Laçın döyüşü

 

Laçının işğalında rusların 100 tankı və iki batalyonu da iştirak edib

 

(Yazı 18 may 1992-ci il, Laçın rayonunun işğal gününə həsr edilir)

 

Şuşanın işğalından sonra fəlakət təhlükəsi Laçının başı üzərində fırlanırdı. Laçın hələdə millətçi İrəvanla seperatçı Stepanakert arasında böyük əhəmiyyətə malik, ermənilərin dili ilə desək Ermənistan və Qarabağ arasında çox vacib bir “koridor” idi.  Məz bu strateji əhəmiyyətinə görə ermənilər laçını “həyat yolu” adlandırır Gorus - Şuşa arasında olan bu geniş həm də tarixi cəhətdən çox əhəmiyyətli və maraqlı olan Laçın massivini işğal etmək haqqında ciddi düşünürdülər.

Lakin ermənilər Laçının işğalını Şuşanın və Qarabağın bir çox strateji məntəqələrinin işğalından qabaq  mümkün olacağını düşünmürdülər. Çünki Laçın koridoru Qarabağın erməni separatçı qüvvələrini Ermənistana birləşdirən bir ərazi və eləcədə  ermənilərin təbiricə desək bir “həyat yolu” idi. Odur ki bu koridorla Ermənistandan Qarabağa keçən yüklərin yüksək təhlükəsizlik təminatı olmalı idi. Bu təminat isə Gorus - Laçın - Şuşa yoluna nəzarət edə bilən bütün strateji yüksəkliklərə sahib olmaqdan keçirdi.

 Ermənilər bu arzularını gerçəkləşdirmək üçün 70 ildən çox fasiləsiz mübarizə aparsalar da hər dəfə uğursuzluğa düçar olmuşdular. 90-cı illər erməni terrorizminin strateqləri olan Z.Balayan, R.Koçaryan və S.Sarkisyan Laçın üzərinə hücumu Şuşanın süqutundan sonraya planlaşdırmışdılar. Onlar düşünürdülər ki, Xocalının və Şuşanın faciəsindən sonra şoka düşən əliyalın Laçın xalqı erməni silahlıları qarşısında duruş gətirə bilməyəcəklər. Belə də etdilər Laçın şəhəri 18 may 1992-ci ildə ermənilər tərəfindən işğal olundu. O dövrdə Laçının işğalı   bir çox cavabsız və müəmmalı suallar doğurdu...

Aydındır ki, 8 may 1992-ci il tarixdə Şuşa şəhəri ermənilər tərəfindən işğal edildi. Bundan cəmi 10 gün sonra yozumu müəmma yaradan Laçının işğalı başa çatdırıldı Bu işğalla bağlı haqlı bir sual ortalığa çıxır, doğurdanmı Şuşa uğurunda döyüşən erməni döyüşçülərinin başı Şuşada və onun işğal olunmuş digər kəndlərində qarətə və soyğunçuluğa qarışdığı halda, ordu rəhbərliyi belə tez hərbi qüvvələrini komplektləşdirərək qısa müddətdə Laçın kimi sərt coğrafi relyefə malik bir rayonu belə asan işğal etməsi mümkünmü oldu?

Hərbi baxımdan da 10 gün müddət ərzində Ermənistanın Qarabağa yeritdiyi hərbi bölmələri Şuşa üzərindəki bu cür ağır döyüşlərdən sonra Laçını işğal etmək gücündə  ola bilməzdi. Elə isə onda burada Laçının işğalının daha böyük iknci bir qüvvə tərəfindən həyata keçirildiyi barədə fikirləşməli olursan.  (Mən bunun izahını bir az sonra verməyə çalışacağam).

May ayının 9 - 10-da Azərbaycn tərəfi Qubadlı - Laçın - Turşsu istiqamətindəki bölmələrini gücləndirmək üçün cəbhə xəttinə əlavə qüvvə və texnika göndərildi. Lakin Şuşanı azad etmək üçün göndərilən bu əlavə qüvvələr qarşıya qoyulan tapşırığı həll etmədən özləri ilə gətirdikləri silah və texnika ilə geriyə döndülər. Çox cəhdlər edilsədə onları saxlamaq mümkün olmadı. Belə ki, o zamankı Azərbaycanın prezidenti Ayaz Mütəllibovu dəstəkləyən bu döyüşçülər AXC liderlərinin Bakıda may ayının 14-ü hakimiyyəti ələ əlmaq ərəfəsində xaincəsinə döyüş mövqelərini tərk edərək Bakıya qayıtdılar. Şuşa və Laçın torpaqları xəyanətin qurbanı oldu.

