Təbiətdən ilham alan rəssam...

 

 “Təbiət rəssamın daxilində yaratdığı gözəllik duyğularının ifadəsinə yardımçı olan bir vasitədir”

 

 Bu gün  sevindirici haldır ki, ölkəmizdəki sərgi  salonlarında hər gün  bir-birindən fərqli, müxtəlif ad altında sərgilər təşkil edilir. Ən maraqlısı  odur ki, keçirilən sərgilərin əksəriyyətində gənc rəssamların  əsərləri nümayiş olunur.  Bu hal da gənclərin incəsənətə və xüsusən də  rəssamlığa olan  sonsuz marağının göstəricisidir. Artıq öz əsərləri ilə  dəfələrlə sərgi salonlarını bəzəmiş belə rəssamlardan biri də  Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvü, respublika və beynəlxalq festivalların laureatı Aysel Əmirovadır. Bu  yaxınlarda da  rəssamlıq üzrə bir çox uğura imza atan  gənc rəssamla görüşüb onun parlaq sənət dünyasına yenidən nəzər saldıq.

Bu gənc və istedadlı rəssamın adı artıq sənətsevərlərə yaxşı tanışdır. O, daim  yaradıcılıq axtarışında olaraq yeni yaratdığı  əsərlərini    tamaşaçılara  təqdim edir.  Onun əsərlərinə nəzər saldıqda  Vətən məhəbbətinin, doğma mənzərələrin, müxtəlif kompozisiyaların onun tablolarının baş mövzusu olduğunu  görmək olur. 

 

 Rəssamın Mənim şəhərim ‘’‘’ Şərq gözəli‘’ adlı rəsmləri CONOCO PHİLİPS neft şirkəti tərəfindən təbrik açıqcaları üçün seçilib

 

A.Əmirova   Rusiya Federasiyasının Moskva şəhərində dünyaya göz açıb və  kiçik yaşlarından rəssamlığa böyük həvəs və  maraq göstərib: ” Bu rənglər dünyası onu T.İsmaylov adına uşaq yaradıcılıq qalereyasında  rəssamlıq dərnəyində məşğul olmağa həvəsləndirib: ”İlk uğurum kimi,   1998-ci ildə ‘’Xocalı faciəsi’’ adlı sərgi-müsabiqəsində respublika üzrə 1-ci dərəcəli diploma layiq görülməyimi qeyd edə bilərəm.

1999-cu ildə isə 50 rəsmdən ibarət ilk fərdi sərgim həmin qalereyada keçirilib. Dərnəkdə məşğul olduğu illər ərzində beynəlxalq sərgilərdə iştirak etmişəm. Belə ki,  ABŞ, Yaponiya, Rusiya, Gürcüstan və  İranda keçirilən sərgi-müsabiqələrə qatılaraq diplom və mükafatlara layiq görülmüşəm”.

Bir maraqlı faktı da qeyd edək ki, 2000-ci ildə Ayselin ‘’ Mənim şəhərim ‘’və‘’ Şərq gözəli ‘’adlı rəsmləri bir çox əsərlər içindən CONOCO PHİLİPS neft şirkəti tərəfindən təbrik açıqcaları üçün seçilib.”

 2001-ci ilin dekabr ayında gənc paralimpiyaçı kimi Milli Olimpiya Komitəsində Prezidentimiz cənab İlham Əliyevlə görüşüm zamanı çəkdiyim portreti ona hədiyyə kimi təqdim edim. Ölkə prezidenti ilə  bu görüşü mən   xoş xatirə kimi həmişə xatırlayacam”.

Dediyinə görə, rənglərə  vurğunluğu, eyni zamanda  sənətin sirli - sehirli aləmi Ayseli 2003-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq və İncəsənət Kollecinə gətirib çıxardıb: ’’Ə.Əzimzadə adına Rəssamlıq məktəbində tanınmış pedaqoq - rəngkar Yavus Kərimovun sinfində oxumuşam və bu əziz, sevimli müəllimimi həmişə hörmət və ehtiramla xatırlayıram. Gərgin iş rejiminə baxmayaraq, o heç vaxt məndən diqqət və qayğısını əsirgəmirdi.  O, əsl pedaqoq idi,  tez-tez də deyərdi : ‘’Tələsmə, bir az səbirli ol. Məktəbi bitirən kimi Akademiyada ali təhsil almağı unutma. İnanıram ki səni gözəl gələcək gözləyir. Əgər əməl etməsən, çox şey itirərsən !... ‘’

Ayselin dediyinə  görə müəlliminin ona etdiyi bu  tövsiyə  həmişə onun yaddaşındadır:” Belə ki, mən 2007-ci ildə Ə.Əzimzadə adına Kollecdə rəngkarlıq üzrə təhsilimi fərqlənmə diplomu ilə bitirən kimi üz tutdum Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına. Məhz rəngkarlıq ixtisasında oxumaq istəyirdim, özüdə həyat üzümə güldü, az sonra mən bu mötəbər təhsil ocağına yüksək balla daxil oldum. Burada görkəmli pedaqoq, sənətinə və şəxsiyyətinə böyük hörmət bəslədiyim rəssam Namiq Məmmədovun sinfində 2 il oxudum. Hal-hazırda isə əməkdar rəssam, sevimli müəllimim Fərman Qulamovun emalatxanasında Fərman müəllimlə bərabər görkəmli xalq rəssamımız Oqtay Şıxəliyev və Asif Azərellidən dərs alıram’’.

