Azərbaycan Bizim Evimizdir
Gülsel Səfərova: “Azərbaycanda ilk dəfə
etnik icmaların gənclər təşkilatlarını
bir araya gətirərək onlar arasında geniş ictimai əlaqəni təmin edən Koordinasiya Şurası yaratmışıq”
Tarixən Şərqlə Qərbin
dialoq və təmas nöqtəsi olan Azərbaycan çoxmillətliliyi, sosio-mədəni
tolerantlığı ilə
fərqlənib. Azərbaycanda məskunlaşan müxtəlif
dinə, etnik qruplara məxsus olan millətlər burada sərbəst, azad və mehriban
qonşuluq şəraitində
yaşayıblar. Bu gün Azərbaycanda
mövcud olan gürcü, yəhudi, rus, ukraynalı, tatar, yunan və
s. etnik icmalar məhz bu tarixi
tolerantlığın,
xoş münasibətin
təzahürü olaraq
öz varlığını,
milli adət-ənənələrini,
dinini və dilini nəinki qoruyub saxlayıb, hətta inkişaf etdiriblər. Son illərsə,
Azərbaycana yeni etnik icmaların nümayəndələri (çinli,
ingilis, amerikan, nigeriyalı, norveçli, yapon, alman və s.) köç edirlər.
Bunun müəyyən siyasi, iqtisadi səbəbləri
ilə bərabər ən başlıca amil Azərbaycanda hökm sürən dini, milli, sosio-mədəni
tolerantlıq, insan hüquq və azadlıqlarının meyarı
olan demokratik dövlət quruluşudur. Qeyd olunmalıdır ki, istənilən etnik icmanın ən fəal, inteqrasiyaya daha meyilli təbəqəsi olan gənclərin mədəni təşkilatları
bir-biri ilə əlaqəsiz şəkildə
fəaliyyət göstərirlər.
Məhz bu mədəni
koordinasiya ehtiyacından irəli
gələrək Azərbaycan
Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatı
(AGAT) 2009-cu ildə Qafqazda
ilk dəfə olaraq ölkəmizdə Milli
İcmaların Gənclər
Təşkilatlarının Koordinasiya Şurasını
yaradıb. Şuraya rus, tatar, ukraynalı, yəhudi, yunan, türk, polyak icmaları daxildir. Xatırladaq ki, AGAT 2007-ci il may ayında təsis edilib dövlət qeydiyyatından
keçib.
AGAT-ın sədri Gülsel Səfərova “Paritet”ə
açıqlamasında dedi
ki, Koordinasiya Şurasının yaradılması
milli icmaların, ilk öncə isə gənclərin inteqrasiyasındakı
boşluğu aradan qaldıran platforma rolunu oynayır. G.Səfərova bildirdi ki, əsas məqsədləri
etnik icmaların gənclər təşkilatlarının
qarşılıqlı əməkdaşlıqlarının
təmin olunması, onların Azərbaycanın
mədəni mühitinə
inteqrasiyasını daha
da surətləndirməkdir:
“Azərbaycanda müxtəlif
etnik icmaların bir sıra mədəni
mərkəz və təşkilatları mövcuddur.
Lakin mərkəz və təşkilatların fəaliyyəti
əsasən avtonom xarakter daşıyırdı.
Onların bir-biri ilə
münasibəti demək
olar ki, yox idi. Bu səbəbdən biz Azərbaycanda ilk dəfə
icmaların gənclər
təşkilatlarını bir araya gətirərək
onlar arasında geniş ictimai əlaqəni təmin edən Koordinasiya Şurası yaratmışıq”.
AGAT sədri Koordinasiya Şurasının
əvvəlcədən müəyyən
edilmiş təqvim günlərinə əsasən
ayda bir dəfə tam tərkibli iclası keçirilir: “Koordinasiya Şurasının
tərkibi üç
aydan bir milli icma nümayəndələrinin seçilməsi
ilə yeniləşir.
AGAT isə, bu
şuranın daimi üzvi olaraq fəaliyyət göstərir. Koordinasiya Şurasında milli icmalarla bağlı mədəni tədbirlər
planı, müştərək
layihələr müzakirə
edilərək həyata
keçirilməsi üzərində
iş aparırlar. Eyni zamanda gənclər təşkilatları təmsil
etdikləri etnik icmaların tarixi, mədəni, müasir sosial həyatı və nailiyyətləri barədə bir-biri ilə informasiya mübadiləsi aparmaq, bu məlumatları Azərbaycan cəmiyyətinə
çatdırmaq imkanlarına
malikdirlər”.
