Lobbilərin və diasporların müharibəsi

 

Diasporumuz hər zaman erməni lobbisi ilə qarşı-qarşıya gəlməyə hazırdır

 

 Son illər ölkəmizdə  bir çox sahələr üzrə müsbət dəyişikliklərin və inkişafın şahidiyik. Bu cür inkişaf və tərəqqinin nəticəsidir ki,  hazırda  bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrimiz var. Belə müsbət  əlaqələr sayəsində  Azərbaycan haqqında həqiqət və nailiyyətlər  dünya birliyinə olduğu kimi çatdırılır. Eyni zamanda ölkəmiz haqqında həqiqətlərin  dünyaya çatdırılmasında diasporumuzun da rolu əvəzsizdir.

Uzun illərdir ki, İsveçdə yaşayan  soydaşımız, hüquqşünas və  www.azadtribun.net  saytının  yaradıcısı və rəhbəri Babək Azəri bildirdi ki, İsveçdə yaşadığı bu illər ərzində orda nəşr edilən  mətbu orqanları daim izləyir və mütaliə edir: ”Mətbu orqanları izləməkdə məqsədim odur ki, ermənilər tərəfindən Azərbaycanla  əlaqədar əgər bir xəbər və ya hər hansı bir hadisə ilə bağlı yerli mətbuatda məlumat dərc olunursa, mən o haqda bilim. Fikrimcə, ermənilərin İsveçdə güclü bir diaspor fəaliyyəti yoxdur. Əgər belə bir şey olardısa, biz onun əksinə informasiya vasitələrində görərdik. İsveçdə əsas problem erməni diasporu deyil. Əsas problem bundan ibarətdir ki, bəzi yerli siyasi qüvvələr dini və siyasi mülahizələrə görə  ermənilərə və Ermənistana rəğbət bəsləyir və   Ermənistanın xeyrinə informasiya vasitələrində məlumat yayırlar. Amma yaxşı hal bundan ibarətdir ki, azərbaycanlıların diaspor fəaliyyəti inkişaf prosesi keçirməklə formalaşır. Mən əminəm ki, bu fəaliyyətlər İsveç ictimai rəyinə Azərbaycanın nəfinə öz təsirin göstərəcək”.

 Bəzi Qərb nəşrlərində Dağlıq Qarabağın  müstəqil ölkə və ya Ermənistanın tərkib hissəsi kimi göstərilməsinə münasibət bildirən  B. Azəri qeyd etdi ki, Ermənistan çalışır Qarabağı Ermənistanın tərkibində nişan verə, amma  bu hədəfə çatmaq üçün məntəqədə və beynəlxalq miqyasda uyğun siyasi şərtlər lazımdır:”Hazırda beynəlxalq şərtlər ermənilərin xeyrinə deyil.  Qərb ölkələrində belə bir təmayül yoxdur ki, Orta Şərqdə ikinci İsrail yarana.   Qərbdə gerçək siyasəti düşünən qüvvələr Qarabağ probleminin ədalətlə həll olunmasına maraq göstərirlər. Bunu da unutmayaq ki, əgər İranda ciddi siyasi dəyişikliklər baş versə, Cənubi Azərbaycan azadlığa çıxar, Qarabağın azadlığı Cənubi Azərbaycanın hərbi qüvvələrinin bir nömrəli problemi sayılacaq. Elə bu səbəblərə görə, dünya ictimaiyyəti Qarabağı Ermənistana bəxşiş etməkdə çox ehtiyatlıdır”.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovun fikrincə, erməni lobbisinin bu gün azəri və türklərə qarşı apardığı siyasət, yalan və təhrif edilmiş yazıları  daha əvvəlki nəticəni vermir. “Belə ki, artıq Azərbaycan və türk alimlərinin və xaricdəki diaspor cəmiyyət və təşkilatların apardığı işlər ermənilərin daim yalan və öz xeyrlərinə dəyişdirilmiş məlumatları təbliğ etdiyini bütün dünyaya sübut edə bilir. Buna bir əyani misal kimi son bir neçə il ərzində BƏƏ-də yerli mətbuata verdiyim müsahiblərdə ermənilərin işğalçı, quldur olmaları, etdikləri vəhşiliklər konkret tarixi faktlarla qəzetlərdə dərc edilib. Ərəblərə və ərəb ölkələrində yaşayan digər xalqların nümayəndələrinə düzgün məlumat çatdırılıb, ermənilərin keçən əsrin əvvəllərindən başlayaraq yüz minlərlə dinc azərbaycanlını və türkü qətlə yetirməsi, Xocalı soyqırımı haqda dəqiq məlumat verilib. Bunların təbii ki, yazılması adi insanlarda və dövlət rəhbərlərində ermənilərin 100 illərlə uydurduqlarının yalan olması haqqda fikirlər yaradıb.”

