Azərbaycanda müsbət tolerantlıq mövcuddur

 

 Hökümə Abbasova: “Azərbaycan dövləti xüsusilə Qərbdə formalaşan dinlərarası dialoq təcrübəsindən istifadə edir

 

 Yəqin ki, oxucular ilk olaraq elə başa düşəcəklər ki, bu dəfəki müsahibiz də ökəmizdə yaşayan hansısa başqa etnosun nümayəndəsidir. Lakin həmsöhbət olduğumuz Hökümə Abbasova etnik çoxluğa mənsubdur, yəni azərbaycanlıdır və Azərbaycan Dillər Universitetinin müəlliməsidir. O, tolerantlıq sahəsi üzrə gənc mütəxəssisdir. 2006-ci ildən ADU-nin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Böyük Britaniya ixtisası üzrə təhsil alan magistr I kurs tələbələrinə “Böyük Britaniyada dini və etnik dözümlülük” adlı fənni tədris edir.  Bu sahədə “Tolerantlıq demokratik cəmiyyətin əsas elementi kimi” və “ Britaniya cəmiyyətində birgə yaşayış” adlı məqalələri dərc olunub.

-İlk olaraq müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş dözümlülüklə bağlı fikirlərinizi bilmək istərdik?

- Dözümlülük müasir qloballaşan dünyada əsas meyarlardan və siyasi fikrin mərkəzi konsepsiyalarından biridir. Dözümlülük praktikası azad cəmiyyətin və stabil siyasətin əsas ayrılmaz hissəsi kimi qəbul edilib. Dözümlülük ideyası heç də yeni deyil, belə ki, bu haqda Avropada hələ  XVI- XVII əsrlərdə danışılırdı. Bu zaman dözümlülük yalnız din və vicdan azadlığı ilə bağlı idi. 1648- ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30-illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı.

Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərir ki, “Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamağıdır”, buna əlavə olaraq o qeyd edir ki, “Dözümlülük tolerant şəxsin müdaxiləetmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir”.

Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir: “Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir”. Hər iki fikir açıq-aydın göstərir ki, dözümlülük heç də xoşbəxt dövlət demək deyil. Dözümlülük baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heç nə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük digər tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir.

-Ümumiyyətlə, tolerantlıqla bağlı beynəlxaql qanunlar nə vaxtan qəbul olunub?

- Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, “insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir”, “insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır”. İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edildi. 1993-cü il 8-9 oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səsləndi və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün fəaliyyət planı qəbul olundu. Bu fəaliyyət planı cəmiyyətin səfərbərliyi və belə halların mübarizəsinə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi və səmərəli icrası üçün lazım olan geniş sayda görüləcək tədbirləri özündə əks etdirirdi.

1995-ci il noyabrın 16-da keçirilmiş YUNESKO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə vurğulanır ki, “dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”, bununla yanaşı “dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır”.

 Burdan göründüyü kimi, tolerantlıq insan hüquqları və onun vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi səciyyəvidir. Baxmayaraq ki, beynəlxalq hüququn əsasını hüquq bərabərliyinin pozulmaması prinsipi təşkil edir, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr, milli, sosial və digər mənşəli əlamətlərə dair diskriminasiya demək olar ki, dünyanın hər bir ölkəsində mövcuddur. İnsan Haqlarının BMT komissiyasının irqçililiyin müasir formaları məsələlərinə dair xüsusi məruzəçisinin məlumatlarında müxtəlif dövlətlərdə qaradərililər, ərəblər, çinlilər, müsəlmanlar, yəhudilər, qaraçılar, mühacirlərə qarşı dözümsüzlük halları təhlil edilir.

- Yəqin ki, hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri var...

- Əlbəttə. Məsələn, amerikalılar dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi halda britaniyalılar dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər. Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir, lakin çox zaman dözümlülük tam dərk edilmir. Bunun da əsas səbəbi qeyri-sabit və müvəffəqiyyətsiz azadlıq təcrübəsidir.  Dözümlülüyün formal qaydaları hüquqi və konstitusional, qeyri-formal qaydaları isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük münasibəti də onun açarıdır. Dözümlülük münasibətinin möhkəm qurulmadığı cəmiyyətdə əsasən dözümsüzlük davranışı yararanacaqdır ki, onların ünsiyyəti də, mədəniyyəti də dözümsüzlük davranışlarına məcbur edəcək və beləliklə də bütün təcrübə bu davranışlar nəticəsində puç olacaq.

