“Ekoloji maariflənmə həm sıravi vətəndaşlar, həm də məmurlar arasında aparılmalıdır”

 

Mütəxəssislərin fikrincə, bunun üçün dövlət qurumları, QHT-lər və medianın birgə fəaliyyətinə ehtiyac var

 

Təmiz və sağlam mühitdə yaşamaq hər bir insanın hüququdur. İstəyirik ki, yediyimiz qida, içdiyimiz su, gəzdiyimiz küçələr, istirahət etdiyimiz parklar, bir sözlə, hər bir şey gözəl və təmiz olsun. Lakin təəssüflə qeyd etmək lazımdır ki, çox vaxt istəyimizlə əməlimiz üst-üstə düşmür. Belə olmasaydı, bir vaxtlar dünyanın ən təmiz və gözəl şəhərlərindən olan Bakı indi zir-zibil içində olmazdı. Söhbət açacağım mövzunun aktuallıq kəsb etməsinə əsas səbəblərdən biri paytaxtımızın günü-gündən böyüməsi, gözəlləşməsi və aparılan abadlıq işləri  ilə yanaşı, onun ekoloji təmizliyinin get-gedə pisləşməsidir. Bu isə həm xəstəliklərin artmasına, ekosistemin pozulmasına səbəb olur, həm də şəhərimizə təşrif buyurmuş qonaqlarda xalqımız və onun mədəniyyəti haqqında mənfi rəy formalaşdırır. Bunda isə ilk növbədə günahkar özümüzük. Bəli, nə qədər çətin də olsa etiraf etmək lazımdır ki, hazırda əhalinin çoxunun ekoloji mədəniyyəti çox aşağı səviyyədədir. Əgər yanımızda zibil qabı ola-ola əlimizdəki qutunu və yaxud hər hansı bir lazımsız əşyanı zibil qutusuna deyil, yerə atırıqsa, bununla da ətraf mühitin çirklənməsinə səbəb oluruqsa, onda heç bir mədəniyyətdən söhbət gedə bilməz. Bunu ancaq təbiətə, onun bizə bəxş etdiyi gözəlliklərə qənim kəsilənlər edə bilərlər. Düzdür, şəhərimizin zibillənməsinin əsas səbəblərindən biri paytaxtdakı zibil qutularının çox az  olmasıdır. Lakin bu heç də bizə tullantıları yerə atmağa əsas vermir. Görünür, əksəriyyətimizin mədəniyyəti evinin kandarından o yana keçmir, fəxrlə öyündüyümüz Bakımızı, onun üzərində gəzdiyimiz küçələrini, istirahət etdiyimiz parklarını özünə doğma hesab etmir.

Mütəxəssislər də bu gün ölkəmizdə ekoloji maarifləndirmə və mədəniyyətin aşağı səviyyədə olması fikri ilə razılaşırlar. İlk həmsöhbətim professor, kimya elmləri doktoru,  AMEA  Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri , “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev də bildirdi ki, bu gün  ekologiyayla bağlı əsas problemlərdən biri əhalinin ekoloji mədəniyyətinin və maarifləndirilməsi  ilə bağlı işlərin kifayət qədər aşağı olmasıdır: ” Ölkəmiz inkişaf edir, amma bir sıra məsələlər var ki,  ölkənin inkişaf tempindən  geridə qalır. Xüsusilə  bu məsələni rayonlarımıza   aid edərdim. Torpaqların deklarasiyası, qorunması, alternativ enerjidən istifadə etməklə meşələrin qırılmasının qarşısının alınması, bu gün bizim üçün fəlakətlər gətirən suların idarə olunması ilə maarifləndirmə işləri aparılmalıdır. Ekoloji maariflənmə həm sıravi vətəndaşlar, həm də məmurlar arasında, yəni geniş kütlələr arasında aparılmalıdır ”.