06 may 1992-ci il tarixdən Ermənistan Respublikası ərazilərindən Laçın, Qubadlı və Zəngilan rayonlarına başlanan artileriya atəşləri getdikcə intensivləşirdi. Hərbi nöqteyi nəzərdən bunu belə hesab etmək olardı ki, bu atəşlər Şuşanı mühasirədə saxlayan erməni qoşunlarına dəstək məqsədi daşıyır və bu hücum  Azərbaycan ordu birləşmələrinin dislokasiyasına mane olmaq məqsədi ilə edilir.

Siyasi nöqteyi - nəzərdən isə bu hadisə Ermənistanın Azərbaycan Dövlətinə qarşı hərbi təcavüzü idi. Çünki bu zaman Ermənistanın Gorus, Qafan, Mehri rayonları istiqamətlərindən Azərbaycanın 100 km ərazisi atəş altında saxlanırdı.

Şuşa rayonu üzərinə isə belə genişmiqyaslı hücum planının hazırlanıb həyata keçirilməsi işi Qarabağda mümkün olmadığından,  bu planlar əsasən Ermənistandakı mərkəzdə hazırlanaraq Qarabağdakı Hərbi qərargaha göndərilirdi. Elə o zaman da bu hadisələri qiymətləndirərkən Xankəndinin Qarabağdakı Ermənistan artileriyasını və digər silahlı qüvvələrini müstəqil şəkildə idarə etməsi o qədər də inandırıcı görünmürdü.

13 - 14-may 1992-ci il tarixdə gecə yarısı Gorus rayonunun sərhəd xidmətinə məxsus Mİ - 24 vertalyotları BMP və BTR-ləri Azərbaycanın Qayğı qəsəbəsindəki mövqelərimizi atəşə tutdular Laçın - Qubadlı yolu saat 1700 -dək bağlı qaldı. Bu qəsəbə Ermənistanın Gorunzor (Kornidzor) kəndi ilə üzbəüz yerləşdiyindən hərdən ermənilərin avtomat və pulemyot atəşləri də qəsəbədən yan keçmirdi. Qayğı qəsəbəsi cənub tərəfdən Laçını Respublikanın mərkəzi ilə bağlayan Laçın - Qubadlı yolu üzərində 1988-ci ildə salınmışdı. Laçın şəhərinə daxil olan bütün yüklər bu qəsəbədən keçdiyindən ermənilər bu yolu vaxtaşırı atəş altında saxlamaqla  gediş - gəlişi dayandırmaqla Laçın şəhərini mühasirəyə salmağa çalışırdılar. Məz bu səbəbə görə də bu qəsəbə Azərbaycanın bu ərazidə çox vacib strateji məntəqələrdən biri sayılırdı.

15 may 1992-ci il tarixdə Laçın - Qubadlı yolu uğurunda döyüşlər yenidən başlandı, düşmən bu dəfə bir neçə istiqamətdən hücuma keçərək Laçın şəhəri ətrafında muhasirə həlqəsi yaratmağa çalışırdılar. Amma hələlik bu yol Azərbaycan hərbi bölmələrinin nəzarəti altında idi.

Gorus rayonunun Dığ kəndi istiqamətindən ermənilər Laçın cəbhəsinə əlavə qüvvələr, o cümlədən xüsusi təyinatlı döyüşçülərdən ibarət “ARABA” adlı batalyon birbaşa Laçın üzərinə yeridildi. Bu batalyonun döyüşçüləri Livan və Suriya kimi ərəb ölkələrindən əksəriyyəti erməni əsilli vətəndaşlardan təşkil olunmuşdu. Yaxın Şərqin qaynar nöqtələrində böyük təcrübə yolu keçmiş döyüşçülər səfərbərliyə alan ermənilər Laçın - Qubadlı yolunu bağlamaq üçün Zabux və Cağazur kəndlərinə hücuma keçdilər.

