Ermənilərin “dağlarda toy” əməliyyatı

 

Baronessa Koks Qarabağın kəndlərində ermənilər tərəfindən öldürülüb eybəcər hala salınan türk meyitlərinin yanında xatirə şəkilləri çəkdirirmiş

 

  Qarabağı Ermənistana birləşdirmək üçün ermənilərə iki strateji mərkəzi Xocalı və Şuşa şəhərlərini ələ keçirmək çox vacib idi. Odur ki, ermənilər 1988-ci ildən başladıqları  partizan müharibəsinə son verərək öz hücumlarını nizami ordu ilə davam etdirməyə başladılar. Çünki o dövrdə azərbaycanlı əhalini daim qorxu və vahimə içərisində saxlamaq üçün R.Koçaryanın rəhbərliyi ilə xarici ölkələrdən gətirilən muzdlu döyüşçülər meşələrdə gizlənərək azərbaycanlıların yaşayış yerlərinə qəfil hücumlar təşkil edir, qətllər törədir, əhalini qarət edirdilər. Belə gözlənilməz hücumlar tez - tez törədilən qətllər, yerli əhali arasında vahimə yaradırdı, əhali hər addımbaşı qəfil peyda olan bu muzdluları “saqqallılar” adlandırırdılar. “Saqqallılar” gündüzlər gizlənir gecələr yollarda pusqular qurur, insanlara hücumlar edirdilər. Bu cür müharibə metodu ilə ciddi “irəlləyiş” əldə edə bilməyən ermənilər Qarabağa sahib olmaq üçün 1991-ci ilin payızından artıq açıq müharibəyə hazırlaşırdılar.

Ermənistan Şuşa üzərinə hücumu hələ 1990-cı ildən planlaşdırılırdı. Şuşanın işğal edilməsinin çətin olacağından xəbərdar olan ermənilər, bütün gücləri ilə Şuşadan diqqəti yayındırmaq, Qarabağın içərilərində və ona bitişik digər ətraf ərazilərindəki cəbhə xəttində manevrləri genişləndirirdilər. Bu cür manevrlərlə onlar azərbaycanın özünümüdafiə batalyonlarının mövqelərindəki zəif yerləri taparaq güclü zərbələrə məruz qoymağa çalışırdılar. Bununla da ermənilər mümkün qədər azərbaycanlıların canlı qüvvələrini məhv edərək cəbhə xəttindən sıxışdırıb çıxarmağa çalışırdılar. Eyni zamanda ermənilər bu cür aldadıcı manevrlərlə  Azərbaycanın özünümüdafiə batalyonlarının hücumlarını qabaqcadan müəyyən edilmiş istiqamətdən yayındırmaqla  döyüş mövqelərində parakəndəlik yaratmaq istəyirdilər.

Ermənilərin əksəriyyəti sovet zabitlərindən təşkil edilmiş nizami ordusunun qarşısında Azərbaycanın tələsik təşkil olunan hələ heç bir  hərbi təlim görməyən özünümüdafiə batalyonlarının sona qədər duruş gətirəcəyi mümkünsüz görünürdü.  Azərbaycanlılardan fərqli olaraq mükəmməl hərbi təcrübəyə və hərbi savada malik erməni hərbçiləri və muzdluları,  Rusiyanın Ermənistandakı və Qarabağdakı hərbi bazaları tərəfindən hərbi sursatla və ərzaqla tam təmin olunurdular. Lakin Azərbaycanın könüllülərdən təşkil olunmuş əsgərlərə qəlbən hakim olmuş vətənpərvərlik hissi və döyüş ruhu onları nəinki nizami Sovet ordusuna qarşı bərabər döyüş aparmağa sövq edir hətta  onları bəzən geriyə oturmağa da məcbur edirdi.

Qarabağda vəziyyət günbəgün ağırlaşırdı, azərbaycanlıların yaşayış məntəqələrinin üzərini qara buludlar almışdı, onların hər an boşaldılmaq təhlükəsi var idi. Erməni ordusu bu yaşayış məntəqələri ətrafında mühasirəni getdikcə daraltdığından, bir çox kəndlərlə əlaqə tamamilə kəsilmişdi. Nəhayət ilk qara xəbər 30 Oktyabr 1991-ci il tarixdə gəldi, yəni Hadrut rayonunun Tuğ kəndin ermənilər tərəfindən işğal edildi.

1991-ci ilin Oktyabr ayında Xankəndi şəhəri faktiki olaraq azərbaycanlılardan tamamilə təmizlənmişdi. Xankəndi şəhərinin şimalına bitişik olan Kərkicahan kəndi hər gün intensiv top atəşlərinə tutulurdu. Kənd milis bölmələrinin və özünü müdafiə batalyonunun döyüşçüləri tərəfindən müdafiə olunurdu. Kəndin bütün evləri top zərbələri ilə demək olar ki tamamilə dağıdılmışdı.