Hazırda torpaqlarımızın 20 faizinə qədərinin  özəlləşdirildiyini xatırladan   ekoloq  bildirdi ki, əkinə yararlı və məhsuldar torpaqlar  əsasən özəl ərazilərdir: ”Burda da təbii ki,  torpaqların münbitliyinin qorunması, əhalinin bilik səviyyəsinin artırılması və  onların dolanışıq  səviyyəsinin  saxlanması ekoloji məsələ ilə birbaşa bağlıdır. Təəssüf ki, biz bu işi hələlik kifayət dərəcədə təşkil edə bilmirik”.  Bu gün üçün ən bəlalı məsələnin bərk və məişət tullantılarının idarə olunması olduğunu deyən İ. Mustafayev qeyd etdi ki,  son 5-6 ildə bir çox rayon mərkəzlərimiz çox böyük inkişaf yolu keçib: ”Şəhərlərin mərkəzlərində  tikinti  və abadlıq işləri aparılıb, parklar salınıb, komplekslər tikilib, şəhərin içərisi təmizlənib. Eyni zaman da  bizim turizm potensialımız var. Bu turizm potensialını reallaşdırmaq üçün bərk tullantların  idarə olunması  istiqamətində əhalidən asılı olan işlər var. Təbii ki,  hökumət də  bu işə qarışmalı və müəyyən məsələlərin həllinə kömək etməlidir”. İslam müəllim ekoloji  maarifləndirmə sahəsində bir sıra təklifləri olduğunu da  qeyd etdi: ”“Ekologoya ili”ndə  mövcud  potensialımızdan  istifadə etməliyik. Hər telekanalın  həftədə ekologiya ilə bağlı bir saatlıq veriliş verməsi yaxşı olar. Təbii ki, bu verilişlər müxtəlif mövzularda- meşələrdən, bərk tullantıların idarə olunmasından, suların qorunmasından və s. bəhs etməlidir.  Həm də verilişlərin tamaşaçı marağına uyğun olaraq hazırlanması çox vacibdir. Hər hansı mövzu ətrafında standart cümlələrlə kağızdan oxumaq və danışmaq tamaşaçı üçün  maraqlı olmaz. İstərdim ki, dövlət qurumları və QHT-lər tərəfindən  konfrans və  treninqlər keçirilməsinə, broşürlər  hazırlanmasına diqqət artırılsın.  Məktəblərdə ekoloji maarifləndirmə sahəsindən dərslər genişləndirilməli və müəyyən aksiyalar keçirilməlidir. Amma təəssüf ki,  bu sahədə qeyd etdiklərim yetərincə həyata keçirilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də qeyri –hökumət təşkilatları tərəfindən ekoloji  maarifləndirmə sahəsində bir sıra işlər görülür, amma bu işlər kifayət deyil.“

Bir sıra xarici ölkələrdə  ekoloji maarifləndirmə işinin  aparılmasından danışan həmsöhbətim rəhbəri qeyd etdi ki, dünyanın 40-dan çox ölkəsində olub və ekoloji aksiyalarda iştirak edib: ”Sovet vaxtı  bizimlə eyni sistemdə olmuş bir sıra ölkələrdə, məsələn, Çexiyada əlinizdəki bir kibrit dənəsini atmaq üçün  bir qədər vaxt itirərsiniz. İlk növbədə  hər hansı tullantını yerə atmağa adamın öz cəsarəti çatmır, çünki Çexiya çox  təmizdir”.

