“Dini turizmi populyarlaşdırmaq üçün kompleks işlər görülməlidir”

 

Mütəxəssislərin fikrincə Azərbaycanın bütün dini obyektlərini özündə əks etdirən broşürün nəşrinə ehtiyac var

 

 Bu gün ölkəmizdə turizm sektorunun  bir sıra sahələrinin inkişafına diqqət yetirilir. Ancaq elə turizm sahəsidə var ki, cəmiyyət  arasında o qədər də təbliğ olunmur. Bunlardan biri də dini turizmdir.

Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalovun sözlərinə görə,  dini turizm insanların  dini ayinləri yerinə yetirmək üçün  bir yerdən başqa yerə müvəqqəti getmələri kimi başa düşülür.  Ölkəmizdə qədim zamanlardan dini turizmlə məşğul oldunduğunu deyən B.Bilalov bildirdi ki,  Azərbaycanda islam dini qəbul olunduqdan sonra insanların həcc ziyarəti başlayıb:”Amma sovet dövründə dini obyektlərə baxış tamam başqa idi.  Belə ki, həcc ziyarətinə dövlətin icazə verdiyi  insanlar gedə bilərdi. Bu səbəbdən də o müqəddəs yerə getmək hər kəsə nəsib olmurdu.  Müstəqilliyin bərpasından sonra  sərhədlər açıldı və həcc ziyarətinə gedənlərin sayında artım baş verdi. Nəinki həcc ziyarətinə, o cümlədən İslam dininin müqəddəs yerlərinə Kərbəlaya, Məşhədə, İmamların qəbirlərinin yerləşdiyi şəhərlərə kütləvi axın baş verdi. 1994-95-ci illərdə Kərbəla ziyarətinə gedənlər üçün  Bakı -Əmman reysi də  açılmışdı”.

 

Turizmdə təhlükəsizlik mühüm məsələlərdən biridir

 

 Son zamanlar dini turizmlə bağlı bəzi problemlər yaşandığını deyən turizm mütəxəssisi bildirdi ki, İraqda baş verən hadisələr və ora gedən zəvvarlara qarşı  törədilmiş terror hadisələri insanların təhlükəsizliyinin qorunması problemini önə çıxarır: ”Çox təəssüf ki, bu işlə məşğul olan təşkilatlar təhlükəsizlik məsələsini nəzərə almırlar,  amma yaddan çıxarmaq lazım deyil ki,  turizmdə təhlükəsizlik önəmli məsələlərdən biridir.  Bir ilin içərisində İraqa Kərbəla ziyarətinə gedən iki qrupumuza qarşı törədilən terror aktı bunu bir daha sübut edir”.  Həcc ziyarəti ilə bağlı qəribə bir vəziyyət yaranıb. İslam ən güclü olan dövlətlərdə belə həcc ziyarəti ilə hansısa bir dini qurum yox, hər hansı  turizm şirkətləri  məşğul olur. Məsələn,  Türkiyə, Pakistan və İranda həcc ziyarətinin təşkili ilə turizm şirkətləri  məşğul olur”-deyən B.Bilalov bildirdi ki,  Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə və BMT-nin təyininə görə həcc ziyarətinə və ümumilikdə dini məqsədlərlə bir yerdən başqa yerə getməyin özü turizmin bir qoludur: ”Amma bizdə bu işlə Qafqaz Müsəlmanları İdarəsi(QMİ) məşğul olur. Hesab edirəm ki, əslində bu düzgün olmayan bir yanaşmadır. Düzdür, son dövrlərə qədər bir neçə turizm şirkəti bu prosesə qoşulmuşdu. Amma keçən ildən QMİ-nin müdaxiləsindən və Səudiyyə Ərəbistanının Səfirliyi ilə sıx münasibətlərinin olmasından irəli gələrək turizm şirkətlərinin həcc ziyarəti  ilə məşğul olmasına qadağa qoyulub. Bu əslində düzgün yanaşma deyil. Ancaq  mən də  onun tərəfdarıyam  ki, turizm şirkətləri belə, bu işi təşkil edirlərsə mütləq qruplarda QMİ-nin bir nümayəndəsi olmalıdır”.

