Dəyişən Azərbaycan dünya üçün nümunədir

 

Azərbaycan iqtisadiyyatın şaxələndirilməsiini uğurla həyata keçirir

 

 Artıq neçə ildir ki, Azərbaycan iqtisadiyyatı misli görünməmiş inkişaf sürətini qoruyub saxlayır. Sosial-iqtisadi sahədə əldə olunan müsbət dəyişiklikləri nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb. Respublikamız iqtisadi inkişaf sürətinə görə dövlətlər arasında liderlər sırasına çıxıb. Dövlətçiliyin möhkəmləndirilməsi, enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin artırılması, regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması istiqamətlərində əhəmiyyətli nailiyyətlər qazanılıb.

 Məlum olduğu kimi, son illər ərzində baş verən qlobal maliyyə-iqtisadi böhranının dünya iqtisadiyyatına təsiri davamlı xarakter almaqla əksər ölkələrdə, o cümlədən Avropa İttifaqı və MDB məkanında ümumi daxili məhsulun azalması müqabilində respublikamızda daim iqtisadi artım müşahidə olunub. Bununla yanaşı ardıcıl olaraq aparılan genişmiqyaslı islahatlar ölkəmizi dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin etibarlı tərəfdaşına çevirib. Respublikada həyata keçirilən uğurlu iqtisadi siyasətin əsas prioritetlərindən sayılan xarici ticarətin daha da liberallaşdırılması, idxal-ixrac əməliyyatları üzrə gömrük prosedurlarının sadələşdirilməsi, xarici iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsi və maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi istiqamətində son dövrlərdə xeyli iş görülüb. Müxtəlif sahələrdə həyata keçirilən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası səngimədən davam etdirilir.

Dünya maliyyə böhranının aparıcı dünya ölkələrinin iqtisadiyyatına təsirsiz ötüşmədiyi bir vaxtda respublikamızın iqtisadiyyatında baş verə biləcək hər hansı mənfi təsirə qarşı qabaqlayıcı tədbirlər də görülüb.

 Dünyada mövcud olan qlobal maliyyə böhranı şəraitində belə dövlət başçımızın təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilib. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq alınmasına görə dövlət rüsumunun məbləğləri də azaldılıb.

Burada bir məqama diqqət yetirmək lazımdır ki, beynəlxalq böhran şəraitində ölkəmizdə sosial-iqtisadi siyasətin uğurla davam etdirilməsi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlığa dəstəyin artırılmasına, geniş abadlıq-quruculuq işlərinin aparılmasına, əhalinin aztəminatlı təbəqəsinin sosial-müdafiəsinin gücləndirilməsinə, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsinə yeni imkanlar yaradıb.

Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bu haqda danışaraq deyib ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilib: “Biz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşuluruq. Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam edirdi, bu dinamika saxlanılırdı”.

Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunlarına həsr edilən iclasda da Prezident iqtisadi böhradan zərərsiz çıxmağımızn səbəblərini açıqlayıb: “Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər belə olmasaydı, biz bu böhran aylarında özümüzü o qədər arxayın hiss etməzdik. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabətqabiliyyətliliyinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı. Məhz ona görə biz birinci yeri tutmuşuq ki, iqtisadiyyatımız çoxşaxəlidir, bir sektordan asılı deyildir. Neft-qaz sənayesi, güclü neft-qaz potensialımız, o sektora cəlb edilən investisiyalar, onlardan düzgün istifadə edilməsi bizə imkanlar yaratdı ki, iqtisadiyyatımızı şaxələndirək. Bu gün biz buna nail ola bilmişik və dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 51-ci yerdədir. Bu, çox böyük uğurdur, böyük nəticədir. Əminəm ki, biz bu yüksək yerləri daim əlimizdə saxlayacağıq”.

Azərbaycandakı sosial-iqtisadi inkişafı, makroiqtisadi artımı ölkəmizə səfər edən rəsmi qonaqlar da etiraf edirlər. Əlbəttə, bütün bunları onlar da çox sevinclə qarşılayırlar. Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan da Azərbaycana son səfərində bu sevinci Prezident İlham Əliyevlə paylaşıb. O bildirib ki, bir il əvvəlki Azərbaycanla indiki Azərbaycan arasındakı çox böyük fərq var. Baş nazir sürətlə inkişaf edən, dəyişən Azərbaycanı dünya üçün nümunə hesab edib: “Bunu dəyişdirən lider vardır. Azərbaycan dünyada hökm sürən iqtisadi böhrandan uğurla çıxan və vəziyyəti daha yaxşı qiymətləndirən ölkələrdən biri olub”.

