“Hollandiyada “Azərbaycan cüdo günü” keçirilib

 

   Bu gün    diasporumuz   Azərbaycanı ölkədən kənarda layiqincə təmsil edir.  Belə ki, hazırda Hollandiyanın Maastrixt şəhərində fəaliyyət göstərən  Vahid,  Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik də keçirdiyi tədbirləriylə bu işə öz töhfəsini  verir.  Biz də ölkəmizdə qonaq olan sözügedən cəmiyyətin rəhbəri İradə Uluxanlı ilə həmsöhbət olub,   diasporumuzunn  Hollandiyada bugünkü vəziyyəti və onların həyata keçirdikləri və keçirəcəkləri  tədbirlər haqqında söhbət etdik.

-Cəmiyyətiniz əsasən  hansı  tədbirləri həyata keçirir?

- Azərbaycanı hər bir sahədə təmsil edirik. Təbii ki, bunlar da müxtəlif tədbirlər keçirilməsi şəklində olur. Azərbaycan siyasətini kitab yayımı şəklində təbliğ edirik. Bu yaxınlarda isə Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları təbliğ etdik. Hollandiyanın Margraten  şəhərində Azərbaycan idman günləri keçirildi. Həmin tədbirdə Azərbaycan cüdoçularının əldə etdikləri nailiyyətlər, müxtəlif beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıldı. Bundan başqa cəmiyyət olaraq Azərbaycanın milli-mədəni sərvətləri, milli bayramlarımızı təbliğ edirik. Bir sözlə cəmiyyətin fəaliyyəti genişdir və bütün sahələrdə Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq.

-Elə idmandan söz düşmüşkən,  bu yaxınlarda Hollandiyada  keçirdiyiniz “Azərbaycan cüdo günü”ilə bağlı məlumat verməyiniz maraqlı olardı?

- Aprelin 23 -də Hollandiyanın  Margraten bələdiyyəsinin ərazisində  “To-Zai” cüdo klubunda “ Azərbaycan cüdosu günü” keçirdik. Bu tədbiri  keçirməkdə məqsədimiz  Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətləri Hollandiya ictimaiyyətinə çatdırmaq olub. Mərasimin açılışında klubun rəhbəri Erik Klaessens (cüdo ustası, 4-cü dan qara kəmər) Azərbaycan idmançılarının əldə etdiyi uğurlardan bəhs edərək, onları alqışlayıb.Onun çıxışının ardınca Azərbaycanın tarixi, ədəbiyyatı, müasir, ictimai-siyasi durumu, işğal olunmuş ərazilərindən bəhs edən çeşidli ədəbiyyat klubun fonduna təqdim edilib. Sözügedən cüdo klubunun 10 yaşlı azərbaycanlı üzvü Cavidan Qasımov Azərbaycanı olimpiya oyunlarında təmsil etmiş çempion cüdoçularımız Elnur Məmmədli, Elman Qasımov və başqaları haqda klub üzvlərinə məlumat verib. “To-Zai” klubu da öz növbəsində Azərbaycana və onun idmançılarına olan maraqdan danışıb, gələcəkdə əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər. Dostluq rəmzi olaraq, Azərbaycan cüdoçularına dostluq hədiyyələri göndəriblər. Sonra klubun idmançıları Azərbaycan və Hollandiya bayraqları  ilə bəzədilmiş salonda xatirə şəkli çəkdiriblər.Tədbirin sonunda holland cüdoçularına içində Azərbaycan bayrağı həkk olunmuş saatlar və respublikamızı xatırladan hədiyyələr təqdim olunub.

Bundan başqa bizim təşkilat tərəfindən Hollandiyanın Heerlen şəhərində Novruz bayramı qeyd olunub. Bayram tədbirində  əsasən şəhərin yerli əhalisi iştirak edib. Mərasimə məhz  hollandiyalıların dəvət olunması ölkəmizi və milli adətlərimizi daha da geniş təbliğ etmək məqsədi daşıyır. Ümumiyyətlə, biz keçirdiyi bütün tədbirlərə məhz yerli əhalini cəlb etməyə çalışırıq ki, Azərbaycan həqiqətlərini Hollandiyada tanıtmaq imkanları daha da genişlənsin və Hollandiya xalqı ölkəmizi yaxından tanısın.

