“Kapellhaus” -Azərbaycanda
yaşayan almanların görüş yeri...
“Keçirdiyimiz tədbirlər ilə iki ölkə arasında mədəni əlaqələrin yaxınlaşmasına öz töhfəmizi verməyə çalışırıq”
Azərbaycanda
Almaniyaya, alman mədəniyyətinə və dilinə maraq
böyükdür. Elə bu səbəbdən də tez-tez alman incəsənəti
və dili ilə bağlı ölkəmizdə tədbirlər
təşkil edilir. Bu qeyd etdiyimiz tədbirlərin əksəriyyəti
“Kapellhaus”-Almaniya-Azərbaycan Mədəniyyət Birliyində( AAMB) keçirilir. Birliyin icraçı direktoru Azər
Alıyev “Paritet”ə açıqlamasında “Kapellhaus”da
keçirdikləri tədbirlər ilə
iki ölkə arasında mədəni əlaqələrin
yaradılmasına və yaxınlaşmasına öz töhfələrini verdiklərini bildirdi: “İlk olaraq
qeyd edim ki, Kapellhausda Şura təşkil edilib. Şuranın sədri almandır. Sədr əsasən
Azərbaycanın Almaniyadakı səfirliyindən seçilir
və üç-dörd
ildən bir dəyişir. Bu şuranın üzvləri arasında həm
almanlar, həm də azərbaycanlılar var. Kapellhausda mütəmadi
olaraq sərgilər, konsertlər, almanların layihələri
əsasında hazırlanan müxtəlif tədbirlər
reallaşır. Bundan başqa Almaniyanın ölkəmizdəki səfirliyinin
tədbirləri də burda təşkil edilir. Almaniyadan Azərbaycana gəlmiş incəsənət
xadimlərinin konsertlərini tez-tez Kapellhausun zalında təşkil
edirik. Almaniya dövlət ali təhsil
ocağı olan Höte İnstitutu ilə əlaqələrimiz
var. Bu təhsil ocağı dil və mədəniyyət məsələlərini
təbliğ edir.
Sözügedən
institutun tədbirlərini keçiririk. Bu günlərdə burda
alman dilinin musiqi ilə təbliği
üçün konsert təşkil etmişdik. Almaniyadan gəlmiş sənətçi
həm tələbələrin iştirakı ilə seminar
keçdi və həm
də dilin təbliği ilə bağlı konsert proqramı
ilə çıxış etdi. Maraqlı bir proqram oldu,
musiqi ilə alman
dilinin tədrisi iştirakçılarda maraq oyatdı.
Onu da qeyd edim ki , Almaniyanın Bakıda olan
üç məktəblə layihəsi var. Yəni bu layihə
çərçivəsində almanlar tələbələrə
alman dilinin tədrisinə kömək edir, dərsliklər
verirlər, alman dili üzrə müəllimlər göndərirlər”.
“AABİ-də azərbaycanlı gənc musiqiçilərin
konsertini təşkil edirik”
“Bundan
başqa bizim mədəniyyət mərkəzində gənc
istedadlı musiqiçilərin konsertləri təşkil
edilir. Məsələn, Azərbaycan Dövlət
Konservatoriyasının, Asəf Zeynallı adına Musiqi
kollecinin və s. musiqi məktəblərinin tələbələrinə
hər həftə imkan veririk ki, onlar mərkəzimizin səhnəsində
çıxış edərək, öz istedad və qabiliyyətlərini
geniş ictimaiyyətə çatdırsınlar”. A.
Alıyev bildirdi ki, konsertlərini təşkil etdiklərini gənclər həm alman və
həm də Azərbaycan bəstəkarlarının əsərlərini
ifa edərək tamaşaçılara təqdim edirlər:”
Konsertləri izləyən hər kəs alman klassiklərinin
və yerli bəstəkarlarımızın
yaradıcılığı ilə yaxından tanış
olmaq imkanı əldə edir. Bundan başqa bir neçə
il əvvəl Almaniyanın”Ariranq” adlı məşhur nəfəs
alətləri kvartetinin, daha bir məşhur qrupu olan “Lionel Haas” triosu və
həmyerlimiz caz ustası Rain Sultanovun birgə konsertini də təşkil etmişdik.
Alman
kinematoqrafiyasının təbliği istiqamətində də
layihələr həyata keçiririk. Belə ki, bir neçə il
əvvəl Kapellhausda “Alman uşaq filmləri” festivalı
keçirilib. Festivala daxil olan
filmlərə baxan hər kəs alman xalqının
yaşayış, tərzi, mədəniyyəti və bir
çox başqa amilləriylə tanış olur. Onu da qeyd
edim ki, bu filmləri İstanbuldakı Höte adına
İnstitutdan almışdıq. Filmlərə
azərbaycanlılarında baxmaq imkanını təmin etmək
üçün titrlərdə türkcə
yazılırdı.