Qeyd edək ki, Azərbaycan iqtisadi uğurlarını bir sıra beynəlxalq təşkilatlar da təsdiq edirlər. Belə ki, Ümumdünya İqtisadi Forumunun 2009-2010-cu illərdə Dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında hesabatında (The Global Competitiveness Report 2009-2010) bildirilib ki, Azərbaycan iqtisadiyyatı əhəmiyyətli sıçrayış nümayiş edib. Hesabata əsasən, builki nəticələrə görə Azərbaycan 18 pillə irəliləyib və 51-ci yerdə qərarlaşıb: “Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azaldılması ilə səciyyələnir”.

Sənəddə həmçinin ölkədə bəzi problemlər yarada biləcək yüksək inflyasiya tempi, eləcə də bazarların (xüsusən əmək və əmtəə bazarlarının) səmərəliliyinin artırılması zərurəti qeyd olunur. Əmək bazarının göstəricilərinə görə Azərbaycan ötən ilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Ölkəmizin əmtəə bazarı üzrə göstəricilərində isə 18 pillə sıçrayış qeydə alınıb - 89-cu pillədən 71-ci pilləyə.

İnkişaf göstəriciləri sırasında fərdi biznesin qeydiyyatı üçün müddətin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də müsbət faktor kimi qeyd olunub.

DİF-in yaydığı məlumatda qeyd edilir ki, ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmədə üçün 133 ölkədə 13 min sahibkar arasında sorğu da keçirilib.

2009-2010-cu illəri əhatə edən bu hesabata görə İsveçrə dünyada rəqabətliliyinə görə birinci yerdədir. ABŞ aşağı maliyyə sabitliyi göstəricilərinə və makroiqtisadi sabitlik sahəsində problemlərə görə keçənilki birinci yerini itirib, ikinci sıraya düşüb. Sinqapur üçüncü sıraya yüksəlib. Braziliya, Çin və Hindistanda da irəliləyişlər olub. 133 ölkəni əhatə edən hesabatda ilk beşlikdə  İsveç və Danimarka da var. Rusiya keçən ilki yerinə baxanda 12 pillə geriləyib. Liderlər sırasına postsovet məkanından yalnız Estoniya düşə bilib. Qonşu Qafqaz ölkələrindən Gürcüstan 90-cı, Ermənistan - 97-ci yeri tutub.

BMT-nin “2010-cu il üzrə dünyanın iqtisadi mənzərəsi və perspektivləri” adlı məruzəsində isə qeyd edilib ki, Özbəkistan, Azərbaycan və Türkmənistan iqtisadiyyatı daha uğurlu nəticə göstərib. Məruzədə bildirilir ki, bu ölkələrdə 2009-cu ildə 6,7% azalma olsa da, 2010-cu ildə ümumi iqtisadi artım 1,7% təşkil edəcək. Məruzəyə görə, dünyanın və MDB-nin əksər ölkələrində iqtisadiyyatın azalması baş verdiyi halda Özbəkistan, Azərbaycan və Türkmənistanda ÜDM-in artımı müşahidə edilib. BMT-nin proqnozuna görə, 2010-cu ildə bu ölkələrdə iqtisadi artım davam edəcək və hətta Hindistanı də ötəcək. Tacikistan və Qırğızıstanın kiçik iqtisadiyyatı da 2009-cu ildə tənzzüldən qurtula bilib. MDB-nin digər ölkələrində vəziyyət xeyli pis olub. Ötən il azalan Qazaxıstan iqtisadiyyatı bu il böhrandan əvvəlki səviyyəyə qalxacaq. Ancaq Belarusiya, Gürcüstan və Moldova öz iqtisadiyyatlarını böhrandan əvvəlki səviyyəyə qaytara bilməyəcəklər.

Xatırladaq ki, 2008-ci ilin ikinci yarısından etibarən dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində “Standard & Poors” şirkətinin reytinqini yenidən qiymətləndirdiyi ölkələr sırasından reytinqin müsbət istiqamətdə dəyişməsi ilk dəfə olaraq məhz Azərbaycan  üçün qeydə alınıb.

Dünyada maliyyə böhranının zəifləməsi, dünya bazarlarında enerjidaşıyıcılarına münasib qiymətlərin bərqərar olması 2010-cu ildə Azərbaycan iqtisadiyyatının inkişafı, xalqın rifah halının yaxşılaşdırılması üçün əlverişli zəmin yaradır. Belə bir şəraitdə həyata keçirilən sosial-iqtisadi siyasət, dövlət proqramları və regional layihələrin icrası qarşımızda yeni vəzifələr qoymaqla islahatların davamlı olmasını tələb edir.

 

 

F.HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 25-26 may.- S. 1;4.