Qeyri-hökumət təşkilatları ekologiya sahəsində daha fəal olmalıdır

 

 “Ekologiya ili” ilə bağlı “EKO-2010” adlı QHT koalisiyası yaradıldı

 

“Azərbaycanda yerin altı tükənməz xəzinə, üstü canlı muzeydir”,  “Torpaq anadırsa, su övladdır. Meşə bu övladsız dodağı çat-çat olub yanacaq, diri gözlü “ölüyə” dönəcək”.

Akademik,  ictimai -siyasi xadim olan Həsən Əliyevin dediyi bu ifadələrdə o, məmləkətimizin nə qədər zəngin təbiətə malik olduğuna, eləcə də ətraf mühitin, onun mühafizəsinin vacib olduğuna bir daha diqqəti çəkir. Bu gün hər birimiz  durmadan inkişaf edən  dünyada bu inkişafın həyat şəraitimizi yaxşılaşdıran müsbət nəticələri ilə yanaşı, təəssüf ki, onun cəmiyyətimizə, mühitimizə mənfi təzahürünü də hiss edirik. Müxtəlif aspektlərdə özünü göstərən bu mənfi təzahür daha çox özünü ekologiya sahəsində göstərir. Saysız- hesabsız texnogen  proseslərin, texnikanın inkişafı təbii ki, ətraf mühitə, insan sağlamlığına da təsirsiz keçmir. Demək doğru olar ki, ekologiyanın müdafiəsi birbaşa cəmiyyətin sağlamlığı, onun gələcəyidir. Bu il ölkə başçısı tərəfindən “Ekologiya ili” elan edilməsi bu sahədə olan işlərin daha da sürətlənərək öz müsbət nəticələri ilə seçiləcəyinə ümüd yaradır.

Hazırda respublika üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf  prinsipləri əsasında müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi  istiqamətində ardıcıl tədbirlər görülür. Təbii ki, dövlət qurumları ilə yanaşı 3- cü sektorun da fəaliyyəti bu sahədə zəruridir. Qeyri -hökumət təşkilatları(QHT) sektorunun bu sahədə gördüyü işlər, həllini gündəmə gətirmək üçün qabartdığı problemlər çatışmazlıqları aradan qaldırmaq üçün az rol oynamır.

Bizimlə söhbətində Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun (ESMF) sədri Rauf Sultanov ətraf mühit ilə cəmiyyətin arasındakı qarşılıqlı əlaqədən onların tənzimlənməsindən danışdı. O bildirdi ki, xüsusən ətraf mühitin mühafizəsində QHT-lərin rolu, fəaliyyəti daha da genişlənməlidir: “Biz Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi ilə birlikdə Bakı şəhərində avtomobil tərəfindən atmosferə buraxılan karbon- oksidin miqdarını müəyyənləşdirmişik. Norma 0,3 olduğu halda biz gürdük ki,  “Jiqulu” markalı avtomobillərdə yanacağın istifadəsi ilə bağlı atmosferə buraxılan karbon- oksidin miqdarı 3 faizdir.  Bu avtomobil artıq istifadə üçün yararsızdır. Xarici avtomobillərdə isə  bu göstərici  0-a bərabərdir. Bakı şəhərində atmosferin çirklənməsində nəqliyatın payı  60-70 faizə çatır”.

 

“QHT- lər alternativ enerjidən istifadəni ictimaiyyətə aşılamalıdır”

 