Biz noyabr
ayından başlayaraq may ayına qədər mütəmadi
olaraq alman filmlərinin nümayişini təşkil
edirik.Filmlər alman dilində nümayiş olunur ki, alman
dilini öyrənənlər və Azərbaycanda yaşayan
almanlar filmlərə baxa bilsinlər. Seyrçilər filmlərə
baxmaqla alman dili sahəsindəki biliklərini daha da təkmilləşdirir,
alman kinematoqrafiyası ilə yaxından və mütəmadi təmasda
olurlar. Nümayiş olunan filmlərdən bəzisi
bizim mərkəzdə də saxlanır. Eyni
zamanda Höte İnstitutu tərəfindən davamlı olaraq
yeni filmlər alırıq və nümayiş etdirirk”.
Almanlar Kapellhausda “Yeni il” bayramını qeyd edəcəklər
Həmsöhbətim bildirdi ki, Kapellhausda ənənəvi
keçirilən layihələrdə var: ”Artıq
beş ilə yaxın bir müddətdir ki, ənənəvi olaraq “Yeni il
qabağı bazar” adlı bir layihə həyata keçiririk.
Hər il noyabrın sonu mərkəzimizdə
belə bir layihə təşkil edirik. Bakıda
yaşayan almanlar özləri evdə şirniyyatlar
bişirir, müxtəlif “Yeni il” bayramına aid olan suvenirlər
bəziyir və sərgi-satış yarmarkasında
nümayiş etdirirlər. Qeyd edim ki, bu sərgidə
nümayiş olunan hər bir əşya almanların əl işi olur. Sərgidən
əldə edilən
maddi vəsait Azərbaycanda hər il bir müəssisəyə
verilir. Məsələn, bu il
noyabrda təşkil edəcəyimiz “Alman Milad bazarı”ndan əldə
edilən maddi vəsait xeyriyyə məqsədi ilə Saray və
Göygöl uşaq evlərinə veriləcək”.
Kapellhausda hər bazar günləri
Bakıda yaşayan almanların toplaşdığını deyən A.Alıyev
bildirdi ki, Azərbaycanda bu mərkəz
açılandan sonra ənənəvi olaraq almanlar burda toplaşırlar:
“Almanmənşəli Azərbaycan Vətəndaşları Cəmiyyətinin
üzvləri, ailələri burda
yığışırlar. Kiçik yaşlı uşaqlar
mərkəzdə alman dilinin ilkin səviyyənin öyrənilməsi
üçün dərslər alır, müxtəlif mahnılar ifa
edilir, Milad bayramını, aprel ayında pasxalarını qeyd edirlər, almanlar birgə
toplaşaraq ayrı-ayrı
mövzular ətrafında söhbətlər edirlər. Yəni Azərbaycanda yaşayan azsaylı xalqlar kimi
bir-biri ilə belə məclislər, toplantılar və tədbirlər
vasitəsiylə ünsiyyətdə və
qarşılıqlı əlaqədə olurlar. Kapellhaus Azərbaycanda yaşayan almanların
koordinasiya mərkəzidir. Xatırladım ki, 1908-ci ildə
tikilən bu mərkəz Azərbaycanda yaşayan alman
icmasının toplaşması
məqsədiylə yaradılıb”.
“Təşkil etdiyimiz tədbirlərə giriş
ödənişsizdir”
Kapellhausda təşkil
edilən tədbirlərin hamısına girişin pulsuz
olduğunu deyən icraçı direktor qeyd etdi ki, hər kəsin
tədbirlərimizi izləmək imkanı var. Onun sözlərinə
görə, tədbirlərinə
gələn tamaşaçıların əksəriyyəti
azərbaycanlılardır.
“Bildiyimizə görə, “Kapellhaus”un nəzdində
alman dili kursları fəaliyyət göstərirdi hazırda
da bu kurslar işini davam etdirirmi?” sualını müsahibim belə
cavablandırdı:” Bəli, bir neçə il əvvəl mərkəzimizdə
Azərbaycandakı Alman səfirlyinin nəzdində olan dil
kursları fəaliyyət göstərirdi. Və rəngarəngli alman dili dərsləri tədris olunurdu.
Yəni, bizdə Bakı şəhərində çox ümumiliyin əldə
edə biləcəyi alman
dili üçün təklif
var idi. Yüksək ixtisaslı
müəllimlər
müasir metodlar ilə
bütün yaş qruplarından olan insanlara- şagirdlərə, tələbələrə,
müxtəlif vəzifələrdə çalışan
insanlara və yaşlı əhaliyə
alman dili dərsləri keçirdilər. Dərslərdən
yüksək zövq almağa və mükəmməl
öyrənmə uğurları zəmanət
verilirdi.Artıq iki ildir ki, bu dil kursları mərkəzimizdə
fəaliyyət göstərmir. Səbəb odur ki, alman
dövləti və əsasən də Höte İnstitutu
gördü ki, son illər Azərbaycanda alman dilinə maraq
daha da artıb, bunun üçün də Kapellhausdakı dil
kurslarını bağladılar. Daha mükəmməl
və geniş alman dilinin tədris olunduğu kurslar
açıldı. Hazırda orda uğurlu tədris
proqramı aparılır”.