Kəndin özünümüdafiə batalyonun və milis bölmələrinin ciddi cəhdlərinə baxmayaraq Xankəndi şəhərindən bir neçə istiqamətdən başlanan ermənilərin güclü artireliya hücumları nəticəsində yanvar ayının 19-20 -də Kərkicahan kəndini əldə saxlamaq mümkün olmadı, kənd ermənilərə təslim oldu.

Beləliklə Ermənistan ordusunun manevr imkanları meşə massivi ilə Kosalar - Canhəsən istiqamətində daha da genişləndi. Cəbhə xətti genişləndikcə orduya daha çox hərbi sursat və ərzaq tələb olunurdu. Lakin, Ermənistan ordusu Qarabağa yeritdiyi muzdlu döyüşçülərə silah və digər hərbi sursatları kifayət qədər artıra bilmirdi. Çünki Ermənistandan Qarabağ istiqamətinə gələn bütün yollar bağlanmışdı.

Bütün bunlara baxmayaraq hələlik Xocalı və Şuşa şəhərləri ermənilərdən ciddi şəkildə müdafiə olunurdu. Bunun üçün ermənilərə Ermənistanı qarabağa birləşdirən yolu açmaq  lazım idi. Çünki o dövrdə Gorus - Laçın - Şuşa - Xankəndi şose yolu ilə hərbi sursat daşımaqdan söhbət belə gedə bilməzdi. Ona görə ki burada Laçın nəzarət məntəqəsini yarmaq çətin idi.

Qarabağın Hava Limanı Xocalı şəhərində yerləşdiyindən ermənilərin bu limandanda  hərbi vasitələrin daşınmasını  mümkünsüz edirdi. Azərbaycanın öz səmasına nəzarət imkanı olmasa  da limanın özünə nəzarət azərbaycanlıların əlində idi.

Azərbaycanın hava sərhədlərini qeyri - qanuni pozan Ermənistan, hava yolu ilə yalnız Xankəndindəki Rus hərbi bazasına məxsus hərbi meydançadan və vertolyotlardan istifadə edərək, Qarabağ cəbhəsinə   sursat daşıya bilirdilər. Bu da təbii ki, sürətli döyüşlər aparmaq üçün Ermənistan hərbi komandanlığını qane edə bilməzdi. Məhz bu səbəblər isə Xocalı Hava Limanının əhəmiyyətini daha da artırırdı. Ona görə də ermənilərin Xocalı şəhəri üzərinə hücumu qaçılmaz idi.

Xocalı şəhərini işğal etmək Ermənistan üçün həyat yolunun açılması demək idi. Hər halda erməni ideloqları belə düşünürdülər. Hər halda Xocalının işğalı Qarabağı Azərbaycandan qoparmaq üçün Ermənistana böyük təkan olacaqdı. Məhz buna görə də Ermənistan hərbi nazirliyi Xocalı şəhərini təslim etmək məqsədi ilə 1989-cu ildə Ermənistanda, 1991-cı ildə isə Qarabağda Sovet Ordusunun xüsusi təyinatlılarından ibarət iki mütəşəkkil hərbi qərərgah yaratmışdı. Elə bu hərbi qərargahların mütəşəkkil fəaliyyəti nəticəsində də Xocalı şəhəri ermənilərin əlinə keçdi.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhəri ermənilər tərəfindən vəhşicəsinə dağıdıldıqdan dərhal sonra ermənilər Şuşa rayonunun Malıbəyli, Quşçular, Martuni rayonunun isə Qaradağlı və Veysəlli kəndlərini dərhal işğal etdilər.

Qarabağın işğalını başa çatdırmaq üçün, Ermənistan Hərbi Nazirliyi Qarabağa yerləşdirdiyi hərbiçilərindən 2520 nəfərini bölüşdürərək Şuşa üzərinə hücum üçün dörd müxtəlif istiqamətdə yerləşdirdi. Cinah komandirləri Rusiyada xüsusi təlim keçmiş zabitlərdən təyin edilmişdilər. Belə ki, 26-cı bölmə adlandırılan cinaha Valerii Çitçyan, Şuşa cinahına Arkadii Karapetyan, Laçın cinahına Samvel Babayan, Canhəsən - Kosalar cinahına isə azərbaycanlılara qarşı xüsusi  əzazilliyi ilə seçilən Yura Ovanesyan təyin edildilər. Qarabağın işğalı üçün həm İrəvanda həm də Xankəndində bir-biri ilə sıx bağlı və əlaqəli olan iki hərbi qərərgah yaradılmışdı. Qarabağdakı erməni hərbi qərərgahına general Arkadi Ter - Tadevosyan, ideoloq Zori Balayan, Robert Koçaryan, Georgi Petrosyan, Arkadii Qukasyan, Serj Sarkisyan, Oleq Esyan, Samvel Babayan, Rus ordusunun mütəxəsisləri Xristofor İvanov və Anatoli Zineviç daxil idilər. Ermənistandakı qərərgaha isə İvan Qukasoviç Qukasov, Valerii Voronov, Vazgen Sarkisyan, Feliks Qeoxlyan... daxil idilər.