S.İmanov qeyd edir ki, müxtəlif dövlət məmurlarının dilindən  həqiqəti bilmədiklərini dəfələrlə eşidib. O, ermənilərin tarix boyu müsəlmanlara qarşı etdiyi vəhşilik və qırğınlardan çox yazılmadığından təəssüflənərək bildirir ki,   media sahəsində işi gücləndirməli, daha güclü təbliğat maşınını işə salmalıyiq: “Osmanlı dövlətində (bütün tarixi arxiv və sənədlərdə göstərildiyi kimi) 1 milyon 300 min erməni  yaşadığı halda, indi onlar 1.5-2 milyon erməninin qırılmasını (soyqırıma məruz qalaraq) iddia edirlər və təəssüf  ki, bəzi Avropa dövlətləri  bu məsələdə onları dəstəkləməyə çalışır. Bir çox tarixi mənbələrdə ermənilərin bizim bölgəyə əsir kimi gəldikləri göstərilir. Arnold  Toynbi özünün  “A Study of History” əsərində (Oksford 1963 il, səh 611) yazır ki, Böyük İskəndərin Anadoluya yürüşü zamanı ermənilər bu bölgədə dövlət şəklində deyil,  İranın  bir vilayətində icma kimi yaşayırdılar. Erməni tarixçiləri belə özlərinin haradan gəlməsinin köklərini dəqiq göstərə bilmirlər. Bəzi erməni alimləri onların eramızdan əvvəl 6-cı yüzillikdə Suriya və Kilikya torpaqlarında yaşayan hittilərdən olduqlarını, bəziləri isə Nuhun oğullarından olan Haykdan olduqlarını iddia edirlər. Göründüyü kimi erməni tarixçiləri öz kökləri haqda dəqiq bir fikir söyləyə bilmirlər. Belə olduğu halda ermənilərin hansısa bir əraziyə dövlətimiz və ya vətənimiz deməsi əsla düzgün deyil. Tarixi faktdır ki, ermənilər tarix boyu Makedoniya, Selevki,  Roma, Parfiya, Sasani, Bizans, ərəb və türklərin hakimiyyəti altında yaşamışlar. Onların heç zaman tarixi vətənləri və dövlətləri olmayıb.”

Daim “söz silahı” ilə düşmənə atəş açan İsveçdəki “Xəzər” Cəmiyyətinin sədri Leyla Kiyani deyir ki, erməni təbliğatının qarşısına Azərbaycan təbliğatı qoymaq lazımdır: “Amma məncə,  bunu Azərbaycanda yaşayan  jurnalistlər yazıb bizə göndərməlidir ki, (soyqırım və digər tarixi məlumatlar) biz də onu yaşadığımız ölkələrdəki mətbuata yerləşdirməyə çalışaq.”

