Heydər
Əliyev Fondunun 6 illiyi qeyd olunub
Təntənəli mərasimdə Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
iştirak ediblər
Xəbər verildiyi kimi, mayın
10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin anadan olmasının 87-ci
ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə
başlamasının 6 illiyi münasibətilə təntənəli
mərasim keçirilib (AzərTAc). Tədbirdə Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
iştirak ediblər.
Dövlət
və hökumət nümayəndələrinin, xarici ölkələrdən
dəvət olunan qonaqların iştirak etdikləri mərasimdə
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva çıxış edib.
YUNESKO
və İSESKO-nun da xoşməramlı səfiri olan Mehriban Əliyeva
qonaqları slamlayaraq Heydər Əliyevin dövlətinə
xidmətindən danışıb. Fond haqqında bildirib ki,
ilk gündən əməlləri ilə bu yüksək ada
layiq olmağa çalışıblar: “Altı il ərzində
Heydər Əliyev Fondu ölkəmizin ictimai-siyasi həyatının
bütün sahələrində iştirak edərək, bir
çox nailiyyətlər əldə edib. Bu axşam Fondun fəaliyyətindən
ətraflı məlumat veriləcək. Mən yalnız onu
demək istərdim ki, görülən işlərin nəticəsi
bu gün göz qabağındadır. Bu, yüzlərlə
yeni inşa olunmuş məktəblər və təmir
olunmuş, müasirləşmiş uşaq evləri, internat
məktəbləri, uşaq bağçaları və yay
düşərgələridir. Bu, yeni tikilmiş tibb müəssisələri,
diaqnostika və müalicə mərkəzləridir, müxtəlif
xəstəliklərdən əzab çəkən
uşaqlar üçün xüsusi tibb müəssisələri
və reabilitasiya mərkəzləridir. Bu, Fondun dəstəyi
ilə bərpa olunan tarixi və dini abidələr, eyni
zamanda, yeni qurulan mədəniyyət ocaqları, muzeylər, mərkəzlər,
konsert hollarıdır. Bu, Fondun uğurlu sosial
proqramının icra olunması nəticəsində yeni
salınan parklar, yollar, çəkilən su, işıq və
qaz xətləridir. Bu, Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış və Azərbaycanın həqiqətlərini
dünyaya çatdırmaq istiqamətində aparılan
işlər nəticəsində nəşr olunmuş
yüzlərlə kitablar, bröşürlər, foto və
videoalbomlardır”. Onun sözlərinə görə, bu
gün Heydər Əliyev Fondu həm Azərbaycanda, həm Azərbaycanın
hüdudlarından kənarda hörmət, inam və etimad
qazanıb.
Sonra
xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr
olunan film nümayiş etdirilib. Ardından da Prezident İlham Əliyev
mərasimdə nitq söyləyib. O deyib ki, Heydər Əliyev bütün
dövrlərdə Azərbaycan xalqına sədaqətlə
və ləyaqətlə xidmət edib. Prezident məhz Heydər Əliyevin
müdrikliyi və fəaliyyəti nəticəsində Azərbaycanın
1982-ci ildə sovet respublikaları arasında ən qabaqcıl
yerlərə çıxdığını bildirib: “Əgər
o vaxt müttəfiq respublikalar arasında cəmi iki respublika
özü-özünü təmin edə bilirdisə, onlardan
biri Azərbaycan idi. Bu gün də ölkəmizin
inkişafına xidmət edən çox güclü
infrastruktur, yeni sənaye sahələri məhz o illərdə
- 1970-ci illərdə yaradılmışdır. O illərdə
kənd təsərrüfatı inkişaf etmişdir və Azərbaycan
vətəndaşları daha da yaxşı yaşamağa
başlamışlar. O illərdə bütün səylər
qoyulmuşdur ki, Azərbaycanda yeni müəssisələr,
fabriklər, zavodlar yaradılsın, yeni yollar, dəmir
yolları salınsın. Məhz bütün bunlara görə
Azərbaycan xalqı Heydər Əliyevə daim çox
böyük məhəbbətlə və inamla
yanaşırdı. Bu məhəbbət və inam daim Azərbaycan
xalqının qəlbində yaşayır”.
