Azərbaycan necə işğal olundu?

 

Xalq Cümhuriyyətinin öz müstəqilliyini itirməsi litvalı şahidin xatirələrində

 

Xəbər verildiyi kimi, erməni daşnak qüvvələrinin başda Anastas Mikoyan (1895-1978) olmaqla iştirakilə   XI  qızıl ordunun təcavüzü nəticəsində müstəqil Azərbaycan Respublikasının bolşevik Rusiyası tərəfindən 28 aprel 1920-ci ildə zəbt və süqut edilməsinin 90-cı ildönümü ilə əlaqədar olaraq Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə bu ölkədə bir sıra təbliğat tədbirləri həyata keçirilib. Aprel çevrilişi barədə həqiqətlərin Litva ictimaiyyətinə, ölkənin siyasi və akademik dairələrinə Avropa düşüncə, dünyagörüşü və həyat tərzinə uyğun şəkildə çatdırmaq məqsədilə cəmiyyət məhz Litva yaradıcı adamlarının bu mövzuda yazdıqları əsərlərdən istifadə edir.

  Bu təbliğat aksiyaları çərçivəsində Litva ədəbiyyatının məşhur klassiki Vintsas Kreve-Mitskəviçyusun 28 aprel 1920-ci il çevrilişindən sonra, Azərbaycan xalqının bu faciəsi haqqında yazdığı “Bolşeviklər” adlı sənədli siyasi oçerki Litva dilindən Azərbaycan və rus dillərinə çevrilərək müvafiq şərhlərlə bu günlərdə ölkənin KİV-ri ilə yayımlanır. Əsəri Azərbaycan və rus dillərinə Litva Azərbaycanlıları Cəmiyyətinin və Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyev tərcümə edib. 

   Xatırladaq ki, V.Kreve 1920-ci ildə Azərbaycanda 28 aprel çevrilişinin bilavasitə şahidi olub. O, “Bolşeviklər” siyasi oçerkini real tarixi faktlara əsaslanaraq yazıb və bu əsərdə həmin dövrdə Azərbaycanda baş vermiş ictimai-siyasi proseslər əksini tapıb. V. Kreve öz əsərində 28 aprel çevrilişinin siyasi, ideoloji və hərbi aspektlərini açıq göstərib. Müəllif bolşeviklər Rusiyasının müstəqil Azərbaycanla münasibətlərdə tutduğu riyakar siyasi mövqe, bu ölkəyə qarşı etdiyi hərbi təcavüzün hiyləgər yollarını və məkrli üsullarını əsərində ustalıqla ifşa edib. V. Kreve göstərilən əsərində Rusiyadan Azərbaycana zorla “ixrac” edilmiş “bolşevik inqilabının” siyasi və hərbi texnologiyasını da büsbütün açıqlayıb, onun həyata keçirilməsinin aldadıcı manevrlərini və süngülər üstündə Bakıya gətirilmiş “Revkom”  (İnqilab Komitəsi) və “Xalq Komissarları Şurasının” əsil mahiyyətnini elə həmin günlərdə çox dürüst şəkildə təhlil edib və üzə çıxarıb.

  “Bolşeviklər” siyasi oçerkində 28 aprel çervrilişində fəal iştirak etmiş “inqilab” xadimləri və xalq komissarları Mirzə Davud Hüseynovun (1894-1938) və Çingiz İldırımın (1890-1937), eləcə də Azərbaycanın dövlət müstəqilliyinin qatı düşmənlərindən biri – Bakı Rus Milli Şurasının sədri, Rusiya Kadetlər Partiyası Bakı şöbəsinin sabiq rəhbəri və Bakı Şəhər Dumasının keçmiş deputatı Mixail Floroviç Podşibyakinin (1884-1963) dağıdıcı fəaliyyəti barədə bilgilər də yer alıb. Daşnakların bolşeviklərlə gizli sövdələşməyə girməsi və əlaqələndirici şəkildə hərbi əməliyyatlar aparması, aprel çevrilişi ərəfəsində Azərbaycan milli hərbi qüvvələrinin Ermənistanla sərhəddə cəmləşdirilməsi və nəticədə ölkənin şimal sərhədlərinin müdafiəsiz qalması və digər bu kimi vacib tarixi faktlara toxunulub.

