Xanım Qafarova oynadığı obrazlardan çox şeylər öyrənir

 

Aktrisa indi də faciəvi və dramatik obrazlar oynamaq arzusundadı

 

Sənət elə bir dəryadır ki, ora daxil olan, hər kəs dərin və mürəkkəb  olsa belə, ayrılmaq istəmir. Artıq uzun illərdir ki, sənət dediyimiz dəryanın dərinliklərinə vararaq biri-birindən maraqlı obrazlar yaradan və ifası ilə hər kəsin qəlbini riqqətə gətirən  istedadlı sənət adamlarımızdan biri də əməkdar artist,  Prezident mükafatçısı Xanım Qafarovadır. 20 ilə yaxındır  ki, səhnədə olan aktrisa  hazırda çalışdığı Dövlət Musiqili  Komediya Teatrının səhnəsində  “O olmasın bu olsun”, “Nəğməli könül”, “Hərənin öz ulduzu”, “Bankir adaxlı”, “Aldın payını, çağır dayını”, Şeytanın yubileyi” kimi onlarla tamaşada yaddaqalan obrazlarla səhnəyə çıxıb,  “Ləpələr” və “Amerikalı kürəkən” tamaşaları üzərində məşqlər aparır. Xatırladaq ki,  bu günlərdə  ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən mükafatlandırılan bir qrup incəsənət xadimləri arasında da  Xanım Qafarova da  var.

-Mən 1989-cu ildə İncəsənət Universitetinin 3-cü kursunda oxuduğum illərdə ilk sənət müəllimim olmuş görkəmli sənətkarımız Lütfi Məmmədbəyovun məsləhəti ilə, mərhum sənətkarımız, xalq artisti Hacıbaba Bağırovun  yaratdığı Tənqid -Təbliğ Teatrına  getdim. Elə sözügedən teatrın  səhnəsindən də mənim professional aktrisa kimi səhnə fəaliyyətim başladı. Amma onu qeyd edim ki, mən sənətə müğənni kimi gəlmişəm, sonra aktrisa olmuşam. Tənqid-Təbliğ Teatrında 1989-cu ildən 1996-cı ilə qədər işlədim. Sonrakı illər Hacıbaba Bağırov Dövlət Musiqili Komediya Teatrına direktor təyin edildikdən sonra biz də  Muskomediyaya gəldik.

-Necə oldu ki, siz sənət fəaliyyətinə müğənni kimi başladınız?

-İlk əvvəl onu qeyd edim ki, ailəmizdə nəsillikcə hər kəsin səsi və hər hansı bir alətdə ifa etmək bacarığı var.O ki qaldı mənə,  hələ bağçaya getdiyim və məktəbdə oxuduğum  illərdən    müsabiqələrdə oxuyurdum. Nəsimi rayonunda yerləşən 44 saylı orta ümumtəhsil məktəbinin nəzdindəki   Nazim Nağıyevin rəhbərlik etdiyi “Qırmızı qərənfil” ansamblında oxuyurdum. Sonralar bir sıra müsabiqələrdə laureat oldum. Gənclərin  12- ci Ümumdünya Festivalında müğənni kimi çıxış edib, laureat oldum. Sonrakı illər isə teatr səhnəsində həm müğənni, həm də aktrisa kimi fəaliyyət göstərməyə başladım. Mən müğənnilikdən teatra keçən zaman  müğənnilik o qədər də dəb deyildi, ancaq indi müğənnilik daha çox dəbdədir. Yəni bu gün müğənnilik sponsor və pul gücünə dəbdədir.  Amma   mənim  bu gün  sponsorum və maliyyə imkanım olmadığı üçün,  müğənnilik bir qədər ikinci plana keçib.  Yenə də bacardığım qədər mahnılar yazdırıram  və efirlərə çıxıb oxuyuram.

-Bildiyimizə görə, sizin lent yazılarınızdan qızıl fondda saxlanılanı da var..

-Azərbaycan Televiziyası və Radiosunun Fondunda  mənim lent yazılarım var və tez-tez  sözügedən televiziya və radioda konsertimi verirlər. Görkəmli bəstəkarımız Şəfiqə Axundovanın silsilə olaraq  bəstələrini, eyni zamanda  Eldar Mansurovun,  Cavanşir Quliyevin  və başqa  bəstəkarların mahnılarını ifa etmişəm və onlar qızıl fondda saxlanılır.

-Siz, bir tamaşaçı kimi  aktrisaların  müğənni kimi çıxış etməsinə necə baxırsınız?

- Mən özümü professional aktrisa və müğənni sayıram. Bunu bütün tamaşaçılar da , sənət adamları da belə qəbul ediblər. Digər aktrisaların  oxumasına  gəlincə isə, başqaları oxuyursa, onlar niyə oxumasınlar? Yəni aktrisaların professional müğənni kimi, səsləri olmasa da, musiqi duyumları var və  repertuarları gözəldir.

