Azərbaycanın flora və faunasının
qayğısına qalmalıyıq
Ekologiya, insanların sağlamlığı,
təmiz su, təmiz hava - bütün bunlar ölkənin inkişafını
fərqləndirən əlamətlərdir
Canlı
təbiət mövcud olduğu gündən daim cansız təbiətin,
müxtəlif proseslərin, anomal hadisələrin təsir
dairəsində olub və indiki zamanda da bu öz axarı ilə
davam etməkdədir. Müasir dünyamızda canlı təbiətin
- bizi əhatə edən, bizi daimi enerji mənbəyi ilə
təmin edən meşələrin, müxtəlif növ
bitki örtüyü ilə zəngin olan çəmənliklərin
sıradan çıxmasında, tükənməsində,
nadir bitki növlərinin nəslinin kəsilməsində
“homo sapiens” adlandırdığımız insanın rolu az
deyil.
Statistik
rəqəmlərə əsaslanaraq söyləmək olar ki,
dünyada hər il minlərlə hektar meşə və
çəmənliklər, bitki örtüyü ilə zəngin
yaşıllıqlar məhv edilir ki, burada da insan “əməyini”
qeyd etməmək mümkün deyil. Meşələrin məhv
olması Yer kürəsinin münbit qatı hesab olunan
torpağın şoranlaşmasına, erroziyaya
uğramasına, sürüşmələrin baş verməsinə
səbəb olur ki, bu da böyük dağıntılarla, fəlakətlərlə
nəticələnir.
Bu
gün dünyanın əksər ölkələrində
ekoloji tarazlığın pozulmasından yaranan problemlərin
aradan qaldırılması haqda müxtəlif diskussiyalar
aparılır. İndi Yer kürəsinin bir qitəsində
baş verən təbiət hadisəsi təkcə həmin qitə
ölkələrinin yox, eyni zamanda bütün dünyanın
problemi sayılmalıdır və onu aradan
qaldırmağın yolları birgə
axtarılmalıdır. Bu, heç də insanların təbiət
hadisələrinin yarada biləcəyi fəsadları önləmək
təşəbbüsü kimi yox, artıq
çıxış yolunun qalmadığı kimi başa
düşülməlidir. Artıq dünyanın itirə biləcəyi
meşələr, çəmənliklər, bitki
örtüyü ilə zəngin sahələri qalmayıb. “Qırmızı
xətt”i keçmək daha ağır fəlakətlərə
yol aça bilər.
Azərbaycanda ekoloji tarazlığın
qorunması
Ölkəmizdə
iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni
səviyyəsinin yüksəldilməsi ilə yanaşı,
təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji
tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir.
Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti
mühafizəyə və təbii ehtiyatlardan səmərəli
istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul
edilib, təbiətin qorunması və
sağlamlaşdırılması sahəsində mühüm
praktiki addımlar atılıb. Bir sıra iri su hövzələri
tikilib, torpaqları şoranlaşmadan təmizləmək
üçün drenaj sistemləri qurulub, Bakı şəhərində
və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili
qumluqlarda sahil bərkidici və torpaqların
eroziyasının qarşısının alınması məqsədi
ilə meşə örtüyü zolaqları salınıb,
flora və faunanın qorunub saxlanması və inkişaf
etdirilməsi üçün bir sıra təbiət
qoruqları və yasaqlıqları yaradılıb.
Lakin
bu sahədə hələ də ciddi problemlər qalmaqda davam
edir. Ölkədə meşələrin qırılması nəticəsində,
onsuz da az olan meşə örtüyünün torpaqqoruyucu,
susaxlayıcı, havatəmizləyici kimi vacib sanitar-gigiyenik və
sosial-ekoloji funksiyası xeyli dərəcədə zəifləyib.
Bəzi qiymətli ağac və kol növlərinin
ehtiyatı tükənmək təhlükəsi
qarşısında qalıb. Yaylaqlardan qeyri-səmərəli
istifadə olunması onların geniş ərazidə sürətlə
erroziyaya uğramasına və bitki örtüyünün məhv
olmasına səbəb olub. Digər tərəfdən, son illərdə
ölkədə baş vermiş təbii hadisələr ətraf
mühitə ciddi ziyan vurub. Odur ki, ölkədə təbiətin
mühafizəsi, bioloji müxtəlifliyin azalmasının və
ətraf mühitin çirklənməsinin
qarşısının alınması məqsədi ilə təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsi böyük
sosial-iqtisadi əhəmiyyət kəsb edir.
Qeyd
olunan problemlərin sistemli həllini təmin etmək məqsədi
ilə vaxtilə ulu öndər Heydər Əliyevin sərəncamı
ilə “Azərbaycan Respublikasında ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair milli proqram” qəbul
edilib.
Azərbaycan
zəngin təbii sərvətlərə və inkişaf
etmiş sənaye sahələrinə malik olan bir dövlətdir.
