Əsərləri və tədqiqatları ilə İranda Azərbaycan İnstitutu yaradan görkəmli alim

 

Səməd Sərdariniya 1947-ci ildə Təbrizdə anadan olub. O əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə hüquq fakültəsini bitirmişdir. Onun “Azərbaycan mədəni cəmiyyətdə”, “Bağırxan Salari-Milli”, “Təbriz tənbəki üsyanında”, “Azərbaycan teatrosunun tarixçəsi”, “Əli Müsyö”, “Təbriz Universiteti”, “Azərbaycan qəzet və məcmuələrinin tarixi”, “Təbriz Mərkəzi Qeybi”, “İrəvan müsəlman sakinli şəhər olmuşdur”, “Təbriz əvvəlinci şəhərlərdəndir”, “Azərbaycan məşhurları” (2 cilddə), “Molla Nəsrəddin Təbrizdə”,  “Arazın hər iki sahilində müsəlmanların soyqırımı” əsərləri tarixşünaslığımız üçün son dərəcə dəyərli və elmi-siyasi baxımdan əhəmiyyətlidir. Səməd Sərdariniya 1979-cu ildən Tehranda nəşr olunan “Valıq” məcmuəsini yaradanlardan və onun səhifələrində yazıları ilə fəal iştirak edənlərdəndir.

 “Tarix elmi sahəsində” xidmətlərinə görə S.Sərdariniyaya Bakıda Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə 2002-ci ildə “Fəxri doktor” elmi adı verilib

Ermənistanın  Azərbaycan ərzilərinə qarşı soyqırımla müşahidə olunan işğalçılıq müharibəsi   22 ilə yaxınlaşır. Bu qanlı və təcavüzkar hadisə dünyanın mütərəqqi qüvvələri ilə yanaşı, Arazın hər iki tayında, güneyli soyadaşlarımızın nəzər diqqətindən qaçmayıb. Cənubi Azərbaycandakı qələm sahibi olan ziyalıların bir çoxu öz yazılarında Qarabağdakı ermənilərin törətdikləri cinayətlərə və zorakığa qarşı özlərinin haqq səsini ucaldır, İran və dünya ictimaiyyətinin diqqətini zəmanəmizin bu böyük haqsızlığına cəlb etməyə çalışırlar.

Bu sahədə Tehran, Təbriz, Urmiya, Ərdəbil, Miyana və digər şəhərlərdə çap olunan qəzet və məcmuələrdə, inretnet, eləcə də ayrı-ayrı müəlliflərin kitab və tədqiqatlarında Dağlıq Qarabağdakı baş vermiş hadisələr obyektiv mövqedən, Vətən, millət yanğısı ilə qabardılır və oxucu kütləsinə təqdim olunur. Bu sahədə “Varlıq”, “Dilmac”, “Haray”, “Yol”, “Öyrənci”, “Körpü”, “Azərbaycanın səsi”, “Tribun” “Azər-Türk İnternational”, “Azərbaycan”  jurnallarının səhifələrində çap olunmuş məqalələr Dağlıq Qarabağda baş vermiş və günümüzə qədər davam edən hadisələrə obyektiv münasibəti əks etdirir.

Dövri mətbuat və ayrı-ayrı kitablarda güneyli müəlliflərdən İsmayıl Hadi, Əlirza Ərdəbili, Həsən Raşidi, Böyük Rəsuloğlu, Mənuçöhr Əzizinin, Tohid Məlikzadə, Camal Ayrumlu, Maşallah Rəmzi, Səməd Nikma, Səlcuq Kamal və  Həsən Azərbaycaninin dövri mətbuat səhifələrində və kitablarda gedən kəsərli məqalələri onların qardaşlıq mövqeyindən başqa həm də hadisələrə düzgün və ədalətli yanaşmalarına dəlalət edir.

Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Sübhan Talıblı qəzetimizə  verdiyi açıqlamda onlardan biri -Səməd Sərdərniya haqda ətraflı məlumat verib:” 2005-ci ildə Bakıda “Məşrutə inqilabı-100” adlı beynəlxalq konfrans keçiriərkən  gecə saat 2-də ondan “Paritet” qəzeti üçün müsahibə aldım və o da düz 2 saat“  müsahibə vermişdi.  Müsahibə zamanı onun necə dəyərli və vətənpərvər şəxsiyyət olduğunun şahidi oldum.

Erməni daşnaklarının 1918-ci ildə Cənubi Azərbaycanda Urmiya, Xoy, Səlmas, Maku, Şərəfxanada və digər şəhər və kəndlərdə türklərə qarşı törətdikləri kütləvi soyqırım haqda çox az yazılıb. Səməd Sərdariniyanın 2005-ci ilin sonunda çapdan çıxmış “Arazın hər iki sahilində müsəlman qətliamı”  kitabı bu boşluğu doldurmaq üçün sanballı bir əsərdir. Müəllif Qafqaz, İran, Türkiyəyə qarşı rusların işğalçılıq siyasətində ermənilərin “katalizator” rolu oynamasını, xəyanət və arxadan bıçaq vurmaq kimi alçaq əməllərini onların “Böyük Ermənistan” xülyasında yaşamaqları ilə izah edir.

