Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı gənclərimizin həyatında yeni bir səhifə açacaq

 

Şahin İsmayılov: “Birliyimizin ən mühüm məqsədlərindən biri region tələbələri ilə paytaxt tələbələri arasında əlaqələri gücləndirməkdir

 

Artıq gənclərimiz  dövlət idarəçiliyi, iqtisadiyyat, idman, mədəniyyət sahələrində uğurlu fəaliyyət göstərir, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər. Azərbaycan gəncliyi ölkəmizin  qüdrətinin daha da artırılmasına və Azərbaycanın güclü dövlət kimi formalaşmasına öz töhfələrini verməlidirlər. Elə bu səbəbdən də bir müddət əvvəl dövlət rəsmilərinin iştirakı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai  Birliyi (ATGTİ) təsis olunub. Fəaliyyətə başladığı gündən ATGTİ intensiv işləyərək bir sıra layihələr həyata keçirib. Bizdə  sözügedən təşkilatın həyata keçirdiyi layihələrlə və fəaliyyəti ilə yaxından tanış olmaq üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının  sədri  Şahin İsmayılovla həmsöhbət olduq .

-Bir  müddət əvvəl  yaradılmış ATGTİ  hansı zərurətdən yarandı və  piroritet istiqaməti nədir?

-Bildiyimiz kimi,  Azərbaycanda Tələbə Gənclər Təşkilatları 2005-ci ildən fəaliyyət göstərir. Yarandığı vaxtdan keçən dövr ərzində bir sıra uğurlu layihələr, ortaya çıxardığı yeni gənc liderlərlə, tələbələrin həyatında oynadığı mühüm rola görə, bu layihə öz uğurunu sübut etdi. Zaman dəyişir və hər zamanın özünə uyğun tələbləri olur. Artıq bu gün belə bir  ittifaqın yaranması zərurəti ortaya çıxmışdı. Əminliklə söyləyə bilərəm ki, ittifaq Tələbə Gənclər Təşkilatlarının həyatında yeni və çox mühüm bir səhifə açacaqdır.

-Birliyiniz yaranan vaxtdan bu günə kimi  hansı layihələri həyata keçirmisiniz?

-Hər hansı bir təşkilat yarananda ilkin dövr nisbətən çətin olur. Belə ki, ofisin tapılması, sənədlərin qaydaya salınması, iş planının hazırlanması və s.  Artıq bu gün  ATGTİ-nın ofisi fəaliyyət göstərir. Eyni zamanda biz boş da dayanmamışıq. Belə ki,Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş mədəni-kütləvi tədbir, 20 yanvardaMənim 20 yaşım varadlı aksiya,Amerika Dövlət Departamentinin Azərbaycan tələbələrinin böyük əksəriyyətinin narkotik maddə istifadəçisi olması haqqında hesabatına qarşı etiraz aksiyası və sair.  Qeyd edim ki, dövlət departamenti bu etirazdan sonra hesabatda dəyişiklik edib. Bundan başqa Novruz Bayramında “Gənclər Bizə Sarı Gəlin” adlı mədəni-kütləvi tədir keçirilib. Həmçinin, təşkilatımızın fəalları Moskvada, Minskdə, Brüsseldə keçirilən müxtəlif tədbirlərdə iştirak edib  və bir sıra beynəlxalq təşkilatlarla əlaqə qurublar.

-Sizin birliyin fəaliyyəti təkcə paytaxta yerləşən Tələbə Gənclər Təşkilatlarının(TGT) fəaliyyətini koordinasiya edir, yoxsa  regionlardakı TGT ilə əlaqələriniz var?

-ATGTİ-na təkcə paytaxtda olan ali məktəblər deyil, eyni zamanda regionlarda yerləşən  ali təhsil müəsissələri də daxildir. Ümumilikdə, ittifaqa 39 ali təhsil ocağı daxildir. Bir amili xüsusi vurğulamaq istərdim ki, ittifaqın qarşısına qoyduğu ən mühüm məqsədlərdən biri də region tələbələri ilə paytaxt tələbələri arasında əlaqələri gücləndirməkdir.