Aprel ayının axırlarından ermənilərin hərbi qərərgahlarında gərginlik yaşanırdı. Şuşanın işğalı üçün nəzərdə tutulan 400 ton hərbi sursat və 1000 ədəd qrad raketlərinin Ermənistandan Qarabağa gətirilməsi işləri ləng həyata keçirilirdi. Belə ki, bu yüklər yalnız hava yolu ilə daşınması mümkün idi. Xocalı aereportu iri həcmli təyyarələri qəbul edə bilmirdi. Ermənilər yalnız Mİ-8 vertolyotlarından və YAK-40 təyyarələrindən istifadə edirdilər ki, bu daşıyıcılara da çox yük vurmaq olmurdu. Ermənilər ancaq nəqliyyat vasitələrinin sayını artırmaqla bu işə tez nail olmağa çalışırdılar.

4 may 1992-ci il tarixdə Ordu komandanı Arkadii Ter - Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumları artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter - Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını daha da intensivləşməsinə səbəb oldu. Bütün cəbhə xəbərlərini erməni ordusunun rabitə rəisi Artur Papazyan tərəfindən 6 H-li çağrışla mərkəzi qərərgaha birbaşa Serj Sərkisyana ötürülürdü. Bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar qəti surətdə Şuşa üzərinə hücuma keçmişdilər.

Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovaenesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi.  Canhəsən - Kosalar istiqamətindəki Yura Ovaeesyanın başladığı döyüşü davam etdirilməsi tapşırığını 26-cı bölmə öz üzərinə götürdü. Burada erməni ordusunun əsas məqsədi azərbaycan döyüşçülərinin diqqətini Canhəsən - Kosalar istiqamətiə cəlb etməklə Şuşa şəhərini mühasirəyə salmaq idi. Şuşa üzərinə hücum əməliyyatını o zaman ermənilər “dağlarda toy” adlandırırdılar. Lakin bu “toy”un səsi Bakıda eşidilmirdi, iqtidarla müxalifətin başı hakimiyyət davasına qarışdığından Qarabağ yaddan çıxmışdı.

Bakıda yaşanan siyasi böhrandan istifadə edən ermənilər Qarabağda qələbələrin sayını günbəgün artırırdılar. Azərbaycanlı döyüşçülər arasında hansısa bir ümidsizlik sindromu yayılmağa başlayırdı. Burada hər kəs boş vaxtlarında nəzərlərini yaxınlıqdakı əl radiosuna dikərək bütün varlığı ilə Bakıdan nikbin bir məlumatın veriləcəyini gözləyirdilər. Lakin bu baş vermirdi.

Ermənilər bütün cəbhə boyu üstünlüyü ələ almışdılar, azərbaycanlı döyüşçülər sıxışdırılır, öldürülür və geri oturduruldular.

O zaman Arkadi Ter - Tadevosyan Şuşa üzərinə hücum planını Ermənistanın Müdafiə Nazirliyində təsdiq elətdirmək üçün Serj Sarkisyanı İrəvana göndərdi. Bununla əlaqədar Ermənistanın Milli Təhlükəsizlik Naziri Aşot Manuçaryanın bildirilir ki, Ermənistanın Prezidenti Levon Ter - Retrosyan özünün Tehran səfəri ərəfəsində ermənilərin Şuşa üzərinə hücum planını eşidən kimi Robert Koçaryana təkid edir ki, “zamanı deyildir Şuşanı götürmək olmaz”. Lakin R.Koçaryan prezidentə itaətsizlik göstərərək bildirir ki, “Şuşanı götürməyin əsl zamanıdır, bu bizim üçün çox vacibdir”.

Şuşanın işğal günü Ermənistan Prezidentinin Tehrana səfəri günü ilə üst - üstə düşdüyündən bu məsələ rəsmi Tehranı çox narahat etmişdi. Ermənistan rəhbərliyi Şuşanın işğalının guya bu səfərdən qabaq olduğunu deyib yalan söyləməklə, İranlı həmkarları qarşısında bəraət qazanmağa çalışırdılar. 