R.Sultanov qeyri hökümət təşkilatı olaraq alternativ enerji mənbələrindən, və işməli suyun tərkibinin zərərsizləşdirilməsi istiqamətində səmərəli fəaliyyətlərinin vacibliyindən danışdı: “ Bu yaxınlarda bizim alternativ enerji mənbələrindən istifadə edilmə ilə bağlı tədbirimiz keçirildi.   Əhaliyə QHT- lər tərəfindən  Azərbaycanda külək,  Günəş enerjisindən, biokütlədən istifadənin səmərəliliyi haqqında məlumatlar aşılanmalıdır. Bu vasitələrin tətbiqinin genişləndirilməsində işlər görülməlidir.  Bu gün respublikada krandan suyu açıb içmək olmaz.  Onun tərkibi elə bir fomadadır ki, insan sağlamlığına mənfi  təsir göstərir. Bu prosesdə ictimaiyyət özü  suyun təmizlənməsi uğrunda fəal  iştirak etməlidir. Respublikada tanıdığım bir neçə QHT var ki, Kür suyunun təmizlənməsi üçün mühüm işlər görüblər. Eləcə də də duzun istehsalı, onun standartlara uyğun olub-olmaması vacib məsələlərdəndir ki, bu prosesdə QHT- lər böyük fəaliyyət göstərə bilərlər. Kustar üsulla duzun bazarlara çıxarılmasının qarşısı alınmalı, duzun keyfiyyətinin monitorinqi aparılmalıdır. Bu haqda dövlət təşkilatlarına məlumat verilməklə   birgə fəaliyyət olarsa təbii ki, yaxşı nəticə əldə edilə bilər.”

 Qeyd edək ki, bu gün yaşıllıqların qoruması, geniş yaşıllıqların salınması ölkə başçısının bilavasitə diqqətində olan məsələdir. Respublika səviyyəsində buna diqqətin kifayət qədər olduğunu, lakin bununla yanaşı bu istiqamətdə də ekologiya sahəsində fəaliyyət göstərən təşkilatın  işinin  vacibliyini deyən R. Sultanovun fikrincə  yaşıllıqların salınması istiqamtində respublikada böyük işlər görülməsinə baxmayaraq onların bu prosesi həyata keçirmək mexanizminə düzgün riayət edilmir. Məhz bu istiqamətdə ekoloji təşkilatlar monitoriqlər aparmalı, mütəmadi olaraq aidiyyatı qurumlarla əməkdaşlıq etməlidirlər.

 

Balıqların növ müxtəlifliklərini saxlamaq üçün QHT-lər  layihələr həyata keçirə bilər

 

QHT-lərin maariflənmədə mühüm rolunun olmasını deyən R.Sultanov bildirdi ki,   mayın 22-si dünyada biomüxtəliflik günü ilə əlaqədar olaraq ESMF  maarifləndirmə xarakterli bülletenlər hazırlayacaq və şəhərin müxtəlif yerlərində yayımlayacaq. O ətraf mühitin qorunması, xilası üçün QHT -lərin  fəaliyyəti ilə bağlı bir sıra təkliflər də irəli sürdü: “ Bu gün QHT sektoru yayla əlaqədar olaraq çimərliklərin durumu ilə bağlı monitorinq aparıb problemləri qabartmaqla  həllinə yardımçı ola bilərlər. Eləcə də  yay aylarında ağcaqanadların Bakı şəhərində çox olması təhlükə mənbəyidir.  Bunun qarşısının alınması istiqamətində gölməçələrin qurudulması, kanalizasiya xətlərinin düzəldilməsi istiqamətində  QHT-lər tərəfindən hər hansı tədbirlərin görülməsi məqsədyönlü olardı. Satılan qidaların keyfiyyəti ilə bağlı, onların sertifikatının tələb olunması üçün hüquqi biliklərin artırılması, maarifləndirmə istiqamətində fəaliyyət təşkil etmək olar.  Bilirik ki,  Xəzər çox unikal bir dənizdir. Onun balıq ehtiyatları olduqca çoxdur. Bu gün balıqların növ müxtəlifliklərini saxlamaq üçün QHT- lər müəyyən səmərəli layihələr həyata keçirə bilər”.

 Kür çayının daşmasının yaratdığı problemlərə də münasibət  bildirən ekoloq bildirdi ki, əslində bu,  istər QHT-lər   tərəfindən,  istərsə də dövlət qurumları tərəfindən səhlənkarlığın nəticəsidir: “Yaşayış yerlərinin salınması ilə bağlı bütün ölkələrdə xüsusi qanun var. Şəhər və kəndlər çayın səviyyəsindən aşağı salına bilməz. Bizim iri şəhərlərsə  Kür çayımın səviyyəsindən aşağı səviyyədədir. Kürün aşmasının qarşısını almaq mümkündü, amma Kürün  səviyyəsi qalxdıqda qrunt sularının  torpaq üzərinə qalxmasının qarşısıalınmazdır. Kür çayının müəyyən qolları olmalıdır ki, Kürün səviyyəsi qalxmasın. Vaxtında Kürün lilləşməsinin qarşısını almaq mükün olardı. Üzən gəmi vasitəsilə Kürü 400 km məsafədə təmizləmək mümkün deyildimi məgər?”