Lakin uzun illərdən bəri yığılıb
qalmış ekoloji problemlər vaxtında öz həllini
tapmadığı üçün ölkəmizin ətraf
mühiti həddindən artıq çirkləndirilib. Hazırda
respublikamızda həllini təcili tələb edən bir
sıra ekoloji problemlər vardır: su hövzələrinin,
o cümlədən Xəzər dənizinin məişət
və sənaye sularının tullantıları ilə
çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin
dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer
havasına zərərli qazların yol verilən normadan
artıq atılması, biomüxtəlifliyin azalması,
torpaqların eroziyaya uğraması və
şoranlaşması, sənaye və məişət
tullantılarının utilizasiyası və s.
Beynəlxalq təşkilatlar və
ekoloji problemlər
1992-ci
ildə Birləşmiş Millətlər Təşkilatının
təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində
keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi,
dünyanın gələcək inkişafı ilk növbədə
ekoloji problemlərin necə həll olunmasından asılı
olacaq. Bu konfransda dünyada
mövcud olan ətraf mühit
problemlərinin həlli yolları çox ciddi şəkildə
nəzərdən keçirilib və mühüm qərarlar,
o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların
proqram sənədinə çevrilmiş “Dayanıqlı inkişaf”
konsepsiyası qəbul edilib. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji
tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf
mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk
növbədə həll olunması, gələcək nəsillərin
imkanları məhdudlaşdırılmadan çağdaş
nəsillərin rifahının
yaxşılaşdırılması ön xəttə
çəkilib. Buna nail olmaq üçün ilk növbədə
iqtisadiyyatın səmərəliliyinin
yüksəldilməsi və ətraf mühitin qorunması təmin
olunmalıdır.
Rio
konfransının davamı kimi 2002-ci ildə Yohannesburq şəhərində
keçirilmiş dünya sammitində dayanıqlı
inkişaf prinsipləri bir daha təsdiqlənərək
onların reallaşdırılması üçün zəruri
tədbirlərin görülməsi xüsusi
vurğulanıb.
İndiki
dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət
hər bir ölkəni ekoloji problemləri ümumbəşəri
kontekstə çıxarmağa məcbur edib. Bu gün
artıq ətraf mühitin mühafizəsi məsələləri
aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində
öz əksini tapıb.
Azərbaycanda
yürüdülən ekoloji siyasətin əsas məqsədi
indiki və gələcək nəsillərin ehtiyaclarının
təmin edilməsi naminə mövcud ekoloji sistemlərin,
iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli
istifadə edilməsi ilə davamlı inkişafın təmin
edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək
məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları
işlənib hazırlanmalı və iqtisadiyyatın
inkişafı davamlılıq prinsipləri əsasında həyata
keçirilməlidir.
İnkişafın
ekoloji baxımdan davamlı olmasını təmin etmək
üçün iqtisadi fəaliyyət zamanı meydana
çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq,
onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb
olunur.
Ətraf
mühit sahəsində beynəlxalq müqavilələrə
qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan
Respublikası bu günə kimi 20
konvensiyaya qoşulub, müvafiq protokolları
imzalayıb.
Dövlət proqramları
Ətraf
mühitlə bağlı qeyd olunan problemlərin həlli
yollarını müəyyənləşdirmək və ekoloji tarazlığı təmin
etmək məqsədilə dövlət proqramları və
layihələrin reallaşdırılması, tədricən ətraf
mühitin daha da sağlamlaşdırılmasını
yaxın gələcəkdə mümkün edəcək.
Azərbaycan
prezidenti İlham Əliyevin təşəbbüsü ilə
2010-cu il ölkəmizdə “Ekologiya ili” elan edilib. Ətraf
mühitin mühafizəsi və əhalinin
sağlamlığı məsələlərinə daim
böyük diqqət yetirən dövlət
başçısının bu təklifi ilə Yer kürəsində
təbiətin xilas olunması üzrə dünya ictimaiyyətinin
göstərdiyi səylər kontekstində ayrıca bir
ölkə çərçivəsində çox əhəmiyyətli
genişmiqyaslı aksiyaya başlanıb.
Dövlət
başçısının müvafiq sərəncamlarına
əsasən son illər ümumi sahəsi ölkə ərazisinin
3,1 faizinə bərabər olan milli parklar yaradılıb,
qoruqların ərazisi genişləndirilib və regionlarda
müasir sutəmizləyici qurğuların tikintisi davam
etdirilir. Azərbaycan prezidenti İlham Əliyev Yeni il
müraciətində ekoloji problemə bir daha toxunaraq, ölkə
vətəndaşlarını əmin edib ki, “nəhəng
infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın
əhalisini Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun olaraq içməli su ilə təmin
etməyə imkan verəcək”.
Xəzər
dənizinin ekologiyasına da xüsusi diqqət yetirilir. Abşeron
yarımadasının sahil qəsəbələrində təmizləyici
modul qurğular inşa edilib və onların hər biri
gündə 4070 kubmetr çirkabı təmizləmək
gücünə malikdir.