- Həm ictimai fəal gənc, həm də gənclərlə sıx işləyən, əməkdaşlıq edən birisi kimi, deyə bilərsinizmi bu gün gənclərin əsas problemləri nədir və onların həlli  istiqamətdə hansı işlər görülür?

-Azərbaycan müstəqilliyini yeni qazanmış dövlətlərdən biridir. Təbii  ki, bəzi sahələrdə olduğu kimi, gənclərin həyatında da müəyyən çətinliklər var. Amma burada incə bir nüans var. Əgər çətinlik varsa demək iş gedir. Hər kəs bilir ki, məhz işin gedişində çətinliklər ortaya çıxır. Əgər biz hər ili ondan öncə ki, illə müqayisə etsək yaxşılığa doğru böyük dəyişikliklərin olduğunu görərik.

-Sizin təşkil etdiyiniz tədbirlərə hər hansı dövlət idarələrindən dəstək varmı?

- Təbii ki, biz dövlət orqanları və müxtəlif ictimai təşkilatlarla əməkdaşlıq edirik. Əməkdaşlıq etdiyimiz dövlət orqanlarından Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsini göstərmək olar.

- Rəhbəri olduğunuz birliyin xarici ölkələrdə yaşayan Azərbaycan gəncləri və gənclər təşkilatları ilə əlaqələri varmı?

- Biz beynəlxalq əlaqələrimizə xüsusi  bir ciddiyətlə fikir veririk. Bu sırada azərbaycanlı tələbələr önəmli bir nüans təşkil edir. Təsadüfü deyil ki, mart ayında Brüsseldə keçirilən FASE-nin (Avropada təhsil alan azərbaycanlı gənclərin forumu) tədbirində bizim ittifaqdan da nümayəndələr iştirak edib. Həmin tədbir bizim üçün olduqca uğurlu oldu, çünki forum zamanı olduqca yaxşı əlaqələr qura bildik.

-Bəs, ölkəmizdə fəaliyyət göstərən hansısa bir təşkilatla əlaqələriniz və iş birliyiniz varmı?

-Biz niyyəti, əqidəsi düzgün olan, gənclərə, tələbələrə xeyir verən istənilən təşkilatla əlaqə qurub əməkdaşlıq etməyə hazırıq. Əməkdaşlıq etdiyimiz təşkilatlar sırasında İrəli İctimai Birliyini, Gənclər Milli Şurasını göstərmək olar.

-Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün siz gənclər təşkilatı olaraq hansı işləri həyata keçirirsiniz?

- Azərbaycan reallıqlarını dünyaya çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu işdə təbii tələbələr xüsusi fəallıq göstərməlidirlər və deyə bilərəm ki, göstərirlər də. Reallıqlarımızı dünyaya çatdırmaq üçün müxtəlif yollardan istifadə edirik. Belə ki, xaricə etdiyimiz səfərlər zamanı Azərbaycan reallıqlarını əks etdirən kifayət qədər əyani-vəsait götürüb xaricdə  əsaslandırılmış şəkildə paylayırıq. Bundan başqa dövlətimiz üçün əhəmiyyətli olan günlərdə kütləvi e-mail hücumları həyata keçiririk. Bu sahədə iş gələcəkdə də  mütəmadi və məsuliyyətli şəkildə aparılacaqdır.

Məlumat üçün bildirək ki,  Şahin İsmayilov 2004-cü ildə Bakı şəhəri Suraxanı rayonu Aslan Muradov adına 84 saylı orta məktəbi bitirərək, yüksək balla Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin fransaşünaslıq ixtisasına qəbul olub. 2008-ci ildə qırmızı diplomla  universiteti bitirib və  elə həmin sözügedən ali təhsil müəsissəsinin magistr pilləsinə qəbul olunub.  O, hazırda magistr üzrə ikinci kurs tələbəsidir. İngilis, fransız, alman,rus dillərini bilir və ölkənin ictimai həyatında  daim fəallıq göstərir.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 13-14 may.- S. 9.