-Sizin diskiniz çıxıbmı?

-İki diskim çıxıb; “Qayıtma” və “Yağışı sevəcəyəm”  adlı disklərim işıq üzü görüb. Mənim ifamda yaxşı mahnılar var,  sadəcə onların efirdə tez-tez səslənməsinə və kliplər çəkilməsinə imkanım yoxdur.

-İlk rolunuzu necə xatırlayırsınız?

-Tənqid-Təbliğ teatrına gələndə  Rüfət Əhmədzadə  və Emin Sabitoğlunun yazdığı “92 dəqiqəlik gülüş” tamaşasında mənim  ilk rolum Balaxanım obrazı olub.  Bundan sonra “ Hələlik”, “Məhəbbət oyunu”, “Uca dağ başında” və s. kimi tamaşalarda oynamışam. Bundan əvvəl isə Lütfi müəllimin rəhbəri olduğu Xalq Teatrında  mən Orxan Kamalın “Yad qızı” əsərində Nazan obrazını oynamışam. Bu obrazı çox sevirdim. Ümumiyyətlə, dramatik aktrisa olmaq istəyirdim, xarakterimdə də dramatiklik var. Amma elə oldu ki, səsimə görə, mən Dövlət İncəsənət Universitetinin  musiqili komediya aktyorluğu fakültəsinə qəbul oldum. Lütfi müəllimin məsləhəti ilə Tənqid-Təbliğ Teatrına, sonra isə Muskomediya gəldim. Bax, sənət taleyim belə gətirdi...

-Səhv etmirəmsə, siz “Kəndən gələn var” televiziya tamaşasında  kəndçi obrazı ilə sevildiniz, bəs indi tamaşalara çəkilirsinizmi?

O vaxtı  həmin teletamaşanın ssenarisini  mənim üçün Mailə Muradxanlı yazmışdı, rejissoru isə Ələkbər Kazımovski idi. Bu çox gözəl əsər idi, burda oynadığım obrazda tamaşaçılar tərəfindən çox sevildi. Bir sıra televiziya tamaşalarında çəkilmişəm. Ancaq onu qeyd edim ki,  teatrda yüküm çox olub,  demək olar ki,  repertuarın 90 faizində varam. Buna görə, mənə çətin idi, həm teletamaşalara çəkilim, həm müğənni kimi çıxış edim, həm də teatrda  məşqlər edim. İnanın, hər gün biz səhər  doqquzdan, ondan teatrdayıq. Vaxt etibarilə bu  qeyd etdiyim işləri çatdırmaq çətin olsa da, amma mən çox həvəsliyəm, çünki sənətimi və işimi sevirəm.

İndi  də televiziya tamaşalarına çəkilmək üçün dəvət alıram, ancaq elə ssenarilər olur ki, məni qane etmir. Bilirsiniz,  biri var ki, hər hansı teletamaşaya çəkiləsən yeni bir söz deyəsən,  biri də  var ki, teatrda oynadığın obrazlardan qat-qat aşağı səviyyəli obraz oynayasan. Bilirsiniz, mən efirə çıxmaq və gündəmdə olmaq xatirinə hər hansı bir tamaşaya çəkilməyi xoşlamıram.

-X.Qafarova kənardan  çox xoşbəxt, şən birisi kimi  görünür. Maraqlıdır, gerçək həyatda da  belədirmi?

- Sənətə, səhnəyə gəlmək mənə   tamaşaçı sevgisi qazandırıb, uğurlarım olub, fəxri ad, Dövlət mükafatı almışam. Və bunlar mənim sənətdə olan xoşbəxtliyimdi. Amma şəxsi həyatda uğursuzluqlarım çox olub. Bu uğursuzluqlarım sənətlə bağlı deyil, sadəcə bu mənim taleyimdi. Xəstələnib əməliyyat keçirdim, mənzil problemim var və s.

-Xəstəlikdən danışdınız, xəstəliyiniz nə idi və indi necəsiniz?

-Tam açıqlamaq istəmirəm, amma çox çətin bir əməliyyat idi və şükürlər olsun Allaha ki, bu əməliyyatdan böyük uğurla çıxdım. Bu narahatçılıq 2008-ci ildən başlamışdı. Fikirləşirdim ki, keçib gedər, ötəri bir şeydir. Ara həkimlərinə getdim, dərmanlar qəbul elədim, xeyri olmadı. Demək ki, əsl peşəkara müraciət etmək lazım imiş. Vəziyyət o həddə çatdı ki, mütləq Onkoloji Klinikaya müraciət eləməli oldum.Cərrahiyyə əməliyyatından əvvəl və sonra əməliyyatdan sonra kimyaterapiya kursu keçmişəm. Bütün bunlar hamısı pul deməkdir. Bir övladım var, mənzil şəraitimi bilirsiniz ki, dözülməzdir, efirdə göstəriblər. Mənim evimdə nəinki yaradıcılıqla məşğul olmağa , adi insan kimi yaşamağa heç bir şərait yoxdur. Amma mən ruhdan düşmürəm.