  Bütün bunlarla yanaşı, dözümlülük azadlıq və bərabərlik kimi azad demokratiyanın əsas fundemental prinsiplərindən biri olmaqla təkcə bütün hüquqların tanınması deyil, həmçinin onların xüsusi konkret halda qəbul edilməsidir. Belə hesab edilir ki, dözümlülük—liberalizmin nail olmaq istədiyi əsas nailiyyətlərdəndir və yaxşı vətəndaşın dözümlü olması, liberal demokratiyanın da dözümlü vətəndaşlar yetişdirməsi gözlənilir.

- Bəs, dözümlülüyün hansı formaları var?

- Dözümlülüyün müxtəlif formaları var: Dini dözümlülük, etnik dözümlülük, siyasi dözümlülük və s. Dini dözümlülük inancları ilə razı olmadığın bütün dinlərdən olan insanların dini ənənələrini həyata keçirməsi, heç bir təzyiq olmadan onların ibadətini yerinə yetirməsi, öz inancını və ya dinini istədiyi zaman dəyişə bilməsi, başqaları ilə  birlikdə öz dini ayinlərini yerinə yetirə bilməsi və s.dir.

 Etnik dözümlülük isə, irqindən, cinsindən, milliyyətindən, vətəndaşlığından asılı olmayaraq ölkə ərazisində yaşayan hər bir şəxsin həmin ölkədəki bütün hüquqlarının təmin olunmasıdır.

 Siyasi dözümlülük siyasi əqidəsindən asılı olmayaraq hər bir şəxsin bütün hüquqlarının təminatıdır. Siyasi dözümlülük demokratik tələbdir ki, daha çox dövlətlər və milli kimliklə sərhədlənir.

- Dözümsüzlük hallarının yaranmasının əsas səbəbləri kimi hansı misal çəkə bilərsiniz?

- Hər bir dövlətdə insan hüquqlarına, konstitusiyaya nə qədər əməl edilsə də, yenə də dözümsüzlük hallarına rast gəlinir. İnsan hüquqlarının pozulması, iqtisadi bərabərsizlik, digər xalqların həyat tərzinə dair biliklərin olmaması, siyasi iradənin zəifliyi, qanunvericiliyin natamamlığı, dövlətin milli strategiyasının olmaması dözümsüzlük hallarını yaradır. Bu halların aradan qaldırılması üçün dövlət tərəfindən bir sıra addımlar atılır, müvafiq qanunvericilik tədbirləri həyata keçirilir. Lakin burada dövlət təkbaşına heç bir şey edə bilməz. Dövlət və vətəndaş qarşılıqlı şəkildə konkret olaraq bir sıra tədbirlər görməlidir ki, onlardan ən mühümləri sırasında bir neçəsini qeyd etmək istərdim. Konstitusiyaya qanunverici və inzibati dəstək, irqçilik, irqi ayrı-seçkiliklə bağlı milli strategiyanın hazırlanması, zəif sosial qrupların müdafiəsi üçün preventiv tədbirlər görülməlidir. Eyni zamanada sosial xidmətlər, təhsil, mənzil və digər sahələrdən istifadənin yaxşılaşdırılması, tolerant şüur və davranış, dini dözümlülüyün formalaşması  yoxsulluq və işsizliyin sayının azaldılması, qadın və uşaqlar üzərində zorakılığın qarşısının alınması da bu sıraya daxildir.

 Bu cür tədbirlərin görülməsi müəyyən dərəcədə insan haqlarının effektiv şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Çünki insanın dini və siyasi baxışları, etnik mənsubiyyəti onun cəmiyyətdəki mövqeyinə təsir etməməli, yalnız insanın xarakteri onun cəmiyyətdə yerində müəyyən rol oynamalıdır. Əgər biz yalnız dində və sosial baxışlarda müxtəlifliyi tanımaqla kifayətlənməsək, onu həmçinin qəbul etsək biz hələ heç vaxt nail olunmamış açıq fikirliliyə nail olarıq. Dözümlülük vətəndaşlardan hətta sosial, siyasi və iqtisadi həyatda iştiraklarını yol verməz saydıqları qrupların hüquqlarını təmin etməyi tələb edir. Dözümlülüyə əməl edilməsi kütləvi qırğınların, soyqırımların nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olacaq.

-Bəs, Azərbaycanda tolerantlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan dünyanın ən tolerant dövlətlərindən biridir. Tarixən xalqımız istər digər dinlərin, istərsə də millətlərin nümayəndələrinə qarşı həm etnik, həm də dini dözümlülük göstərib. Uzun illərdir ki, Azərbaycanda bir çox etnik və dini azlıqların nümayəndələri  tolerant bir cəmiyyətdə, bir-birlərinə hörmət edərək yaşayır. Konstitusiyamızda dinindən, milliyyətindən, cinsindən asılı olmayaraq Azərbaycan ərazisində yaşayan hər kəsin qanun qarşısında bərabər olması vurğulanmışdır.  Beləliklə konstitusiyamız  dövlətimiz həm digər dinlərin, həm də xalqların hüquqlarının təminatçısıdır.