Müsahibim
Almaniyanın ölkəmizdəki səfirliyinin onlara dəstək
olduğunu dedi: ”Almaniya hökuməti və bu ölkənin Azərbaycandakı
səfirliyi mədəni əlaqələrin
inkişafının daha da genişlənməsinə böyük maraq göstərirlər.
Səfirliyin köməkliyi ilə mədəniyyət sahəsində silsilə tədbirlər
keçirməyə nail olmuşuq. Onu da qeyd edək ki, səfirliyin təşkilatçılığı
ilə Bakı ilə
yanaşı, respublikamızın bir çox bölgələrində
mədəni tədbirlər keçirilib. Bu tədbirlərin
keçirilməsində əsas məqsəd həmyerlilərimiz və Azərbaycanda yaşayan
almanların alman mədəniyyət
aləminə səyahətini təşkil etmək və
onlara bu sahədə olan yenilikləri çatdırmaqdır.
Fikrimcə,efirdən izləməkdənsə, qəzet
və jurnallardan oxumaqdansa canlı olaraq alman musiqisini dinləmək
və təsviri sənət əsərlərini
seyr eymək daha maraqlı və canlı olur. Bizdə səfirliyin
köməkliyi ilə bu istiqamətdə silsilə tədbirlər
keçiririk”.
Məlumat üçün bildirək ki, alman mənsubiyyətli
memar Nikolaus von der Nonne XIX əsrin sonunda Bakının burqomisteri idi. O, 1878-ci ildə əksər
hissəsi almanlardan
ibarət olan Bakıdakı Yevanqelik-lüteran
şura kilsəsinin və icma evinin-Kapellhausun tikilməsini sifariş edib. 1908-ci ildə
“Kapellhaus”un “Alman kilsəsinin” tərkib hissəsi kimi alman pastoru Rixard
Simmerman tərəfindən təntənəli
açılışı qeyd edilib. Lakin sovet
hakimiyyəti dövrünün əvvəllərində,
1920-ci ildə alman mədəniyyətinə zərbə
vurulub. Müəssisələrin milliləşdirilməsi nəticəsində
alman sahibkarıları ölkəni tərk edirdilər. Kilsələr
müsadirə edilir və məqsədəuyğun istifadə
olunmurdu. İkinci Dünya müharibəsi zamanı və müharibədən
sonrakı qarışıqlıq illərində də
Kapellhaus unudularaq insanların gözləri
qarşısında
dağıdılıb, 1980-ci illərin sonunda isə
tamamilə yandırılıb.
1991-ci ildə
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən
sonra Almaniya-Azərbaycan əməkdaşlığını
bütün sahələrdə inkişaf etdirmək
mümkün oldu. Yaranan mədəniyyət
birliyinin doğma
məkanı olan
Kapelhausun bərpası və bunların fəaliyyətlərinin nəticəsində çiçəklənən
ikitərəfli mədəniyyət mübadiləsini
davam etdirmək ideyası
yarandı. Azərbaycan tərəfini təmsil edən Mədəniyyət
Nazirliyi və Abidələrin
Qorunması İdarəsi Kapellhausun binasını və ona
aid olan torpaq sahəsini istifadə üçün icarəyə
verdi.
Mərkəzin
avadanlığı üçün Almaniya Xarici İşlər
Nazirliyi tərəfindən vəsait ayrıldı. Mərkəzin fəaliyyəti də Almaniyanın XİN tərəfindən maliyyələşdirilir.
Onu da qeyd etmək lazımdır ki, Kapellhausun bərpası alman şirkətinin
mühüm dəstəyi olmadan
mümkün ola bilməzdi. Belə ki,
WINTERSHALL AG şirkəti neft konsorsium çərçivəsində
1997-ci ildə Kapellhausun bərpası üçün 500.000
alman markası məbləğində vəsait ayırıb.
Mədəniyyət və görüş
mərkəzini işlətmək məqsədi ilə
Kapellhaus Almaniya-Azərbaycan Mədəniyyət Birliyi
yarandı. 1998-ci ilin oktyabr ayında
Mədəniyyət Nazirliyi bina və ona aid olan torpaq sahəsinin
istifadə hüququnu Mədəniyyət Mərkəzinə
99 il müddətinə icarəyə
verdi. Kapellhaus birliyinin üzvləri ilk andan öz üzv haqları və böyük
əhəmiyyət daşıyan könüllü fəaliyyətləri ilə layihəni
uğurlu davam etdirirlər.
2000-ci ilin
fevralın 16-da müvəqqəti açılışdan
sonra Kapellhaus Bakının mədəniyyət həyatının tərkib hissəsinə çevrildi.
Kapelhaus XIX əsrdən alman
mühacirlərinin görüş yeridir.
Günay ƏSƏDOVA
Paritet.- 2010.-6-7 noyabr.- S. 9.