Xəstəliyimdən qabaq kirayə qalırdım, aldığım mükafatı demək olar ki, kirayəyə verirdim. Xəstəlikdən sonra müalicələrə pul çatdırmadığıma görə dözülməz şəraitdə yaşamağa məcbur qaldım. Bütün  bu  əziyyətlərimə baxmayaraq səhnədən ayrıla bilmədim. Mən  səhnəsiz, teatrsız qala bilmədim. İki ay yarımdan sonra səhnəyə çıxdım, tamaşalarda oynamağa başladım. Düzdür, keçirdiyim əməliyyat bir az çətinlik törədirdi, sol qolum bir az ağır, çətinliklə qalxır. Amma bunu tamaşaçıya bildirmədən rollarımı bacardığım qədər layiqincə oynayıram. İndi  vəziyyətim normaldır, hər şey yaxşıdır. Acaq mənzil problemimin həll olunmasını istəyirəm. Dövlətimiz incəsənət xadimlərinə çox böyük qayğı göstərir, sosial layihələr həyata keçirilir, əminəm ki, bu problemim də həll olunacaq.

-Artıq sizin sənətdə kifayət qədər təcrübəniz var, nə üçün pedaqoji fəaliyyətlə məşğul olmursunuz?

-Mənə  Dövlət  Mədəniyyət və İncəsənət Universitetindən pedaqoji fəaliyyətlə bağlı təklif gəlmişdi. Ancaq o zaman mənim övladım yeni dünyaya gəlmişdi , onun üçün işlərim çox idi, çatdıra bilmədiyim üçün bu təklifdən imtina etdim.  Gələn ildən istəyirəm ki, pedaqoji fəaliyyətlə məşğul olum, buna çox böyük həvəsim var.

-Ailədən, övladan danışdınız, sizin üçün ailə nədir?

Mənim üçün ailə müqəddəsdir. Bizlərdə deyərlər ki, ailə bir dəfə qurulur.  Mən uzun illər gözlədim ki, yaxşı, möhkəm ailə qurum, ailəm yaxşı olsun. Bu gün mənim çox gözəl ailəm var.  Bəzi sənət adamları deyirlər ki,  ailəmi sənətimə qurban verdim. Bu,  fikirlə mən razı deyiləm. Sənət həm gözəl və həm də qəddar bir şeydi.  Yəni  yaş keçəndən sonra sənət istər-istəməz səni atır. Bunun üçün də hər kəs ailənin müqəddəsliyini dərk etməli və gözəl ailəsi olması üçün çalışmalıdır.

-Xanım Qafarova bu gün övladına vaxt ayıra bilirmi?

- (Gülür). Övladıma vaxt ayırıram. İşdən tələsik gedirəm onunla birgə olmaq üçün. Amma təəssüf  ki,  övladıma çox vaxt ayıra bilmirəm.  Amma vaxt tapan kimi, övladımla birgə oluram. Hazırda övladıma anam baxır.

-X.Qafarovanın şəxsi modelyeri varmı?

 Bizdə tamaşalarda  rəssam eskizləri seçir və tikilir. Şəxsi modelyerim yoxdur, bunun üçün maddi imkan lazımdır. Modelyerin və mətbuat xidmətin olması üçün maliyyə olması vacibdir. Mənim yüksək maddi imkanım olmadığı üçün,  hazırda mən efirə çıxanda geyimlərimi özüm seçirəm.

-Efirlərdə son zamanlar az-az görünürsünz?

Bu ondan irəli gəlir ki, xəstə oldum, teatrda intensiv  məşqlərim oldu. Məşqlər ərəfəsində bir sıra telekanallardan dəvət almışam,  amma çox verilişlərə  məşqlərə görə,  gedə bilməmişəm. Amma hərdən olur ki, televiziyaların da  yaddından çıxıram(gülür), sonra  da yadlarına düşürəm.

-Ötən illərə qayıtmaq istərdinizmi?

Desəmdə ki, ötən illər qayıtmaq istəyirəm, bu mümkün deyil. Bilirsiniz, ötən illərdə də,  bu gün də xoşbəxt anlarım olub, o xoşbəxt anlara qayıtmaq istərdim. Həyat davam edir ötən günləri də bu günü də mən yaşayıram...bu mənim taleyimdi.