Ermənilər, 16 mayda Laçın - Qubadlı yolu istiqamətindəki Cağazur kəndinə Mİ - 24 hərbi vertolyotunun müşayəti ilə güclü tank zərbələri endirildi. Şuşa tərəfdən ermənilər Turşsu kəndini götürərək, Turşsu - Lesaqor ərazilərini təhlükə altına saldılar.  Laçının rayon mərkəzi yarımmühasirə şəraitini yaşayırdı. Erməni artileriyası Laçın şəhərini həm Qarabağ və həm də Ermənistan tərəfdən vururdu. Bizim döyüşçülərimiz artıq Laçın şəhərini tərk edirdilər.

Laçın şəhərinin taleyi demək olardı ki, artıq həll olunmuşdu. Artıq bundan sonra bu işdə kimin haqlı kimin haqsız olduğunu söyləmək çox çətin idi. Çünki bu sualların cavabının tapılması yalnız hüquq mühafizə orqanlarının üzərində qalırdı.

         Bu anlarda Laçın şəhərinin və ona yaxın bir neçə kəndin müdafiəsini Laçın polkunun döyüşçüləri həyata keçirirdilər. Onlar hətta cəhd edirdilər ki, Qayğı qəsəbəsinin ətraf ərazilərini azad etsinlər. Bu istiqamətdən Laçın şəhərini nəzarət altında saxlamaqla ermənilərə Laçından koridor kimi istifadə etmələrinə yol verməsinlər. Yalnız mayın 19-da Laçın şəhəri tamamilə mühasirəyə düşdükdən sonra Laçın polku döyüşlə Qubadlı və Laçının şimalı istiqamətində döyüşlə geri çəkildilər. Beləliklə Laçın rayonu faktiki olaraq iki hissəyə bölündü.

17 maydan etibarən Qubadlının onsuz da ağır olan vəziyyəti daha da ağırlaşırdı. Rayonun bütün əraziləri Laçın şəhərinin işğılından sonra Ermənistanın Gorus və Qafan rayonları tərəfdən iki istiqamətdən güclü atəşə məruz qalırdı.

 May ayının 18-də Əliquluuşağı yaşayış məntəqəsində  ermənilərin 20 tankı BMP-si və xeyli canlı qüvvəsi ilə bizim döyüşçülərimizlə güclü toqquşması oldu. Laçının cənubunun və Qubadlı rayonunun ermənilər tərəfindən işğal olunması barədə şayələr yayılmağa başladı.

Qubadlı ətrafındakı özünümüdafiə dəstələri sağ cinahla Laçın istiqamətinə nəzarəti itirməmək üçün, Ermənistanın sərhədlərinə tərəf irəliləməyə məcbur oldular. Bu zaman çox yaxşı düşünülmüş bir plan həyata keçirildi, Laçının Qubadlıya tərəf geriyə çəkilmiş hərbi hissələri Cəbrayıl istiqamətindən döyüşə girərək ermənilərin hücumlarını dəf etməyi bacardılar. Bununla da Laçının cənub hissəsinin və Qubadlının işğal edilməsi ilə bağlı yayılan şayələrə son qoyuldu. Laçını tərk etmiş ordu bölmələri 1993-cü ilin aprel ayına nədər burada qaldılar.

Beləliklə, Ermənistan Silahlı Qüvvələri qarşılarına qoyduqları məsələlərdən birini həll etməyə müvəffəq oldular. Belə ki Gorus - Laçın - Şuşa yolu bütünlüklə erməni hərbçilərinin nəzarəti altına keçdi. Ermənistanın Hərbi Hava Qüvvələrinin zirehli texnikanın, və artileriyasının iştirakı ilə genişmiqyaslı təcavüz planı cəmi on gün ərzində həyata keçirildi. Ermənilər   Gorus - Laçın - Şuşa yolunu nəzarətə götürən kimi, Qarabağa böyük həcmdə hərbi ləvəzimat, döyüş sürsatı, zirehli texnika ərzaq və canlı qüvvə daşımağa başladılar. Bu yüklərin ən böyük partiyalarından biri 1992-ci ilin iyul ayında aparıldı. Belə ki, bu partiyaya Rusiyanın Ermənistandakı hərbi bazalarından 100-dən çox tank daxil idi.