O, 1-2 il bundan əvvəl təsadüfən saytlardan birində İsveçdə bir erməni əsilli jurnalist-publisistin soyqırım mövzusunda çıxış edəcəyi barədə elan görüb: “Bu şəxsin məhz mən yaşadığım şəhərdə seminar verəcəyini biləndə sakit durmadım. Dərnək üzvlərimizə və digər türk dərnəklərinə xəbər verdim. 70 nəfərlik auditoriya yığışmışdı və burda isveçli jurnalistlər də var idi. Faktlarla tariximizi (bu sözümə görə üzr istəyirəm) məruzəçinin “gözünə soxdum”. O qədər onu sıxışdırdım ki, sonda göstərmək istədiyi filmi belə nümayiş etdirə bilmədən zalı tərk edib getdi. Sonra o adam İsveç mətbuatında bu barədə açıqlama verərək adımı yazmasa da, “bir azəri qadını mənim seminarımı bir-birinə vurdu” deyərək narazılıq etmişdi. Mən də təbii ki, onun yazdığı azəri qadını olduğuma görə, 1 ay müddətində onunla yazı mübarizəsinə girdim. Axırda dözə bilməyib məndən “onu rahat buraxmağımı” xahiş etdi.” Leyla xanım bildirir ki, bu o qədər də böyük insident deyildi, amma damla-damla göl olar.

Erməni lobbisinin güclü olduğu ölkələrdən biri də Kanadadır. Orada fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyasının (KAA) sədri Məsud Əliyev deyir ki, Kanadada ermənilərin düşmənçiliyinin nümunələrini tez-tez görürlər. Bildirir ki,  Monrealda fəaliyyət göstərən CKDG-fm   radiosunda  Azərbaycan dilində həftədə yarım saatlıq proqrama  başlayıblar. Bir-neçə verilişdən sonra ermənilərin təziqi ilə proqram “müvəqqəti” olaraq bağlanıb: “Ermənilər şikayət etdilər ki, biz verilişlərimizdə onlara qarşı “nifrət təbliğatı” aparırıq. Biz isə yalnız onların törətdikləri cinayətlərdən danışırdıq. Ermənilərin də bu radioda proqramları var və bizə qarşı çox şey danışırlar. Amma bizim aramızda ermənicə bilən bir adam yoxdur ki, onların dediklərini tərcümə etsin və biz də lazım gələndə gedib rəsmi orqanlara şikayət  edək. Onlarınsa əksəriyyəti türk dilini anlayırlar.”

 Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri  Ramil Əliyev isə  bildirdi ki,  erməni diasporu tərəfindən Azərbaycan-Qarabağla bağlı  hələ ki  Norveçdə hər hansı bir mətbu orqanda  Azərbaycan əleyhinə elə bir ciddi təhriflərə yol verilmiş məqalə dərc edilməyib:” Ona görə ki, Norveç və Azərbaycan  dost ölkələrdir. Eyni zamanda biz Norveç  azərbaycanlıları olaraq, Norveçdə Azərbaycanla bağlı  informasiya boşluğunu  doldururuq. Qeyd edim ki,  əksər hallarda ölkəmizə  aid olan  informasiya bizim tərəfimizdən yayıldığı üçün  ətrafımızdakı insanların  Azərbaycan reallıqları  haqqında ətraflı və dolğun məlumatları var. Bu hal da ermənilərin və başqa təxribatçıların  imkanlarını məhdudlaşdırır və  gələcəkdə yarana biləcək hər hansı bir neqativ halın qarşısını alır”. Ermənilərin Dağlıq Qarabağı  Ermənistanın  tərkib hissəsi kimi  göstərilməsi faktı ilə   Norveçdə hər hansı bir nəşrdə rastlaşmadığını deyən R. Əliyev qeyd etdi ki,  belə bir hal yaransa, o zaman  onlar  bir sıra tədbirlər görəcəklər:”Bu  kimi məsələlərlə bağlı  təxribati məqalələr və şəkillər istənilən kiçik qəzet və  s. yerlərdə verilə və nəşr edilə bilər. Təbii  ki,  bu cür təxribatlardan Norveç mətbuatı da sığortalanmayıb. Amma biz daim mətbuatı izləyirik, Azərbaycanla bağlı olaraq qərəzli yazılar olarsa biz onu araşdırıb öz reaksiyamızı göstəririk və bundan sonra da bu iş layiqincə edəcəyik”.