Onun sözlərinə görə
Koordinasiya Şurasının
heyəti milli icma nümayəndələrinin
gənclər təşkilatlarının
və ya bu funksiyanı həyata keçirən səlahiyyətli nümayəndələrin
bir neçəsindən
və AGAT-dan təşkil olunub.
AGAT xalqımızın əlamətdar günlərində
Koordinasiya Şurasına
daxil olan təşkilatlar üzvləri ilə mütəmadi tədbirlər
də keçirir.
Burada da məqsəd onlara Azərbaycanla bağlı həqiqətləri
çatdırmaqdır. AGAT-a Azərbaycan Ombudsman Aparatı
da öz köməkliyini əsirgəmir.
Bu tədbirlərdən biri
kimi AGAT-ın “2 fevral gənclər günü” münasibəti
ilə bu il 1 fevralda təşkil
etdiyi
ombudsman Elmira xanım Süleymanova və Azərbaycanda Yaşayan Milli İcma və Xalqlarının Gənclər Təşkilatlarının
rəhbərləri ilə
görüşünü qeyd
etmək olar: “Görüş
zamanı icma sədrləri təqdimat etdikdən sonra gələcək fəaliyyət
üçün təkliflər
irəli sürdü.
İcma sədrləri qeyd etdilər ki, Koordinasiya Şurasının
hazırlanmış fəaliyyətləri
həyata keçirməsi,
yeni layihələrin hazırlanması üçün
ciddi maneələr mövcuddur. “Xalqımız üçün
çox mühüm olan bu imkanları
həyata keçirə
biləcək bir mexanizmin-Koordinasiya Şurasının mərkəzinin
olmaması fəaliyyətdə
keçilməz və
ağır maneələr
yaradır”. Bunları nəzərə
alaraq Azərbaycanda yaşayan rus, ukraynalı, türk, tatar, yəhudi və yunan icmaları
gənclər təşkilatlarının
sədrləri Ombudsmana
Koordinasiya Şurasının
Mərkəzinin yaradılmasını
təklif etdi”.
AGAT sədrinin sözlərinə
görə, həmin tədbirdə Ombudsman E.Süleymanova
da maraqlı təkliflər irəli sürüb. O bildirib ki, Milli
İcma Gənclər
Təşkilatlarının Koordinasiya Şurası ilə birlikdə “İnsan Hüquqları Məktəbini” yaratmaq olar. Bundan başqa KŞ ilə
birlikdə Sülh naminə dinlərarası
körpülərin qurulması
və Azərbaycanın
regionlarında icmalarla
tədbir həyata keçirmək və s. təlkiflər verib.
Koordinasiya Şurası Yəhudi Mədəniyyət
Mərkəzində Xocalı
Soyqırımının
18-ci ildönümü ilə
əlaqədar da 25 fevral, 2010-cu il
tarixində “Faciəmiz”
adlı anım mərasimini keçirib. Tədbiri giriş sözü ilə açan “Hillel” Beynəlxalq
Yəhudi Tələbə-Gənclər
Təşkilatının Bakı
nümayəndəliyinin rəhbəri İlona Əzimbəyova Xocalı soyqırımının yalnız
Azərbaycan xalqına
qarşı deyil, bütün bəşəriyyətə
olan cinayət kimi dəyərləndirib.
Daha sonra çıxış
edən Gülsel Səfərova 1 dəqiqəlik
hüzn sükutundan sonra soyqırımın tarixi, ağır nəticələri və
onun beynəlxalq hüquqi şərhini verib. Azərbaycan Rus Gəncləri
Assosasiyasının
mətbuat katibi Oksana Qrubaçova bu hüznü paylaşaraq rus xalqının yaxın keçmişdə yaşadığı
Budyonovsk və “Nord Ost” faciələri barədə məlumatlar verib. Türk Tələbələri Şurasının sədri
Yasin Dikman 1915-ci ildə türk xalqının Çanaqqala
savaşında göstərdiyi
qəhrəmanlıq və
250 min şəhidləri barədə
söhbət açıb.
O, Xocalı soyqırımi
ilə Çanaqqala
şəhidlərinin oxşar
taleyi yəni, işğalçılara qarşı
mübarizə qurbanları
olduqlarını bildirib.