1992-ci ilin yayında özündə güc tapan Azərbaycanın Hərbi bölmələri Tərtər Goranboy rayonlarının işğal altındakı ərazilərinin və Qarabağın şimalını azad edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirməyə başladılar.

Təsüf hissi ilə qeyd etmək lazımdır ki, ilk əvvəl yalnız Dağlıq Qarabağı Ermənistana birləşdirmək istəyən Ermənistanın hərbi müdaxiləsi DQMV-nin sərhədlərini aşaraq Azərbaycanın içərilərinə doğru irəliləyirdi. Lakin dünyanın gözü qarşısında baş verən bu hadisəni beynəlxal ictimaiyyət bir ölkənin digər suveren bir dövlətin ərazisinə hərbi təcavüzü kimi nəinki qiymətləndirmir hətta bəzən ərazisi işğal olunan tərəfi işğalçı qarşısında güzəştə getməyə məcbur edirdilər. Bu xristian dünyasının Dağlıq Qarabağ probleminə qərəzli yanaşması idi.

Cəbhədə müvəffəqiyyətlərindən fəallaşan Tərtər və Goranboy hərbi hissələri erməni təcavüzkarlarının əsas hissələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparırdılar.   Azərbaycanın hərbi hissələri Qubadlının və Laçının işğal olunmuş ərazilərini, eləcədə  Laçın şəhərini azad etmək üçün dislokasiya və ordunun komplektləşdirilməsi tədbirlərini həyata keçirirdilər.

1992-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycanın Hərbi Qüvvələrinin apardıqları hərbi əməliyyatlar nəticə etibarı ilə Laçın rayonu üzərində qələbəyə inamı xeyli artırmışdı. Bu bizim döyüşçülərimizin birinci Qarabağ müharibəsi tarixində göstərdikləri ən yüksək qəhrəmanlıq mübarizələrindən biri idi. Bütün Qarabağ müharibəsi dövründə nə buna qədər və nə də bundan sonra Azərbaycan döyüşçüləri Ermənistanın silahlı qüvvələri üzərində qələbəyə bu qədər yaxın olmamışdı. Belə ki, Azərbaycanın hərbi bölmələri rayon mərkəzinin şimal və cənub hissələrinə nəzarəti ələ keçirərək ermənilərin bütün çıxış giriş yollarını tamam bağlaya bilmişdilər.

Azərbaycan ordusu müvəffəqiyyətlə irəliləyərək Qarabağın şimalında erməni işğalı altına düşmüş ərazilərin üçdə birini artıq azad etmişdilər. Ermənistanın Hərbi Ekspedisiya korpusunun bölmələri Laçın koridoru adlandırılan ərazilərdə xeyli geriyə Ermənistanın içərilərindəki əsas bazalarına tərəf sıxışdırılmışdı. Bu isə sözsüz ki, erməni təcavüzkarlarının tamamilə Qarabağdan qovulub çıxarılacağını deməyə əsas verirdi. Bunu həm Ermənistanda həm də Azərbaycanda yaxşı başa düşürdülər. Sentyabr, oktyabr aylarında Laçın şəhəri ətrafında döyüşçülərimizin erməni təcavüzkarları arasında qanlı mübarizə gedirdi.

Bizim döyüşçülərimiz Qubadlı - Laçın istiqamətindəki sərhədyanı kəndlərin əksəriyyətini öz nəzarətlərində saxlayırdılar. Güləbird kəndi burada rayon mərkəzi rolunu oynayırdı. Bu cinahdan hərbi bölmələrimiz yavaş - yavaş ancaq inamla irəliləyərək, Laçın şəhərinə tərəf Ağanus kəndi də daxil olmaqla daha dörd kəndi azad etdilər. Hərbi kəşfiyyatçılarımız artıq Laçın şəhərinə nəzarət edirdilər.

