Erməni dəhşətləri bədii dildə

 

 Qarabağ mövzusunda yazdığım hekayələrlə bağlı saysız oxucu məktubu almışam

 

Azərbaycan tarixində uzun illərdir ki, dərin iz salan, uşaqdan böyüyə kimi, ölkəmizdə və  ölkədən kənarda yaşayan hər bir azərbaycanlını Dağlıq  Qarabağ məsələsi, eyni zamanda  20 faiz torpaqlarımızın ermənilər tərəfindən işğalı və bir milyondan artıq  soydaşımızın öz yurd-yuvasından zorla çıxarılması, onlara qarşı törədilmiş vəhşiliklər, işgəncələr  çox narahat edir. Bu gün Qarabağ məsələsini, ümumilikdə ermənilər tərəfindən xalqımıza  qarşı törədilmiş vəhşilikləri beynəlxalq aləmə çatdırmaq  üçün    müxtəlif  ölkələrdə fəaliyyət göstərən  diaspor təşkilatlarımız  tərəfindən silsilə tədbirlər, konfranslar, simpozumlar, sərgilər keçirilir, eyni zamanda  bu dəhşətli faciə bədii dildə soydaşlarımız tərəfindən qələmə alınaraq, dünyaya çatdırılır. Bu gün bizdə  İsveçdə və Hollandiyada yaşayan soydaşlarımızın qeyd etdiyimiz mövzuda yazdığı əsərlər və kitablar  haqqında qısa məlumat verəcəyik.

İlk  həmsöhbətimiz uzun müddətdir ki, İsveçdə yaşayan,  esse, fəlsəfi-bədii miniatür, hekayə, mənsur şeir, povest müəllifi olan və xarici mətbu orqanlarda əsərləri bir neçə dillərə tərcümə olunaraq nəşr edilən Eluca Atalıdır. Onun  müəllifi olduğu və  son nəşr edilən kitabları sırasında  olan “Milli  monoloq” kitabında silsilə əsərləri Qarabağla bağlıdır. Qeyd edək ki, “Milli monoloq” kitabında müəllif o taylı- bu taylı Azərbaycanın  milli dərdləri, Qarabağ məsələsi   və insan haqları ilə bağlı müxtəlif illərdə yazdığı hekayə, esse povest janrında bədii əsərləri  toplanıb. Kitabı hamının oxumasını  arzu edən  müəllif, uşaqlar və gənclərin  oxumasını vacib bilir. Bununla da o istəyir ki, uşaqlar və yeniyetmələr Azərbaycanımızın  düşdüyü fəlakətdən çıxış yolunu axtarıb - tapmaqda  fəal olsunlar. Həm də o istəyir ki, Bütöv Azərbaycanın  yaranmasının  bu gün onların necə düşünüb, necə yaşamalarından asılı olduğunu unutmasınlar.

 Eluca xanım bizimlə söhbətində ilk olaraq onu qeyd etdi ki,  ümumilikdə yaradıcılığında təkcə   Qarabağ problemi deyil, bütövlüklə o taylı - bu taylı Azərbaycanın fəlakətlərini yazıya alıb  və təsvir edib:” Buna nə dərəcədə nail olmuşam, bu başqa bir mövzunun söhbətidir. Sadəcə, mən Azərbaycanı həmişə bütöv görürəm! Belə olan halda, onun kədəri də, bayramı da hər iki tərəfə aid olur. Şimalı Azərbaycanda doğulmuşam deyə, ancaq Şimali Azərbaycanı düşünməliyəm fikri mənə hakim deyil. Azərbaycan bu gün ona görə fəlakətdədir ki, o, ikiyə bölünüb. Təkcə yaradıcı insanlar yox, bütün xalq bilməlidir ki, ikili olmaq özü fəlakətdir. Fəlakətlərimizdən bir çıxış yolu var:birləşmə, bütövləşmə! Burda ustadımın bir fikrini xatırladsam yerinə düşərdi, o, deyirdi ki: “Qarabağ fəlakəti Azərbaycan ikiyə bölünəndə başlayıb. Qarabağ o zaman azad olacaq ki, Azərbaycan bir olacaq. Erməniyə 50 milyonluq azərbaycanlı təpiyi lazımdır!””

