Beynəlxalq
təşkilatlar Azərbaycanda ekologiya sahəsində
görülən işləri dəstəkləyirlər
ETSN-nin ətraf
mühitin qorunmasına yönəldilmiş səmərəli
və məqsədyönlü fəaliyyəti beynəlxalq əməkdaşlıq
sahəsində uğurla davam etdirilir
Azərbaycan
Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində
kifayət qədər nailiyyətlər əldə edib ki, bu
da milli və beynəlxalq sənədlərdə öz əksini
tapıb. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin
artmasının dayanıqlı olması ölkə tərəfindən
əsas prioritet qismində qəbul edilib.
İnkişafın davamlı olmasını təmin etmək
üçün iqtisadi fəaliyyət zamanı meydana
çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq,
onların ətraf mühitə mənfi təsirinin
minimuma endirilməsi tələb olunur. Müasir dövrdə
yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə
alaraq respublikamızın ekoloji siyasətinin əsas istiqamətlərindən
biri də qlobal ekoloji problemlər üzrə milli səviyyədə
tələbatların qiymətləndirilməsi, həlli
yollarının müyyənləşdirilməsi, beynəlxalq
təşkilatlarla əlaqələrin genişləndirilməsi,
eləcə də milli potensial imkanlardan istifadə etməklə
həyata keçirilməsinin təmin edilməsidir.
Ekoloji
siyasətin həyata keçirilməsinin təzahürü
kimi respublikamızda müasir qanunvericilik bazasının
yaradılmasını, ətraf mühit üzrə dövlət
idarəetmə sisteminin təkmilləşdirilməsini, beynəlxalq
təşkilatlarla əlaqələrin genişləndirilməsi
yolu ilə prioritet layihələrin tədricən realizə
olunmasını qeyd etmək olar.
Azərbaycanın
iştirak etdiyi təbiətdən istifadə və ətraf
mühitin mühafizəsi üzrə konvensiyalar, sazişlər,
müqavilələr eyni zamanda milli ekoloji hüquqların mənbəyi
və onun ayrılmaz hissəsi hesab olunurlar.
Respublikamızın hər bir qanununda xüsusi fəsil və
ya maddə vardır və orada bəyan edilir ki, əgər
beynəlxalq müqavilələrdə milli qanunvericilikdən
fərqli qaydalar nəzərdə tutulmuşdursa, bu zaman beynəlxalq
sənədlərin qaydaları tətbiq edilir.
Beynəlxalq konvensiyalardan irəli gələn məsələlərin
həllindən ötrü Prezident İlham Əliyevin sərəncamı
ilə əlaqələndirici dövlət və mərkəzi
icra orqanı təyin edilir. Bu təşkilatlar konvensiyalar
üzrə beynəlxalq təşkilatlarla əlaqələr
qurur, onların ölkə daxilində icrası ilə
bağlı məsələlərin həllindən
ötrü Nazirlər Kabinetinin qərarlarına
uyğun fəaliyyəti təşkil edirlər. Konvensiyalardan
irəli gələn öhdəliklərin yerinə yetirilməsi
ilə bağlı məsələlərin həlli adətən
aidiyyəti üzrə müvafiq icra orqanları və ya
konkret təşkilata həvalə olunur. Konvensiya və
Protokolların bir çoxunun icra mexanizmlərinin faydalanma,
beynəlxalq və regional layihələrdə, proqramlarda
iştirak, güzəştli investisiyaların, kreditlərin
ölkəyə cəlb edilməsi imkanları mövcuddur.
Milli Məclis
tərəfindən qəbul olunmuş ətraf mühitlə
bağlı bir sıra qanunlar, o cümlədən Milli Məclisin
ratifikasiya etdiyi ekoloji beynəlxalq konvensiyalar bu sahədə
mövcud olan boşluqların doldurulması üçün
böyük imkanlar açır. Eyni zamanda mövcud problemlərin
həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyi(ETSN) tərəfindən beynəlxalq təşkilatlarla,
donor ölkələrlə əlaqələrin genişləndirilməsinə
xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin
İnkişaf, Ətraf Mühit, Sənayenin
İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond,
Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı,
İqtisadi Əməkdaşlıq təşkilatı,
Dünya Bankı, Asiya bankı, Ümumdünya Vəhşi Təbiət
fondu və s. təşkilatlarla əməkdaşlıq davam
etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında
inkişaf etmiş ölkələrlə iki tərəfli əməkdaşlıqlar
qurulur. Azərbaycan ekoloji problemlərin həlli ilə
bağlı 20-dən çox beynəlxalq konvensiyalara
qoşulub və bu istiqamətdə işlər davam etdirilməkdədir.