Azərbaycanın hərbi kəşfiyyatı hərdən gizli yolla Gorus - Laçın - Şuşa istiqaməti ilə Ermənistandan Qarabağa aparılan hərbi sursatı və texnikanı hücum edərək ələ keçirirdilər. Oktyabr ayının əvvəllərində bir dəfə belə əməliyyatların biri  zamanı Ermənistanın Artaşat rayonunun hərbi komissarı podpolkovnik Xanzaryan öz maşın karvanı ilə tutuldu karvandan xeyli silah sürsat müsadirə edildi. Komissarın  səhra çantasının içərisindən Artaşat rayonundan Qarabağa səfərbər edilib aparılan 218 nəfər döyüşçünün adlı siyahısı və onlara məxsus silahların ¹ -ni əks etdirən sənədlər çıxdı. Bundan başqa onun sənədlərinin içərisində Gorus - Laçın - Şuşa yolunun müxtəlif hissələrində Azərbaycan döyüşçülərinin döyüş mövqeləri və artileriya qurğularının yerlərini əks etdirən kəşfiyyat xarakterli xəritələr aşkarlandı.

Lakin Laçının şimalındakı bir çox yüksəkliklərin hələlik düşmən əlində olması Laçın şəhərini azad etmək Azərbaycan döyüşçüləri üçün növbəti əməliyyatları çətinləşdirirdi.

Bundan başqa şimal qrupun hərbi bölmələri ilə respublikanın mərkəzi rayonları arasında əlaqə zəif idi. Çünki şimal istiqamətindən müharibə zamanı magistiral yolların çox hissəsi zədələnmişdi. 17 Sentyabrda şimal qrupunun döyüşçüləri 2 ordu  korpusu tərkibində birləşərək hərbi hissələri döyüş hazırlığına gətirdilər. Bunlardan əlavə döyüş tapşırığı gözləyən bir süvari polku və xüsusi təyənatlılardan ibarət  batalyon şimal istiqamətindən hərəkətə keçməyə başladılar. Bunun da nəticəsi olaraq Laçının şimal istiqamətindən daha bir kənd  Tığik - 1 işğaldan azad olundu.

Azərbaycanın şimal istiqamətindəki ordunun sol cinahı Qarabağ yüksəkliyi istiqamətində bir çox strateji cəhətdən yüksək əhəmiyyətli yüksəklikləri ələ keçirildi. Bu yüksəkliklərdən İpəkdağ, Tərəbaş, Quruyal, Sarıbaba dağı və Şuşa rayonunun Xanalı, Camallar, Xanlıqpəyə, İmanqullar, Allahqullar və Zamanpəyəsi kəndləri işğaldan azad edildi. Bizim ordu bölmələrimiz irəliləyərək Şuşanın 5 - 6 kilometrliyində mövqe tutdular. Gorus - Laçın - Şuşa yolunun böyük bir hissəsi Azərbaycan artileriyasının nəzarəti altına keçdi.

Ərazinin sərt relyefi ordu bölmələrinin maşın və texnikasının cinahlarda hərəkətlərini  mümkünsüz edirdi. Minamyotlar, artileriya silahları və digər hərbi sursatlar əllə və ya heyvanlarla daşınırdı. Sag cinahın döyüşçüləri Ermənistanla Azərbaycan sərhədləri boyu bir çox kəndləri o cümlədən Hoçaz kəndini və Hoçaz yüksəkliyini erməni işğalından azad etdilər.

Azərbaycan döyüşçülərinin müvəffəqiyyətlə nəticələnən əməliyyatları, erməni tərəfinin diplomatiyasının aktivləşməsinə səbəb oldu. Belə ki, Ermənistan rəhbərliyi Rusiyaya müraciət edərək Azərbaycan tərəfdən  döyüşlərin dayandırılmasını tələb etməyi xahiş etdi. Bunun nəticəsi olaraq 19 sentyabr 1992-ci il tarixdə Rusiyanın müdafiə naziri P.Qraçov Soçidə üç Cənubi Qafqaz respublikalarının və Abxaziyanın nümayəndələri ilə görüş təşkil etdi. Görüşdə regionların stabilliyinin qorunması və atəşin dayandırılması barədə məsələ müzakirə olunaraq razılıq əldə edildi. Bu görüş 24 - 25 sentyabrda Moskvada davam etdirilərək əldə edilmiş razılıq daha da möhkəmləndirildi. Eyni zamanda Laçın “koridoru” statusuna baxıldı, nəzərə alındı ki, Azərbaycan və Ermənistan prezidentlərinin gələcək görüşlərinin birində Laçın koridoru Ermənistana güzəştə gediləcəyi təqirdə, Ermənistan da Mehri və Qafan istiqamətindən Azərbaycana yol verərək Naxçıvanın blokadasını aradan qaldıracaqdı. Bütün bunlar dar məqamdan Ermənistanı xilas etmək üçün süni surətdə yaradılan söz-söhbətdən başqa bir şey deyildi.