         Üç hissədən ibarət olan bu oçerk ilk dəfə Kaunasda o illərdə litvaca nəşr edilən “Tauta” (“Millət”) ictimai-siyasi qəzetinin 1920-ci ilin avqust ayında çıxmış 34, 35 və 36-cı saylarında çap olunub.Sözügedən oçerkin “Sözlərilə  yox,  əməllərilə  tanımaq  lazımdr” adlanan birinci hissəsində bunlar  qeyd edib:”Azərbaycanın hökumət idarələrində təhsil görmüş ziyalıların kəskin surətdə çatışmaması, əhali arasında Hakimiyyətə qarşı daha böyük narazılıq yaradırdı. Belə ki, bütün müəssisələrdə rus dili işlənirdi və burada çalışanların çoxusu da keçmiş rus dövlət məmurları idilər. Yalnız Daxili İşlər Nazirliyində, orduda və parlamentdə    tatar dilinin (Azərbaycan dilnin; - tərcüməçi) işlənməsi üçün səylər göstərilirdi. Amma, bu səylər tatar (azərbaycanlı; - tərcüməçi) məmurlarının vətəndaş vəzifələrini axıradək düzgün başa düşmədikləri üçün və nəticədə yaranan anlaşılmazlıqlar üzündən tez-tez vəzifədən kənar olunduqlarına görə, heç bir bəhrə vermirdi. ..Ona görə də idarəetmə aparatı bütünlükdə rusların əlində idi; amma, yüksək dövlət vəzifələrini ziyalı azərbaycanlılar tuturdular, aydındır ki, bu rusları qane etmir və ona görə da onların narazılığı getdikcə daha da artırdı. Sözün doğrusu, yerli ruslar tarixdə heç vaxt Azərbaycanın dostu da olmayıblar. Onlar əvvəlcə burada  Denikinin gəlişini gözləyirdilər, onun Könüllü Ordusu darmadağın edildikdən sonra isə bolşeviklərin yolunu gözləməyə başladılar”.

  “Bir yanda  danışıqlar aparır, o biri yandasa  öz işlərini görürlər”-adlanan oçerkin ikinci bölməsində isə qeyd edilib ki,    bolşeviklər inqilab komitələri  yaradaraq şəhərdə növbə ilə keşik çəkir və əhali arasında vərəqələr yayırdılar: ”Həmin vərəqələrdə hakimiyyətin onlara verilməsini tələb edir və göstərirdilər ki, yalnız onlar, - bolşeviklər Rusiya sovet hökumətilə razılığa gələ bilərlər, yalnız onlar rus Qızıl Ordusunun Azərbaycana girməsinin qabağını almağa və Moskvanın Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməməyə qadirdirlər. Digər vərəqələrdə isə çağdaş hakimiyyətin buraxdığı bütün səhvlər, xalqa qarşı gördüyü günah işlər sadalanır və hakimiyyət ən müxtəlif təhqiredici sifətlərlə hallandırılırdı. Belə ağır və mürəkkəb şəraitdə parlament iclası çağırıldı. İndi parlament üzvləri arasında bolşeviklər də peyda olmuşdular ki, hakimiyyətin qan tökülmədən onlara verilməsini və dağılmağı tələb edirdilər. Deyirdilər ki, onlar sovet hakimiyyəti quracaqlar. Onların fikrincə, müqavimət göstərmək əbəs idi. Belə ki, guya Azərbaycan rusların Bakıya girməkdə olan Qızıl Ordusunun qabağını ala bilməyəcək, nahaq yerə qan töküləcək, xalqın var-dövləti yerlə yeksən ediləcək və ola bilsin ki, onda Azərbaycanın əlahiddə bir dövlət kimi özünün varlığına da son qoyula bilər”.

