"Kosmonavt hazırlamağa tam hüquqlarımız var"

 

Bu məsələ 2010-2014-cü illəri əhatə edən proqrama salınıb

 

Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) direktoru Alçın Şirinzadənin APA-ya müsahibəsi

 

- Hazırda MAKA tərəfindən bu sahədə hansı işlər həyata keçirilir?

- Ötən ilin avqust ayında dövlət başçısı kosmik sənayenin yaradılması ilə bağlı sərəncam imzaladı. Bu proqram çərçivəsində kosmik sənayenin yaradılması, peyklərdən məlumatların alınması, emalı və qorunması MAKA-ya həvalə edilib. Yəni Azərbaycanda kosmik sənayenin yaradılmasında əsas rollardan biri, bəlkə də birincisi bizim agentliyə tapşırılıb. Öz növbəsində bizim agentlik Müdafiə Sənayesi Nazirliyinin işçiləri ilə birlikdə bu sənayeni yaratmaqdan ötürü xüsusi proqram hazırlayıb.

Bu proqram 4 ay ərzində hazırlanıb, agentliyin nəzdində olan institutların elmi şuralarından keçib və MAKA tərəfindən qəbul olunub. Ümumilikdə 150 səhifədən ibarət olan bu proqramda kosmik sənayenin yaradılması ilə bağlı görüləcək işlər və s. əks olunub. Bu proqramda avadanlıqların alınması, gələcəkdə həmin avadanlıqların MSN-in nəzdində olan zavodlarda istehsalı, ölkə daxilində və xaricdə - xüsusilə ABŞ, Fransa, Rusiyada kadrların hazırlanması, işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, agentliyin nəzdindəki idarələrin yenidən qurulması, laboratoriyaların yaradılması və s. göstərilib.

Proqram 2010-2014-cü illəri əhatə edir. Artıq proqram MSN tərəfindən Nazirlər Kabinetinə təqdim olunub. İlk rəy müsbətdir. Hazırda digər qurumların rəyləri toplanılır. Hesab edirəm ki, proqram yaxın zamanlarda təsdiq olunacaq.

-  MAKA-nın vaxtilə mövcud olmuş peykaltı poliqonlarının qurulması ilə bağlı layihələriniz də var idi. Hazırda həmin layihələr hansı mərhələdədir?

- Agentliyin nəzdində ötən əsrin 70-ci illərindən poliqon fəaliyyət göstərir. Sadəcə olaraq, 1988-ci ildən sonra poliqondan lazımi səviyyədə istifadə olunmayıb. Amma fəaliyyət planımızda poliqonun genişləndirilməsi, bu poliqonun dünya standartlarına uyğun səviyyədə tikilməsi əksini tapıb. Hazırda Nabranda yerləşən poliqonda bizim institutlarımızda hazırlanan maketlər, avadanlıqlar təcrübə sınaqlarından çıxarılır. Həmin poliqonun məqsədi institutlarda elmi əsaslarla yaradılan cihazların MAKA-nın zavodlarında hazırlanmaqla sınaqdan çıxarılmasından ibarətdir. Gələcəkdə bu poliqon daha da genişləndiriləcək. Bizim Mingəçevirdə də sahələrimiz var. Orada tikinti işləri yarımçıq qalıb. Mingəçevirdə 420 yerlik xüsusi mühəndislər hazırlamaq üçün təlim kombinatı tikməyi planlaşdırırıq.

- MAKA-nın tərkibindəki zavodda istehsal prosesi mövcuddurmu?

- MAKA-nın nəzində bir zavod - Kosmik Cihazqayırma Təcrübi Zavodu fəaliyyət göstərir. Həmin zavod 2006-cı illə müqayisədə hər il plan tapşırığını 25% artırır. Nəzərdə tutmuşuq ki, 2011-ci ildə zavodun plan tapşırığını 500 min manat məbləğinə çatdıraq. Hazırda zavodda avadanlıqların yeniləşdirilməsi prosesi gedir. Ötən il 11 yeni avadanlıq alıb yerləşdirmişik. Sadəcə olaraq, fəaliyyət proqramımız təsdiqləndikdən sonra bu zavod da inkişafının yeni mərhələsinə başlayacaq.

- Perspektivdə hansı məhsulların istehsalını vacib sayırsınız?

- Fəaliyyət proqramımızda 2014-cü ildə xüsusi peyk buraxmaq nəzərdə tutulur. Bu peyk məsafədən zondlama məsələlərində istifadə olunacaq. Belə bir peykin buraxılması böyük maliyyə vəsaiti tələb edən layihədir. Bundan başqa, mikro peyklərin buraxılması da həmin proqramda əksini tapıb. Sadəcə olaraq, proqram təsdiq ediləndən, maliyyə məsələləri həllini tapandan sonra mərhələli şəkildə yerinə yetiriləcək.

-  Ümumilikdə qeyd etdiyiniz proqramın dəyəri nə qədərdir?