 Mən Qarabağa aid olan yazılarımda yuxarıda qeyd etdiyim fikirdə yer almış istiqaməti əsas xətt kimi götürmüşəm”-deyən E.Atalı qeyd etdi ki,  Qarabağ - bütün azərbaycanlılar kimi, onun da yaralı yeridir” Amma mən, o, azərbaycanlılardanam ki, bu yaranın sağalmasına inanıram.  Qarabağ müharibəsi ilə bağlı bir neçə hekayəm var, onlar türk, rus, ingilis, fars, özbək dillərinə hələki tərcümə olunub”.

Qarabağ  mövzusunda yazdığı əsərlərinin bir neçə dilə tərcümə olunduğunu deyən yazıçı bildirdi ki, o bu mövzuda qələmə aldığı  əsərlərinin  ilk növbədə  tərcümə olunmasına çalışır: ”Bu məndən ötəri ağır olsa da, amma çalışıram ilk növbədə buna nail olum. Sonra isə ədəbi, siyasi sitələrdə dərc olunmaq üçün müxtəlif saytlara, dövrü mətbuat orqanlarına göndərirəm. www.google-com yazıb, adımı arasanız, görərsiniz ki, onlarla bağlı müxtəlif rəylər var. Təkcə onu deyim ki, Xocalı faciəsi ilə bağlı yazdığım “Qan içində yananım” hekayəsini türk və fars dillərinə tərcümə edənlər “Yazını başa çatdırana qədər ürək ağrısına düşdüm”- dedi. Hər iki nəfər ayrı - ayrılıqda bunu deyib. Bu hekayə ilə bağlı saysız oxucu məktubu almışam”.

Eluca xanım  bildirdi ki, yazıçı, ümumiyyətlə hər hansı bir mövzuda yazmamışdan əvvəl, bütövlüklə yazacağı  mövzunu beynində bişirir və mövzuya tam hakim olur:” Bu, o, deməkdir ki, ordakı halı yaşayırsan. Mən hər dəfə bu mövzuda yazanda özümü odun - alovun içində hiss edirəm. Xocalının o müdhiş gecəsini təsvir edəndə, nələr çəkdim, dilə gətirmək çətindir. Qəti özümdə deyildim, bütün fikrim - zikrim orda idi. Körpəsi dalına sarınmış halda güllələnmiş ana, ananın üstünə qaçan üç balaca qız uşağı, güllələnmiş qızının kürəyindən körpə nəvəsini açıb, qucağına alan nənə, öz həyətindəki tut ağacına erməni saqqallıları tərəfindən sarınıb, üstünə neft tökülmüş ata və “erməni, anamı öldürdün, atam heç olmasa öldürmə, biz kimlə qalacağıq” - deyən, körpə qızcığazın məsum yalvarışları... Bütün bunları beynimdən keçirə - keçirə yaşayırdım. Yazını yarıya qədər işləyib, ağırlığından nəfəs ala bilmirdim. Elə bil hadisə Qarabağda yox, gözümün qabağında Stokholmda baş verir. Onlara necə kömək edə bilərəm? Hadisələrin cəryanın, istiqamətin necə dəyişmək olar? Erməninin ürəyinə insaf salmaq və s. düşüncələrimə hakim idi. Bütün bu suallarla evdən çıxdım ki, bir qədər özümə gəlim, sonra yazını davam etdirim. Küçəyə çıxıb qəzaya düşdüm, hekayəni bir də bir ildən sonra işləyə bildim.

Sonda sizin sualınıza konkret cavabı bu cür verirəm: hadisələri bir də yaşayırsan, həm də təkcə olduğu kimi yox, bir neçə variantında. Həm də gedişatı dəyişmək istəyi ilə onları analiz edirsən”.

Yazıçı qeyd etdi ki, Qarabağ mövzusunda yazılmış ondan, artıq hekayə və povesti var:”  Demək olar ki, hamısı ayrı - ayrı vaxtlarda çap olunub. Onları bütövlükdə ayrıca kitab şəklində çap etməmişəm, amma “Adamdan üstün”, “Milli monoloq”, “Səsin öncəsi”, “Atillanın açıq pəncərəsi” “Heykəllər niyə danışmır?” kitablarımda var.