Ermənistanın xahişi ilə yüksək səviyyədə atəşkəs haqqında məsələ müzakirə olunaraq razılıq əldə edilsə də,  erməni tərəfi nəiki atəşkəsi dayandırmaq haqqında götürdüyü öhtəliyə əməl etmədi, eyni zamanda öz hərbi bölmələrini komplektləşdirərək, cəbhə bölgələrində silahlı qüvvələrinin sayını artırırdı.  Sentyabr ayının 20-də, yəni elə Soçi razılaşmasının ertəsi günü Ermənistanın Gorus rayonundan qalxan Ermənistan Hərbi Hava qüvvələrinə məxsus vertalyotlar bizim Hoçaz kəndindəki mövqelərimizi bombardıman etdilər. 21 sentyabr 1992-ci il tarixdən isə erməni tərəfi Mİ - 24 hərbi vertolyotları ilə fasiləsiz olaraq Hoçazdakı mövqelərimizi atəşə tutdular. Ermənilərin bu əməliyyatı 30 sentyabr 1992-ci il tarixə qədər davam etdi.

22 Sentyabr 1992-ci il tarixdə ermənilər Laçın rayonunun işğal altında olan Mazutlu kəndindən tanklarla bizim mövqelərimizi atəşə tutdular. Sentyabrın 23-də isə erməni artileriyası Fərəcan kəndini atəşə tutdu.

27 Sentyabr 1992-ci il tarixdə Ermənistanın Prezidentinin mətbuat xidmətinin müavini, Rusiyanın “İnterfaks agentliyi” nə verdiyi məlumatda bildirirdi: “Erməni döyüşçüləri Qarabağda ümumi vəziyyəti nəzərə alaraq qərara alıblar ki, döyüşü dayandırsınlar”. Lakin bu məlumatın doğru olduğunu Etmənistanın Müdafiə Naziri Vazgen Sərkisyanın əməlləri şübhə altına alırdı. Çünki Qarabağdakı bütün qüvvələr məhz V.Sərkisyana tabe idi. Sərkisyan isə döyüşləri dayandırmaq fikiri yox idi. Qarabağdakı ermənilərin “özünümüdafiə” qüvvələri adlandırları hərbi hissələrin müstəqil qərar qəbul etmək hüquqları yox idi. Məhz buna görə də atəşkəs rejimində Qarabağdakı erməni hərbi hissələri bütün cəbhə boyu hücumları davam etdirirdilər.

Amma Azərbaycan hərbi birləşmələri 1992-ci ilin sentyabr ayının axırına qədər qərara alınan atəşkəs rejiminə əməl etdilər. Bu isə Azərbaycan ordusunda qarşısıalınmaz passivliyə səbəb oldu. Daha sonralar orduda davam edən bu passivlik döyüşçülərimizin böyük itkiləri ilə sonunclandı. Beləliklə Azərbaycan tərəfi bu oyunda bir daha aldadıldı. Cəbhədə döyüşçülərimizin düçar olduğu bu passivlik xəstəliyi Ermənistan ordu bölmələrinin Qarabağın bütün ərazisində üstünlük qazanmasına səbəb oldu.

Ermənistan tərəfi “Laçın koridoru” danışıqları ərəfəsində Qarabağ cəbhəsinə əlavə qüvvələr yeritdi. Bundan əlavə Ermənistanın Gorus rayonundan Laçın istiqamətinə xeyli sayda zirehli texnika o cümlədən 60 tank yerləşdirdi. 15 erməni tankı isə Laçın şəhərinin içərisində keşik çəkirdi. Oktyabr ayında Laçın ətrafında və yaxın rayonların ərazilərinə yeni hərbi qüvvələrin  hücumları başlandı. 01 Oktyabr 1992-ci il tarixdə Ermənistanın Mehri və Qafan istiqamətlərindən, Qubadlı rayonunun bütün əraziləri, Zəngilan rayonunun isə 30 kilometrlik hissəsi ermənilərin genişmiqyaslı atəşlərinə məruz qaldı. Bir gün sonra isə Ermənistanın silahlı qüvvələri Azərbaycanın dövlət sərhədlərini bir neçə yerdən keçərək Zəngilan rayonunun Kolluqışlaq, Sarallı  və Yuxarı Yeməzli kəndlərinə hücum etdi. Bu hücum zamanı 5 nəfər öldürüldü, 16 nəfər yaralandı, 2 nəfər isə girov götürüldü. Öldürülənlərin meyidləri bir gün sonra ərazidən tapılmışdı. Bütün bunlar Laçın - Şuşa yolu uğurunda aparılan döyüşlərlə paralel aparıldığından hadisələr bütün cəbhə boyu döyüşçülərimizə öz mənfi təsirini edir və təhlükəli xarakter alırdı.

