Təbii fəlakət zonasında vəziyyət ümumilikdə nəzarət altındadır

 

Əhaliyə dəymiş ziyana görə kompensasiyalar, fermerlərə isə güzəştli kreditlər veriləcək

 

Hacıqabulda bənd dağılıb

 

 Mayın 23-də Hacıqabul rayonunun Birinci Meyniman kəndi yaxınlığında Kür çayında bəndin təqribən 30-40 metrlik hissəsinin dağılması nəticəsində daşqın suları kənd ərazisinə axıb. Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası dağılmış bəndin bərpası və bərkidilməsi işlərinə başlayıb. Su basmış ərazidə köməksiz qalmış 4 kənd sakini çevik müdaxilə nəticəsində FHN-nin iki vertolyotu vasitəsilə xilas edilib.Eyni zamanda, FHN-nin Mülki Müdafiə Qoşunlarının və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının köməyi ilə kənd əhalisinin bir hissəsi - qadınlar, uşaqlar, qocalar köçürülüb.

Fövqəladə Hallar Nazirliyindən bildirib ki, təqribən  70 ev qismən daşqın sularının əhatəsində qalıb. Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovun məlumatına görə, hadisə qəflətən baş verib. Bu yerdə bəndin yarılacağı gözlənilmirdi. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin, eləcə də rayonun idarə, müəssisə və təşkilatlarının  bütün texnikası cəlb olunub. Bəndin bərkidilməsi istiqamətində tədbirlər həyata keçirilir. Mühafizə bəndi qurulur.

İndi Kür boyu ərazilərdə təhlükəli vəziyyət yaranan yerlərdən biri də Salyan rayonunun Sarvan kəndidir. Baş Mil-Muğan kollektorunun bu hissəsində suyun daşması müşahidə olunur.

Salyan Rayon Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynov deyib ki, təhlükəli vəziyyət yaranmış yerlərdən biri də, Bakı-Astara magistral yolunun kollektorun üzərindən keçən körpüsüdür. Həmin yerdə su bir neçə metr də qalxarsa körpü su altında qala bilər.

E.Hüseynovun sözlərinə görə, ərazidə suyun otlaq sahələrinə axıdılması üçün 4 yerdən bəndlər açılıb. Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin texnikası və canlı qüvvəsinin, habelə yerli sakinlərin köməyi ilə bəndbərkitmə işləri davam etdirilir.

 

Kür və Araz çaylarında suyun səviyyəsində azalma müşahidə olunur

 

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Kür, Araz və Qanıx çaylarında səviyyə fərqi və su sərfi haqqında məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata əsasən, mayın 24-ə olan məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi 396 sm, su sərfi 640 m3/s təşkil edir, səviyyə 6 sm azalıb. Yevlaxda səviyyə 7 sm azalıb, hazırda burada suyun səviyyəsi 392 sm, su sərfi 731 m3/s təşkil edir. Zərdabda səviyyə 774 sm, su sərfi 906 m3/s təşkil edir, səviyyə 1 sm artıb. Surrada suyun səviyyəsi 13 sm (səviyyəsi 928 sm, su sərfi 1815 m3/s), Şirvanda 27 sm (səviyyə 815 sm), Salyanda 7 sm (səviyyə 813 sm, su sərfi 1600 m3/s) azalıb. Bankədə hazırda suyun səviyyəsi 488 sm təşkil edir, yəni səviyyə dəyişməyib.

Araz çayının Novruzlu məntəqəsində səviyyə 706 sm, su sərfi 729 m3/s təşkil edir, səviyyə 11 sm azalıb. Qanıx çayının Əyriçay məntəqəsində isə səviyyə 6 sm artıb, hazırda burada səviyyə 768 sm, su sərfi 305 m3/s təşkil edir.

 

Araz çayının yeni qolu  7 rayonun ərazisini əhatə edəcək

 

 “Daha kritik hal yaranarsa, Araz çayından yeni qol açılacaq”.APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, bunu İmişlidə yaradılmış operativ qərargahda jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin prezidenti Əhməd Əhmədzadə deyib. O bildirib ki, Arazın ikinci qolunun açılmasında məqsəd çayda yaranmış sululuğu azaltmaq və Kür çayının səviyyəsini aşağı salmaqdır.

