“Müharibə fotoqraf yaradıcılığının ən ağrılı mövzusudur”

 

Xalqımıza qarşı törədilmiş faciənin dəhşətləri fotoların yaddaşında...

 

Artıq uzun illərdir ki, Azərbaycan tarixində bir-birinin ardınca qanlı hadisələr baş verir və faciələr törədilir. Bu faciələr arasında öz dəhşətləri və günahsız insanların vəhşicəsinə öldürülməsi ilə yadda  qalanı 20 Yanvar və Xocalı faciəsidir. 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları  irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına  çıxaraq bu dəhşətlərə  öz qəti etirazını  bildirən geniş xalq kütlələrinə  qarşı  sovet ordusunun  döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.  Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları  canlarından keçərək,  şəhidlik zirvəsinə ucalıblar.  O gecədə şəhid olanlar  Azərbaycan tarixində parlaq səhifələr yazdılar və  xalqın milli azadlığı müstəqilliyi üçün yol açdılar. Bu qanlı gecənin dəhşətləri sənət adamlarının da əsərlərində, çəkdiyi rəsm, film və fotolarının yaddaşına köçüb saxlanaraq,  gələcək nəsillərə və dünyaya çatdırılıb. Sözügedən faciənin şahidlərindən biri   istedadlı fotoqraf  Tahir Cəfərovdur.

Biz də T.Cəfərovla bu qanlı tarixi özündə əks etdirən, uzun illərdir ki, şəxsi arxivində qoruyub saxladığı  fotoların, tarixi sənədlərin bugünkü taleyi, qorunub saxlanması  və onların necə təbliğ olunması haqqında danışdıq. Onun dediyinə  görə,   foto arxivində    20 Yanvar faciəsi, Xocalı soyqırımıyla  bağlı silsilə  fotolar  yer alıb: ”Mən bu çəkdiyim fotoları  öz arxivimdə saxlamaqla kifayətlənmirəm. Hər il bu qanlı hadisələrin ildönümü günü həmin hadisələrlə bağlı fotolar müəyyən  dövlət və qeyri - hökumət təşkilatlarının  keçirdiyi  tədbirlərdə nümayiş olunur. Eyni zamanda İstiqlal Muzeyində də mütəmadi olaraq tədbirlərdə iştirak edirəm   fotolarım sərgilənir.  Hətta ötən il 20 Yanvar faciəsi ilə bağlı  olan 100-dən artıq fotomu  Dövlət İstiqlal Muzeyinə  hədiyyə etdim. Xatırladım ki, haqqında danışılan muzeydə bu faciənin ildönümü ilə bağlı  geniş tədbir keçirildi. Həmin tədbirdə  mənim fotolarım sərgiləndi və geniş auditoriya tərəfindən maraqla qarşılandı”.

Fotoqraf Azərbaycan tarixinin əsas hissəsini özündə əks etdirən  belə fotoların muzeyin arxivində  saxlanmasıyla fəxr etdiyini dedi: ”Axı, muzeyə gələn milyonlarla insan həmin fotoları görəcək və beləliklə, tarix unudulmayacaq və yaddan çıxmayacaq. 20 Yanvar faciəsiylə bağlı çəkdiyi fotoların yer aldığı  albomları dünyanın  bir sıra ölkələrində yayıram. Eyni zamanda mənim fotolarım bir sıra müəlliflərin yazdığı kitabların üz qabığında və ya içəri səhifələrində mövzuya uyğun olaraq yerləşdirilir. Eyni zamanda mütəmadi olaraq müxtəlif telekanallarda  bu faciələr haqqında çıxış edirəm və şəkilləri televiziya  tamaşaçılarına təqdim edirəm”.