TİM layihələrinin həyata
keçirilməsi istiqamətində işlər davam
etdirilir
Hazırda
bütün dünyada iqlim dəyişiklikləri məsələsi
bəşəri bir problem olaraq aktual müzakirə edilir. Bu
problemin həll edilməsi üçün 1992-ci ildə
dünyanın 150 ölkəsi tərəfindən BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası imzalanıb. Konvensiyanın məqsədi
atmosferdə istilik effekti yaradan qazların
konsentrasiyasını stabilləşdirməkdən ibarətdir.
İqlim dəyişmələri sahəsində konkret əməli
tədbirlərin görülməsi məqsədi ilə
Dünya birliyi ölkələri tərəfindən 1997-ci
ildə Kioto Protokolu qəbul olunub. Azərbaycan Kioto Protokolunu
2000-ci ildə ratifikasiya edib. 2005-ci ildə ETSN İqlim Dəyişmələri
üzrə Kioto Protokolunun Təmiz İnkişaf Mexanizmi layihələrinin
həyata keçirilməsi üzrə milli səlahiyyətli
orqan kimi müəyyən edilib.
Qeyd edək
ki, Təmiz İnkişaf Mexanizmi layihələri Azərbaycan
iqtisadiyyatının geniş spektrini əhatə edir.
Energetika sahəsində enerji səmərəliliyi və
yanacağa qənaət, neft və qaz çıxarma sahəsində
səmt qazlarının yığılması, böyük
şəhərlərdə bərk məişət
tullantılardan metanın yığılması, alternativ və
bərpa olunan enerji mənbələrindən (əsasən
külək enerjisi) istifadə, meşəsalma və meşələrin
bərpası, böyük fermer təsərrüfatlarında
peyindən ayrılan metan qazının yığılaraq
istifadə olunması və s. layihələr TİM
çrçivəsində həyata keçirilə bilən
layihələrdəndir. Adı çəkilən layihələrdə
karbon qazının azaldılması üçün
böyük potensial vardır.
ETSN
2005-ci ildə İqlim Dəyişmələri üzrə
Kioto Protokolunun TİM layihələrinin həyata keçirilməsi
üzrə milli səlahiyyətli orqan təyin edildikdən
sonra bu sahədə işlər daha da canlanıb. Bir
çox xarici dövlətlər, özəl şirkətlər,
banklar və firmalar TİM çərçivəsində
layihələrin işlənməsi məqsədi ilə
nazirliyə müraciət edib. Hazırda Azərbaycanda Təmiz
İnkişaf Mexanizmi çərçivəsində bir
sıra layihələrin sənədləşdirilməsinə
başlanıb. Bunların içərisində “Az.DRES” istilik
stansiyasının yenidən qurulması”, “Günəşli”
neft yatağından aşağı təzyiqli qazın
yığılması”, “Bakı şəhərində
tullantılardan metan qazının alınması” kimi iri həcmli
layihələr vardır.
Artıq
nazirlik TİM layihələrinə baxılması
qaydalarını hazırlayıb və təsdiq edib. TİM
üzrə alınacaq Sertifikatlaşdırılmış
Tullantı Azalmalarının idarə edilməsi sahəsində
bir sıra qanun layihələri baxılmaq üçün
Nazirlər Kabinetinə təqdim edilib. TİM layihələrinin
həyata keçirilməsi istiqamətində işlər bu
gün də davam etdirilir.
Qabaqcıl beynəlxalq
təcrübələrə ehtiyac var
ETSN
tərəfindən məişət tullantıları, “Milli
biotəhlükəsizlik”, meşələrin qorunması, Xəzərin
təmizlənməsi, çayların birgə idarə
olunması, torpaqların davamlı idarə olunması, ekoloji
maarifləndirmə və s. layihələr də həyata
keçirlib. Ümumi oaraq ETSN-nin həyata keçirdiyi belə
layihələrin sayı 40-dan çoxdur.