 Baxmayaraq Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır, dövlətimiz ölkə əhalisinin çox hissəsini təşkil edən müsəlmanlarla yanaşı digər dinlərin nümayəndələrinə də daim qayğı göstərir. Buna nümunə kimi, Prezident İlham Əliyevin bütün din nümayəndələrinin dini bayramlarını təbrik etməsini göstərə bilərik. Bundan başqa dövlət səviyyəsində hər hansı bir tədbir keçirilərkən həmin tədbirdə müsəlman icmasının dini rəhbəri ilə birgə digər dini icma və ya dini cərəyanların liderlərinin də iştirak etməsi dövlətin bütün dinləri eyni tutmasının bariz nümunəsidir.

Dövlət siyasətinin bir hissəsi olaraq  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb və bu komitə dözümlülük ənənələrinin qorunub saxlanılması üçün bir çox işlər görür.Azərbaycanda  hazırda  xristianlığın həm pravoslav, həm də katolik qoluna itaət edən insanlar yaşayır. Hər iki cərəyanın öz kilsələri var və bu dinə qulluq edən şəxslər sərbəst şəkildə öz ibadətlərini həyata keçirə bilərlər.

Azərbaycan tarix boyu antisemitizm olmayan bir neçə ölkədən biri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da burada yaşayan yəhudi icması həmişə dövlət qayğısı ilə əhatə olunub. Bunun bariz nümunəsi kimi biz  Qubadakı Qırmızı qəsəbəni misal göstərə bilərik. Məhz bu qəsəbə keçmiş sovet ölkələri içərisində yəhudilərin yığcam yaşadığı yeganə yerdir.

-Tolerantlıqla bağlı Azərbaycanda xarici təcrübədən nə dərəcədə istifadə olunur?

- Xarici təcrübədən danışarkən xüsusi ilə vurğulamaq lazımdır ki, bəlkə də xarici ölkələrin bizim təcrübəmizdən istifadə etməsi lazımdır, nəinki əksinə. Dünyanın ən sivil cəmiyyətləri ilə müqayisə etsək görərik ki, tolerantlıq anlayışı bizdə daha tez yaranıb. Məsələn, Amerikada qaradərililərə qarşı hələ 1960-ci illərə qədər dözümsüzlük göstərilirdi. Avropada isə  yəhudilərə qarşı XX əsrin ortalarına qədər göstərilmiş dözümsüzlük hallarını qeyd edə bilərik. Azərbaycanda isə yəhudilər və azərbaycanlılar 250 ildən artıq bir dövrdə bir-birlərinə hörmət edərək yaşayıblar.

Bununla belə, Azərbaycan dövləti xüsusilə Qərbdə formalaşan dinlərarası dialoq təcrübəsindən istifadə edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məqsədlə konfranslar, seminarlar, dəyirmi masalar və elmi seminarlar keçirərək ölkədə tolerantlıq ənənələrini qoruyub saxlamağa çalışır.

-Bu baxımından xarici ölkələrlə bizim oxşar və fərqli cəhətimiz varmı?

- Qeyd etmək lazımdır ki, tolerantlığın özünün iki növü var; müsbət və mənfi tolerantlıq. Böyük Britaniyada tolerantlığın mənfi, Amerikada isə müsbət növü mövcuddur. Mənfi tolerantlıq yalnız müxtəlif dini və etnik qrupların birgə yaşaması deməkdir. Müsbət tolerantlıq isə, müxtəlif dini və etnik qrupların birgə yaşamasından başqa onların bir-birinə hörmət etməsi, təcrübə mübadiləsini nəzərdə tutur. Bu nöqtədən müqayisə aparsaq qeyd etməliyik ki, Azərbaycanda müsbət tolerantlıq mövcuddur. Əsrlər boyu Azərbaycan ərazisində ləzgilər, tatlar, talışlar, ruslar, yəhudilər birgə yaşamış, öz adət-ənənələrini paylaşmış və bir-birləri ilə qaynayıb qarışıblar. Belə ki, bizim qapı qonşumuz rusdur və xristiandır. İstər xalqımızın milli bayramı olan Novruzda, istərsə də dini bayramımız Qurbanda o bizi bayram münasibəti ilə təbrik edir, biz isə ona bayram sovqatı hədiyyə edirik. Onların dini bayramı Pasxa vaxtı isə əksinə. Yəni biz həm qarşılıqlı şəkildə adət və ənənələrimizə hörmət edirik və həm də öz təcrübəmizi paylaşırıq.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 6-7 noyabr.- S. 8.