Ermənistanın Xənəzək və Xoznavar yaşayış məntəqələrindən motoatıcı bölmələr, erməni tanklarının müşayəti ilə Hoçaz kəndindəki mövqelərimizi atəşə tuturdular. Oktyabr ayının 2-də və 3-də sərhədyanı kəndlərin hamısı atəşə tutulurdu. 4 - 5 oktyabrda isə Ermənistanın Xənəzək, Xoznavar və Bayundur yaşayış məntəqələrindən Laçının şimal hissəsinə yeni hərbi qüvvələr yeridildi. Bu isə Laçının şimal istiqamətdə yeni qanlı döyüşlərin başlanmasına səbəb oldu.

Laçının cənubundakı hərbi qüvvələrimiz, ermənilərin genişmiqyaslı atəşləri altında Laçın şəhərinə doğru irəliləyirdilər. Müzəffər ordumuz Oktyabr ayının 6-da Susuzdağ, Qızartıdağı, Dəyirmandağı, Tərxanlı və Dəhyandağı yüksəkliklərini tutaraq, Mazutlu, Fətəlipəyə, Xanallar, Suarası, Malxələf, Baldırğanlı, Məlikpəyə, Mığıdərə, Dəyirmanyalı, Qayğı, Dəhyan, Xumarta, Unannovu, Ağanus, Zabux və Ərəbuşağı yaşayış məntəqələrini nəzarətə götürdülər. Azərbaycan döyüşçüləri Oktyabr ayının 7-də Öorus - Laçın yolundakı erməni hərbi qruplaşmalarını məhv edərək artıq şimal tərəfdən ordumuzun mövqeləri ilə Laçın şəhərinin ara məsafəsi şimaldan bir kilometr, cənubdan isə 3 kilometr idi.

Düşmənin Laçın şəhərində hələlik döyüşə hazırlıqlı cəmi bir qarnizonu qalmışdı. Ordu hissələrimiz Fətəlipəyə və Qarıkaha kəndlərindən Laçın şəhərinə doğru hərəkətə keçdilər. Şimal və Cənub qrupları qarşı - qarşıya irəliləyərək laçın şəhərində ya da Ağanus kəndində birləşməli idilər. Şimal tərəfdəki ordu bölmələrimiz Kirov yaşayış məntəqəsindən Camışobası yüksəkliyinə qalxaraq Gorus - Laçın - Şuşa şose yolunu tamamilə nəzarətə götürdülər. Qarabağdakı Ermənistanın hərbi bölmələrinin faktiki olaraq Ermənistandakı Rusiyanın Hərbi Bazaları ilə əlaqələri kəsilmişdi.

 Azərbaycan xalqı səbrlə Laçın şəhərinin azad olunması xəbərini gözləyirdi. Bu xəbər eyni zamanda Qarabağ müharibəsinin başa çatması demək olacaqdı. Lakin... Lakin belə bir həlledici anda Azərbaycanın hərbi bölmələri hücumu dayandırdılar. Şimal qrupuna məxsus artileriya qurğularına və tanklarına mövqelərini tərk etmək haqqında əmr verildi. Həkəri çayı istiqamətindən Laçının yağ - pendir zavodunu ələ keçirmiş Laçın polisinin üzvləri, şimal tərəfdən isə Laçınkəndə (Yuxarı Laçın) daxil olmuş mili ordumuzun döyüşçüləri onlara xəyanət ediləcəyini ağıllarına belə gətirmədən düşmən üzərinə hücuma keçmək üçün əmr gözləyirdilər...

