Gələn ilin martında Dünya Azərbaycanlılarının III Qurultayı olacaq

 

Akif Ağatalıbov: “Biz xoşbəxtik ki, cənab Prezidentin dediyi kimi Azərbaycan azərbaycanlılarıyıq

 

  Xarici ölkələrdə məskunlaşmış türk xalqları arasında ortaq mənafe naminə əlaqələrin qurulması bu gün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyəyə qarşı yönəldilmiş təbliğatın neytrallaşdırılması, əsassız iddia və böhtanların aradan qaldırılmasında bu birlik və diaspor təşkilatları arasında sıx əməkdaşlıq günün tələbidir. Azərbaycan və Türkiyə diasporların vahid mənafe uğrunda fəaliyyətdə yaxınlaşdırılması siyasətinin davam etdirilməsinə xarici ölkələrdə yaşayan hər azərbaycanlı əməli kömək göstərməlidir.  Məhz bu məqsədlə ötən ay İstanbulda  Dünya Türk Forumu keçirilib. Həmin tədbirdə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının sədri  Akif Ağatalıbov da iştirak edib. Qeyd edək ki,   A. Ağatalıbov eyni zamanda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.

O, sözügedən forumla bağlı təəssüratlarını qəzetimizə bölüşərək bildirdi ki, tədbirdə türk dünyası və diasporlarının 60 ölkədən 700-dən artıq nümayəndəsi iştirak edib: “Foruma Azərbaycan dövlət və hökumət nümayəndələri, millət vəkilləri, o cümlədən fəal diaspor təşkilatlarımızın rəhbərləri də qatılmışdılar. Bizim nümayədə heyətinin rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov idi. Mən çox xoşbəxtəm ki, orada Özbəkistanı, eləcə də Orta Asiyanı təmsil edirdim. Çox gözəl və alqışlara layiq tədbir keçirlidi. Azərbaycan həmişə türk birliyinə çalışıb. Bu baxımdan DİDK-nin sədri N.İbrahimov da çıxışında Azərbaycanın türk dünyasının birliyinin təmin olunmasına, əməkdaşlığın inkişaf etdirilməsinə hər zaman böyük diqqət verdiyini qeyd etdi. Orada qərara gəlindi ki, bu tədbirlər tək Türkiyədə deyil, digər türk dövlətlərində də təşkil olunsun. Forumda millət vəkili Qənirə Paşayeva da çox əhəmyyətli çıxış etdi”.

 

“Ermənilərin törətdiyi soyqırım yaralarımız heç zaman unudulmamalıdır”

 

Forumda tək Azərbaycanın və ya Türkiyənin deyil, bütün türk dünyasının problemləri qaldırılıb.  Forumun ən maraqlı bölümü “Soyqırımı iddiaları: Türk dünyası diasporu və əməkdaşlıq” mövzusunda olub: “Bu toplantıda Azərbaycan və Anadolu torpaqlarında erməni quldurlarının törətdikləri qətliamlardan, bizim ürək ağrımız olan Dağlıq Qarabağ münaqişəsindən,  Xocalı soyqırımından, qondarma “erməni soyqırımı” təbliğatına qarşı diaspor təşkilatlarının birgə fəaliyyətindən danışıldı. Orada mən də öz fikirlərimi bildirdim. Qeyd etdim ki, ermənilərin törətdiyi soyqırım yaralarımız   sağalmayıb və bunlar heç zaman unudulmamalıdır. Bu məsələlər Türk Dünyası səviyyəsində hər zaman diqqətdə saxlanılmaldır. Hazırda bizim ən yaralı yerimiz Dağlq Qarabağ problemidir. Bunu tək Azərbaycan həll etməməlidir. Bütün türkdilli xalqları həmrəyliyə və mehribançılığa və bir ocağa toplaşmağa səsləyib təkliflər irəli sürdüm”.