ETSN-dən
aldığımız məlumata görə, 2009-cu ilin iyun
ayında “Azərbaycan və Latviya hökumətləri
arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa
dair saziş” imzalanıb. Bundan əlavə, 2009-cu ilin 17
iyulunda ETSN ilə Almaniya Federativ Respublikasının Texniki Əməkdaşlıq
Təşkilatı (GTZ) arasında “Təbii sərvətlərin
davamlı idarə olunması sahəsində əməkdaşlıq”
haqqında anlaşma memorandumu imzalanıb.
Eyni
zamanda, “Azərbaycan Respublikası ETSN və Koreya
Respublikası Ətraf Mühit Sənayesi və Texnologiyalar
İnstitutu arasında Azərbaycanda Ətraf Mühitin
İdarə Edilməsi üzrə Baş Planın
hazırlanmasına dair Anlaşma Memorandumu” 2009-cu ilin sentyabrın
14-də Bakı şəhərində, 2009-cu il 16 sentyabr
tarixində isə Seul şəhərində imzalanıb.
Həmçinin
Azərbaycan və Suriya arasında ətraf
mühitin mühafizəsi sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi məqsədilə ETSN və
Suriyanın Ətraf Mühit Məsələləri Nazirliyi
arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa
dair Anlaşma Memorandumu” imzalanmaq üçün müvafiq
dövlətdaxili prosedurlardan keçmək məqsədilə
Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim
edilib.
Hazırda
ETSN-nin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli
və məqsədyönlü fəaliyyəti beynəlxalq əməkdaşlıq
sahəsində uğurla davam etdirilir. Yeri gəlmişkən,
ETSN BMT-nin İnsan İnkişafı Proqramı ilə birgə
qışlaqların, yaylaqların və meşələrin
idarə edilməsi ilə bağlı layihə həyata
keçirəcək. Mayın 15-də bununla bağlı
nazirlikdə mətbuat konfransı keçirilib. Ekologiya və
təbii sərvətlər naziri Hüseyn Bağırov
bildirib ki, Azərbaycanın ərazisinin 12 faizi meşə
fondu, 56 faizi dövlət ehtiyat fondudur. Bu torpaqların əsasən
icarə ilə fermerlərə verildiyini deyən nazir Azərbaycanda
yarımköçəri maldarlığın mövcud
olduğunu, heyvanların yayda dağlara, qışda isə
qışlaqlara aparıldığını
vurğulayıb.
H.Bağırov
həmçinin bildirib ki, qışlaqların, yaylaqların
və meşələrin idarə olunması ilə
bağlı beynəlxalq aləmdə qabaqcıl təcrübələr
mövcuddur və Azərbaycanın bununla bağlı layihələrə
ehtiyacı var.
Tədbirdə
çıxış edən BMT-nin İnkişaf
Proqramının Azərbaycan nümayəndəliyinin direktoru
səlahiyyətlərini icra edən Nura Həmlacı 1 ildən
sonra başlanacaq layihənin pilot olaraq bir neçə ərazidə
həyata keçiriləcəyini, layihənin nəticələri
özünü doğruldarsa, tədbirlərin digər ərazilərdə
də tətbiq olunacağını bildirib. O, həmçinin
qeyd edib ki, maldarlıq və qoyunçuluqla məşğul
olan fermerlər bu fəaliyyətlə mütəmadi məşğul
olmaq istəyirlərsə, o zaman bu layihənin icrasına dəstək
olmalıdırlar. “Otlaq və meşə sahələrinin
davamlı idarə olunması” layihəsi torpaqların
deqradasiyaya uğramasının və çox istifadə
olunmasının qarşısının alınmasına,
meşə, yaylaq, qışlaq torpaqlarının səmərəli
idarə olunmasına imkan verəcək.
Proqramın
eksperti Cefri Qriffin isə bildirib ki, onlar Azərbaycan tərəfini
lazımi avadanlıq və proqramlarla təmin edəcək,
müxtəlif ölkələrdə əldə olunmuş
qabaqcıl təcrübəni Azərbaycana gətirəcəklər.