 

“Ölkəmizə gələn əcnəbi turistlər dini məkanlara ekskursiya obyekti kimi gedirlər

 

 Azərbaycanın daxilində müxtəlif dini obyektlərin olduğunu deyən kafedra müdiri bildirdi ki, inanclı insanlarımız bu obyektlərə zaman-zaman səyahətlər edirlər:” Məsələn,  Naxçıvan ərazisindəki  Əshabi -kəhfi nəinki ölkəmizin müxtəlif yerlərindən, hətta qonşu İran, Türkiyə  və başqa yerlərdən hər gün gəlib ziyarət edənlər var. Qeyd edim ki.  Əshabi-kəhfdə ümummilli lider Heydər Əliyevin göstərişi ilə bərpa işləri aparılıb və bu gün ora ziyarət üçün gələnlərə tam şəkildə xidmət göstərməyə hazırdır. Bakıda Bibiheybət məscidi, Nardaran piri, Mirmövsüm ağanın məqbərəsi. Gəncədə “İmamzadə” piri respublika  səviyyəsində məşhur olan ziyarət obyektləridir ki, müxtəlif rayonlarımızda yaşayan insanlar bu yerləri ziyarət edir və ayinlər icra edirlər. Özfəalliyət  deyilən bir turizm növü var. Yəni turist öz avtonəqliyyatı ilə qohumları ilə birgə dini ayinləri yerinə yetirmək və ziyarət etmək üçün bir yerdən başqa yer gedirlər”.

 Əcnəbi və yerli turistlərin turizm şirkətləri tərəfindən dini obyektlərə turların təşkilinə gəldikdə isə  Bahadur Bilalovun dediyinə görə, ölkəmizə gələn əcnəbi turistlər dini məkanlara ekskursiya obyekti kimi gedirlər. Elə mənim rəhbəri olduğumSevgin Travelturizm şirkəti Qobustana ekskursiya təşkil edəndə mütləq Bibiheybət məscidini baxış obyekti kimi bu tura daxil edir. Bu zaman sözügedən məscid  və orda dəfn olunanlar haqqında  gələn  turistlərə məlumat verilir. Bundan sonra əgər, biz ekskursiyanı Mərdəkan qalalarına təşkil ediriksə, mütləq Mirmövsüm ağanın məqbərəsinə də tur təşkil edilir və turistlərə məlumat verilir. Ancaq xaricilər dini obyektlərə  ayinlərin yerinə yetirilməsi kimi yox, sadəcə bir tarix memarlıq abidəsi kimi baxırlar. “Atəşgahməbədinə getmək üçün bizim şirkətə dəfələrlə Hindistan, İran və  Rusiyada yaşayan atəşpərəstlər tərəfindən müraciət olunub. Və onların o məbədə getmələri üçün şərait yaratmışıq”.

 

Dini obyektlər təmir və bərpa olunur

 

Ölkəmizdə  pirlərin ümumi görünüşünə gəldikdə həmsöhbətim dedi ki, o obyektlər ki, tarix mədəniyyət  abidələridir, onlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınıb: ”Bu abidələrin bərpası və turistlərə bir maraq obyekti kimi  çatdırılması yönümündə iş gedir. Amma görüləsi işlər də çoxdur. Məsələn, Diribaba məqbərəsində dəfələrlə olmuşam, ora çox  pis vəziyyətdədir.  Fikrimcə, bu məsələyə zaman-zaman diqqət yetirmək lazımdır. Belə ki, ölkə prezidenti hörmətli İlham Əliyevdə bu işdə maraqlıdır.  Şamaxıda yerləşən Cümə məscidinin yenidənqurulub bərpa edilməsi üçün  vəsait ayrılıb və bu istiqamətdə hazırda iş  aparılır.  Biz bu məscidi  turistlərə dini obyekt kimi təqdim edirdik. Çünki vaxtında bu məscid  Şərqin ən böyük məscidlərindən biri  olub, eyni zaman da 1918-ci ildə ermənilərin hücumundan qaçıb orada gizlənmiş insanları ermənilər yandırıblar.  Bu tarixi faktı həmin dini obyektə apardığımız turistlərə çatdırırıq.  Elə ziyarətgahlar var ki, orda yığılan nəzirlərin hesabına, onların bərpası zəruridir. Pirşağı və Mirmövsüm ağa pirləri yığılan nəzirlərin hesabına çox gözəl təmir edilib. Bibiheybət məscidi  ulu öndərin sərəncamı ilə çox gözəl bərpa olunub və möhtəşəmliyi ilə gələn turistləri özünə cəlb edən dini obyektdir”.