“Qarabağ mövzusunda yazdığınız əsərlər isveçlilər tərəfindən necə qarşılanır?” sualını E. Atalı belə cavablandırdı:” Bir qədər inanılmaz. Mənim İsveçdə yoldaşlıq etdiyim isveçlilər demək olar ki, ictimaiyyət nümayəndələridirlər, amma siyasətçi deyillər. Onlara hadisələr çox qorxunc gəlir. Çünki bunlar özləri heç zaman müharibə görməyiblər, sakit, firavan yaşayıblar. Bəzi dairələrdə isə bu mövzuda danışanda icazə verilmir. Çünki burda hər cür millət var, hərə bir ölkədən gəlib. Adətən milli məsələlərdən danışanda dava düşür. Dünyanın bütün müharibə görən, siyasi konfiliktlərdə yaşayan millətləri bura yığılıb, siyasi sığınacaq alıb. Ona görə hər hansı konfiliktli məsələni danışanda, kimsə digər tərəfin müdafiəsinə qalxır, nəticədə dava düşür. Elə bütün bunların qarşısın almaq üçün danışmağa icazə verilmir. Amma mən çalışıram həmişə imkansızlıqdan imkan yaradım, sözümü deyim.

Söhbətin əvvəlində dedim ki, mən Bütöv Azərbaycanın dərdlərindən yazıram. “Milli monoloq” kitabım çapdan çıxanda məktəbdə müəllim soruşdu ki, kitab nədən bəhs edir? Qarabağ məsələsi, ermənilərin, rusların orda törətdiklərini və Cənubda 40 milyonun ana dilində məktəbi olmadığını dedim. “40 milyon?” - deyib, səsini qaldırdı. Ona inanılmaz gəldi ki, 40 milyonun məktəbi yoxdur.İnsan acizliyi ilə bağlı bir neçə kəlmə dilinə gətirdi. Bu məni bir qədər pərt etsə də,   içimdə milli azadlıq eşqini gücləndirdi. İstəmirəm başqaları  mənim xalqıma aciz kimi baxsın. Bizim xoşbəxtlərdən nəyimiz əksikdir?”

Məlumat üçün bildirək ki, Eluca Atalı (Hüseynova Mədinə) 1966-cı ildə Nefçala rayonunun Xolqaraşıqlı  kəndində doğulub. BDU-nun kitabxanaçılıq-biblioqrafiya fakültəsini bitirib. Esse, fəlsəfi- bədii miniatür, hekayə, mənsur şeir, povest janrında yazdığı bədii nümunələr əsasında bir neçə kitabı çap olunub. Respublika  və xarici mətbuatda əsərləri müntəzəm çap edilir, həmçinin əsərləri şərq və avropa dillərinə tərcümə olunub. Hazırda İsveçdə yaşayır və bədii yaradıcılıqla məşğuldur.

Son illər diaspor sahəsində gördüyü işlərlə yanaşı, Hollandiyada yaşan, Azərbaycan  Yazıçılar Birliyinin və  Hollandiya  Yazıçılar, Ssenaristlər və Kinematoqrafçılar Birliyinin üzvü, çoxlu povest, hekayə və ssenarilərin müəllifi həmyerlimiz Gülşən Lətifxan  Azərbaycanın tarixini, həqiqətlərini, uzun illərdi ki, xalqımızın yaşadığı  ağrılı- acılı  dərdi olan Qarabağ problemini müəllifi olduğu bədii əsərlərdə təsvirini verir və müxtəlif dillərə tərcümə edərək dünyaya çatdırır.  Redaktoru Gülər Mehdiyeva, illüstrasiyaları Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətov tərəfindən çəkilmiş “ Azər və Aida”əsəri  G. Lətifxanın ikinci romanıdır. Roman Azərbaycanın düçar olduğu  Qarabağ  müharibəsinin fonunda iki gəncin faciə ilə bitən  nakam məhəbbətindən bəhs edir. Çox təqdirəlayiq haldır ki, Azərbaycanın- xalqımızın bu gün əsas problemi olan Qarabağ məsələsi dünyaya bədii dildə və müəyyən bir formada çatdırılır.

