İki cəbhənin veteran şəhəri

 

II Dünya müharibəsində Naxçıvan tarixinin salnaməsindən səhifələr (1941-1945)

 

Cəbhədə göstərdikləri şücaətə görə həmyerlilərimizdən 3 nəfəri- Abbas Quliyev, Qəzənfər Əkbərov, Nəcəfqulu Rəfiyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada, Rəhim Rəhimov  “Şöhrət ordeninin bütün dərəcələrinə, 80 nəfəri Lenin Ordeninə, 105 nəfəri I və II  dərəcəliVətən Müharibəsiordenlərinə, 315 nəfəriQırmızı Ulduzordeninə, 42 nəfərQırmızı Bayraqordeninə layiq görülmüşdür.

 22 iyul 1941-ci il məlumatına görə Naxçıvan MSSR - dən 6491 nəfər könüllü hərbi komissarlığa gedərək oradan cəbhəyə yollanmışdır.

Zəhmətkeşlərin təşəbbüsü ilə Muxtar Respublika üzrə müdafiə fonduna 1,208.600 manat nəğd pul, 1,727.000 istiqraz vərəqəsi, 12 kq qızıl və gümüş toplanaraq dövlət bankına verilmiş, tədarük məntəqələrinə 66,11 ton taxıl, 64.3 ton ət, 2155 kq yun, 897 kq yağ, 106 ton tərəvəz, 3634 cüt yun əlcək, müxtəlif geyimlər və başqa əşyalar toplanıb cəbhəyə göndərilmişdir.

Muxtar Respublikanın zəhmətkeşləri  Azərbaycan kolxozçusu”, “Azərbaycan gənc pioneriadına tank koloniyalarına müvafiq  olaraq 7.48796 və 4.10447 manat və “Azərbaycan gənc pioneriadına hərbi təyyarənin hazırlanması üçün isə 1.20114  manat pul toplanmışdır. Pul vəsaitlərinin toplanmasında Şərur rayonunun Düdəngə kənd sakini Həsən Şirəliyev, Sərxanlı kənd sakini Qaraş Mədətov fəal iştirak etmişlər.  Müdafiə  fonduna qadınlarımızdan Səkinə Məmmədova 3 qızıl üzük, Leyla Rzayeva 9 qram qızıl, Surə Bektaşi 3 qızıl üzük, Rübabə Talıbova 9  qram, Səkinə Rzalı 6 qızıl üzük və digər  qiymətli əşyalar vermişlər.  Naxçıvan Muxtar Respublikasından müharibədə cəmi 29024 nəfər iştirak etmiş, onlardan 15325-i geri qayıtmamışdır.

ABŞ Prezidenti Ruzvelt 24 avqust 1939-cu il tarixdə Hitlerə, Polşa Respublikasının prezidenti Mostsitsisqiyə və İtaliya kralına müraciət göndərmək onları Avropada sülhü müdafiə etmək üçün tədbirlər görməyə çağırır.  İlk növbədə Hitlerə göndərdiyi müraciətdə beynəlxalq vəziyyətin kəskinləşdiyini göstərərək yazır: “Ona görə mən qızğın təkid edirəm, həmçinin Polşa prezidentindən təkidlə istəyirəm ki, Almaniya və Polşa hökümətləri razılığa gələcəkləri müddət üçün hər hansı düşmənçilik hərəktlərindən əl çəkməyi birlikdə dəf etsinlər və onların arasında əmələ gələn ziddiyəti aşağıdakı üç metoddan birinin vasitəsilə həll etməyə razı olsunlar

Bilavasitə danışıqlar metodu ilə, bitərəf münsiflərin müzakirəsinə və ya vasitəçilik, yəni Avropa siyasəti ilə heç bir əlaqəsi olmayan və bu siyasətdə iştirak etməyən vətəndaşı seçmək metodu ilə”

Lakin bütün səylərə baxmayaraq  bəşəriyyəti ölüm kabusu - İkinci Dünya Müharibəsi təhlükəsi addım-addım izləyirdi.