Ulu
öndərin Moskvadakı fəaliyyətindən
danışıan dövlət başçısı buna
baxmayaraq onun ürəyinin Azərbaycanda
qaldığını vurğulayıb: “Ulu öndər o vaxt
deyirdi ki, mən Azərbaycanda hələ çox iş
görməliyəm. Ancaq, eyni zamanda, onu da yaxşı dərk
edirdi ki, Moskvada yüksək vəzifədə Azərbaycana
daha da çox kömək göstərə bilər. Beş
il ərzində - 1982-1987-ci illərdə Azərbaycanın
inkişafı üçün ölkə miqyaslı
çoxsaylı qərarlar, qətnamələr qəbul
edilmişdir. O vaxt respublikamızın müxtəlif sahələrini
inkişaf etdirmək üçün praktiki addımlar
atılmışdır. O, bütün o illər ərzində
çalışırdı ki, Azərbaycana kömək etsin
ki, Azərbaycanda işlər daha da yaxşı getsin”.
O
qeyd edib ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda
qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət
göstərsəydi, Dağlıq Qarabağda heç vaxt
separatçılar baş qaldıra bilməzdilər:
“Heç vaxt bizim torpaqlarımız işğal altına
düşə bilməzdi. O illərdə - 1987-1993-cü illər
ərzində Azərbaycanın demək olar ki, bütün
yerlərində qeyri-sabit vəziyyət,
özbaşınalıq, anarxiya, kütləvi itaətsizlik
hökm sürürdü. O vaxt Azərbaycanda sabitliklə fərqlənən
yeganə yer Naxçıvan Muxtar Respublikası idi. O da ona
görə idi ki, xalqın tələbi ilə Heydər Əliyev
Naxçıvan Muxtar Respublikasının rəhbəri
seçildi. Bir tərəfdən, erməni qəsbkarlarına
qarşı onun rəhbərliyi altında müqavimət
göstərilirdi və Naxçıvana edilən ərazi
iddialarına qarşı naxçıvanlılar Heydər Əliyevin
rəhbərliyi altında çox qətiyyətli cavab verdilər
və işğalçıları yerinə oturtdular. Digər
tərəfdən, o vaxt Azərbaycandakı rəhbərlik
bütün yollarla çalışırdı ki,
Naxçıvanda Heydər Əliyevin mövqelərini
sarsıtsın və onu orada rəhbərlikdən
uzaqlaşdırsın”.
1993-cü
illərdə baş varənləri xatırladan Prezident Azərbaycan
xalqının o vaxt ölkəmizin taleyi üçün həlledici
anda düzgün seçim ediyini deyib: “Öz liderinə
üz tutub Heydər Əliyevi siyasi hakimiyyətə dəvət
etmişdir və 1993-cü ildən Azərbaycanda inkişaf,
sabitlik və tərəqqi dövrü başladı. İlk növbədə,
vətəndaş müharibəsi dayandırıldı,
bütün qanunsuz birləşmələr tərki-silah
edildi, ölkədə sabitlik yaradıldı və Azərbaycan
bu sabitlik əsasında inkişaf etməyə
başlamışdır”.
Onun
sözlərinə görə, həmin zamanlar Azərbaycan
xarici investorlar üçün çox riskli bir yer kimi
tanınırdı: “O vaxt - 1994-cü ildə dünyanın
aparıcı enerji şirkətlərini Azərbaycana cəlb
etmək və onları inandırmaq ki, sərmayələri
burada qorunacaq və bu sərmayələr onlara xeyir gətirəcək,-
çox böyük siyasi təcrübə, bilik və məharət
tələb edirdi. O,
buna nail oldu və Azərbaycan tarixində ən önəmli
hadisələrdən biri - “Əsrin müqaviləsi”nin
imzalanması 1994-cü ildə baş verdi. Ondan sonra Azərbaycana
dünya birliyi tərəfindən inam artdı. Azərbaycana
böyük sərmayələr qoyulmağa, ölkədə
məhz Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü
ilə siyasi və iqtisadi islahatlar icra edilməyə
başlanmışdır. Bütün sahələrdə
inkişaf meyilləri güclənmişdir, tənəzzülün
qarşısı alınmışdır və Azərbaycan
uğurla inkişaf etməyə başlamışdır”.
F.HÜSEYNZADƏ
Paritet.- 2010.- 13-14 may.- S. 2.