 Tanınmış fotoqraf  bizimlə söhbətində qeyd etdi ki, 20 Yanvar faciəsi onun həyatında silinməz iz buraxıb: “Mən həmin  günlərdə meydanlarda  baş verənləri fotoaparatımın yaddaşına köçürdüm və illər sonra isə  o fotolar tarixin yaddaşına köçdü. Həmin  şəkillərin hər birində  faciənin dəhşətli anları  əks olunub. İstiqlal  Muzeyində  20 Yanvar şəhidlərinin  xatirəsinə həsr edilmiş  sərgidə nümayiş etdirilən fotolar  həmin faciənin ən ağrılı günlərini, anlarını özündə əks etdirən tarixi sənəddir.   həmin  illərin yadigarıdır”. Fotoqraf qeyd etdi ki,   bu  fotoların hər biri onun qanı bahasına çəkilib: “Belə ki, o illərdə, baş verən dəhşətli hadisələri lentin yaddaşına köçürən zaman,  imperiya  əsgərləri məni  meydanda gülləbarana məruz qoyublar. Amma o anda heç nə məni qorxurtmurdu, ölümün gözünə dik baxırdım   vətəndaşlıq borcunu yerinə yetirməli idim. Eyni zamanda çalışıram bu fotoların yer aldığı albom və broşurlar hazırlayım”.

“Həmin illərdə  imperiya  hər vasitə ilə  Azərbaycan xalqını  məhv etməyə çalışırdı. Əlimizdə olan foto və video  materialları  imperiyanın  aidiyyati  orqanları zorla ələ keçirir və   məhv edirdi. Amma mən bu cür dəhşət içərisində o fotoları çəkirdim”.

T.Cəfərovun qeyd etdi ki, belə tarixi hadisələri özündə əks etdirən fotoları  fotoqraflar öz arxivlərində saxlamayıb. AFB-nin arxivinə verməlidirlər ki, gələcək nəsillər ondan bəhrələnə bilsin və dövlət səviyyəsində keçirilən sərgilərdə nümayiş edilsin ki,  dünya bu dəhşətlərdən xəbərdar olsun.

Müharibənin- qanlı -qadalı döyüşlərin iştirakçısı olmuş fotoqraf Əlövsət Qasımov da qeyd etdi ki,  foto sənədli tarixi  bir faktdır: ”Mən o zaman qanlı-qadalı döyüşlərin getməsinə baxmayaraq, çalışdım  ki,  həmin anları  ətraflı əks etdirən  çoxsaylı  fotolar  çəkim. Çünki erməni vəhşiliklərini, vandalizmini dünyaya  çatdırmaq  üçün çəkilən  fotolar və yaxud görüntülər  əsaslı faktolardır. Müharibə zamanı  bu dəhşətləri görüb onlardan yan keçmək çətin  idi”. O qeyd etdi ki,   o zaman rayonda mədəniyyət evində işlədiyindən şəxsi fotoaparatı olub: ”Fotoaparatım olduğundan da  özümü odun-alovun içərisinə ataraq gördüyüm dəhşətləri    vandalizmi lentə aldım. O fotolarda düşmənlərin  müharibə qanununa uyğun  olmayan törətdiyi terror əksini tapıb. Ümumilikdə  müharibə səhnələrini əks etdirən 950-dən çox foto çəkmişəm. Həmin fotolarda təsvir edilən  insanların çoxu naməlum idi. Onu da söyləyim ki, həmin fotoların 930-dan çoxunu uzun axtarışdan sonra ailələrinə vermişəm. Amma bir qisim fotolar hələ də ünvanını tapmayıb”

Çəkdiyi çoxsaylı fotoların imkan daxilində bütün dünyaya müəyyən vasitələrlə çatdırmaq üçün intensiv çalışdığını qeyd edən fotoqraf bildirdi ki,  onun seçdiyi vasitələrdən  ən əsası sərgidir:” Çünki sərgiyə yüzlərlə və ya  minlərlə insanlar gəlir. Türkiyədə, Rusiyada , İngiltərədə  sərgilərim təşkil edilib. Bütün foto sərgilərimin keçirilməsində bir məqsəd var, qoy bütün dünya təkcə Azərbaycana yox,  bütün türk dünyasına vurulan  bu ağır zərbənin şahidi  olsun.  Çox zaman  ölkədən kənarda  keçirilən sərgilərə  mən gedə bilmirəm, amma  hər zaman  fotolarımı əyani vəsait kimi göndərirəm. Əsas fotolarımın yayılmasıdır”.

Onun dediyinə görə, müharibə ilə bağlı çəkilən bir çox filmlərdə onun müəllifi olduğu  fotolardan istifadə edilib:” “Ruhumun harayı” “Qarabağ çağırır bizi” və başqa  bir sıra filmlərdə fotolarımdan istifadə  olunub. Həmin filmlərdə işğal olunmuş  rayonların gözəlliyi, yəni keçmişi saz-söz ustalarının dili ilə verilib. Hətta gələcəkdə  fotoların yer aldığı  albom hazırlamaq fikrindəyik”.