Ekoloji maarifləndirmənin  arzu edilən səviyyədə olmadığını söyləyən Ekoloji  Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudov isə bildirdi ki, ekoloji maarifləndirmə kiçik yaşlardan,  yəni  məktəbəqədər  təhsil müəssisələrində, məktəblərdə tədris proqramına salınmalı və davamlı həyata keçirilməlidir: ”Çünki insanları yetkinlik yaşında  ekoloji cəhətdən maarifləndirmə çətindir. Bunun üçün də bu işdə yuxarı yaş həddində  inzibatçılıq metodu əsas rol oynayır.  Radio və televiziyada  ekoloji proqramlara geniş yer verilməsi, qəzet və jurnallarda da məqalələrin dərc edilməsi vacibdir”.   K.Mahmudovun fikrincə,  ayrıca şəkilli ekologiya  ilə bağlı nəfis tərtibatda  dərs vəsaiti hazırlanmalı və   ibtidai sinifdən uşaqlara tədris olunmalıdır: ”Ekoloji maarifləndirmə ilə bağlı dərsdən kənar layihələr də keçirmək olar. Amma bu uşaqların  vaxtını alar, bu səbəbdən də ekologiya ilə bağlı məktəblərdə fənnin tədrisi vacibdir və bunun effekti olar”.  Bu il  “Ekologiya ili”, eyni zamanda BMT–nin baş  katibi Ban Ki Mun tərəfindən  “Ətraf mühitin qorunması və bioloji müxtəliflik” ili kimi qeyd edildiyini nəzərə çatdıran mərkəz rəhbəri bildirdi ki,  bu işlər özü ekoloji maarifləndirmə sahəsindən görülən əsas cəhdlərdəndir:  ”Azərbaycanda abadlaşdırma, yaşıllığın salınması özü də maarifləndirmə işidir. Əgər yaşlı nəsil  ağac əkirsə, istər-istəməz gənc nəsil bunu görəcək və bu ənənəni gələcəkdə o da  davam etdirəcək.  Azərbaycanda bu istiqamətdə işlər gedir, eyni zamanda Yaşıllar Partiyası təsis olunub. Yəni ətraf mühitə qayğı günü-gündən artır. Təbiətin qayğısına qalırıq,  amma onu qorumaq  insanların şüurunda  yüksək səviyyədə deyil”. Bir sıra xarici ölkələrdə, o cümlədən Almaniyada  ekoloji maarifləndirmə işlərinin yüksək səviyyədə  aparıldığını qeyd edən K. Mahmudov bildirdi ki,  Almaniyada uşaqlara orta məktəbdən ekologiya  ilə bağlı yüksək səviyyədə tədris  təqdim edilir: ”Eyni zamanda xüsusi televiziya proqramları hazırlanıb və  gənclərin təbiətlə birbaşa təması təşkil edilir. Gələcəkdə bu cür təcrübələrin ölkəmizdə də tətbiqini istərdim”.

 Ölkəmizdə ekoloji maarifləndirmənin zəif olmasının səbəbindən danışan mütəxəssis bildirdi ki, ekologiya ilə bağlı olan dövlət və qeyri-hökumət  təşkilatlarının  ayrı-ayrılıqda çalışması öz mənfi təsirini göstərir: ”Amma Yaşılar Partiyası ekoloji maarifləndirmə üzrə  müəyyən funksiyanı öz üzərinə götürəcək, bütün ayrı-ayrı  fərdi qüvvələri birləşdirib birgə bir  istiqamət üzrə fəaliyyət proqramı   hazırlayacaq və dövlət strukturları ilə əməkdaşlıq həyata keçirəcək, ictimai təşkilatların  fəaliyyətini koordinasiya  edəcək. Düzdür,  hər bir ictimai təşkilatın,  dövlət strukturunun öz proqramı və yanaşması var, amma ətraf mühitin mənafeyi  naminə bunlar hamısı birləşməli ortaq bir proqram həyata keçirməliyik. Ətraf mühitin qorunması istiqamətində görüləsi ən vacib işlərdən biri əhalinin maarifləndirilməsidir ki, ETSN tərəfindən bu sahəyə xüsusi diqqət yetirilir.Belə ki, nazirliyin təşəbbüsü və bilavasitə iştirakı ilə müxtəlif vaxtlarda respublikamızın bir sıra yaşayış məntəqələrində təmizlik və abadlıq işləri aparılıb”.