 Forumun türkdilli ölkələrin birləşməsindəki rolundan danışan  həmsöhbətimiz özlərindən asılı olamayaraq vaxtilə türk xalqlarının parçalandığını bildirdi: “İndi məqam gəlib ki, biz birləşək.  Bəziləri deyir ki, orada yığışırlar, burada yığışırlar. Bəs, mökhəmlənmək necə olur? Damcı-damcı bir araya gəlməliyik, yoxsa birdən-birə birləşə bilmərik. İstanbulda, Bakıda, Berlində, Daşkənddə və başqa şəhərlərdə toplanışların çox olması axırda bütün türkdilli xalqların bir araya gəlməsi məqsədinə xidmət edir. Biz hamımız bir millətik. Birləşəndən sonra heç bir dövlət, heç bir gözü götürməyən millət bizə bata bilməz”.

 

İslam Kərimov  əvvəllər də dediyi sözləri bir daha təsdiqlədi

 

A.Ağatalıbov söhbət əsnasında  Özbəkistan-Azərbaycan münasibətlərinə də toxundu. Qeyd etdi ki, sentyabrın 27-də Prezident İlham Əliyevin Özbəkistana səfəri bu münasbətlərin möhkəmlənməsinə təkan verib: “Möhkəm və mehriban olan iki xalqın dostluğu əbədidir.  Prezident İlham Əliyevlə görüşündə Özbəkistan Prezidenti İslam Kərimov “bizim ulduzlarımız müştərək, dilimiz bir, dinimiz bir, ürəklərimiz birdir” fikirini işlətdi. O dedi ki, qardaş Özbəkistanın Azərbaycana olan səmimiyyətinin bir əyani sübutu da bu ölkənin Dağlıq Qarabağ barədə mövqeyinin dəyişməz və daimi olmasıdır. Bununla əvvəllər də dediyi sözləri İslam Kərimov bir daha təsdiqlədi. Bu sözün özünün deyil, bütün Özbəkistan xalqının sözü olduğunu və bu xalqların həmişə bir olduğunu bildirdi. Islam Kərimov məqam çatanda sözünü deyərək öz sadiqliyini, müsəlmançılığın, dostluğunu və türklüyünü göstərdi”.

A.Ağatalıbov ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərlərinin xüsusilə böyük əhəmiyyətə malik olduğunu bildirdi:  Azərbaycanla Özbəkistan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında bu müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənəd iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaradıb. Buna görədir iki ölkə arasında ticari-iqtisadi və mədəni əlaqələr ildən-ilə genişlənir və biz bunu təqdir edirik”.

 Rəsmi  Daşkəndin Azərbaycan diasporuna münasibətinə gəlincə A.Ağatalıbov dedi ki, doğrudan da özbək xalqı bizə ən yaxın, ən əziz xalqlardan biridir: “Mən həm Özbəkistanda uzun müddət fəaliyyət göstərən diaspor təşkilatının sədri, həm Orta Asiya azərbaycanlılarının koordinatoru, həm də uzun zamandır ki, orada yaşayan insan kimi bunu deyirəm. Hər şey göz qabağındadır. Cənab Prezident elə bir siyasət qurub ki, şəxsən Özbəkisanda yaşayan azərbaycanlıların nəinki özbək xalqı ilə, ümumiyyətlə, heç bir xalqla problemi yoxdur. İslam Kərimovun dediyi kimi  Özbəkistan bizim ümumi evimizdir”. O, özbək xalqının azərbaycanlılara qəlbən çox yaxın və doğma olduğunu vurğuladı: “Təbii ki, bu münasibətlər, bu sözlərin bünövrəsini qoyan umummilli lider Heydər Əliyev olub. Heydər Əliyevin şəxsən özbək xalqına böyük hörməti var idi. Onun müdrik siyasətinin bu gün Prezident İlham Əliyevin davam etdirməsi Özbəkistanla münasibətləri  bu səviyyəyə gətirib. Bizə çox xoşdur ki, orada Heydər Əlieyv adına Mədəniyyət Mərkəzi, küçə, onun büstü, Nizami Gəncəvinin heykəli, Nizami Gəncəvi adına Pedaqoji Akademiya və s. var”.