Qeyd edim ki, Heerlendəki Novruz şənliyinin açılışını Hollandiya məktəblisi, 13 yaşlı Samanta edib və qonaqları Azərbaycan dilində salamlayaraq onlara bu bayram haqqında məlumat verib.Bayram Cəngi sədaları altında başlanıb. Bu musiqinin müşaiyəti ilə holland məktəblisi Tristan Zinzen at üstündə hər tərəfdən Azərbaycan bayraqları ilə bəzədilmiş meydana daxil olaraq tonqala od vurub. Sonra 7 holland məktəblisi Azərbaycan dilində şeirlərlə qonaqların Novruz bayramını təbrik ediblər. Məktəbin toplantı zallarından birində isə fransız fleytaçı İzabel Dosne, alman pianoçusu Michail Tuner və fleytaçı holland məktəblilərinin ifasında Azərbaycan bəstəkarlarının klassik və milli musiqisi səslənib, milli rəqslərimiz ifa olunub. Türkiyədən isə Tokat Universitetinin dosenti, həmyerlimiz Lalə Hüseynova Azərbaycan bəstəkarlarının əsərlərini skripkada çalıb. Həmin otaqda Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikovun həyat və yaradıcılığından bəhs edən stendler də asılıb. Bayramın ən yaddaqalan məqamlarından biri sevimli mahnılarımızdan olan “Sarı gəlin”in sədaları altında bahar qızı 10 yaşlı Ashama Zinzenin meydana gəlməsi olub və şənlik iştirakçılarına plov təqdim edib. Sonra isə məktəbin müxtəlif millətlərdən olan şagirdləri “Yallı” rəqsini oynayıblar.

Tədbirdə milli adət-ənənələrimiz, tariximiz, musiqimiz və mətbəximizin geniş təbliği üçün bütün imkanlardan istifadə olunub. Azərbaycanın tarixi  və dövlətçiliyi ilə bağlı zəngin stendlər hazırlanıb. Bundan başqa holland qonaqlara Azərbaycanın işğal altında olan əraziləri, Dağlıq Qarabağ münaqişəsi haqqında broşurlar, kitablar paylanıb. Bayram haqqında ətraflı məlumat və yerli əhalinin təəssüratları “Limburgs Dagblad” və “De limburger” qəzetlərində dərc olunub.

-Azərbaycan həqiqətlərini holland ictimaiyyətinə çatdırmaq istiqamətində hansı işləri görürsünüz?

-Sözügedən istiqamətlərdə bu günə qədər keçirdiyimiz tədbirlər ümumi xarakter daşıyıb. Sırf Dağlıq Qarabağ problemi və ya Xocalı soyqırımı ilə bağlı tədbirlərimiz olmayıb. Ancaq cəmiyyətin keçirdiyi əksər tədbirlərdə adı çəkilən məsələlərə də diqqət yetirilib. Bununla yanaşı biz qeyd edilən məsələlərlə bağlı xüsusi tədbirlər keçirməyi nəzərdə tuturuq. Hesab edirəm ki, növbəti tədbirlərimiz bu istiqamətlərdə olacaq. Ümumiyyətlə isə Hollandiyada bu işlə məşğul olan bir neçə cəmiyyət var ki, onlar bir cəmiyyət halında birləşərək Azərbaycanın Dağlıq Qarabağ problemini bu ölkənin ictimaiyyətinə çatdırmağa çalışırlar. Həmin cəmiyyət Hollandiyada mütəmadi olaraq Dağlıq Qarabağ problemi ilə bağlı tədbirlər keçirir. Onu da qeyd edim ki, sırf siyasi xarakterli tədbirlər keçirəndə holland cəmiyyəti buna bir qədər başqa cür yanaşır, həmin tədbirlərdə iştiraka o qədər də maraq göstərmirlər. Ancaq başqa ad altında keçirilən tədbirlərdə həmin mövzuları da proqrama daxil edirik. Bu yolla nəsə əldə etmək olur. Həmin tədbirlərdə biz ən çox kitab yayımına üstünlük veririk.

