Azərbaycan jurnalistlərinin Şimali Kiprə səfəri yekunlaşıb

 

Kipr türklərinin ən sevimli ifadəsi Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisidir

 

Azərbaycan media təmsilçiləri 10-15 noyabr 2010-cu il tarixlərində Şimali Kipr Türk Respublikasında (ŞKTR)  səfərdə olublar.  Bu səfər   Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsi çərçivəsində həyata keçirilib. Əsas məqsəd beynəlxalq aləmdə və  ətraf region dövlətlərində mövcud olan media təcrübəsinin öyrənilməsi, söz və mətbuat azadlığının inkişafı yönündə təcrübə mübadiləsinin aparılması olsa da, Azərbaycan media təmsilçiləri qardaş ölkənin müstəqilliyinin elan edilməsinin il dönümünə həsr edilmiş tədbirlərə də qatılmış, Şimali Kiprin rəsmi qurumları ilə görüşlər keçiriblər. Həmçinin Şimali Kiprdə ali təhsil müəssisələrində təhsil alan tələbələrlə görüşlərin təşkili də səfərin maraqlı hissələrindən olub. Səfər və onun yekunlarına dair maraqlı faktları Azərbaycan oxucusuna çatdırmaqla oxucuların əhəmiyyətli informasiyalar əldə edəcəklərinə ümid edirik.

Məlumat üçün bildirək ki, səfərdə olan nümayəndə heyətinin tərkibi  KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  “Azərbaycan” qəzetinin baş redaktor müqavini Zeynal Zeynalov,  “Olaylar”İA-nın rəhbəri Yunus Oğuz, “Trend” İA-nın baş redaktoru İlqar Hüseynov, “Ekspress” qəzetinin sahibi Müşfiq Səfiyev, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev və “Oxu məni” qəzetinin baş redaktoru Emin Axundovdan ibarət olub.

 

ŞKTR-in qurucu prezidenti Rauf Denktaşla görüş

 

Azərbaycan media təmsilçiləri səfərin ilk gününü Şimali Kipr Türk Respublikasının qurucusu və ilk prezidenti Rauf Denktaşla görüşlə başladı. R.Denktaşın ofisində keçirilən görüşdə öncə Azərbaycan nümayəndə heyətinin səfərinin məqsədi haqda məlumat verildi.  KİVDF-nin  icraçı direktoru V.Səfərli R.Denktaşın bütün türk dünyasında olduğu kimi Azərbaycanda da sevilən tarixi şəxsiyyət olduğunu söylədi.  Bildirdi ki, məhz milli liderlər hər zaman  xalqını istiqlaliyyətə qovuşdurur və bu istiqlaliyyəti qoruyub saxlamağı bacarır: “Şimali Kipr Türk respublikasının artıq 27 yaşa gəlib çatması isə bilavasitə Rauf Denktaşın adı ilə bağlıdır”.

R.Denktaş isə azərbaycanlı jurnalistlərin  ŞKTR-yə böyük heyətlə səfər etməsini müstəqillik elanının  27-ci il dönümü ərəfəsində Kipr türklərinə ən gözəl bayram hədiyyəsi kimi qiymətləndirdi. Kipr adasının mövcud  problemləri ətrafında fikirlərini bölüşən Denktaş qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə olduğu kimi,  beynəlxalq dairələr Kipr probleminə münasibətdə də ikili standartlar sərgiləyirlər: “Bu gün adanın türk tərəfinin sərt embarqolar altında saxlanması, qarşı Rum  tərəfinə isə hər cür dəstək verilməsı, onun Avropa İttifaqına üzv qəbul edilməsi bizim qarşılaşdığımız böyük ədalətsizlikdir”. R.Denktaş Şimali Kiprin beynəlxalq təcriddən qurtarması üçün türkdilli dövlətlərin dəstəyinə böyük ehtiyac olduğunu vurğuladı. O, Azərbaycanın ümumilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” ifadəsini səsləndirərək “Bu təkrarsız tezisi artıq “Bir millət- üç dövlət” kimi ifadə etməyin vaxtıdır” dedi.

 Görüşün sonunda V.Səfərli Azərbaycan nümayəndə heyəti adından R.Denktaşa nəfis şəkildə toxunmuş ipək xalça hədiyyə etdi.

