Musiqi sərhəd tanımır...

 

“Ən böyük arzum Qarabağın məşhur Cıdır düzündə saatlarla tar çalmaqdı”

 

  “Musiqinin dili yoxdur”-bu fikri biz tez-tez eşidirik. Həqiqətən də yaxşı musiqi və gözəl ifa  dili olmur, sərhəd tanımır,  dilindən və milliyyətindən asılı olmayaraq hər kəs  o  musiqini, ifanı sevir və böyük sevgi ilə dinləyir.  Azərbaycanda da çoxsaylı musiqiçilər var ki, onların ifası  ölkə hüdudlarından kənarda  da çox tanınır.  Belə istedadlı və tanınmış musiqiçilərdən biri də xalq artisti  Möhlət Müslümovdur. Bizdə sənətkarın musiqi dünyası ilə daha yaxından tanış olmaq üçün M.Müslümovla həmsöhbət olduq. O, bizimlə söhbətə ilk  olaraq  sənət tarixcəsini  vərəqləməqlə başladı:

-Əvvəla, bildirim ki, atamın, anamın musiqiyə olan həvəsi məndə bu sənətə olan məhəbbəti artırıb. İlk dəfə tar alətini mən Ələsgər dayımın evində görmüşəm. Həmin vaxt hardasa 4-5 yaşım vardı, o gündən də bu alətə vurulmuşam. İlk olaraq Biləcəridəki 18 saylı musiqi məktəbində təhsil aldım. Sonra isə Asəf Zeynallıya qəbul oldum, 4 il orada təhsil alaraq, müvəffəqiyyətlə bitirib, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Milli Konservatoriyaya qəbul olundum və oranı da bitirdim. Onu da qeyd edim ki, ilk dəfə mənə tar tutmağı, Biləcəridəki 18 saylı musiqi məktəbində Nadir Hüseynov öyrədib. Həm Asəf Zeynallıda, həm Konservatoriyada müəllimim, professor, əməkdar incəsənət xadimi Məmmədağa Kərimov olub. Ona görə müəllimlərimə minnətdaram ki, onlar heç nəyə baxmayaraq, məni bu sənətdə olmağa ruhlandırdılar. Hətta bir vaxt olub ki, sənəti atmaq istəmişəm. Əgər bu insanlar məni ruhlandırmasaydı, bu gün mən Möhlət Müslümov olmazdım”.

 O bildirdi ki, 22 yaşı tamam olmamış onu  Asəf Zeynallı adına Musiqi Texnikumuna müəllim vəzifəsinə dəvət ediblər:” Bu gün isə Konservatoriyada çalışıram, əsas iş yerim buradır, buna baxmayaraq, Asəf Zeynallıda işləyirəm, ona görə ki, oranı ata-baba ocağı hesab edirəm. Bu təhsil ocağından bizim korifey sənətkarlarımız çıxıb. Hər ora gedəndə, elə bilirəm Əhməd Bakıxanovun, Adil Gərayın, Hacıbaba Hüseynovun, Mirzə Mansurun ruhu oradadır. Mən deyərdim, həmin məktəb Şərq dünyasında ən böyük musiqi məktəbidir. Ancaq bu gün Konservatoriyada da  istedadlı gənclər də yetişir. Sevindirici haldır ki, qonşu İrandan, Türkiyədən bu ali təhsil ocağına  təhsil almağa gəlirlər. Gördüyünüz kimi, mənim sinifimdə də İrandan- Ərdəbildən tələbələrim var. Mən də çalışıram ki, vaxtında öyrəndiklərimi indi gənclərə öyrədim.