Araz çayının yeni qolu 130 kilometr məsafədə Azərbaycanın 7 rayonunun ərazisini əhatə edəcək. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, bu məsafədə xüsusi mülkiyyət, dövlət və bələdiyyə torpaqları yerləşir: “Dövlət torpaqları təxminən 75 min hektardır. Xüsusi mülkiyyət torpaqları ən çox İmişli rayonu ərazisindədir - 1400. Neftçala rayonunda 400 hektar pay torpağıdır. Qalan bütün rayonlarda isə dövlət torpaqlarıdır. Bələdiyyə torpaqları da ən çox İmişli ərazisindədir - 600 hektar. Bunları ilkin olaraq xəritə materialları əsasında müəyyənləşdirmişik. Daha dəqiq koordinatlar əldə etmək üçün xüsusi qruplar yaratmışıq və onları lazımi avadanlıqlarla təmin etmişik”.

 

Hər şey nəzarət altındadır

 

Xatırladaq ki,  ən çox ziyan Kür çayının daşması nəticəsində Sabirabad, qismən də Saatlı, İmişli, Kürdəmir və Hacıqabul rayonlarına dəyib. Sabirabad rayonunda vəziyyətin kritik həddə çatan kəndlərinin sakinləri Şirvan şəhərində müvəqqəti çadır şəhərciklərində məskunlaşmalı olublar. Hazırda Şirvan şəhərindəki çadır düşərgəsində 1500 nəfərə qədər insan yerləşdirilib. Burada qurulan 176 çadıra Sabirabadın 9 kəndinin, əsasən Dadaşbəyli və Qaragünə kəndlərinin sakinləri köçürülüb. Bu rayonların bəzi əhalisi isə qonşu rayonlardakı qohumlarının evinə müvəqqəti köçməli olublar.

Azərbaycanda əvvəlki illərdə də belə hallar olub, amma bu dərəcədə təbii fəlakətlə demək olar əhalimiz ilk dəfədir ki, üzləşir. Hələ ki, Kürün səviyyəsinin qalxması davam edir və bu hər an növbəti ciddi fəsadlar yarada bilər. Ona görə də təbil fəlakət sonzasında bütün aidiyyəti dövlət qurumları tərəfindən gecə-gündüz qabaqlayıcı tədbirlər görülür. Prezident İlham Əliyevin diqqəti ilə vəziyyət ümumilikdə nəzarət altındadır.

 Bu günlər ərzində vəziyyətlə ölkə baçımız   maraqlanır və məsələnin ciddiliyini nəzərə alaraq ölkə başçısı mayın 7-də müşavirə keçirərək müvafiq göstərişlər verib. Prezident İlham Əliyev həmin müşavirədə dəymiş ziyanı aradan qaldırmaq, insanlara kömək etmək üçün Azərbaycanın bütün müvafiq qurumlarının əlindən gələni etdiklərini deyib: “Bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Əlbəttə ki, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirləri görəcəyik”. (AzərTAc)

Bu məsələ ilə bağlı Prezident tapşırıb ki, bütün lazımi tədbirlər operativ şəkildə görülməlidir: “Məsələnin kompleks şəkildə həlli haqda tədbirlər planını hazırlamalıyıq. Çünki heç kim təminat verə bilməz ki, növbəti illərdə də biz bu problemlərlə üzləşməyəcəyik. Ona görə kompleks tədbirlərin görülməsi və kompleks planın hazırlanması prosesi başlanmalıdır, tezliklə bu təkliflər verilməlidir. Lazım olsa, dövlət büdcəsində düzəlişlər edilməlidir. Əlavə vəsaitin ayrılması qaçılmazdır”“.

 

Bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir

 

 “İlk növbədə kompleks tədbirlər hazırlanmalıdır”-deyən ölkə başçısının fikrincə, daha da ciddi və daha da böyük həcmdə sahilbərkitmə işləri aparılmalıdır: “Bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir. Harada lazımdırsa beton işləri aparılmalıdır ki, sahillər bərkidilsin. Sahilboyu yerlərdə tikilmiş qanunsuz evlər oradan köçürülməlidir”.

Vəziyyət günü-gündən pisləşdiyindən mayın 11-də Prezident  gedərək Şirvan şəhərində çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüşdü.  Dövlət başçısı  çadırlarda insanlar üçün yaradılmış şəraitlə də diqqətlə tanış oldu. Elə həmin gün Şurvan şəhərində Prezident təbii fəlakətlə bağlı keçirdiyi səyyar müşavirədə bir daha öz tapşırıqlarını verib və qeyd edib ki, görülən tədbirlər nəticəsində daha da böyük bəladan özümüzü qurtara bildik. Prezident deyib ki, bütün məmurlar, vəzifəli şəxslər, nazirliklər, dövlət qurumları, yerli icra orqanları bir komanda şəklində işləməlidirlər.