 

Şimali Kipr prezidenti  Dərviş Eroğlu ilə görüş

 

Növbəti görüş  Şimali Kiprin prezidenti Dərviş Eroğlu ilə oldu.  ŞKTR prezidenti böyük heyətlə Kıbrısa gələn Azərbaycan media təmsilçiləri ilə görüşməkdən məmnun olduğunu söylədi.  O, ŞKTR-in beynəlxalq aləm  tərəfindən hələ də tanınmamasını Kıbrıs türklərinə qarşı beynəlxalq səviyyədə həyata keçirilən haqsız siyasət adlandırdı. Bu ədalətsiz siyasətin aradan qaldırılması yönündə Türkiyə dövləti kimi Azərbaycana da böyük inamla baxdıqlarını bildirdi.

V.Səfərli Azərbaycan dövlətinin və cəmiyyətinin Şimali Kipr türklərinə hər zaman diqqətlə yanaşdığını prezident D.Eroğlunun nəzərinə çatdırdı: “Azərbaycan mümkün olduğu çərçivədə Şimali Kiprə  dəstəyini ifadə etməyə çalışır. Təsadüfi deyil ki, Türkiyədən sonra ŞKTR-ə yalnız Azərbaycandan təyyarə reysi təşkil olunub. Bu gün bizim böyük bir heyətlə ŞKTR-in quruluş bayramına qatılmağımız bu dəstəyin bir nümunəsidir. Arzu edirik ki, Şimali Kipr  tezliklə dünya birliyi tərəfindən tanınsın və bizim əlaqələrimiz üzərində olan bütün əngəllər aradan qalxsın”.

Görüşün sonunda V.Səfərli nümayəndə heyəti adından  D. Eroğluna “Azərbaycan xalçası”  hədiyyə etdi.

 

Nazirlərlə görüşlər

 

ŞKTR-in ayrı-ayrı dövlət idarələrinin rəhbərləri də Azərbaycan KİV nümayəndələrinin ölkəyə səfərinə diqqətlə yanaşırdılar.  Səfər müddətində media təmsilçilərimiz  ŞKTR-nin  xarici işlər naziri Hüseyn Özgürgün, Mülki Müdafiə Təşkilatının sədri Levent Akyıldız,  Turizm Planlama Dairəsi müdiri Turqut Muslu, XİN İnformasiya departamentinin müdiri Sermed Eminlə görüşdülər. Hər bir görüşdə iki qardaş xalq arasında əlaqələrin hazırkı vəziyyəti dəyərləndirildi, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirildi.

 Hər bir görüşdə dövlət rəsmilərinə Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim olundu. Eyni zamanda dövlət rəsmilərinin adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafətlər təşkil edildi.

 

ŞKTR-in aparıcı KİV-lərində görüş

 

Azərbaycan media təmsilçilərinin əsas görüş məntəqələrindən biri də ŞKTC-nin KİV redaksiyaları oldu. Məlumat üçün bildirək ki, ŞKTR-də  respublika miqyaslı 13 KİV redaksiyası fəaliyyətdədir ki, bunlardan da arasında iritirajlılığı və geniş auditoriyalı KİV qurumları olaraq Bayraq Teleradio Qurumu (ŞKTR-nin dövlət teleradiosu), “Kıbrıs” Televiziyası (KTV) və “Kıbrıs” qəzeti daha çox tanınırlar. Ölkənin ümumi əhalisinin sayı baxımından (ŞKTC-nin 300 minə yaxın  əhalisi var) dünya çapı ilə müqayisədə iri tirajlı olmasalar da, Kiprdə media quruluşları ən son texnoloji yeniliklərin tətbiq edilməsi ilə diqqət çəkir.  Adı çəkilən hər  3 redaksiyaya baş çəkən Azərbaycan media təmsilçiləri bu texnologiyalarla tanış olmaqla yanaşı, iki ölkənin media quruluşları arasında münasibətlərin qurulması yönündə də müzakirələr aparıblar.

Hər 3 KİV redaksiyasına Azərbaycan nümayəndə heyəti adından xatirə hədiyyələri təqdim edilib.

 

Azərbaycanlı tələbələrlə  görüş

 

Şimali Kiprin ali məktəblərini  jurnalistika üzrə tədris prosesi ilə tanışlıq üçün ziyarət edən Azərbaycan KİV təmsilçiləri burada tədris prosesində istifadə edilən əyani vəsaitlərlə, xüsusi olaraq tələbə  telestudiyaları ilə tanışlıqdan məmnun qaldılar. Kipr ali məktəblərinin jurnalistika fakultələri həm də ölkə əhalisinə canlı xəbər çatdırılması prosesində birbaşa iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinin ŞKTC ali məktəblərində  qarşılaşdığı ikinci maraqlı fakt isə burada təhsil alan Azərbaycanlı tələbələrlə bağlı olub. Demək olar ki, Kiprin hər bir ali mıəktəbində 100-lərlə soydaşımız təhsl alır.  Həmçinin, Azərbaycanlı tələbələr bu universitetlərin həm təşkilatlanma, həm də elmi səriştəsi ilə seçilən ən aktiv tələbələridirlər.