 

ATİ-nin tələbələri dini  turizm mövzusunda buraxılış işi yazıb

 

 Dini turizmin təbliği ilə  bağlı nələr etmək lazım olduğuna gəldikdə B.Bilalov bildirdi ki, bu mövzuda tələbələr buraxılış işləri yazır: ”Bu ildən bizdə magistratura  pilləsinə qəbul olub. Magistr dissertasiyası mövzuları siyahısına bu  məsələ daxil edilib. Biz də çalışırıq ki, Azərbaycanda dini turizmin tarixi öyrənilsin. Tarixə söykənərək gələcəkdə bunu necə inkişaf etdirmək haqqında təkliflər hazırlayırıq”.

 Bəs dini obyektlərlə bağlı məlumatlandırıcı bukletlər, CD hazırlanırmı?” sualını  şirkət rəhbəri belə cavablandırdı: ”Ölkəmizə gələn xarici turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son illərdə çap və CD variantda hazırlanmış  informasiya materialları təqdim edilir. Bu qeyd etdiyim materiallardaAtəşgahməbədi, Bibiheybət məscidi haqqında məlumatlar var. Yalnız dini obyektlər haqqında məlumatların yer aldığı  materialların hazırlanması yaxşı bir ideyadır. Bu işdə QMİ-nin  köməyi ilə nazirlik və  turizm şirkətlərinin birgə səyi nəticəsində Azərbaycanda ziyarət obyektləri adında bir broşürün hazırlanmasının vaxtı gəlib çatıb. Broşürlərin hazırlanması ölkəyə gələn  turistlərin say artımına , eyni zamanda Azərbaycanın inanc yerlərinin digər ölkə vətəndaşlarına tanıtım işində xidmət edə bilər.   Azərbaycanın bütün dini obyektlərini özündə əks etdirən dini broşurə ehtiyac var. Sara Aşurbəylinin  Azərbaycan pirləriadlı kitabının materiallarından  istifadə etməklə QMİ-nin  köməyi ilə  broşürlar hazırlamaq olar”.

 

Azərbaycanda 500 ziyarətgah var, onların 50-si fəaldır

 

 İkinci həmsöhbətim turizm üzrə ekspert Eldar Aslanov bildirdi ki,  Azərbaycan tarix boyu bir sıra dinlərin (atəşpərəstlik, xristianlıq və İslam) fəal yayılma mərkəzi kimi çıxış etdiyindən, ölkədə bu dinlərə mənsub çoxsaylı tarixi abidələrə rast gəlmək mümkündür:” Bu abidələrin çoxu hazırda ziyarətgah kimi dini turizmə cəlb olunub. Bu gün Azərbaycanda 500 ziyarətgah var, onların 50-si fəaldır. Həftəsonuları Bakı və Bakı ətrafı ziyatərgahlara turlar təşkil olunur.  Ümumiyyətlə, Azərbaycanın əksər rayonlarında ziyarətgahlar və dini abidələr mövcuddur. Amma daha çox ziyarətgaha Bakı, Gəncə və Naxçıvanda, o cümlədən Bakı-Astara, Bakı-Şamaxı və Bakı-Qusar marşurutları boyu rast gəlmək mümkündür”.

“Ölkəmizdə dini abidələrin  yerləşdiyi yerlərə gedən yollarda nişanlar varmı?”-sualını müsahibim belə cavablandırdı: “Ölkəmizdə çox təəssüflər olsun ki, nəinki dini abidələrə, heç turizm mərkəzlərinə gedən yollarda lazımi nişanlara az rast gəlirik. Dini abidələr bəzən yaşayış yerlərindən uzaqda olur. Onların yolları belə bərbad vəziyyətə olur. Məsələn, Babadağ ziyarətgahı və s.”