Sözügedən kitabda ön söz yazan Moskvada yaşayan ziyalı Çingiz Hüseynov  “Azər və Aida” romanına özünəməxsus bir formada fikir bildirib:” Əsrlər boyu bir-biri ilə qonşuluq, bəzən  isə qohumluq  telləri  ilə bağlanan ermənilər və azərbaycanlılar arasındakı etnik konfilikt Azərbaycan ədəbiyyatının vacib mövzularından, hamıya toxunan  ağrılı nöqtələrdən birinə çevrilib. Bu konfilikt müharibədə böyüdü, dağıntılara gətirib çıxartdı, qaçqınlara səbəb oldu, vərdiş olunmuş dünya duyumunun əsaslarını sarsıtdı, psixi zədələnməyə çevrildi və idiyəcən davam edir”.

Qeyd edək ki,  romanın bir az vərdiş olunmamış ad daşıyan qəhrəmanı Aida, azərbaycanlı kişi və erməni qadının Azərbaycanda tez-tez təsadüf olunan və adi görünən məhəbbətindən doğulub. Amma elə bu vaxt müharibə başlayır və erməni ana ölümündən yaxa qurtarmaq üçün doğma şəhərindən, ailəsindən baş götürüb qaçmalı olur. Və ailə dağılır, romanın  yarı erməni , yarı azərbaycanlı  qəhrəmanı doğmalarının  özünə qarşı münasibətinin dəyişdiyini dərhal hiss edir, axı o, necə deyərlər, “xalis azərbaycanlı”ya vurulub, üstəlik Azər də onu sevib.

Azərə gəlincə isə o, doğma  torpağı düşmən qonşularından qorumaq üçün öz şərəf borcunu yerinə yetirərək müharibəyə gedir... Məlum olduğu kimi, müharibədə  yaxşılar ən əvvəl həlak olur və bu qismətdən Azər də qaça bilmir.

”Azər və Aida”- “Əli və Nino” romanının çağdaş variantıdır. Əgər Qurban Səid müsəlman oğlu ilə xristian qızının -azərbaycanlı Əli ilə gürcü Ninonun məhəbbətindən  söz açıbsa, G.Lətifxan azərbaycanlı Azərlə, qarışıq  nigahdan doğulmuş Aidanın  sevgisindən danışır”-deyən  tərcüməçi, publisist və naşir Ari fan der Ent  qeyd edib ki, əgər  “Əli və Nino” əsərinin  fonunda Birinci Dünya müharibəsinin mənzərələri dekorasiya kimi istifadə olunubsa, “Azər və Aida” romanındakı hadisələrdə Qarabağ müharibəsi  ərəfəsi və  bu müharibə başlanandan sonra baş verən hadisələr qələmə alınıb”.

Görkəmli  xalq şairi Fikrət Qoca bildirib ki, uşaqlıq illəri Şuşada keçən  Gülşən xanım  hər iki romanında Sovetlərin dağılması ərəfəsində və Sovet İttifaqı iflasa uğrayandan sonra siyasətçilərin “Qarabağ kartı” ilə işğala məruz qalmış Azərbaycanın  qaçqınlıqla üzləşən Azərbaycan insanının çağdaş dünyamızdakı acılarını qələmə alıb. G.Lətifxan bizimlə söhbətində  qeyd etdi ki, o, özünü peşəkar yazıçı hesab etmir: “O ki qaldı Azərbaycanın ağrılı yeri olan erməni - azəri probleminə toxunduğu  “Azər və Aida”  əsərinə,  çox təəssüf  hissi ilə  deyə bilərəm ki, “Azər və Aida”nın digər xarici dillərə tərcümə olunma prosesi hələ qalıb. Bu səbəbdən də bu əsər Avropada o qədər də yayılmayıb.  Tərcümə işi vaxt aparan bir prosesdir. Bu əsər  gələcəkdə digər dillərədə tərcümə oluna bilər. Amma buna baxmayaraq,  bu əsər xaricdə çox xoş qarşılandı. Onu da söyləyim ki, hazırda mənim hekayələrim holland dilinə tərümə olunur.  Hollandiyada fəaliyyət göstərən nəşriyyatlarla danışıqlar aparırıq. Əgər razılığa gələ bilsək onda  bir ad altında əsərlərimi toplayıb kitab çıxaracayıq

Nəzərə çatdıraq ki, “ Azər və Aida” kitabını rus dilindən   tanınmış yazıçı Məmməd Oruc tərcümə edib.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 15-17 may.- S.10.