Sovet və Almaniya Hökümətlərinin 1939-cu il 28 sentyabr tarixdə birgə bəyanatında bildirilirdi: “İndiki  müharibənin ləğv edilməsi bütün xalqların  maraqlarına uyğun olardı, əks təqdirdə müharibə davam etdikdə (bir tərəfdən Almaniya, digər tərəfdən İngiltərə,  Fransa arasında) Almaniya və SSRİ hökümətləri lazımi tədbirlər haqqında bir-biri ilə məsləhətləşəcəklər”.

 Bütün bu səylərə baxmayaraq baş verən II Dünya Müharibəsində, 1941-ci il iyun ayının 22-də SSRİ üzərinə təşkil edilmiş alman- faşist qoşunlarının hücum əməliyyatlarına cavab olaraq sovet vətəndaşları  bütövlükdə ayağa qalxaraq Böyük Vətən Müharibəsi cəbhələrinə yollandılar.

 Böyük Vətən Müharibəsinin ağır illəri həm ön cəbhəyə, həm də arxa cəbhəyə öz təsirini göstərərək SSRİ-nin digər xalqları kimi Azərbaycan xalqına da ölümlər, itkilər, məhrumiyyətlər gətirdi.  Buna baxmayaraq, güclü sosialist ideologiyası ilə silahlanan vətənpərvər oğul və qızlarımız öz inadkarlıqları, dönməzliyi, Vətənə sədaqətləri ilə fərqlənərək, müharibə boyu igidliklər  və sonsuz şücaətlər göstərirdilər.

 Böyük Vətən Müharibəsinin ağır illərində Naxçıvan MR zəhmətkeşləri, minlərlə naxçıvanlı oğul və qızları könüllü olaraq döyüşən ordu sıralarına getmişlər.  Hərbi komissarlıqlara könüllülərdən 5 mindən çox  ərizə daxil olmuşdu.  10 min nəfərdən çox vətənpərvər xalq ordusu qoşunları sıralarına dəstələrə yazılırdı.

Müharibənin ilk günlərindən sərhədboyu rayonlardan başlamış Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda, Qafqaz uğrunda gedən şiddətli döyüşlərdə, Dnepr  çayını döyüşə-döyüşə keçməkdə, Sovet ordusunun sonrakı hücum döyüşlərində, partizan  əməliyyatlarında,  Berlin uğrunda vuruşmalarda, naxçıvanlı oğul və qızlar misilsiz igidliklər göstərmişlər.  Sovet İttifaqı Qəhrəmanları  Qəzənfər Əkbərov,  Abbas Quliyev, Nəcəfqulu Rəfiyev ölüm-dirim mübarizəsində əbədi şöhrət qazanmışlar.

Hərbi feldşer Allahverdi Kərimov Rostov döyüşlərində şücaətinə görə Qırmızı Bayraq və Qırmızı Ulduz  ordenləri ilə təltif edilmişdir.

1942-ci ildə Bəxtiyar Kərimov Krımda təkbaşına 11 faşistlə döyüşə girmiş, əlbəyaxa döyüşdə 10 nəfəri öldürmüş, bir nəfərin boğazını dişləri ilə çeynəyərək məhv etmişdir.

1942-ci ildə Qafqaz uğrunda vuruşmalarda komandir Akim Abbasov düşmənin 40- a yaxın tankını məhv etməyə nail olmuşdur.

Naxçıvanlı müəllim Əli Babayevin komandirliyi altında Çapayev adına beynəlmiləl partizan batalyonu İtaliya və Yuqoslaviya partizanları ilə çiyin-çiyinə bir ildən artıq faşistlərlə  vuruşmuş, bu igidliyi ilə İtaliya Respublikasının  “Gümüş medal”ı ilə təltif edilmişdir.

Buhenvald əfsanəsi Əkbər Ağayevin mətinliyi, ağır  düşərgə şəraitində göstərdiyi mənəvi ölməzlik nəsillərə gözəl nümunədir. Əkbər Ağayev Buhenvald həbs düşərgəsində əsirlər arasında siyasi iş aparır, onları mübarizəyə ruhlandırdı.