Müharibənin dəhşətlərini lentin yaddaşına köçürərək, əsas tarixi sənəd olan  müəllifi olduğu fotoların vasitəsi ilə dünyaya çatdıran istedadlı fotoqraflardan biri də Azərbaycan Fotoqraf Birliyinin idarə heyətinin üzvü  Mirnaib Həsənoğludur. Mirnaib müəllimin həyat və yaradıcılığının böyük bir hissəsi  Qarabağ müharibəsinə həsr olunub: ”Fotovernisajda məhz bu seriya nümayiş olunub. “Qarabağ seriyası”ndan olan fotoşəkillərimin sayı  bir neçə yüzdür. Həmin şəkillər  məlumatverici, kompozisiyalı və realistdir. İnanın, şəxsi fotokameram  ilə birgə ən “qaynar” nöqtələrə səfər etmişəm. Və qaçqınların, onların məişətini və həyat şəkillərini çəkmişəm”. M. Həsənoğlunun sözlərinə görə, foto şəkil  yalnız onu dinləməyəndə səssiz olur. Fotoqrafın müharibə ilə bağlı çəkdiyi fotolara baxdıqda  həmin fotoların həqiqətən də danışdığının şahidi oluruq:” Fikrimcə,  müharibə-qaçqınlıq fotoqraf yaradıcılığının ən ağrılı mövzusudur. Hər bir foto şəkil ayrı qəmli hekayə, hər bir  süjet bütün xalqın kədəri və ağrısıdır”.

Müharibə mövzusunda çəkdiyi bütün şəkillərin ağ-qara  olduğunu deyən fotoqrafın fikrincə, müharibənin  bundan başqa rəngi yoxdur:” Və bəlkə də  rəng zidiyyəti ilə  ifadə olunan  “ağla” “qaranın” mübarizəsi, “işıqla” “zülmət” arasında daimi münaqişə, “müharibə” və “sülhün” qarşı-qarşıya durması foto işlərin seyrindən alınan  təəssüratı daha da artırır. Mən deyərdim ki,  mənim fotolarım həyatı iki yerə bölüb- “sülh” və “müharibə”. “Sülh”- müharibədən əvvəl olanlar- sakit həyat, ata evi, doğma torpaqda əmək, fərəhli uşaq gülüşü. Qalanları isə-”müharibə”.Dağıdan, öldürən, şikəst edən, doğma yurddan qovan müharibə. Baxmayaraq ki,  hazırda güllələr başın üzərindən vıyıldayıb  keçmir və insanlar təhlükəsiz  yerdədirlər, onların qəlbində qaynayan yara var, bu yaranın adı isə “müharibədir”.

M.Həsənoğlu müharibə silsiləsinə aid olan fotolarını xronoloji qayda da yerləşdirsək, onları  Qarabağ müharibəsinin salnaməsi adlandırmaq olar. Belə ki, bu mövzuya aid olan silsilə fotolarında  Azadlıq meydanında mitinqlər, ordunun şəhərə  daxil edilməsi, küçələrdə  minik avtomobilləri ilə birgə  yeriyən tanklar, qaçqınları doğma yerlərdən uzaqlara aparan yük maşınları ilə dolu yollar və s.  kimi ürək ağrıdıcı hadisələri təsvir etdiyi  fotolar fotoqrafın qalereyasında yer alıb. Əminik ki,  illər keçsə də, dəyərli sənət olan fotolar bizim bu, “qanlı” tariximizin kimlər tərəfindənsə danılmasına, təhrif olunmasına və unudulmasına  yol verməyəcək.

Onun  müharibə ilə bağlı silsilə fotoları bir sıra xarici ölkələrdə nümayiş olunub.

Biz də çox istərdik ki, bu faciələri özündə əks etdirən fotolar mütəmadi olaraq sərgilərdə, filmlərdə yer almaqla yanaşı, internetdə yerləşdirilsin və xarici ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri tərəfindən yayılsın və bütün dünya türk xalqına qarşı törədilmiş bu dəhşətləri görsün.

 

 

Günay ƏSƏDOVA

 

Paritet.- 2010.- 22-24 may.- S. 8.