Tarixi ərazilərimiz üzərində azərbaycanlıların qanuni varislik haqqını tanıtma konsepsiyası hazırlanıb

 

Konsepsiya çərçivəsində əldə edilmiş sənədlər beynəlxalq məhkəmələrə təqdim ediləcək

 

Azərbaycanın İşğal Olunmuş Ərazilərinin Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılovun redaksiyamıza verdiyi məlumat görə, təşkilat işğal edilmiş ərazilərimizin azad edilməsi istiqamətində aprdığı işlər çərçivəsində  Dağlıq Qarabağda və (indiki Ermənistan adlanan) keçmiş Azərbaycan Əraziləri Üzərində Azərbaycanlıların  Qanuni Varislik Haqqını  Tanıtma Konsepsiyası  işləyib hazırlayıb. Konsepsiyanın hazırlanmasında əsas məqsəd;

Dağlıq Qarabağda və (indiki Ermənistan adlanan) keçmiş Azərbaycan  əraziləri üzərində azərbaycanlıların  qanuni varislik haqqının tanıdılması istiqamətində  arxiv materialları və digər rəsmi sənədlərə əsasən, İnsan Haqlarının qorunması Haqqında Beynəlxalq Hüquqi Nomativ sənədlərin  verdiyi imkanlar çərçivəsində, işğal olunmuş Azərbaycan torpqları üzərində Azərbaycanlıların  qanuni varislik haqqının dünyaya tanıdılmasına;

İndiki Ermənistan Respublikası daxilində azərbaycanlıların mədəni muxtariyyətinin müəyyən  edilməsinə;

Müxtəlif tarixi dövrlərdə milli irqi ayrı-seçkiliyə görə azərbaycanlıların deportasiyası haqqında verilmiş  qərarların ləğv etdirilməsinə və hərbi münaqişələr nəticəsində öz torpaqlarından qovularaq on  illərlə didərginlik həyatı yaşayan qaçqın və məcburi köçkün  insanların öz doğma torpaqlarına qaytarılmasına nail olmaqdır.

Konsepsiya çərçivəsində tədbirlərin həyata keçirilməsi aşağıdakı beş istiqamət üzrə müəyyənləşdirilib:

1. Azərbaycanın işğal edilmiş ərazilərinin (bölgələr üzrə) coğrafiyası, ekologiyası, təbii sərvətləri, iqtisadi durumunun təhlili və əzəli yer adları və toponimlərin bərpası:

2. Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlılara məxsus  tarix və  mədəniyyət abidələri  üzərində onların  varislik hüququnun bərpası;

3.  İşğal edilmiş Azərbaycan torpaqları üzərində azərbaycanlıların  qanuni varislik hüququnun bərpası.

4. Qaçqın və məcburi köçkünlərin düşdükləri ağır vəziyyətdən yeganə çıxış yolu kimi onların öz doğma toraqlarına qaytarılması haqqında tədbirlər planının hazırlanması;

5. İndiki Ermənistan Respublikası daxilində azərbaycanlıların mədəni muxtariyyətinin bərpası.

Qurum rəhbərinin fikrincə, konsepsiya həyata keçiriləcəyi təqdirdə  indiki Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan əraziləri üzərində azərbaycanlıların varislik hüququnun olduğunu dünyaya tanıdacaq,  indiki Ermənistan Respublikası daxilində azərbaycanlıların mədəni muxtariyyətinin yaradılmasına kömək edəcək.

Konsepsiya çərçivəsində həyata keçirilən layihələr vasitəsi ilə əldə edilmiş sənədləri Beynəlxalq Məhkəmələrə təqdim etməklə keçmiş Azərbaycan torpaqları üzərində azərbaycanlıların varislik hüququnun bərpası mümkün olacaq.  F. İsmayılov qeyd edib ki, başladıqları  bu işdə bütün Azərbaycan vətəndaşlarının və ictimai təşkilatların dəstəyinə ehtiyac  var.

 

 

İSMAYIL

 

Paritet.- 2010.- 20-21 may.- S. 6.