 Böyük Vətən Müharibəsi illərində Muxtar Respublikanın yüzlərlə vətənpərvər qızı silaha sarılaraq Vətənin müdafiəsinə getmişdi.  Onlar canlarını əsirgəmədən cəbhələrdə və partizan dəstələrində vuruşmuş, minlərlə  yaralı əsgəri döyüş meydanından çıxararaq ölümünün pəncəsindən xilas etmişlər. Zərifə Camalbəyova, Dilbər Təhməzbəyova, Surə Allahverdiyeva, Səkinə Səfiyeva, Səfiyyə Sultanova Lora Abdullayeva və yüzlərlə başqaları böyük xidmətlərinə görə vətənin yüksək orden və medalları ilə mükafatlandırılmışlar.  Ön cəbhələrdə şiddətli döyüşlərin davam etdiyi bir vaxta arxa cəbhədə də Naxçıvan xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüar ilə işləyirdilər.

Naxçıvan Dövlət Tarix Muzeyinin fondlarında müharibə dövrünə aid sənəd və materialların araşdırılmasından məlum olur ki, müharibə başlanandan az sonra “Azərbaycan  kolxozçusu”, “Tank dəstəsi yaratmaq fondu” təşkil edilmiş və naxçıvanlı zəhmətkeşlər də bu fondun tərkibinin zənginləşdirilməsinə öz töhfələrini  vermişlər. Belə ki, sənədlərdən birində qeyd olunur: “Naxçıvan MSSR Azərbaycan kolxozçusu”  “Tank dəstəsi yaratmaq fondu”na vəsait toplanışı müvəffəqiyyətlə davam etdirilir.  1942-ci il dekabrın 22-dək respublikada “Tank dəstəsi yaratmaq fondu”na 3.346000 manat vəsait toplanmışdır ki, bunun 2.822.000 manatı dövlət bankındakı cari hesaba verilmişdir.

Bu sahədə ən qabaqcıl olan  Noraşen (indiki Şərur)  rayonunda 1. 72000 manat vəsait toplanmışdır. Naxçıvan rayonun kolxozçuları və kolxozçu qadınları bu fonda 900000 manat vəsait vermişlər.

Kolxozçu kəndlilərimiz öz şəxsi ehtiyatlarından Qızıl Ordu üçün fonda taxıl verməyi də böyük ruh yüksəkliyi ilə davam etdirirdilər.  Noraşenlilər bu sahədə dəxi irəlidə gedərək dekabrın 22-dək həmin fonda 5.000 pud  taxıl vermişlər.  Naxçıvan rayonunun kolxozçuları  və kolxozçu qadınları Qızıl Ordu üçün fonda 800 pud taxıl vermişlər.

30 dekabr 1942-ci il tarixli sənəddən bəlli olur ki, artıq tank dəstəsi fonduna 5.400.000 manat vəsait toplanmışdır ki, bunun da 4.776.000 manatı dövlət bankındakı cari hesaba verilmişdir.

Noraşen rayonu üzrə 2.238.425 manat, Əbrəqunus rayonu üzrə 252.250 manat və Julfa şəhəri  üzrə 252.250 manat və Julfa rayonu 122.000 manat dövlət bankına daxil olmuşdur. Naxçıvan MSSR-in kolxozçu kəndliləri öx şəxsi taxıl ehtiyatlarından Qızıl Ordu üçün fonda dekabrın 30-dək 8.463 pud taxıl vermişdilər.

1942-ci ilin dekabrında Azərbaycan K (b) PMK katibi Mir Cəfər Bağırov Stalinə məktub göndərərək bildirir: “Sizin tarixi məruzənizlə ruhlanmış, ürəkləri nemes-faşist  işğalçılarına qarşı müqəddəs kinlə alovlanan və var - qüvvələrini, sovet torpağını vəhşi faşistlərdən təmizləmək uğrunda qəhrəmancasına mübarizə aparan Qızıl Ordunun da möhkəmləndirilməsinə  verən Azərbaycan SSR kolxozçuları və kolxozçu qadınları  “Azərbaycan kolxozçusu” tank dəstəsi yaradılması üçün 81 milyon 20 min manat toplamışlar.  Taxıl fonduna könüllü olaraq 140.092 pud taxıl vermişlər.  Respublikanın kolxozçuları ət, yağ,  pendir, yun təhvili sahəsində dövlət  təəhhüdlərini vaxtından əvvəl yerinə yetirmiş və gələn ilin tədarükü hesabına avans olaraq 484.197 pud ət, 14.397 pud yağ, 20.106 pud pendir, 34.200 pud yun vermişlər. Vəsait toplanması davam edir”.