“Ekoloji qayğı” İctimai Birliyinin sədri  Süreyrat Həsənova isə bildirdi ki, təşkilatları ekologiyanın mühafizəsi, bu istiqamətdə maarifləndirmə sahəsində  1997-ci ildən “Ekoloq Müəllimlər” Cəmiyyəti kimi  fəaliyyət göstərsə də, 2003-cü ildən qeydiyyata alınaraq daha geniş formada fəaliyyətlərini davam etdiriblər. Təşkilatın həyata keçirdiyi mühüm layihələrdən biri  ekoloji cinayətkarlıqla əlaqəli Dağlıq Qarabağ müharibəsi zamanı Azərbaycan  təbiətinə dəyən zərərin ekoloji qiymətləndirilməsi olub.

Ekologiya sahəsində fəaliyyət göstərən QHT-lərin az iş görmədiyini deyən təşkilat sədrinin sözlərinə görə, onlar daha çox fəaliyyət göstərmək iqtidarında olsa da,  müəyyən problemlər hələ də mövcuddur: “ Dünyada ekoloji problemlərin baş qaldırıb getdiyi bir zamanda ekoloji təşkilatların fəaliyyətinin daha geniş olmasına ehtiyac var. Təbii ki, Azərbaycanda bu adla bağlı olan QHT- lər çox işlər görüblər. “ Eko aləmi”, “ Rüzgar” , Ekoloji Maarifləndirmə Monitorunq Fondu və eləcə də bizim təşkilat problemlərə biganə qalmayıb, öz fəaliyyətini bu müstəvidə qurmağa çalışıb. Lakin maliyyə vəsaitinin bəzən az olması, hələ də cəmiyyətin şüurunda ekoloji bilgilərin ,təbliğatın lazımi səviyyədə olmaması, vəzifəli şəxslərin, eləcə də fiziki şəxslərin ekoloji layihələrin həyata keçirilməsinə maneçilik törətməsi  QHT-lərin fəaliyyətini çətinləşdirir. Məsələn, bu gün biz əhaliyə meşələrin qırılmasının acı fəsadları haqqında məlumat verə bilirik. Amma yaxşı olar ki, bu,  elmi əsaslandırmalarla, filmlərlə əhaliyə çatdırılsın. Təbii ki, bunlara da maliyyə vəsaiti lazım gəlir.  Mən deyə bilərəm ki, biz istənilən nəticəyə 30 faiz nail ola bilirik. Ekoloji problemlərin həllində  üçüncü sektorun fəaliyyətini hələ də qənaətbəxş hesab etmək olmaz. Lakin unutmaq da olmaz ki, bir neçə il əvvəl  QHT  adı çoxlarına qəribə gəlirdisə, bu gün bu sektorun fəaliyyəti çoxlarına məlumdur və əvvəllər biz xarici qrant hesabına maliyyələşirdiksə hazırda QHT sektoruna  dövlət dəstəyi var.”

 

“Ətraf mühitin mühafizə olunmasında uşaqların məsuliyyətinin gücləndirilməsi və onların ekoloji  biliklərinin artırılması” layihəsinin icrasına başlanıb

 

Qeyd edək ki,  sırf ekologiya ilə bağlı QHT-lərlə yanaşı digər təyinat istiqamətli təşkilatlar    ekoloji duruma   diqqət ayırır. “ Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyi Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ Ətraf mühitin mühafizə olunmasında uşaqların məsuliyyətinin gücləndirilməsi və onların ekoloji biliklərinin artırılması” layihəsinin icrasına başlayıb. Layihə 3 ay müddətində icra ediləcək. Layihənin əsas məqsədi ətraf mühitin mühafizəsində və ekologiyanın qorunmasında orta məktəb şagirdlərinin məsuliyyətinin artırılmasıdır. Layihənin başlıca vəzifəsi uşaqları ekoloji sahədə maarifləndirmək uşaqların ekoloji sahədə ictimai fəallığını artırmaq, uşaqlarda ətraf mühitin mühafizəsi ilə bağlı vərdişlərin yaradılmasına nail olmaq habelə ətraf mühitin mühafizəsində uşaqlar arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir. Layihənin icrası müddətində 7 pilot məktəbdə uşaqlar arasında iş aparılacaq. Qeyd edək ki, layihə 2 istiqamət üzrə həyata keçiriləcək. Belə ki, Bakı şəhərinin 7 saylı orta məktəbində “ Ətraf mühitin mühafizəsi” mövzusunda seminarlar keçiriləcək, o cümlədən layihənin effektivliyini artırılması və əhəmiyyətinin uzunmüddətli olması üçün uşaqlardan ibarət “ Təbiətin Dostları” adında qrup yaradılacaq. Qrup tərəfindən layihə müddətində bir çox tədbirlər həyata keçiriləcək.