Əlbəttə, dünyanın bir sıra ölkələrində olduğu kimi,  ABŞ-ın Hyuston şəhərində də erməni diasporu var, amma o qədər də güclü deyillər ki, ordakı mətbuatda Azərbaycanla və ya Qarabağla bağlı öz xeyrlərinə olan, ancaq yalnışlığa yol verilən məqalələr dərc etdirə bilsinlər”deyən Hyuston- Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının  sədri İradə Axundova bildirdi ki, Hyustona nisbətdə Los -Ancelesdə erməni diasporu və lobbisi güclüdür :” Hyustonda erməni diasporu  fəal deyil, bu baxımdan da onların orda Azərbaycanla bağlı keçirilən tədbirlərə və görülən işlərə mane olmaq üçün öz yalnış fikirlərindən istifadə edə  bilməyiblər. Biz  buna heç vaxtda imkan vermərik”.

“Tarixi təcrübənin müqayisə etsək, görərik ki, erməni  diasporunun təcrübəsi və tarixi daha zəngindir, amma azəri diasporu yeni formalaşır. Eyni zamanda imkanlar fərqi var, bu da təcrübədən irəli gəlir”-deyən Diasporla İş üzrə Dövlət Komitəsinin  Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm bildirdi ki,  buna baxmayaraq   bizim diaspor da qısa vaxt ərzində böyük yol keçməyə nail olub:”Bilirsiniz,  bəzi ölkələr əsl həqiqətləri yox, eşitmək istədiklərini eşidirlər. Bu amil həm bizim  diaspor fəaliyyətinə və həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına öz təsirini göstərir. Bütün bunlara baxmayaraq, hesab edirik ki, bizim diaspor elə bir gücə elə bir potensiala malik olmalıdır ki, biz öz həqiqətlərimizi  dünya ictimaiyyətinə yüksək səslə çatdıra bilək”.  Lobbi quruculuğunun  çox mürəkkəb və çox həssas məsələ olduğunu deyən şöbə müdiri qeyd etdi ki,  hazırda  dünyanın müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərirlər və Azərbaycanın təbliğatı ilə məşğul olurlar:” Amma onların lobbi quruculuğu istiqamətində  konkret işlər görməsi üçün,  bizim kifayət qədər potensialımız olmalıdır. Deyə bilərik ki, bu gün bizim  bu potensialımız mövcudur.  İndi  azərbaycanlılar  yaşadıqları ölkələrin  ictimai-siyasi həyatında  fəal iştiraka və KİV -lə əməkdaşlığa, cəmiyyətə inteqrə etməyə çalışırlar. İndiyədək  diaspor təşkilatlarımızın təşəbüsü ilə dünyanın müxtəlif ölkələrindən Azərbaycana  KİV  nümayəndələri gəliblər. Azərbaycanla tanış olublar,  qaçqın və məcburi köçkünlərin yaşadığı məkanlara gediblər. Bir çox diaspor təşkilatlarımızın  bir sıra  ölkələrin parlament üzvləri ilə əlaqələri var. Amma  qarşımızda duran vəzifələrə nəzər yetirdikdə görürük ki, bu əlaqələr hələ o  də qənatbəxş səviyyədə deyil. Diaspor təşkilatlarımız elə sistemli əlaqələrə malik olmalıdırlar ki, bu əlaqələrdən istifadə edərək Azərbaycan həqiqətlərini daha effektiv şəkildə təbliğ edə   dünya ictimaiyyətinə çatdıra bilsinlər”.

Biz də ümid edirik ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız  daha intensiv işləyərək və birləşərək Azərbaycan həqiqətlərini lazımi beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdıraraq düşmənlərimiz olan ermənilərin layiqli cavablarını verəcəklər.

 

 

Günay  ƏSƏDOVA

 

Paritet.- 2010.- 27-31 may.- S. 6.