Cavab olaraq Stalin Mir Cəfər Bağırova məktub göndərir və bildirir:  “Azərbaycan kolxozçusu” tank dəstəsi yaradılması üçün 81 milyon 29 min manat toplanmış və dövlət təəhhüdlərini yerinə yetirdikdən sonra Qızıl Ordu fonduna 140.000 puddan artıq taxıl vermiş olan Azərbaycan SSR-nin kolxozçularına və kolxozçu qadınlarına mənim qardaşlıq salamımı və Qızıl Ordunun təşəkkürünü yetirin”.

 1942-ci ilin sonunadək naxçıvanlı zəhmətkeşləri, ayrı-ayrı ailələr, məktəblilər bu aksiyada fəal iştirak etmələri sənədlərdən aydın görünür.  Noraşen rayonun Yengicə kəndindəki  “Sosializm” kolxozunun sədri Naxçıvan MSSR Baş Soveti deputatı, ordenli Hüseyn Əliyev tank dəstəsi  yaradılması fonduna  100.000 manat, Arınc kəndindəki Telman adına kolxoz 105.000 manat, Cəhri kəndindəki  M.C.Bağırov adına kolxozun sədri Yusif İsmayılov  100.000 manat, Çərçiboğan kəndindəki “Sovet” kolxozunun sədri Bəhmən Jəfərov və Maxta kənd Stalin adına kolxozun sədri Məmmədsalah Allahverdiyev hərəsi 60.000  manat pul vermişlər.  Məktəblilər də bu fonda öz səxavətlərini əsirgəmirdilər.  Siyaqut kənd məktəbinin 5-ci sinif şagirdi Əmir Hüseynəliyev 40.000 manat, 2-ci sinif şagirdi Xavər Mustafayeva  25.000 manat, baş noraşenli pioner Jəlil Məmmədov  20.000 manat, Düdəngə kənd pionerlərindən Musa Məmmədov 15.000 manat vermişlər.  Ümumiyyətlə, 1942-ci ilin dekabr ayının sonunda təkcə Noraşen rəyonundan komsomolçular  “Azərbaycan kolxozçusu” tank dəstəsi yaratmaq fonduna 736.000 manat pul, 764 pud taxıl vermişlər.

Naxçıvan rayonunun Şəkərabad kənd kolxozundan 13.000 manat pul tank dəstəsi yaratmaq fonduna toplanmış, həmçinin kolxozun sədri Hürzat Hüseynova 1.000 manat, ferma müdiri Əli İbrahimov 800 manat, briqadir Bilal Nağıyev 700 manat, Staxanovçu çoban Heydərəli Əliyev 600 manat, həmçinin 1943-cü ilin hesabına dövlətə bir ton ət vermiş, döyüşən Qızıl Orduya 10 bağlama göndərmişlər.

Qaraçuğlular da tank dəstəsi fonduna böyük yardım göstərmişlər.  Kəndin kolxoz sədri İsmayıl Həsənov  2.000 manat, ferma müdiri  Qulam Səfərov, ambardar Qılınc Zeynalov, partkom  Məmmədtağı Əkbərov hər biri 1000  manat, Məşədi Heydər Qurbanov 500 manat, Dünyamalı Səfərov 300 manat verməklə  300 manat pul verməklə, cəmi 23.500 manat həcmində fonda köməklik etmişlər.

Ordubad rayonunun zəhmətkeşləri Qızıl Ordunun döyüşçülərinə 850 bağlama göndərmişlər.  Parağa kəndindəki Kirov kolxozu 50 bağlama, Bist kəndindən 45 bağlama, Aza  kənd kolxozundan 32, Biləv kənd Çkalov adına kolxozdan 40 bağlama cəbhəyə yola salınmışdır.