Jurnalistlərimiz   ŞKTR-nin  Yaxın Şərq(Yakın Doğu) , Kipr Beynəlxalq və Şərqi Aralıq dənizi( Doğu Akdeniz) universitetlərində rəsmi görüşlərdən başqa  buradakı  azərbaycanlı tələbələrlə də ayrıca  görüş keçirdilər.

 

ŞKTR-in quruluş  bayramında iştirak

 

Azərbaycan media təmsilçilərinin   səfəri Şimali Kipr Türk respublikasının qurulmasının 27-ci ildönümünə təsadüf edib.  Nümayəndə heyəti bu məqsədlə təşkil edilmiş rəsmi tədbirlərə qatılaraq,  əvvəlcə ŞKTR-nin paytaxtı keçirilən hərbi paradda iştirak etdilər.

Sonra Girnə şəhərində pilotların aviaşousuna tamaşa etdilər. Səfərin sonunda isə ŞKTR prezidentinin  quruluş  günü münasibətilə Girnə şəhərində “Merkuri” hotelində verdiyi rəsmi qəbulda iştirak etdilər.

 

“Şimali Kiprdə qəzetlərin öz mətbəə və yayım sistemlərinin olması müsbət təcrübədir”

 

“Səfərin Şimali Kipr Türk Respublikasınınn müstəqilliyinin 27-ci ildönümü ərəfəsində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyıb”. SİA-ya açıqlamasında bu sözləri “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev 10-16 noyabr 2010-cu il tarixlərində Azərbaycan media təmsilçilərinin Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfərinin yekunlarına münasibət bildirərkən deyib.

QKTC-də əhali sayının o qədər də çox olmadığını deyən baş redaktor bildirib ki, əhalinin sayına uyğun olaraq mətbu nəşrlərin sayı da azdır: “Şimali Kipr Türk Respublikasında təxminən 10-15 arası  qəzet işıq üzü görür. Buraya həm partiya mətbuatı, həm müstəqil, həm də təhsil müəssisələrinin nəşrləri daxildir. Burada bizim üçün ən mühüm olan təcrübə isə qəzetlərin yayım sistemidir. Redaksiyalar qəzetləri özləri çap edir, özləri də yayırlar. Azərbaycan mətbuatında isə heç bir qəzetin özünəməxsus belə bir yayım sistemi yoxdur. Qəzetlərin özlərinin mətbəələri var. Bu da qəzetlərin həm formatı ilə, həm çap olunma vaxtı ilə bağlı sərbəst davranmağa imkan verir. Məlum olduğu kimi, Azərbaycanda bir çox mətbəələr qəzetlər qarşısında belə bir şərt qoyublar ki, qəzeti axşam saat 10.00-da və yaxud 12.00-da təhvil versinlər”.

Şimali Kiprdə həm partiya, həm universitet, həm də müstəqil nəşrlərin olduğunu bildirən C.Quliyev ölkədə dövlət mediasının da fəaliyyət göstərdiyini dilə gətirib: “Bayraq  Teleradio Şirkəti böyük bir qurumdur. Qurumun həm türkcə, həm də xarici dillərdə yayımları var. Qurumun həm radio, həm telekanal, həm internet portal, həm bülletenləri var. Şimali Kiprdə səfərdə olan nümayəndə heyətimiz bu qurumun rəhbəri ilə görüşüb. Görüşdə qurumun özünümaliyyəşmə səviyyəsi ilə maraqlandıq. O bizə birdirdi ki, qurumun özünümaliyyəşmə səviyyəsi çox aşağıdır. “Bayraq”ın rəhbəri bunun 1-2 faiz həddində olduğunu söyləyib.

Partiya nəşrləri də təbii ki, bu və ya digər formada xidmət etdikləri partiyadan maliyyələşir. Reklam gəlirləri də çox yüksəkdir. Azərbaycanda olduğu kimi, Şimali Kiprdə də bayram günlərində təbriklər və elanlar artır. Azərbaycan qanunvericiliyinə görə, qəzetin müəyyən hissəsi reklama ayrıla bilər. Şimali Kiprdə  qəzetlər özlərinin mətbəələri olduğunu görə, səhifələrin sayını artıra bilərlər. Bununla yanaşı bizə verilən məlumata görə, özlərini çox çətinliklə saxlayan nəşrlər də var”. 

 

 

Murad

 

Paritet.- 2010.- 20-22 noyabr.- S. 11-12.