Ermənistanın Hərbi Komandanlığı gözlənilmədən Azərbaycanın şimal və cənub qruplarının qarşılaşacağı əraziyə Gorus rayonunun Tuğ kəndi istiqamətindən cəbhəyə əlavə silahlı qüvvə yeritdi. Bu yeni erməni qüvvələrinin tərkibinə xüsusi təyinatlılardan ibarət bir batalyon, bir batalyon isə motoatıcılardan ibarət döyüşçülər daxil idi. Bu qüvvələr ilk olaraq Azərbaycanın şimal və cənub cinahlarına yaxşı hazırlanmış iki zərbə endirdilər. Bu batalyonları Gorus rayonunun sərhəd qoşunlarının tankları müşayət edirdilər. Ermənistan tərəfi döyüşün gedişini öz xeyirlərinə dəyişmək üçün İrəvan şəhərindən və Ermənistanın digər şəhərlərində xüsusi döyüş hazırlığı keçmiş daha bir neçə batalyonu Laçın ərazilərinə yeritdilər. Bu, azmış kimi Ermənistandakı rus bazalarına məxsus iki peşəkar döyüş batalyonu üç gün ərzində Laçın cəbhələrinə sarsıdıcı zərbələr endirərək öz bazalarına qayıtdılar. Bu zaman Ermənistanın Xınzirək yaşayış məntəqəsindən böyük bir təxribat qrupu Azərbaycanın sərhədlərini keçərək Güləbird kəndi istiqamətindən Azərbaycanın mərkəzi rayonları ilə cəbhə bölgəsinin əlaqəsini kəsmək üçün, cənub qrupu döyüşçülərinin arxasına çıxarıldı. Cənub istiqamətindən Ermənistanın Silahlı qüvvələri Azərbaycanın Ermənistanla sərhəd kəndləri olan Qazıdərə və Cicimli kəndlərini işğal edildi. Ermənilər Laçın şəhəri istiqamətindəki döyüşçülərimizin döyüş mövqelərinə yaxınlaşırdılar. Laçın şəhərinə daxil olmuş piyadalarımız itki verərək geriyə çəkilməyə məcbur oldular. Eyni zamanda cənub qrupundakı döyüşçülərimiz ağır vəziyyətə düşdülər. Cənub qrupunun döyüş bölmələri də Güləbird kəndini müdafiə etmək üçün geriyə çəkilməyə məcbur oldular.

10 Oktyabr 1992-ci il tarixdə ordu bölmələrimiz Fərəcan, Aşağı Fərəcan, Türklər və Quşçular kəndlərini tərk etəməyə məcbur oldular. Geriyə çəkilən ordu bölmələrimiz Güləbird kəndi ətrafındakı Daşlıdağ və Topağac yüksəkliklərində müvqe tutaraq, Oktyabr ayının 11-də hücuma keçərək Cicimli, Qazıdərə, Fərəcan, Aşağı Fərəcan, Türklər və Quşçular kəndlərini erməni işğalçılarından təmizlədilər.

 Bu cinahdakı döyüşçülərimiz yenidən Laçın rayon mərkəzinin  14 - 16 kilometrliyinə qədər irəliləməyə nail oldular. Fasiləsiz olaraq döyüş meydanlarında biri - birini əvəz edən döyüşçülərimiz daha bundan artıq irəli gedə bilmədilər.

Şimal qrupumuza qarşı Ermənistanın Xənəzək və Xoznavar yaşayış məntəqələrindən cinah zərbələri endirilirdi. Bunun da nəticəsində Laçın şəhəri əirafındakı mövqelərini tərk edən döyüşçülərimiz geriyə çəkilərərək Laçının 8-10 kilometrliyində Hoçaz və Tığik kəndlərində özlərinə mövqe tutdular.

Ermənistanın Silahlı Qüvvələri azərbaycanın Dövlət sərhədlərini pozaraq Laçın şəhərini ikinci dəfə işğal etdilər.

Azərbaycanın Ordu bölmələri tərəfindən bundan sonrakı döyüşlərin heç birində Laçın rayonunun şimal istiqamətində 60-a yaxın kənd Kəlbəcər rayonunun işğalına qədər Azərbaycan Ordu bölmələrinin nəzarəti altında qaldı...

 

 

Faiq İsmayılov

 

Paritet.- 2010.- 18-19 may.- S. 10;15.