Ümumdünya Ticarət Təşkilatına
üzvlük məsələsində irələyişlər
var
Xarici işlər
nazirinin müavini: “Azərbaycana qarşı xüsusi monitorinq mexanizminin qaldırılmasını
istəyirik”
Azərbaycan xarici
işlər nazirinin müavini Mahmud Məmmədquliyevin
APA-nın Avropa bürosuna müsahibəsi
-
Bu gün Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) 120-ci iclası
keçirildi və qurumun sədrliyi Makedoniyaya keçdi. Azərbaycan tərəfi bu toplantıda hansı təkliflərlə
çıxış etdi?
-
Bugünkü toplantıda
müzakirəyə bir
neçə məsələ
çıxarılmışdı. İlk növbədə Avropa Şurasında
(AŞ) islahatların aparılması
məsələsi gündəlikdə
idi. Qurumun yeni baş katibi
bu prosesə başlayıb və artıq öz fikirlərini, təkliflərini
bildirib. Amma başqa mövzular ətrafında da müzakirələr aparıldı,
Azərbaycan da bu müzakirələrdə
iştirak etdi. Biz bu islahatlarla bağlı mövqeyimizi bildirdik. Hesab edirik ki, Avropa
Şurası demokratiyanın
inkişafı, insan hüquqlarının qorunması,
qanunun aliliyi sahələrində artıq
aparıcı təşkilatdır.
Lakin biz yalnız öz nailiyyətlərimizin
üzərində durmalı
deyilik, Avropa Şurasında da islahatlar aparılmalı, qurumun səmərəliliyi,
etibarlılığı artırılmalıdır.
Bu baxımdan biz bildirdik
ki, qurum Avropa Şurası məkanında olan münaqişələrin həllinə
diqqətini yönəltməlidir.
Çünki bu münaqişələr yalnız
təhlükəsizlik məsələlərinə
toxunmur, eyni zamanda hər bir münaqişə insan hüquqlarının,
demokratiyanın pozulması
deməkdir, ümumiyyətlə,
münaqişələr demokratiya
və digər mühüm sahələrdə
ölkələrdə aparılan
islahatlara maneə törədir. Bundan başqa, səfər çərçivəsində Avropa Şurasının rəhbərliyi ilə görüşlərim planlaşdırılıb.
Bu gün isə “Aqo” qrupunun rəhbəri,
Rumıniyanın AŞ yanındakı
daimi nümayəndəsi,
səfir Stelian Stoyanla görüşdüm.
Biz onunla bir neçə məsələni
müzakirə etdik.
AŞ-Azərbaycan əlaqələri,
o cümlədən qarşıdan
gələn seçkilər
və digər məsələlər ətrafında
müzakirələrimiz oldu.
Sabah AŞ baş katibi,
Avropa İnsan Hüquqları Məhkəməsinin
sədri və qurumun digər departamentlərinin rəhbərləri
ilə görüşlərimiz
nəzərdə tutulub.
-Aqo qrupu ilə
görüşünüz oldu. AŞ NK səviyyəsində
Azərbaycan üzrə
monitorinqin dayandırılması
məsələsi hansı
yerdədir?
-
Biz bu məsələni
“Aqo” qrupunun rəhbəri ilə müzakirə etmədik. Lakin baş katiblə görüşdə
bu məsələni də qaldırmağa çalışacağıq. Bizim
mövqeyimiz ondan ibarətdir ki, Azərbaycan artıq bir çox öhdəlikləri yerinə
yetirib. Buna görə
də hesab edirik ki, indi
bu danışıqları
başlamaq mümkündür.
Azərbaycana qarşı
xüsusi monitorinq mexanizminin qaldırılmasını,
digər ölkələrdə
olduğu kimi bizə qarşı da monitorinqin AŞ PA səviyyəsində qalmasını
istəyirik. AŞ onsuz
da bütün ölkələrdə insan
hüquqlarının qorunması
sahəsində monitorinq
aparır.
-Avropa İttifaqının
(Aİ) Azərbaycanla bağlı
illik hesabatı nə vaxt açıqlanacaq?
-
Aİ hesabatı hazırdır,
əslində bu hesabat bu gün
təqdim olunmalıdır.
Mən ötən həftə Bakıda
Aİ-nin təmsilçisi
ilə görüşəndə
hesabatın mayın
11-də hazır olacağını,
bunu Azərbaycan dilinə tərcümə
edib bizə təqdim edəcəklərini
dedi. Təbii ki, ingilis variantı
bizə daha tez çatacaq. Bu bizim onlara yolladığımız
hesabata dair Aİ-nın öz hesabatıdır. Şübhəsiz
ki, bizdə artıq belə bir təcrübə mövcuddur kı, Aİ-nın hazırladığı
ilkin hesabatla bizim bütün aidiyyatı nazirliklərimiz
tanış olacaq və daha sonra
öz şərhlərimizi
də təqdim edəcəyik. Çünki
hesabata heç bir dəyişiklik etməyə hüququmuz yoxdur, amma öz
fikirlərimizi bildirəcəyik.
Bundan əvvəl artıq iki belə hesabat olmuşdu, biz öz şərhlərimizi bildirmişdik.
-Azərbaycanın Ümümdünya
Ticarət Təşkilatına
qəbuluna Cekson-Venik düzəlişinin mane olduğu
bildirilir. Bu məsələ
və ümumilikdə
indi ÜTT ilə bağlı danışıqlar
hansı mərhələdədir?
-
Ölkənin ÜTT-na
daxil olması ilə Cekson-Venik düzəlişi avtomatik
olaraq sıradan çıxır. Çünki
bu saziş əsasən ticarət məsələlərinə aiddir
və ÜTT-yə qəbul olmaq Azərbaycanda ticarət sahəsində artıq hər şeyin öz qaydasında olduğunun göstəricisidir.
Azərbaycanın təşkilata
üzvlük məsələsində
bəzi irəliləyişlər
var. Keçən həftənin
sonunda bizə verilən sualları cavablandırıb, qurumun katibliyinə təqdim etmişik, indi üzv ölkələr tərəfindən baxılmalıdır.
Eyni zamanda bizim ikitərəfli danışıqlar üçün
yeni, təkmilləşdirilmiş
təkliflərimiz artıq
hazırlanıb. Bu təkliflər
təsdiqlənəndən sonra biz bu barədə
də üzv ölkələrə məlumat
verəcəyik, bundan
sonra gözləyəcəyik.
Əgər bu ölkələr razılıq
versələr, onlarla
ikitərəfli danışıqlar
aparacağıq. Ondan
sonra yenə də ölkələrin razılığı olduğu
təqdirdə Azərbaycan
üzrə yaradılmış
işçi qrupunun iclası keçirilməlidir.
Paritet.- 2010.- 13-14 may.- S.
6.