Ermənilərin, birinci və ikinci cinahlarla irəliləyən qoşun hissələrinin döyüş tapşırığı, Şuşaya istiqamətlənən yollardakı azərbaycanlıların bütün atəş nöqtələrini susduraraq qala divarlarına yaxınlaşmaq idi.

Üçüncü cinahın döyüşçüləri isə Şuşa - Laçın yolunu atəş altında saxlayaraq Şuşanı mühasirəyə salmaqla, Laçın - Qubadlı   istiqamətindən Şuşaya köməyə gələn azərbaycanlı döyüşçülərin hərəkətinə mane olmaqla bərabər Zarıslı kəndini işğal edərək orada möhkəmlənmək Laçınla Şuşanın əlaqəsini kəsmək əmri almışdılar.

Canhəsən - Kosalar istiqamətindəki döyüşçülərə çoxlu sayda aldadıcı manevrlər etmək, azərbaycanlı döyüşçülərin diqqətini bu manevrlərə cəlb etmək tapşırılmışdı.

Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı.

Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazasından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşa əhalisi keçilməz meşələrlə Laçın istiqamətində qaçırdılar. Döyüşdən qabaq Şuşadakı azərbaycanlı döyüşçülərin bir çoxu geri çağırılmış bir çoxu isə özbaşına döyüş mövqelərini tərk etmişdilər. Ermənilərin mühasirəsini yarmaq üçün canlı qüvvə və texnika çatışmırdı. Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 H-li ilk tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan yerindəcə ölmüşdülər. Xocalı şəhəri üzərinə hücum zamanı xüsusi fəallıq göstərən bu tankla onun heyəti, bir qəhrəman kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparırdılar. 

Azərbaycan döyüşçülərindən bu sərrast atəşi gözləməyən və bu hadisədən təşvişə düşən erməni hərbçiləri cinahlardan hücumları dayandıraraq, Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar verdilər. Bütün raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətləndi.  Qala divarları üzərindəki iki müşahidə qülləsini raket zərbəsi ilə dağıtdılar, bütün şəhər od tutub yanırdı.

Bununlada Şuşanın mühasirəsinə son qoyuldu ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar.

Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın - Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununlada Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar.

9 may 1992-ci il tarixdə Ermənistan Silahlı qüvvələrinin bir qrup  yüksək rütbəli zabitləri Şuşada qələbə bayramını qeyd etmək üçün İrəvandan Xankəndinə gəlmişdilər. Elə həmin gün səhər tezdən general Qurgen Dalibaltayana məxsus “Niva” markalı maşında Feliks Qzoyan, Robert Koçaryan və Anatoli Zineviç qonaqlardan qabaq Şuşaya gəlmişdilər. Hərbi paltarda olan Robert Koçaryan xeyli məmnun görünürdü.

May ayının 7 - 8-də Şuşa əhalisi və özünümüdafiə dəstələrinin döyüşçüləri mühasirənin nəzarətsiz yerlərindən keçərək Laçın yoluna çıxa bilirdilər. Çünki bizim hərbi bölmələrimiz Turşsu - Lesaqor  dolayları istiqamətindəki yüksəkliklərdən Laçına qədər olan yola nəzarət edirdilər. Azərbaycanın bu mövqelərdəki hərbi birləşmələri bu istiqamətdən erməni ordusuna Laçın istiqamətdə hücuma keçməyə imkan vermir, hələ üstəlik Şuşanın azad edilməsi üçün cəhdlər də edirdilər. Çünki bu zaman erməni ordusunun başı Şuşada mülki əhalinin sahibsiz qalan əmlakının qarət edilməsinə qarışdığından Azərbaycan ordusuna qarşı elə də ciddi müqavimət göstərmirdilər.

İngiltərədə fəaliyyət göstərən “Ümumdünya xristian həmrəyliyi” təşkilatının rəhbərlərindən olan baronessa Koks böyük bir qrupla Qarabağa gələrək erməni terrorçularına İngiltərənin dəstəyini nümayiş etdirdilər. Baronessa Koks Qarabağın kəndlərində ermənilər tərəfindən öldürülüb eybəcər hala salınan türk meyitlərinin yanında xatirə şəkilləri çəkdirirdi. Xanım Koks sonralar böyük canfəşanlıqla bu şəkilləri Moskvada, Londonda və Cenevrədə nümayiş etdirərək ermənilərin və özünun bu qeyri insani hərəkətlərinə haqq qazandırmağa çalışırdı.

 

 

İsmayılov Faiq

 

Paritet.- 2010.- 8-10 may.- S. 12.