Həmsöhbətimiz Prezident İlham Əliyevin Özbəkistanda milli disapor üzvlərimizlə görüşündən danışaraq bunu çox sevinclə gözlədiklərini dedi: “Orada bizim diasporumuz çox həyacanlı idi. Biz bir sevinc, hörmət və izzətlə gözləyirdik ki, Prezident İlham Əliyevlə görüşək. O bir gün yarımlıq gəlmişdi, amma biz onu 4 il idi ki, gözləyirdik. Yəni gedən gündən gözləmişdik və gələn gün də bizim üçün böyük bir bayrama çevirilmişdi. Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Prezident İlham Əlyev bizimlə görüşündə dedi: “Baxmayaraq ki, siz Özbəkistanda yaşayırsınız, amma bilin ki, siz Azərbaycan azərbaycanlılarısınız. Siz hər zaman bizim fikrimizdə, ürəyimizdəsiniz. Bilin ki, sizin doğma vətəniniz Azərbaycan var”.  Biz xoşbəxdik ki, cənab Prezidentin dediyi kimi Azərbaycan azərbaycanlılarıyıq.  Bu  gün Azərbaycana gələn də sevinirik ki, vətənimiz günü gündən inkişaf edir”.

 

“Məqsəd Orta Asiyada yaşayan azərbaycanlıları   bir yerə toplamaqdır”

 

Disapor üzvümüz ATXƏM-in Orta Asiya üzrə nümayəndəliyinin rəhbəri kimi hazırda gördüyü işləri də bizə açıqladı. Məqsədi Orta Asiyada yaşayan azərbaycanlıları arayıb bir yerə toplamaq olan A.Ağatalıbov illərdir diaspor sahəsində qazandığı  təcrübəsini bu yolda sərf edəcəyini qeyd etdi: “Buna da vaxt lazımdır. Bu dəqiqə qiyabi işlər görülür. DİDK ilə məsləhətlər gedir, danışıqlar aparır, görüşlər kçiririk”.

Onun sözlərinə görə, bu işlə bağlı bəzi narazılıqlar da yarana bilər: “Buna da hazır olmalıyıq. İndi bunları da siyasi yollarla, DİDK vasitəsilə başa salmalıyıq ki, bu işlərin hamısı azərbaycançılığımız naminədir. Mən heç kimi gedib evindən, işindən ayırmıram. Mən ancaq koordinator kimi fəaliyyət göstərəcəyəm. Əgər onlar güclüdürlərsə, koordinasiya yaratmaqla biz daha da güclü və fəal olacağıq. İdarə heyətinin hər ölkədən bir üzvü olacaq. Yəni burada mən bir diaspor sahəsində daha çox təcrübəsi olan bir ağsaqqal kimi seçilmişəm. Region ölklərində bir rəhbər kimi bu işə başlayacağam”.

 

“Əlimdən gələni edəcəyəm ki, ulu öndərin nəsihətlərini həyata keçirim”

 

Heç kimin həyatda əbədi olmadığını deyən həmsöhbətim illər sonra onun işini gənclərin davam etdirəcəyini vurğuladı: “Bu işdə mənim heç bir maliyyə marağım yoxdur. Əslində bu işə mən özüm maliyyə xərcləyirəm. Mənim qazancım odur ki, azərbaycançılıq ideyasını yaşadacam. Bu da ulu öndər Heydər Əliyevin bizə nəsihəti olub. Dünya Azərbaycanlılarının I Qurultayında o bizə nəsihət verdi ki, ayılın azərbaycanlılar, Azərbaycandan kənarda yaşasanız da, birliyinizi unutmayın. Ona görə ulu öndərin nəsihəti olaraq bu mənim borcumdur. Ömrümün axırınacan əlimdən gələni edəcəm ki, bu nəsihətlərini həyata keçirim”.

 O, bir məlumat da verdi ki, 2011-ci ilin martında Dünya Azərbaycanılarının III Qurultayı olacaq: “Görürsünüz ki, müxtəlif ölkələrdə toplaşırıq. Bu ayın 26-28-də isə Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərin I Konqresi keçiriləcək. Konqresin təşkili xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi məqsədinə xidmət edir. Mən də bu tədbirə DİDK tərəfindən dəvət almışam. Allah heç bir milləti rəhbərsiz etməsin. Bütün azərbaycanlı gəclərin, ümumiyyətlə dünya azərbaycanlılarının rəhbəri İlham Əliyevdir. Biz də o tədbirə qatılaraq gənclərə öz təcrübəmizdən bildiyimizi deyib onlara dəstək olacağıq”.

 

 

FUAD

 

Paritet.- 2010.- 4-5 noyabr.- S. 11.