Turistlərin dini abidələrə marağına gəldikdə o, yerli turistlərin dini abidələrə marağının olduğunu dedi: ”Xüsusilə yaşlı insanlar, inanclı insanlar belə yerlərə ziyarət edirlər. Belə ki, hər gün Mirmövsum ağa ziyarətgahını, Bibiheybət abidəsini yüzlərlə insan ziyarət edir. Xarici turistlərin isə müvafiq marağını söyləmək bir az çətindir.  Xarici turistlər daha çox Atəşgaha və digər dini abidələrə müəyyən maraq göstərirlər. Amma müvafiq işlər aparılarsa, dini abidələrin yanında müvafiq normalara uyğun infrastruktur qurularsa yerli və xarici turistlərin sayını artırmaq olar. Ölkəmizdə turizm şirkətlərinin  dini turları az təşkil etməsinə səbəb dini turizmə lazimi səviyyədə marağın  və dini abidələrin yanında müvafiq infrastrukturun olmaması ola bilər”.

E.Aslanov qeyd etdi ki,  bu bəzən  məlumatsızlıqdan da olur:” Müşahidələr onu göstərir ki, ziyarətə gedənlərin çoxu turlardan deyil, daha çox özünü təşkil prinsipi ilə həyata keçirilir. Baxmayaraq ki, turlar vasitəsilə daha az xərclə bu ziyarəti başa vurmaq olar. Burda ziyarətə gedənlərin özləri ilə bəzi hallarda qurbanlar aparmasını da unutmamaq gərəkir ki, bu da adətən şəxsi nəqliyyatla hələlik  daha real görünür. Hətta məndə olan məlumata görə,  ölkəmizdə  başqa dinlərə məxsus olan  dini abidələrə turlar təşkil edilmir, Atəşgah abidəsi istisna olmaqla”.

Xarici ölkələr dini səfərlərin əsasən İran, İraq və Səudiyyə Ərəbistanına edildiyini deyən ekspert bildirdi ki,  İran və Səudiyyə Ərəbistanına olan səfərlərdə hələlik elə bir ciddi problem olmayıb: ”Amma İraq bu gün dünyanın qeyri-stabil və terror təhlükəsinin ən yüksək olduğu ölkələrdən biridir.  Lazımdır ki, bunu həm tur agentliklər, həm də zəvvarlar nəzərə alsın. Əks təqdirdə belə arzuolunmaz hallar qaçılmazdır. Əgər biznes xatirinə agentliklər buna gedirsə, o halda müvafiq dövlət orqanları vətəndaşlarımızın təhlükəsizliyi naminə bu məsələyə müdaxilə etməlidir. Necə ki, bəzi Qərb dövlətləri terror təhlükəsi səbəbindən vətəndaşlarına müəyyən ölkələrə səfər etməmələrini tövsiyə edir. Bildiyiniz kimi bu yaxınlarda ABŞ terror təhlükəsi gözlənildiyindən öz vətəndaşlarına Fransa və Almaniyaya  getməməyi tövsiyə edib”.

 Dini turizmi cəmiyyətdə daha da populyar etmək üçün kompleks işlər görülməlidir deyən mütəxəssisin sözlərinə görə,   birincisi bu abidələrin yaxınlığında müvafiq infrastruktur yaradılmalıdı: “İkincisi bu yerlər haqqında KİV-də daha çox məlumatlar getməli, reklam işi aparılmalı, 3-cüsu isə agentliklər öz turlarına dini ziyarətgahları da əlavə etməlidirlər. Həmçinin ziyarətgahların xarakterinə görə müvafiq təminatlar, şəraitlər olmalıdır. Misal üçün ziyarətgahlarda gigiyenik normalar uyğun qurbangahlar, ət saxlama yerləri, insanların qidalanması üçün müvafiq infrastruktur, turagentliklərin qurban heyvan təminatı və s. Digər bir məqam isə ziyarətgahların dini icma, hüquqi şəxs kimi fəaliyyəti, nəzir və qurbanların xeyriyyə məqsədləri üçün şəffaf bölgüsünün təmin edilməsi çox vacibdir. İnsanlar öz nəzirlərinin və verdikləri qurbanların dini qaydalara uyğun olaraq ehtiyacı olunlara (uşaq evlərinə, qocalar evlərinə, sığınacaqlara və s.,) verildiyini bildikləri təqdirdə daha böyük həvəslə bu yerlərə gələrlər.  Bunlar  olduğu təqdirdə bu sahədə irəliləyiş əldə etmək olar”.

 

 

Günay

 

Paritet.- 2010.- 2-3 noyabr.- S. 15.