Müəllif  əsərində yazır: “Bu faciələr nəinki 1918-ci ildə bitmir, hətta sonrakı illərdə də daha kəskin şəkildə davam etmişdir. Belə ki, 1988-ci ildən bəri nəinki Azərbaycan Respublikası şəhərlərinin (xüsusilə də Xocalı, Kəlbəcər və s.) əhalisi dəfələrlə daşnakların rəhimsiz kütləvi qırğınlarına məruz qalıb. Hətta Azərbaycan Respublikası ərazisinin 20%-ni təşkil edən Dağlıq Qarabağ və ətraf rayon və şəhərlər ermənilər tərəfindən işğal edilib, nəticədə isə bu ərazilərin şəhər və kəndlərində yaşayan bir milyondan artıq insan öz yurd-yuvasından məhrum edilərək, qaçqın və didərgin vəziyyətinə düşüb”.

Qeyd edək ki, “Arazın hər iki tayında müsəlmanların soyqırmı” əsəri 2006-cı ildə Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan dilinə tərcümə edilərək “Elm” nəşriyyatı (120 səhifə) tərəfindən çap edilib. Kitabın elmi redaktoru AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimli, fars dilindən tərcümə edəni isə Atilla Maralanlıdır.

Həmsöhbətimiz qeyd edir ki,  Sərdariniyanın “İrəvan müsəlman sakinli şəhər olub” kitabında tarixi sənədlər əsasında İranın ermənipərəst tarixçilərinə tutarlı cavab verilir:” Kitabda vurğulanır ki, türklərin qanuni ata-baba torpaqlarını zəbt edib burada “əzəmətli” Ermənistan yaratmaq istəyən erməni daşnaklarının türklərə qarşı soyqırım əməliyyatı İrəvan, Göyçə, Zəngəzurdan başlasa da o Azərbaycanın nə Şimalından, nə də Cənubundan yan keçməmişdi. Həmin qanlı hadisələrin keçmişdə qalan izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşü, bugünkü hadisələrlə təzələnir. 1918-ci ildə müsəlmanlara qarşı ermənilərin  İrəvandan əlavə 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız  qətlə yetirilmişdirsə, Cənubi Azərbaycanda təkcə Urmiya və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir”.

S.Talıblı Səməd Sərdariniyanın ölümündən əvvəl çap etdirdiyi “Qarabağ tarixin gedişində” adlı  kitabına da diqqət çəkir. Onun sözlərinə görə, samballı faktlar və arxiv sənədləri ilə zəngin olan kitab  Qarabağ tarixi və xüsusilə də Dağlıq Qarabağ münaqişəsini öyrənmək üçün dəyərli əsərdir:”Kitabın “Qarabağ haradır?” başlıqlı bölməsində Qarabağın tarixi sərhədləri verilir və Azərbaycan ərazisinin ayrılmaz hissəsi olan bu diyarın tarix boyu ölkənin siyasi-iqtisadi və mədəni həyatında tutduğu önəmli yeri açıqlanır. Bir sıra İran müəlliflərindən fərqli olaraq S.Sərdariniya “Qarabağ”ın geniş bir coğrafi anlayış olduğunu və onun dağlıq hissəsinin həmişə Qarabağın tərkib hissəsi kimi qəbul edildiyini yazır. Bu və bu qəbildən olan əsər və monoqrafiyalar əslində indiki İran rəhbərliyinin Qafqaz bölgələrinə, Azərbaycan-Ermənistan münaqişəsinə, Dağlıq Qarabağ probleminə yanaşmada daha düzgün nəticələr çıxarmağa təsir göstərə bilər. Kitabın son bölmələrində Dağlıq Qarabağı ələ keçirib sonra bütövlükdə Qarabağı və Azərbaycanın digər ərazilərini işğal etmək arzusu ilə yaşayan ermənilərin alçaq niyyətləri ifşa olunur. Bu məsələlər indiki zamanda elmi ictimaiyyətlə yanaşı, siyasətçilər üçün aktual əhəmiyyət kəsb edir”.

 Lakin onun dediyinə görə, S.Sərdərniya öz tədqiqatları ilə  kifayətlənməyib. Belə ki,    Ziyəddin Sultanovun “Qarabağ gündəliyi” adlı kitabını fars dilinə çevirib “Qarabağ müharibəsi” adı altında Təbrizdə nəşr etdirib və beləliklə, İran ictimaiyyətini Dağlıq Qarabağda baş verən hadisələri təfsilatı ilə tanış etməkdə, Qarabağ həqiqətlərinin olduğu kimi oxuculara çatdırılmasında mühüm xidmət göstərib.

Biz də öz növbəmizdə mərhum tarixçimiz və alimimiz Səməd Sərdariniyaya Tanrıdan rəhmət diləyirik. Ümud ediriki ki, xalqımız bu vətənpərvər və ziyalı alimi heç vaxt unutmayacaq.

 

 

Səbuhi Şəldiyev

 

Paritet.- 2010.- 13-14 may.- S. 10.