-Qastrollarda olmusunuzmu?

Azərbaycanin bütün regionlarında qastrol səfərlərində olmuşuq. Bundan başqa  Rusiyaya, Türkiyəyə    Gürcüstana qastrollara getmişik. Bu,qeyd etdiyim ölkələrdə də azərbaycanlılar üçün oynamışıq. Qərblikdə olan soydaşlarımızın bizə baxmağa ehtiyacları daha çoxdur, çünki onlarla biz intensiv olaraq görüşmürük. Onların reaksiyası və alqışları daha çoxdur. Yerli tamaşaçıların bu gün teatra axını var. Yeni-yeni tamaşalar səhnədə göstərildikdə tamaşaçılar çox gəlirlər.  Ancaq bir az tamaşaçılar gecikirlər və tamaşa zamanı   mobil telefonlarını söndürmürlər(gülür).

-Oynadığınız obrazlardan nələrsə öyrənirsinizmi və hansı obrazınız sizə daha yaxındır?

- Bəli, oynadığım obrazlardan çox şeylər öyrənirəm, amma onları həyata keçirə bilmirəm.Mənim teatrda oynadığım obrazların xarakteri ilə, həyatdakı xarakterim arasında çox fərqlər  var. Amma çox arzu edirəm ki, oyanıdığım obrazlar qədər çevik, diribaş, üzlü olum və s. Bütün obrazlarımı çox sevirəm. Ancaq öz həyatıma və xarakterimə uyğun obrazlardan “Nəğməli könül”də Könül, “ Səhnədə məhəbbətdə” Röya mənə daha çox yaxındılar.

-Həyatda aktrisalığınız sizin köməyinizə çatıbmı?

-Yox...yox. Mən həmişə deyirəm ki, əgər, səhnədə həyatdakı  kimi, aktrisa olsaydım məni heç kəs qəbul etməzdi. Həyatda qətiyyən aktyorluq edə bilmirəm. Hərdən görürəm ki. insanlar aktyorluq edir roldan-rola daxil olur. Amma mənim diplomum ola-ola heç vaxt aktrisalıq edə bilməmişəm.

-Kinoya çəkilmisinizmi?

İki filmdə epizodik rola çəkilmişəm-” Yuxu”, “Şirbalanın son məhəbbəti”filmlərində. Amma çox istərdim ki, kinoya çəkilim. Teatr və kino aktrisası arasında fərq var . Teatr aktrisası canlı aktyordu, çünki hər gün oynayır,  yenilik edir. Amma kinoda aktyor  bir dəfə oynayır. Kinoda çox diqqətli və məsuliyyətli olmalısan, çünki bir dəfə səhv etdinsə, o tarixdə qalacaq.

-Plastik əməliyyata necə baxırsınız, sizin belə bir əməliyyat keçirmək istəyiniz varmı?

-Mən plastik əməliyyat edənlərə pis baxmıram, həqiqətən ehtiyac varsa etmək lazımdır. Amma hələ ki, mənim fikrim yoxdur.

-Hazırda  hansı əsərlər üzərində işləyirsiniz?

Ramiz Mirişli və Maraq Haqverdiyevin yazdığı və rejissoru xalq artisti İlham Namiq Kamal olan  “ Amerikalı kürəkən” tamaşası üzərində işləyirik.  Bu tamaşada baş roldayam(Tünzalə xanım obrazı). Gərgin məşqlər gedir mayın 29-30 -da premyerası olacaq. Bununla paralel olaraq görkəmli bəstəkarımız Arif Məlikovun “Ləpələr” tamaşasında Zeynəb obrazını oynayıram. Dramatik və faciəvi obrazları oynamaq istərdim. Mənə əgər, bu janrda obrazlar  təqdim edilsə təkrarsız obrazlar yaradaram.

-Sonda özünüzü tamaşaçılara bir cümlə ilə necə təqdim edərdiniz?

-Xanım Qafarova- tanınmış aktrisa , müğənni və ən əsası tamaşaçılarını çox......çox ... sevən bir insan....

 Sonda isə aktrisa ölkə  başçısına və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını bildirdi və qeyd etdi ki, dövlət tərəfindən hər zaman  sənət adamlarına çox böyük diqqət göstərilir:” Bir neçə gün əvvəl ölkə  prezidentinin sərəncamı ilə mən və bir qrup sənət adamları  mükafata layiq görülmüşük. Bu hal da sənət adamlarına göstərilən həddindən artıq böyük qiymətdir. Və bundan sonra da heç nəyə baxmayaraq, xalqım üçün sənətdə bir çox yeniliklər edəcəyəm  və yeni obrazlar yaradacağam”.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 18-19 may.- S. 13.