 “Tar mənim üçün hər şeydir, həyatımdır”-deyən M.Müslümov bildirdi ki,  tar onun  üçün Azərbaycan deməkdir:” Mənim üçün tar soyumdur, kökümdür, kimliyimdir, millətimin kimliyidir, torpağımdır, vətənimdir, yoldaşımdır. Arzu edirəm ki, tək tarzənlər deyil, bütün musiqiyə qiymət verənlər, tarı belə dəyərləndirsinlər. Bu gün, biz Azərbaycanlığımızı dünyaya sübut etmək üçün, düşmənə qalib gəlmək üçün, silahsız, tarla meydana çıxsaq, düşmən əllərini qaldırıb, təslim olar. Azərbaycanın belə şah aləti var. Tarın tembiri kimi, dünyada mizrabla çalınan ikinci musiqi alətində belə bir tembir yoxdur. Dünyada mizrabla çalınan, simli alətlər çoxdur, görürsən ki, tembrlər bir-birinə oxşayır, lakin, tarın tembiri dünyada yekdir, təkrarolunmazdır. Tar mənim üçün ailə deməkdir, mənim övladımdır. Mən ona həddindən artıq borcluyam. Tar mənim başımı uca edib, mən də çalışmışam, tarın başını uca edim və bir az təvazükarlıqdan uzaq olsa da, tarın başını uca etmişəm”. Tarla birgə qırxdan çox ölkədə qastrol səfərlərində olduğunu söyləyən sənətkar bildirdi ki, keçmiş SSRİ-nin müxtəlif respublikalarında, Şərq və Avropa ölkələrində səfərlərdə olub: ”Əgər səfərlərimi saysam, 200-dən çox olar. Tar məni gəzdirib, mən də onu gəzdirmişəm. Mən tara borcluyam,  əlbəttə, onun dili var, sadəcə başa düşmək lazımdır və mənə hərdən elə gəlir ki, tar da deyir ki, “sənə borcluyam ki, sən məni ucaltdın”. Düzdür, məndən qabaq tarı ucaldıblar, onları görmüşəm, sevmişəm, onlar olmasaydı, mən də olmazdım. Belə ki, korifeylərimiz olan  Əhsən Dadaşov, Hacı Xanməmmədov, Məmmədağa Muradov, Bəhram Mansurov, Həbib Bayramov tarı zirvələrə qaldırıblar. Onların ifasını  görməsəydim, öyrənə bilməzdim”.

“Xarici səfərlərdən söz düşmüşkən, Möhlət müəllim  Azərbaycan musiqisini xaricdə necə qarşılayırlar?” sualını musiqiçi belə cavablandırdı: ”Bir maraqlı  faktı qeyd edim ki, neçə il əvvəl  Fransada  festivalda idim, orada 54 ölkədən, o cümlədən İsraildən də musiqiçilər gəlmişdilər. Zalın həyətində məşq edirdik, gördük bir dəstə musiqiçilər gəldi, bizə qoşuldu. Biz də dil bilmirik, əvvəlcə bilmədik haradan gəliblər. Nəsə, başladıq bunlarla çalıb-oxumağa. O vaxt sintez o qədər məşhur deyildi, amma belə desək  musiqiləri bir -birinə caladıq nəsə yaxşı bir hava alındı. Bu sintez haqqında  Fransa qəzetlərində məqalə dərc edildi və şəkillərimiz verildi. Nə vaxt çəkiblər, heç xəbərimiz də olmayıb. Avropa ölkələrinin hamısında olmuşam və görmüşəm ki, həmişə bizim musiqi salonu ayağa qaldırıb. Hər bir xalq muğamımıza fantastik bir musiqi kimi baxır. Xarici jurnal və qəzetlərdə barəmizdə hazırlanan materiallar bunu sübut edir. Çox gözəl sual verdiniz, mən də əvvəllər maraqlanırdım ki, görəsən bunlar bizim musiqidən nə başa düşürlər və yazılan materialları tərcümə etdirəndə görürdüm ki, doğrudan da Azərbaycan muğamını həddən artıq yüksək səviyyədə qəbul edirlər. Elə səfərlər olub ki, salonlarda, zallarda bir nəfər də türk, azərbaycanlı olmayıb, mahnı bitəndən sonra, necə ayaq üstə, uzun-uzadı alqışlayıblar. Əlbəttə, bunlar insanı fərəhləndirməyə bilməz”.