Tədbirin ev sahibəliyini edən
“Hillel” Yəhudi Gənclər
Təşkilatının sədri
İlona Əzimbəyova
yəhudi xalqının
faşizmin irticası
dövründəki “Holokost”
soyqırımından geniş
bəhs etməklə
bərabər, beynəlxalq
status qazanmış faciə ilə Xocalı soyqırımı
arasında paralellər
aparıb. O, hər iki qətliamın bəşəriyyətə qarşı
olan ən ağır soyqırımlardan
biri kimi dəyərləndirib. Daha sonra
“Hillel” təşkilatı tərəfindən
hazırlanmış Xocalı
və “Xolaxos” soyqırımını əlaqəli
şəkildə əks
etdirən video çarx
nümayiş etdirildi.
Çıxışının sonunda İlona
Əzimbəyova Holokost
və Xocalı soyqırımı qurbanlarının
əziz xatirəsinə
2 ədəd şam yandırdı. Çıxış
üçün söz
alan Koordinasiya
Şurasının koordinatoru
Nizami Vəliyev yaradıldığı qısa
müddətdə Azərbaycanda
tolerantlığın, azərbaycançılıq
ideyalarının möhkəmlənməsi
istiqamətində Şuranın
gördüyü işlərdən
söz açıb.
Koordinasiya Şurası müxtəlif icma nümayəndələrinin veteranlarının
iştirakı ilə
İkinci Dünya müharibəsində qələbənin
65 illiyi ilə əlaqədar mayın
7-də mədəni tədbir
keçirib.
AGAT-ın İdarə heyətinin rəhbəri Nərgiz Eyvazova isə qeyd etdi ki,
bu təşkilat Azərbaycanda yaşayan müxtəlif dini və etnik icmalarla, eyni zamanda gənclərlə
bağlı həyata
keçirilən dövlət
siyasətinə öz
tövfəsini verib. Belə ki, AGAT Gənclər və İdman Nazirliyinin birgə Azərbaycanda
yaşayan milli icma və xalqlarının
yaradıcı gənclərinin
ümumilli lider Heydər Əliyev irsinin öyrənilməsi və
təbliğinə həsr
olunmuş “FENOMEN” adlı
bədii müsabiqə
keçirib. Həmsözhbətimiz layihə
çərçivəsində Azərbaycanda yaşayan milli icma və
xalqların gənclər
təşkilatları ilə
əlaqənin saxlanıldığını
bildirdi.
N.Eyvazov layihə
çərçivəsində 4 istiqamətdə- ən yaxşı rəsm, şeir, hekayə və əl işləri müsabiqəsinin
keçirildiyini qeyd etdi: “Ən yaxşı rəsm üzrə “Hillel” yəhudi
gənclər təşkilatı,
ən yaxşı şeirə görə “Arqo” yunan gənclər
təşkilatı, ən yaxşı hekayəyə
görə
“Tuqan-tel” tatar gənclər təşkilatı,
ən yaxşı əl işinə görə “Poloniya- Azərbaycan” polyak gənclər təşkilatı sertifikat
və mükafatlar aldılar. Müsabiqənin rəsm, hekayə,
əl işi və şeir
üzrə qalibləri
Milli Elmlər Akademiyasının professor heyəti
tərəfindən müəyyənləşdirilib.
Hər bir icma və
fərdi olaraq birinci yer sahibləri
qiymətli hədiyyələrlə
mükafatlandırılaraq sertifikatlarla təltif olunublar”.
AGAT-ın İdarə
heyətinin rəhbərinin fikrincə, layihənin
unikallığını və vacibliyini əks etdirən əsas
amil Heydər Əliyev irsinin öyrənilməsi və təbliği
ilə bağlı bu formatda fəaliyyətin ilk dəfə
keçirilməsi olub: “Layihə nəticəsində ulu
öndər Heydər Əliyevin irsi Azərbaycan cəmiyyətində,
xüsusən də etnik icmalar arasında daha güclü təbliğ
olunmaqla bərabər əsası qoyulmuş Azərbaycançılıq
ideologiyası Azərbaycanda yaşayan milli icma və xalqlar
arasında işıqlandırılıb”.
Fuad Hüseynzadə
Paritet.- 2010.- 13-19 noyabr.- S. 9.