1943-cü ilin əvvəllərindən Naxçıvan rayonunun Aşağı Leninabad kənd kolxozçuları azad edilmiş rayonların əhalisi üçün 6.200 manat pul toplamışlar.  O cümlədən , Əmir Nəcəfov 500 manat, Məmmədəli Bağırov  450 manat pul vermiş, Zeynalabdin Məmmədov, Muxtar İbrahimov, Hüseyn Əhmədov hər biri bir qoyun və 20 kq taxıl vermişlər.

Ümumiyyətlə, müharibə dövründə Muxtar Respublikanın bütün zəhmətkeşləri yüksək vətənpərvərlik nümayiş etdirərək müdafiə fonduna 1 milyon 300 min manat pul, 12 kiloqram qızıl və gümüş, 500  min  pud taxıl, 150 min dəst  isti paltar  və minlərlə sovqat vermişlər.  Təkcə 1942-1943-cü illərdə Muxtar Respublikanın kolxozçuları dövlətə 677 min 613 pud taxıl, 165 min 970 pud ət, 6 min 760 pud yağ, 13 min 179 pud yun təhvil vermişdilər.

Özünün dostluq, yoldaşlıq ənənələrinə sadiq qalan Muxtar Respublikanın əməkçiləri müharibədən zərərçəkən respublikalara yardım göstərərək, 1943-cü ildə Naxçıvan MSSR -dən Stavropol  kolxozçularına 483 min manat pul, 8.343 pud buğda, 4.168 pud arpa, 429 pud düyü, 700 pud noxud, 30 pud qarğıdalı, 15 pud  paxla, 899 ədəd dəri, 901 pud meyvə qurusu, 450 baş qaramal, 2.260 baş davar, çoxlu paltar və başqa əşyalar göndərmişdilər.

Bütövlükdə Böyük Vətən Müharibəsi dövründə əhalisinin çətin vəziyyətə düşməsinə baxmayaraq,  əsl qəhrəmanlıq  hünəri göstərmiş  Naxçıvan Muxtar  Respublikası bir zamanlar “dostcasına, qardaşcasına yaşamış SSRİ xalqlarına” deyil, həmçinin, sülhsevər dünya  xalqlara olan borcunu yerinə yetirdi.  Körpə, dilsiz-ağızsız uşaqların, beli bükülü qocaların, xəstələrin ağzından kəsib müharibəyə göndərdiyi nemətlərdən təkcə azərbaycanlı balaları, əsgərləri deyil, eyni zamanda erməni, cuhut, yəhudi, rus, gürcü,  ukraynalı və yüzlərlə digər millətlərdən olan əsgərlər qidalanmış, canlarına təpər tapmışlar.  Naxçıvan yenə həmin sədaqətli, səxavətli, dostluğa, yoldaşlığa etibarlı olan Naxçıvandır.  Arzu edərdik ki, bu gün müstəqil Azərbaycanın Can tikəsi, ürək parçası olan Naxçıvanın da taleyinə, tarixinə çətin, dar günlərinə adlarını sadaladığımız və sadalaya bilmədiyimiz millətlər etibarlı, sədaqətli olsun, tarixi unutmasın, ibrət və təlim dərsləri götürsünlər.

Məqalədə istifadə olunan faktlar və rəqəmlər Naxçıvan Dövlət Tarix Muzeyinin fond materillarından  götürülmüşdür.

Böyük Vətən Müharibəsinin 65 illiyi ilə əlaqədar Naxçıvan Muxtar  Respublikası Dövlət Tarix Muzeyinin ekspozisiyasında naxçıvanlı döyüşçülərin  müharibədə göstərdikləri şücaətə görə 300-dək sənəd və materalların, fotoşəkillərin, numizmatik əşyaların, orden, medal, elmi ədəbiyyatların  və s. nümayiş etdirildiyi yeni sərgi təşkil olunub. Sərgidə 100-dək döyüşçü haqqında tam məlumat verilir.  Muxtar Respublikanın vətənpərvər övladlarını, elm, mədəniyyət, maarif, səhiyyə, sənaye, kənd təsərrüfatı və digər sahələrdə çalışanları cəsur döyüşçülərimiz haqqında sərgiyə baxmağa dəvət edirik.

 

 

Nəzakət ƏSƏDOVA

 

Paritet.- 2010.- 18-19 may.- S. 14.