  Təhsil aldığı illərdən  yəni, 2003-cü ildən başlayaraq Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliyi tərəfindən keçirilən sərgilərdə fəal iştirak etməyə başlayır. Belə ki, Amirova 2002-ci il noyabr ayında Azərbaycanın Londondakı səfirliyində və 2003-cü il iyun ayında Şotlandiyanın CONOCO PHİLİPS neft şirkətinin ofisində təşkil olunmuş sərgi-satışlarda ‘’ İçəri şəhər ‘’ və ‘’ Azərbaycan gözəli ‘’ adlı tabloları nümayiş olunub  və ən yüksək müsbət rəy alıb.

 

Gənc rəssam qızıl medalla təltif olunub

 

 Ayselin gənc  olmasına baxmayaraq,  istedadı çalışqanlığı sahəsində  daha çox nailiyyətlər əldə etməyə nail olub. Belə ki,  2007-ci ilin oktyabr ayında Heydər Əliyev fondunda Word Intellectual Property Organization təşkilatı tərəfindən rəssamlıqda yüksək nailiyyətlərinə görə qızıl medalla təltif olunub: ”Mən‘’ Meyvələr ‘’ adlı kətan üzərində yağlı boya ilə işlənmiş tablomu  fonda hədiyyə etdim.

Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış  tarixi faciələrimizlə     bağlı   daim rəsm əsərləri işləyirəm.  2009-cu il  fevralın 26-da Azərbaycan Rəssamlar İttifaqının xətti ilə Ankarada keçirilən ‘’ Xocalı soyqırımı ‘’ sərgisində ‘’Şəhid anası’’ adlı rəsm əsəri ilə iştirak etmişəm.

  Həmin il avqustun 20-23-də Moskva şəhərində keçirilən MDB ölkələri arasında sağlamlıq imkanları məhdud olan gənclərinin Beynəlxalq xalq yaradıcılığı festivalında ‘’ Xəyallarda ‘’ ‘’ Güllərim ‘’ adlı işləriylə 2-ci yerə Laureat mükafatına layiq görüldüm.  Gənclər İdman Nazirliyi tərəfindən 1 fevral 2010-cu ildə Laureat mükafatı gənclər günü münasibətilə ‘’ Gənlər mükafatı ‘’ ilə təltif olunmuşam”. Onun nailiyyətləri  göstərir ki,  Aysel rəssamlıq sənətinin rənglər dünyasının həqiqətən vurğunudur. O, bizimlə söhbətində qeyd etdi ki,  ən böyük arzusu  çəkdiyi hər bir rəsm əsərlərini  ölkə ilə yanaşı, digər xarici ölkələrdə nümayiş  etdirərək Azərbaycanın adını hər zaman  yüksəklərə qaldırmaqdır.

2009-cu ilin dekabr ayında Nobel Oil şirkəti tərəfindən Ayselin 13 rəsm işləri seçilib onlardan ibarət açıqcalar təqvimlər çap olunub.

  Aysel Əmirovanın yaradıcılığında gözəllik, daxili aləm, gənclik zəhmət vəhdət təşkil edir. Onun böyük ilhamla yaratdığı ‘’Xəyallarda’’, ‘’Şəhid anası‘’, ‘’Bir millət - iki dövlət‘’ , ‘’Yaz rəqsi‘’, ‘’Qızıl güllər ‘’, ‘’Büruzə verən hiss‘’, ‘’Gecə gündüz ‘’, ‘’Yerin üstündə‘’ , ‘’Nabran xatirələri‘’ , ‘’Quba‘’, ‘’Bakı, İstanbul‘’ bir çox təbiət mənzərələri tablolarda rənglərin yerli - yerində işlənməsi əsas yer tutur. Gənc rəssamın yaradıcılığında portret janrı da özünəməxsusluğu ilə seçilir. Onun bu janrda çəkdiyi portretlərdə insan qəlbindən keçənləri asanlıqla duyur görürsən: ”Mən təbiəti orda olan füsünkarlığı çox sevirəm. Belə deyərdim ki, ən gözəl rəssam elə təbiətin özüdür.  Fikrimcə, hər bir rəssamın ilham mənbəyi təbiətdir. Onlar təbii gözəlliklərdən   güc alaraq  bir-birindən dəyərli əsərlər yaradırlar. Mənimdə yaradıcılıq qüvvəm elə təbiətdir. Elə bu səbəbdən    yaradıcılığımda da  mənzərə janrı özünəməxsus yer tutur.  Bir sözlə, təbiət - həm reallığın rəngarəngliyi, həm içində yaratdığın gözəllik duyğularının ifadəsinə yardımçı olan bir vasitədir”.

Gənc rəssam Aysel Əmirova təsviri sənətin rəngkarlıq sahəsində orijinal, özünəməxsus yaradıcılığını dünyagörüşünü zənginləşdirməyə davam edir yeni-yeni əsərlər üzərində işləyir.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 11-12 noyabr.- S. 13.