Qeyd edilir ki, hələ müstəqil Azərbaycan ilə Moskva arasında danışıqlar gedərkən, bolşeviklər martın dördündə Rus Milli Şurasının sədri    Podşibyakinin yanına iki səlahiyyətli nümayəndəsini göndəriblər: onlardan birisi Azərbaycan hava qüvvələrinin rəhbərliyində xidmət edən türk zabiti Əfşar xan idi. Onlar bilmək istəyirdilər ki, bolşeviklər Bakıya gəldikdən sonra rus ictimaiyyəti və Rus Milli Şurası buna necə münasibət bəsləyəcək və hansı mövqeni tutacaq. Gələn nümayəndələr heç gizlətmirdilər ki, bolşeviklər bu və ya digər yolla mayın birinə kimi Bakını tutacaqlar. Sədr  bu suala şuranın idarə hey`ətində müzakirədən sonra cavab veriləcəyini bildirdi və martın beşində iclas çağırıldı. İdarə hey`ətinin iclasında qərara alındı ki, 1) Azərbaycan hakimiyyəti ölkədə rusların təsirini var qüvvəsi ilə məhv etməyə çalışdığı üçün, 2) Rusiyanın bərpa olunmasında və sənayesinin genişləndirilməsində Bakının rolu çox vacib olduğuna görə bolşeviklərin Bakını tutmaları məqsədəuyğundur. 3) Hazırda yalnız Sovet  hakimiyyəti yenilik gətirmək qabiliyyətinə malik olduğu üçün, rusların hakimiyyəti Rusiyadan ayrılmış ucqarları birləşdirməyə sə`ylər göstərdiyinə görə, Moskvanın buradakı məqsədlərinə dəstək verilməli, bolşeviklər Bakıya gəldikdən sonra var qüvvə ilə onlara bütün işlərdə əməli kömək göstərilməlidir. 4) Bolşeviklərin Bakıya gəlməsinə qədər isə, "Qolos Rossii" adlı gündəlik qəzetdə Azərbayacan Hakimiyyətinə qarşı güclü təbliğat aparılmalı və onu xalqın gözündən salmaq üçün iş görülməlidir”.

Məlumat üçün bildirək ki,  V. Kreve-Mitskəviçyus (1882-1954) Bakı 1-ci realnı məktəbində 1909-1920-ci illərdə müəllim işləyib. O, eyni zamanda burada ictimai-siyasi və mədəniyyət xadimi kimi fəaliyyət göstərib, Litva-Azərbaycan ədəbi-mədəni əlaqələrinin və ictimai-siyasi münasibətlərinin inkişafına qiymətli töhfələr verib. Azərbaycanda Vikenti İosifoviç Mitskeviç kimi tanınan bu litvalı xadim 1912-ci ildə Bakı xalq universitetini yaradanlardan biri olub. Eserlər partiyası Bakı şəhər komitəsi rəhbərliyinin nümayəndəsi olaraq 1917-1918-ci illərdə Bakı Şəhər Dumasına deputat seçilib. Bununla yanaşı, Vintsas Kreve 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de fakto tanınmasında bir sıra faydalı işlər görüb. O, 1919-1920-ci illərdə Bakıda Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətində konsulu vəzifəsində çalışıb.

Yazdığı məqalə  çap olunandan sonra  uzun müddət, təxminən 90 ilə yaxın müddət ərzində heç vaxt və heç bir yerdə təkrarən çap edilməyib. Yalnız Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və səyləri nəticəsində 2007-ci ilin noyabr ayında Vilnüsdə dövri mətbuatda bu oçerk yenidən  işıq üzü görüb V. Krevenin “Bolşeviklər” siyasi orki 28 aprel çevrilişindən dərhal sonra isti-isti yazılmış və nüfuzlu bir avropalı müəllifin sənədli əsəri olaraq Litvanın ictimai-siyasi dairələrində maraqla qarşılanıb və həmin dövrün Azərbaycan həqiqətlərini həqiqətə uyğun şəkildə təqdim edən mötəbər yazılı mənbələrdən biri hesab olunur.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 6-7 may.- S. 12.