə çərçivələri bu şəhərin yenidən tikilməsinə sərf edilib.” -bu yazıdan görünür ki, o belə bir qənatə  ermənilər onu öz yalanlarına inadırdıqdan sonra gəlib.  Ümumilikdə isə T.Vaalın kitabında bu kimi, xeyli sayda  səhv fikirlər yer alıb.

 Bu gün hazırda  Ermənistanda rəhbər orqanda olan şəxslərin əksəriyyəti xalqımıza qarşı törətdiyi dəhşətli faciələri ehtiraf ediblər. Hətta Ermənistanın indiki prezidenti Serj Sərkisiyan  Vaala  müsahibələrində deyib ki, son ana qədər azərbaycanlılar  fikirləşirdilər ki, onlar qadınlara, uşaqlara əl qaldırmayacaqlar. O bildirib ki, o streotipi sındıraraq azərbaycanlıların  gözlərini qorxutmaq üçün onlar heç kimə aman verməyiblər. İndi Ermənistan dövlətinin başında duran şəxsin belə müdhiş etirafının kitabda yer alması   bizə əsas verir ki, erməniləri soyqırım ittihamı ilə  beynəlxalq məhkəməyə verək. Artıq tükiyə və Azərbaycanda bəzi QHT-lər bu istiqamətdə müəyyən addımlar atırlar.

 T.d.Vaal və digər əcnəbi jurnalistlər Qarbağ məsələsindən yazanda ermənilərin bu cür etiraflarına diqqət yetirsinlər və bu zaman kimi haqlı və haqsız olduğunu aydın görmək olar.

 Xatırladaq ki, “Soyqırım: erməni terrorizmi” adlı kitabda T. d.  Vaalın yazdığı” Qara bağ”(Ermənistan  və Azərbaycan sülh və savaş yollarında) kitabındakı təhriflərə dair Dövlət Neft Şirkətinin  müəssisələrindən  birində işləyən, dövri mətbuatda  bədii, publisistik yazılarla çıxış edən və  üç kitab müəllifi olan  yazıçı R.Abbaslının məqaləsi yer alıb. “Tomas de Vaalın “Qarabağ” kitabındakı  təhriflərə dair” adlı məqaləsində yazıçı  tariximizi təhrif eyləyib, Azərbaycan torpaqlarının  ermənilər tərəfindən  işğal olunmasına haqq qazandıran ermənipərəst ingilis jurnalistinə cavab verib. R. Abbaslı məqaləsində amerikalı jurnalistin əsərində yer almış təhriflərə toxunub- Tomas hesab edir ki:” Qarabağla bağlı müharibələr hər şeydən əvvəl  qavrayış, dərketmə problemdir” müəllif sonra yazır:”Azərbaycan əhalisinin əksəriyyəti  əmindir ki,  onların  ərazisinin 20 faizi işğal olunub. Bu, bir mifdir və onun  düzgün olmadığını  sübut etmək bir o qədər də  çətin deyil”- Ramiz müəllim məqaləsində qeyd edib ki, T.d. Vaal demək istəyir ki,  Azərbaycan əhalisinin  əksəriyyəti  real həyatda baş verən hadisələri  düzgün qiymətləndirə bilmir, əslində, heç bir işğal faktı yoxdur, ermənilər ancaq öz torpaqlarını tutublar. Əcnəbi jurnalistin bu və digər  bir çox təhriflərini R.Abbaslı müəllifi olduğu məqalədə qeyd edib və cavablandırıb.

Məlumat üçün bildirək ki,Tomas de Vaal Qafqaz, Rusiya və Qar Dəniz bölgəsi üzrə ixtisaslaşan yazıçı və jurnalistdir. Oksford Universitetində rus və müasir yunan dilləri üzrə təhsil aldıqdan sonra Bi-Bi-Si radiosunun Ümumdünya  Xidmətində  çalışmağa başlayıb. Moskvada “Moscow Times”, “Times of London” və “The Econimist” qəzetlərində işləyib, Karotta Gall ilə birgə Çeçenistan: kiçik  və uğurlu müharibə”(1997) kitabını yazıb: “Qara bağ” kitabı ilk dəfə  2003-cu ildə ingilis dilində nəşr edilib, hazırda isə  rus, erməni və Azərbaycan  dillərinə  tərcümə edilib.  Vaal  son altı il ərzində Müharibə və Sülhün İşıqlandırılması  İnstitutu ilə əməkdaşlıq edib. Hazırda bir sıra beynəlxalq kütləvi informasiya vasitələri, habelə Bi-Si-Bi radiousu üçün  reportajlar hazırlamağa davam edir.

 

 

Günay  ƏSƏDOVA

 

 Paritet.- 2010.- 6-7 may.- S. 7.