Həmçinin o, layihənin meşə və otlaqların təbii
sağlamlığının qorunması və bərpasına,
otlaqların həddən artıq istifadə olunmasının
və torpaq eroziyasının qarşısının
alınmasına kömək edəcəyini vurğulayıb.
BMT-nin
təmsilçiləri son illər Azərbaycanda ətraf
mühitin mühafizəsi ilə bağlı bir sıra tədbirlər
görüldüyünü və BMT-nin bunu dəstəklədiyini
deyib.
Ekoloji problemlərin həlli
üçün uzunmüddətli layihələr həyata
keçirilir
Məlumdur
ki, ölkəmizdə atmosferə atılan tullantıların
başlıca mənbələrindən biri də neft-qaz sənayesidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti(ARDNŞ)
də bir neçə ildir ki, Kioto protokolu üzrə TİM
çərçivəsində həyata keçirilən
layihələrə qoşulub. ARDNŞ-dən “Paritet”ə
bildirlib, şirkət hər il öz müəssisələrində
atmosferə atılan zərərli qazların mənbələrini
invertarlaşdırır.
2008-ci
ildən etibarən ARDNŞ Dünya Bankının Qlobal qaz
yandırılmalarının azaldılması üzrə Əməkdaşlıq
Təşkilatının fəal tərəfdaşlarından
biridir. 2010-cu ildə və qarşıdakı illərdə
bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi
nəzərdə tutulur. Belə ki, bu il “Günəşli”
yatağında sıxıcı kompressor stansiyalarının
gücünün artırılması, yeni boru kəmərlərinin
çəkilməsi və başqa tədbirlər nəticəsində
havaya atılan aşağı təzyiqli qazın
bütünlüklə yığılıb sistemə təhvil
verilməsi təmin olunacaq. Bu da havaya atılan 1 milyard kubmetr
qazın yığılması deməkdir. Eyni zamanda, şirkət
tərəfindən avtomobil nəqliyyatı vasitələrindən
atmosferə atılmalara nəzarət məqsədi ilə
Bakı şəhərinin Səbail, Sabunçu və
Suraxanı rayonları ərazisində 3 ekoloji ölçmə
məntəqəsi yaradılıb.
Eyni
zamanda Almaniyanın İqtisadi tədqiqat institutu ilə birgə
“İqlim dəyişmələri sahəsində ARDNŞ-nin
strategiyasının inkişaf etdirilməsi” planı
hazırlanır. Görülmüş tədbirlər nəticəsində
2006-cı ildə 42 mln m3, 2007-ci ildə 17,6 mln m3 və 2008-ci
ildə 191 mln m3 səmt qazının atmosferə atılan həcmi
azaldılıb.
Bundan
başqa ARDNŞ tərəfindən Avropa Yenidənqurma və
İnkişaf Bankı, Asiya İnkişaf Bankı , Beynəlxalq
Maliyyə Korporasiyası, Dünya bankı (DB), Qlobal Ekoloji
Fond və başqa maliyyə və ətraf mühit təşkilatları
ilə böhran səviyyəsində olan ekoloji problemlərin
həlli üçün uzunmüddətli maliyyə və
qrant layihələri həyata keçirilir.
Müasir
dövrdə dünya birliyi ölkələrinin iqtisadi və
siyasi münasibətlərində enerji təminatı və
enerji daşıyıcılarından düzgün istifadə
olunması problemləri ciddi rol oynayır. Durmadan
artan neft-qaz hasilatı və onunla əlaqədar sənaye
sahələrinin dinamik inkişafı planetimizdə ətraf
mühitə mənfi təsirlərin artmasına, ekoloji
tarazlığın pozulmasına səbəb olan
başlıca amillərə çevrilmişdir. Buna görə
də ekoloji məsələlərin həlli istiqamətində
beynəlxalq qanunvericiliklərdən irəli gələn vəzifələrə
ciddi yanaşmalı və ölkəmizdə onların tələblərinə
riayət olunması təmin edilməlidir.
Fuad HÜSEYNZADƏ
Paritet.- 2010.- 18-19 may.- S. 9.