- Hollandiyada Azərbaycan diasporunun bugünkü vəziyyəti necədir?

 -Etiraf etmək lazımdır ki, ümumilikdə Hollandiyada diasporamızın vəziyyəti istədiyimiz səviyyədə deyil. Ölkənin şimal bölgəsində cənuba nisbətən Azərbaycan diasporu daha aktivdir. Hesab edirəm ki, bunun da müxtəlif səbəbləri var. Birincisi, diasporamız  yerli əhaliyə qaynayıb qarışmalı, kifayət qədər inteqrasiya olunmalıdır ki, onları ələ ala bilsinlər. İkincisi, ondan ibarətdir ki, Hollandiyada erməni təbliğatı bizə nisbətən daha güclüdür. Ancaq sağlam yolla təbliğata qaldıqda, əlbəttə ki, Azərbaycan diasporu qonşularımıza nisbətən daha sağlam təbliğat üsullarından istifadə edir.

-Hollandiyada fəaliyyət göstərən  erməni diasporunun Azərbaycan diasporuna təsiri və sizin təşkil etdiyiniz bu və ya digər tədbirləri pozmağa çalışırlarmı?

-Təbii ki, dünyanın hər bir ölkəsində olduğu kimi Hollandiyada da ermənilər Azərbaycan diasporunun fəaliyyətinə mane olmağa çalışırlar. Ermənilər Hollandiyada hakimiyyət orqanları kimi yerli əhalini ələ ala biliblər. Onlar bizim keçirdiyimiz bu və ya digər tədbirlərə mane olmağa çalışsalar da, istənilən nəticəni əldə edə bilmirlər. Çünki həqiqət həmişə zəfər çalır. Çünki yalan nə qədər ayaq açıb yerisə də, bir gün dayanacaq. İstənilən halda ermənilər müxtəlif vasitələrlə Azərbaycan diasporunun fəaliyyətinə mane olmağa çalışsalar da, istənilən nəticəni əldə edə bilmirlər.

-Keçirdiyiniz tədbirlərdə iştirakçılara təqdim etdiyiniz  kitab və broşurları hardan əldə edirsiniz?

 -İlk olaraq onu qeyd edim ki,  Azərbaycanla bağlı hollandlarda müəyyən qədər  informasiya yaradacaq qədər kitablar var.  Orda hər təqdim olunan  kitabı götürmürlər. Biz Maastrixt şəhərindəki Mərkəzi Kitabxanaya  ingilis dilində üç kitab verdik hansı ki, Azərbaycanın ictimai siyasi vəziyyətini əks etdirir. Bir neçə gündən sonra  gördük həmin kitabları “Erməni guşəsinə” qoyublar. İsrarlı təkidimizlə həmin kitabları Azərbaycan guşəsinə yerləşdirdilər.    Cəmiyyət olaraq bizim Diasporla İş üzrə Dövlət Komitəsi ilə çox gözəl əməkdaşlığımız var və Dövlət Komitəsi istədiyimiz materialı, vəsaiti bizə ayırır.  Belçika və Niderlanddakı  səfirliklərimiz də bizə lazımi qədər material, təbliğat vasitəsi verir və biz də onlardan istifadə edirik. Ümumiyyətlə, cəmiyyət olaraq bu sahədə bizim heç bir problemimiz yoxdur.

-Hər hansı bir qurumdan təşkilatınıza maliyyə dəstəyi varmı?

- Rəsmi fəaliyyət göstərdiyimiz beş il ərzində  heç bir mənbədən maliyyə yardımı görməmişik və keçirdiyimiz tədbirlərdə müəyyən məkanlarda gerçəkləşir. Bir müddət əvvəl orta  məktəblərdən birində  tədbir keçirdik. Həmin məktəbin tələbələri kiçik bir aksiya keçirdilər, büdcə düzəltdilər və başqa bir humanitar cəmiyyətdə bizə maliyyə yardımı etdi. Artıq cəmiyyətimizin büdcəsində müəyyən miqdarda vəsait yarada bilmişik. Büdcəmizdə toplanmış həmin maliyyəyə uyğun olaraq layihəmiz  çərçivəsində Azərbaycanda  Gözdən Əlillər Cəmiyyətinin nəzdindəki məktəb ləvazimatları alıb verəcəyik.  Çünki bu layihə çərçivəsində,  ancaq biz məktəb ləvazimatları almalıyıq.  Kefiyyət baxımından nəzərdə tutulub ki, bu ləvazimatlar xaricdən alınıb gətirilməlidir. Yayda bu layihəni gerçəkləşdirəcəyik.