Oğlunun da onun  yolunu davam etdirdiyini deyən M.Müslümov bildirdi ki,  o istəmirmiş oğlu tarzən olsun: ”Heç istəmirdim  oğlum Rüstəm bu yolu davam etdirsin. Qeyd etdiyim kimi,  bu sənət yolu çox çətindir.  Mənim üç övladım var, heç birinin bu sənətdə olmağını istəmirdim, ancaq onunla bacarmadım. Hazırda da bu alətdə ifasını davam etdirir. O, Dövlət Konservatoriyanı bitirib. İndi Asəf Zeynallıda   Konservatoriyada da işləyir. Oğlum olduğuna görə demirəm, amma yaxşı nailiyyətləri var   gələcəyinə inanıram.  Amma  onu da qeyd edim ki, bu günə qədər ona bir gün də mən dərs deməmişəm, müəllimi Ağasəlim Abdullayev olub”.

İstək və arzularından danışan sənətkar qeyd etdi ki, hələ ürəyində qalan çox arzuları var: ”Təbii ki, arzusuz insan yoxdur. İstər dövlət televiziyasında və istərsə də digər telekanallarda məndən çox muğam dəstgahı lentə yazan olmayıb. Muğam dəstgahı çox çətindir. Hərdən dəhşətə gəlirəm ki, məndə nə boyda səbr olub, bu qədər dəstgah yazmışam. Mən vaxtı ilə Cıdır düzündə tar ifa etmişəm. Bu gün ən böyük arzum Qarabağın məşhur Cıdır düzündə saatlarla tar çalmaqdı. Gənc vaxtlarımda Qarabağ toylarında iştirak edirdim. Hərdən oturub, köhnə kasetlərə baxıram, kövrəlirəm və   deyirəm, görəsən mənə  qismət olacaqmı kimin toyunda iştirak eləmişəm, gedim, həmin kəsin övladının toyunda da , elə Qarabağda iştirak edim. Ən böyük arzum Azərbaycanın qədim torpaqları olan Təbrizdə, Ərdəbildə  konsert vermək idi. Bu arzuma çatdım və orda konsert proqramı ilə çıxış etdim. İnşallah Qarbağda da tarımı səsləndirmək mənə qismət olar”. Toylarda ifaçıların çıxış etməsinə  yaxşı münasibəti olduğunu deyən sənətkar bildirdi ki, səhnədə, efirdə tamaşaçı ifaçıya baxır və dinləyir , toyda niyə  baxa və dinləyə  bilməsin: ”Toyda ifa edən ifaçılara münasibətim yaxşıdır. Özüm lazım olanda və dəvət alanda toylara gedirəm. İndi yaşla əlaqədar, əvvəlki kimi toylara çox getmirəm. Onu da bildirim ki, mənim üçün fərqi yoxdur azərbaycanlı toyu hansı şəhərdə və hansı ölkədədir. Azərbaycanlı Almaniyada yaşasa belə və məni toyunda görmək istəyirsə, gedib orda  iştirak edirəm. Ümumiyyətlə,  mən toyları regiona ayırmamışam. Hər yerdə olmuşam. Belə ki, Qarabağda, Naxçıvanda, Şirvanda da  toylarda çox olmuşam. Sonda qeyd edim ki, müasir toylar və gəncliyimiz də inkişafdadır. Amma, bir az bizim milli kökümüzə, mentalitetmizə fikir versinlər. Kimliyimizi, hansı torpaqdan olmağımızı yaddan çıxartmasınlar. Avropadan çox şeylər götürmək olar. Amma azərbaycanlı olmağı gərək hər sahədə  yaddan çıxartmayaq”.

 

 

Günay

 

Paritet.- 2010.- 9-10 noyabr.- S.13.