Ötən
ilin payız aylarından başlayaraq ölkəmizdə
genişmiqyaslı yaşıllaşdırma kampaniyası həyata
keçirilir. Neftlə çirklənmiş torpaqların
rekultivasiyası, neft yataqlarının işlənilməsi
zamanı əmələ gələn lay sularının
axıdıldığı ərazilərin qurudulması sahəsində
fəal iş aparılır.
Lakin
hələ görüləsi işlər çoxdur. Ötən
ilin payızında Azərbaycan Prezidentinin iştirakı ilə
bərk məişət tullantılarının təkrar
emalı zavodunun təməli qoyulub. Yeni müəssisə
ölkə paytaxtının ekologiyasına böyük ziyan
vuran Balaxanı zibilxanası ərazisində inşa ediləcək.
“Ekologiya
İli” gələcək nəsillər üçün
sağlam mühitin qorunması istiqamətində Azərbaycanın
hər bir vətəndaşının öz məsuliyyətini
dərk etməsinə dair dönüş ili olmalıdır.
“Ekologiya, insanların sağlamlığı, təmiz su, təmiz
hava - bütün bunlar ölkənin inkişafını fərqləndirən
əlamətlərdir”. Azərbaycan prezidenti İlham Əliyevin
Balaxanıda yeni zavodun bünövrəsinin qoyulması mərasimində
dediyi bu sözlər ölkənin gələcəyinə
biganə qalmayanların hamısı üçün dəqiq
meyarları müəyyənləşdirir.
Ölkəmizdə
həyata keçirilən sosial-iqtisadi inkişaf
strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf
mühitin mühafizəsi istiqamətində ardıcıl və
səmərəli tədbirlərin görülməsinə əlverişli
şərait yaradıb. Siyasi arenada və dövlətçilik
fəaliyyətində təkrarsızlığı ilə
şöhrətlənən ulu öndər Heydər Əliyevin
təbiətə, gözəlliyə vurğunluğu, ətraf
mühitə biganəlik və utilitar münasibət göstərənlərə
qarşı barışmazlığı və qətiyyəti
bu gün Azərbaycan prezidenti İlham Əliyevin də fəaliyyətinin
başlıca stimuluna çevrilib. Dövlət
başçısı, eləcə də Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə
reallaşdırılan layihələr Azərbaycanda ekoloji
problemlərin tezliklə yoluna qoyulacağına inam
yaradır.
İnsanların
sağlam təbii mühitdə yaşaması və təbii
sərvətlərdən xalqımızın rifahının
yaxşılaşdırılması naminə səmərəli
istifadə edilməsi ölkədə aparılan sosial
islahatların mühüm tərkib hissələrindən
biridir. Ölkə rəhbərliyinin ekologiya ilə
bağlı məsələləri daim diqqət mərkəzində
saxlaması ətraf mühitin yaxşılaşdırılması
istiqamətində aparılan işlərə böyük təkan
verib, bu sahədə iri layihələr uğurla həyata
keçirilib və hazırda da davam etdirilir. Azərbaycan
prezidenti İlham Əliyevin 2010-cu ili Ekologiya ili elan etməsi
ölkə vətəndaşlarının, ekoloji problemlərin
həlli ilə məşğul olan dövlət
qurumlarının və qeyri-hökumət təşkilatlarının,
hüquq-mühafizə orqanlarının, kütləvi
informasiya vasitələrinin qarşısında mühüm vəzifələr
qoyur. Biz hamılıqla Azərbaycanın flora və
faunasının qorunması qayğısına qalmalı,
torpaqlarımızın məhsuldar, sularımızın təmiz,
havamızın saf olması üçün əlimizdən gələni
etməliyik. Biz bütün bu işləri hansısa kampaniya
xatirinə görməməli, özümüzün vətəndaşlıq
vəzifəsinə çevirməliyik.
Təsadüfi
deyil ki, fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyevin
yanında ekoloji problemlərə həsr olunmuş
müşavirə keçirilib. Müşavirədə
giriş sözü ilə çıxış edən
prezident İlham Əliyev 2010-cu ilin “Ekologiya ili” elan
olunduğunu, ölkədə ekoloji problemlərin həllinə
böyük diqqət yetirildiyini və bununla bağlı
konkret proqramın qəbul edildiyini vurğulayıb.
Dövlət
başçısı həmin proqramın müxtəlif sahələri
əhatə etdiyini, burada nəzərdə tutulan tədbirlərin
icra mexanizmlərinin, vaxtının və maliyyə mənbələrinin
də əksini tapdığını bildirib.
Dövlət
başçısı Bakı və Abşeron
yarımadasında 3 milyondan çox ağacın əkilməsi
ilə əlaqədar yaşıllaşdırma tədbirlərində
əhalinin yaxından iştirakının əhəmiyyətini
vurğulayıb.
Ömər ƏMIROV
Paritet.- 2010.- 20-21 may.- S. 12.