-Bu günlərdə cəmiyyətiniz  hansısa layihə keçirməyi nəzərdə tutub?

-Yaxın bir həftə ərzində cəmiyyət özünün növbəti tədbirini keçirdi. Ona görə də yaxın günlərdə cəmiyyətin hansısa tədbiri planlaşdırılmayıb. Ola bilsin ki, yaxın iki-üç ay ərzində Hollandiyada Azərbaycan Musiqi Günləri keçirildi. Həmin tədbirdə Fransa və Almaniyadan gələn musiqiçilər iştirak edəcək. Onlar bizə Azərbaycan musiqilərini səsləndirməyə maraqlı olduqlarını bildiriblər. Bizdən notları istəyiblər ki, biz Azərbaycan musiqisi ifa etmək istəyirik. Bakıdan Hollandiyaya qayıtdıqdan sonra həmin tədbirə hazırlıq istiqamətində ciddi məşğul olacağıq. Amma Azərbaycan Musiqi Günlərinin hansı şəhərdə keçiriləcəyi hələlik tam dəqiqləşməyib. Çünki həmin musiqiçilərin bir hissəsi Fransada, digər hissəsi isə Almaniyada yaşayır, orada fəaliyyət göstərirlər. Onlar tez-tez Hollandiyanın Maastrixt şəhərinə gəlirlər. Hətta həmin musiqiçilərdən biri bizim bir müddət əvvəl keçirdiyimiz tədbirdə fleytoda “Sarı gəlin” əsərini ifa etmişdi. Ondan sonra həmin şəxs bildirmişdi ki, biz qrup şəklində mütləq yenidən həmin əsəri, eləcə də bir sıra Azərbaycan mahnısını ifa etmək istəyirik.

-Holandiyada keçiriləcək Azərbaycan Musiqi Günlərində Azərbaycanın incəsənət xadimlərinin də iştirakı nəzərdə tutulubmu?

-Budəfəki tədbirdə Azərbaycan incəsənət ustalarının iştirakı nəzərdə tutulmayıb. Cəmiyyətin bir müddət əvvəl keçirdiyi tədbirdə Azərbaycanı Türkiyədə təmsil edən, gözəl skripkaçımız Lalə Hüseynova iştirak edirdi. Həmin xanım Türkiyənin Tokat Universitetinin dosentidir və dəvətimizi qəbul edərək Hollandiyaya gəldi, təmannasız olaraq bizim tədbirdə iştirak etdi. Lalə Hüseynova həmin tədbirdə gəldi həm  özü ifa etdi, həm də uşaqlarla məşğul oldu. O,  Arif Məlikov, Fikrət Əmirov, Qara Qarayevin əsərlərini ifa etdi. Lalə xanımın çıxışı orda mətbuatda işıqlandırıldı.

-Təşkilatınızın saytı varmı?

-İlk olaraq onu qeyd edim ki,  ötən illər də qədər bizim tədbirlərimiz böyük miqyaslı deyildi.   Amma  2008-ci ildən  etibarən biz daha geniş miqyaslı tədbirlər həyata keçirməyə başlamışıq. Bu genişmiqyaslı tədbirlər səbəb olub ki,  bu gün Diasporla İş üzrə Dövlət Komitəsi də bizim fəaliyyətimizlə maraqlanır və işbirliyi yaratmaq istəyir, eyni zamanda mətbuat fəaliyyətimizlə maraqlanır. Elə bu səbəbdən də təşkilatımızın rəsmi saytını bu günlərdə yaradacağıq.

 

 

GÜNAY

 

Paritet.- 2010.-22-24 may.- S. 10.