Qeyd etdiyimiz kimi bütün texnika, bütün müvafiq qurumlar, rayonların əhalisi əraziyə səfərbər olunub. Hazırda Fövqəladə Hallar Nazirliyinin, təxminən 2 min nəfər şəxsi heyəti və 700-ə qədər texnikası bu bölgədə, bir də Saatlı, Neftçala, Salyan, Kürdəmir, Zərdab zonalarında çalışır. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən müavinlər səviyyəsində yaradılmış qərargah 24 saat ərzində fəaliyyət göstərir və əhaliyə lazimi köməyin göstərilməsi ilə məşğul olurlar. FHN tərəfindən buraya motorlu kiçik rezin qayıqlar gətirilib. Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin mütəxəssisləri əhalisi köçürülən qəsəbə və kəndlərdəki evlərin hamısını 24 saat ərzində mühafizə edirlər. Yeri gəlmişkən DİN-nin 1500 nəfərdən çox şəxsi heyəti əraziyə cəlb edilib.

Bəndlərin bərpası işində isə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, “Azərkörpü”, “Azərenerji” şirkətlərinin, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin qüvvələri iştirak edirlər. Bəndlərin bərpasında, harada kı, əl ilə iş gedir, bu işləri Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mindən çox mütəxəssisi ümumi nəzarət altında həyata keçirirlər.

Fəlakət zonasında əhaliyə tibbi xidmət də göstərilir. Camaatın yerləşdirildiyi müvəqqəti yerlərə həkimlər səfərbər edilib. Orada dava-dərmanla bağlı nə lazımdır olunur, təcili yardım maşınları var. Gün ərzində həkimlər növbədədirlər.

 

Fəlakət zonasında zərər çəkmiş əhali kompensasiya alacaq

 

Həmçinin Nəqliyyat Nazirliyi tərəfindən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlər görmək üçün dərhal xeyli sayda texniki vasitələr göndərilib. Nazirlikdən aldığımız məlumata görə, yolları normal vəziyyətə gətirmək istiqamətində tədbirlər həyata keçirilir.

Xatırladaq ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması haqqında ötən həftə Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Hökumət Komissiyasına təbii fəlakətdən ziyan çəkmiş insanlara hər cür yardımın edilməsi, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etmək və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görmək tapşırlıb. Eyni zamanda göstərilib ki,  gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təklifləri 2 ay müddətində hazırlanıb   Prezidentə təqdim edilməlidir.

Hazırda əhaliyə dəymiş ziyan da mütəxəssislər tərəfindən araşdırılır. İqtisadi inkişaf naziri Şahin Mustafayev    vətəndaşlara dəymiş ziyanla yanaşı, sahibkarlıq subyektlərinə dəymiş ziyanın da hesablanacağını söyləyib. Nazir bildirib ki, ödəniləcək kompensasiyalarla yanaşı, fermerlərə güzəştli kreditlərin verilməsi məsələsinə də baxılacaq: “Fəlakət zonasında zərər çəkmiş əhali kompensasiya alacaq. Bu istiqamətdə hökumət bütün tədbirləri görür”.Ş. Mustafayev əlavə edib ki, təbii fəlakət zonasındakı sahibkarlara verilmiş kreditlərin faizlərinin dondurulması məsələsinə də baxılacaq.

Səhiyyə Nazirliyinin    mətbuat xidmətindən APA-ya verilən məlumata görə isə , bu günə kimi ərazidə məskunlaşmış 4 minə yaxın insan tibbi müayinədən keçib, 150 nəfər hospitallaşdırılıb. Ümumilikdə 79 hamilə qadın qeydiyyata götürülüb ki, onlardan da 14-ü artıq azad olublar. Dünyaya gəlmiş 8 qız və 6 oğlan uşağının, həmçinin anaların vəziyyəti yaxşıdır. Zahı qadınlardan 10-u bütün dərman, geyim, bezlər, xüsusi uşaq qidaları, hətta uşaq arabaları ilə təmin olunaraq evə buraxılıblar. Öz evlərində lazımı şərait olmayan iki zahı qadın uşaqları ilə birgə tibb işçilərinin evlərində qalırlar. Qalan 4 zahı, eləcə də hamiləliyin son aylarında olan 10 qadın hələ də doğum evlərindədir.

Səhiyyə Nazirliyi tərəfindən tibbi və sanitar qaydalar tam nəzarətdə saxlanır və bu qayda təhlükə aradan qalxanadək davam edəcək.

 

 

FUAD

 

Paritet.- 2010.- 25-26 may.- S. 2.