- Bizim təxmini hesablarımıza əsasən 5 il ərzində proqramın yerinə yetirilməsinə təqribən 500 milyon manat investisiya lazımdır. Bunun 350 milyon manatı peykin buraxılmasına sərf olunacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin buraxacağı peyk sırf informasiya məqsədli olacaq. Bizim planlaşdırdığımız peyk isə məsafədən zondlama funksiyasını yerinə yetirəcək. Yəni kosmosdan yerin öyrənilməsi üçün istifadə ediləcək. Bütün inkişaf etmiş ölkələrdə belə peyklər var. Kosmonavt göndərmək də bizim arzumuzdur.

-  Ümumiyyətlə, proqramınızda kosmonavt hazırlığı nəzərdə tutulurmu?

- SSRİ dövründə kosmonavtlar seçilib, müəyyən hazırlıq kursları keçiblər. MAKA-nın da bu sahədə müəyyən təcrübəsi var. Niyə də kosmonavtımız olmasın? Bizim peyklə uçmasa da, xarici ölkələrin peyklərində kosmosa göndərək, işləsinlər. Yəni bu, maraqlı məsələlərdəndir.

- Yaxın perspektivdə belə bir addım gözlənilirmi?

- Adətən kosmonavt 3-4 ilə hazırlanır. Burada seçim də çətindir. Əlbəttə ki, bir nəfəri seçib hazırlamırlar. Əsasən 5-7 nəfərlik qruplar olur. Hesab edirəm ki, bu gün kosmonavt hazırlamağa tam hüququmuz və imkanlarımız var. Bizim imkanlarımız başlanğıcda elmi və digər hazırlığı verməyə yetərlidir. Əsas praktik təlimlər xaricdə keçilməlidir. Məsələn, ABŞ-da, Rusiyada və s. Bu məsələni də 2010-2014-cü illəri əhatə edən proqrama salmışıq.

-  MAKA tərəfindən kosmik məlumatların toplandığını dediniz. Bu nə deməkdir?

- Biz qonşu ölkələri peyklərini müəyyən vaxt ərzində icarəyə götürməklə onlardan məlumatları alırıq. Həmin məlumatların üzərində işləyir, bizə gərəkli məsələləri həll edirik. Bu sahədə Azərbaycanda fəaliyyət göstərən bütün nazirliklərə də xidmətlərimizi təqdim etmişik. Hər bir nazirliyə özünün spesifik fəaliyyətinə uyğun olaraq hansı məsələlərin həll edilməsini bildirmişik. İndiyədək elə bir nazirlik olmayıb ki, bizim məlumatlara mənfi rəy versin.

-  MAKA-nın beynəlxalq əməkdaşlığı barədə nə deyə bilərsiniz?

- MAKA bu gün dünyanın aparıcı təşkilatları ilə, həmçinin Rusiya, Fransa, Suriya, Pakistan, Hindistan, İndoneziya və s. ölkələrlə əməkdaşlıq edir. İslam ölkələrinin kosmik məsələlərlə məşğul olan yeganə qurumu olan İSNET-in üzvüyük. Biz 2008-ci ildə Tunisdə keçirilən konfransda İSNET-ə üzv olmaq istəyimizi bəyan etdik. Ötən il isə üzvlüyümüz gerçəkləşdi. Bu gün İSNET-lə əlaqələrimiz çərçivəsində bu təşkilatın hesabına mütəxəssislərimizi Pakistan, Tunis, İndoneziyaya kurslara göndəririk. Qeyd edim ki, hazırda dünyada 45 kosmik agentlik var. MAKA da onların arasında tanınır. BizimRoskosmosla yaxşı əlaqələrimiz var. Bu əlaqələr çərçivəsində Rusiyadan peyklərdən məlumatları qəbul edən kompleks almışıq. Onu da deyim ki, bu gün MAKA-nın 750 nəfər işçisi var ki, onlardan 70-i elmlər namizədidir. Alim heyətimizin müəyyən hissəsi vaxtilə Moskvada oxuyub. Ötən 3 ildə 12 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru hazırlamışıq ki, onlardan da 6 nəfəri hazırda agentlikdə çalışır. Biz kadr hazırlığına böyük əhəmiyyət veririk. Kadrların hazırlanması üçün MAKA-da aspirantura da fəaliyyət göstərir.

- Azərbaycanın kosmik təhlükəsizliyi necə təmin olunur?

- Azərbaycanı kosmosdan elə bir təhlükə gözləmir. Azərbaycan özünün bəzi məsələlərini həll etməkdən ötürü kosmosda fəaliyyət göstərir və heç kəsə zərəri də yoxdur. Ölkənin kosmosdan təhlükəsizliyinin təmin olunması isə yaxın 10 illiyin məsələsidir. Bu məsələ həll olunandan sonra sərhədlərin qorunması, qonşu ölkələrdən gələn çaylardakı mayelərin zərərsizləşdirilməsi, qonşu ölkələrin süni buludlar yaradaraq bəzi məsələləri həll etmək istəməsi və s. bağlı vaxtında məlumatlar almaq olacaq.

 

 

    Paritet.- 2010.- 25-26 may.- S. 1;9.