ETSN-in  saytından (www.eco.gov.az)  götürdüyümüz  məlumatda isə qeyd  edilir ki, nazirliyin Ekoloji Təbliğat şöbəsi “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanuna əsasən əhalinin maarifləndirilməsi, ictimaiyyətlə və QHT-lə əməkdaşlıq kimi vəzifələri yerinə yetirərək ekoloji təbliğat sahəsində işlər görür. Respublikada ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmiş dövlət və milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işlərin, mövcud problemlərin təbliği və araşdırılmasına həsr edilmiş “dəyirmi masa”, diskussiya, forum və  konfranslar təşkil edilir, sosial reklam çarxları, ekoloji plakatlar hazırlanılır və yayılması təmin edilir. 2009-cu il ərzində də nazirliyin ekoloji təbliğat şöbəsi və regional təbliğat sektorları tərəfindən əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif  kütləvi tədbirlər həyata keçirilib.  Belə ki, ölkədə ekoloji mühitin sağlamlaşdırılması sahəsində misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində YAP Gənclər Birliyi ilə birgə ümummilli liderin 70-ci illərdən etibarən həyata keçirdiyi ekoloji stifadə siyasətinin daha geniş təbliğ olunması  məqsədilə ali məktəb tələbələri arasında “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” adlı məqalə müsabiqəsi keçirilib. Həmçinin  eyni adlı elmi konfrans, eləcə də regionlarda gənclərin bu istiqamətdə maarifləndirilməsi üçün treninq və iməciliklər təşkil olunub .Ekoloji təqvim günlərində (Yer günü, Ətraf mühit günü, Dəniz günü və s.)  KİV-də məqalələr dərc olunub, televiziya və radio kanallarında çıxışlar edilib, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər təşkil olunub,  təhsil müəssisələrində  müəllim və tələbələrinin iştirakı ilə ekoloji mövzularda seminar məşğələlər, dəyirmi masalar, Bakı şəhərinin bir sıra orta məktəblərində nazirliyin təcrübəli mütəxəssisləri ilə görüşlər keçirilib.Heyvanların mühafizəsi və quşların müşahidəsi günlərində heyvan və quş növlərinin öyrənilməsi eləcə də mühafizəsi ilə əlaqədar QHT və KİV nümayəndələrinin, o cümlədən alimlərin iştirakı ilə Şirvan Milli Parkında seminar keçirilib.  “Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Ekoloji təbliğat şöbəsinin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olublar .

Eləcə də Nazirliyin regional şöbələri tərəfindən ətraf mühitlə əlaqədar əhalinin məlumat almaq hüquqlarının təminatı sahəsində müvafiq olaraq “Qazax və Gəncə Orhus mərkəzləri  tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr” mövzusunda QHT-nin, yerli ekoloqların, bu sahədə çalışan elm adamları və ziyalıların iştirakı ilə dəyirmi masalar təşkil olunub .

 Ötən ilin“Uşaq ili” elan edilməsi ilə əlaqədar, “Uşaqları dinləyək, onların iştirakını təmin edək” devizi altında oktyabr ayının 20-dən noyabr ayının 20-dək respublikada keçirilən uşaq aylığı ilə əlaqədar respublikanın şəhər və rayon mərkəzlərində, kənd və qəsəbələrindəki məktəb və uşaq baxçalarında, o cümlədən, Bakı şəhərinin 225 və 249 saylı, Mingəçevir şəhəri 3 saylı, Lənkəran şəhəri 6 saylı,  Cəlilabad şəhəri 1 saylı, Səlyan şəhəri 5 saylı, Şəki şəhəri 4 saylı, Qazax rayonu Əskipara kənd və Xaçmaz rayonu Suxtakələ kənd orta məktəblərində, İmişli şəhər uşaq yaradıcılıq mərkəzində, Bakı şəhəri 240 və 222 saylı uşaq baxçalarında seminar məşğələlər, rəsm müsabiqəsi, dəyirmi masa, bilik yarışı və s. tədbirlər keçirilib.

Ekoloji problemlərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə “Şəhərin zibillənməsi”, “Havanın çirklənməsi”, “Səhralaşma” və “Nərəkimiləri birgə qoruyaq” mövzularında çəkilmiş reklam çarxları televiziya kanallarında yayımlanıb  və nazirliyin internet saytında yerləşdirilib. Həmçinin, qeyd olunan 4 reklam çarxlarından ibarət hazırlanmış 500-ə yaxın disk şəhər və rayon icra hakimiyyətlərinə, o cümlədən orta məktəblərə paylanıb.

Nazirlik tərəfindən   Kür və Araz çaylarının  suyundan içməli  su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz  su  ilə təminatı və Xəzər Dənizinin Ekoloji Mühitinin  Mühafizəsi Sistemi ilə bağlı bukletlər nəşr edilib və s.

Sonda isə qeyd etmək istərdik ki,  bu  gün  bir çoxumuz yaşadığımız ölkənin ekologiyasına ögey münasibət göstəririk. Buna görə hazırda  ETSN , QHT-lər və  KİV-lərlə  yanaşı,  bizlərin də  əsas vəzifələrindən biri  və birincisi insanlarda ekologiyaya olan ögey münasibəti  müsbət mənada dəyişmək və əhalinin ətraf mühitə doğma münasibət bəsləmələrini təmin etmək olmalıdır.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 15-17 may.- S. 9.