 

QHT tullantı sahələrinin electron xəritəsini hazırlayıb

 

Ekoloji Proqnozlaşdırma Mərkəzi isə  Bakının 11 inzibati rayonunda yerləşən qanunsuz tullantı sahələri üzrə apardığı monitorinqlərin nəticələrini açıqlayıb. Mərkəzin sədri Telman Zeynalov bildirir ki, Bakının 11 rayonunda aparılmış monitorinqlər nəticəsində 38-dən çox qanunsuz tullantı sahələri aşkarlanıb.

Burada ən iri tullantı sahələrinin ərazisi 100 kv metrdən çox olub. Bu tullantılar haqqında Bakının hər rayonu üzrə hesabat hazırlanaraq “Təmiz Şəhər” ASC-yə təqdim edilib. Eyni zamanda həmin rayonlarda yerləşən tullantıların elektron xəritəsi də hazırlanıb.

 

“Ekologiya ili” ilə bağlı QHT koalisiya yaradılıb

 

Azərbaycan Gənclər Mərkəzinin təşəbbüsü ilə dövlət qurumları , özəl  sektor və QHT-lərdən ibarət “EKO 2010” ekologiya koalisiyası yaradılıb. “Azərsun Holding” və “Mətanət A” şirkətləri koalisiyaya ən tez qoşulan tərəfdaşlardandır.

Dünənki   mətbuat konfransının  koordinatoru Ramiz Alıyev bildirib ki, koalisiya media nümayəndələri ilə əməkdaşlığa böyük  əhəmiyyət  verir və buna görədir ki, həyata keçiriləcək layihələrin 4-5-i jurnalistlərlə bağlı olacaq. İlk olaraq Mətbuat günü ərəfəsində ekologiyayla bağlı müsabiqə elan olunacaq və müsabiqədə qalib olan 10 jurnalist Azərbaycanın istirahət düşərgələrində istirahət etmək hüququ qazanacaq. Bundan əlavə onlar olduqları yerlərlə bağlı ekoloji mövzuda məqalələr yazacaqlar və istirahətdən qayıtdıqdan sonra da müsabiqə keçiriləcək və qaliblər mükafatlandırılacaqlar. Koalisiya tərəfindən xüsusi monitorinq qrupunun yaradıldığını deyən R.Alıyev monitorinq qrupunun davamlı olaraq mətbuatı izləyəcəyini, koalisiya və onun fəaliyyəti, həyata keçirdiyi layihələri daha çox işıqlandıran jurnalistlərin müəyyən olunaraq mükafatlandırılacağını söylədi.

Layihə çərçivəsində 25-dən artıq layihənin keçiriləcəyini deyən R.Alıyev “Aydın səma”, “Qafqazın incisi”, “Mavi Xəzər” adlı aksiyaların gerçəkləşdiriləcəyini söylədi. Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birgə isə ağacəkmə aksiyası həyata keçiriləcək. Aksiyada ölkənin tanınmış insanları, millət vəkilləri, müğənnilər, QHT rəhbərləri, şirkət nümayəndələri də iştirak edəcəklər.

Layihə çərçivəsində xüsusi saytın hazırlanacağını da deyən R.Alıyev həyata keçiriləcək layihələr barədə mətbuat vasitəsilə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılacağını da dedi.

 

 

Günay  BÜNYADZADƏ

 

Paritet.- 2010.- 15-16 may.- S. 12.