“Səhra gülü” filmi
dünyanın ondan artıq ölkəsində
göstərilib
Tahir Əliyev: ”Alman qadını Erika xanım
haqqında çəkilən filmdə mən öz
düşüncələrimi lentə aldım”
Azərbaycanda bu gün bir
sıra xalqların nümayəndələri
yaşayır, təhsil alır,
müəyyən sahələrdə
çalışır, eyni zamanda öz milli
bayramlarını qeyd edirlər.
Bu hal da ölkəmizdə olan tolerantlığın
bariz nümunəsidir. Azərbaycanda hər zaman tolerant
mühitin olduğunu deyən alman qızı Erika Hanpel də
uzun illərdir ki, öz taleyini ölkəmizlə
bağlayıb. Bu alman qadının
keşməkeşli, dinamik və maraqlı həyatını
istedadlı rejissor Tahir Əliyev “Səhra gülü” adlı
sənədli filmində göstərib. T.Əliyev “Paritet”in əməkdaşı
ilə söhbətində əvvəlcə filmin yaranma
ideyasından danışdı.
-İlk olaraq onu qeyd
edim ki, Erika Hanpel mənim qohumumdur. Erika xanımı uşaqlıqdan tanıyıram.
Kiçik yaşlarımdan onu görüb müşahidə
etmişəm, amma çox sonralar bilmişəm və dərk
etmişəm ki, E.Hanpel bizim
millətdən deyil və o,
alman qızıdır. Səmimi olaraq söyləyim ki,
İncəsənət Universitetinin kinorejissorluq fakültəsinə
daxil olduqdan sonra E.Hanpel haqqında film çəkmək
ideyası yarandı. Əgər
kinorejissor yox, coğrafiyaçı və sair başqa
bir sənət sahibi olsaydım, onu mən də sadə bir
insan kimi qəbul edərdim. Necə ki, Naxçıvanda hər
kəs onu sadə bir insan kimi qəbul edir. Ancaq rejissor
düşüncə baxımı adi insanlardan fərqlidir.
Belə bir fikir var ki, hər kəs rejissor kimi
düşünə bilər, amma hər kəs rejissor kimi
çəkə bilməz. Yəni, Erika xanım haqqında
film çəkməklə mən öz düşüncələrimi
lentə aldım. Bu qadını hər kəs tanıyır,
lakin mən onlardan fərqli olaraq onun haqqında olan
düşüncələrimin məhsulunu filmə çevirdim. İncəsənət
Univertsitetində təhsil aldığım zaman, son on ildə
müstəqil rejissor kimi çalışdığım
vaxtlarda da bu mövzuya müraciət etmək istəyirdim.
Ancaq bu filmi çəkməyimiz ekspront alındı.
Naxçıvana biz başqa bir filmin çəkilişi
üçün getmişdik. Son 10 il idi ki, Erika
xanım,qışın soyuq ayları Almaniyada
yaşayırdı. Ancaq biz orda olan müddətdə xəbərdar
olduq ki, E.Hanpel Naxçıvandadır. Operator Müşfiq
Qasımovla birlikdə bu filmin çəkilişlərinə
başladıq. Üç gün ərzində biz filmi çəkdik və Bakıda hadisələrin
bərpasını həyata keçirdik. E.Hanpel
obrazını filmdə istedadlı aktyorumuz Səməndər
Rzayevin qızı Rübabə Səməndər, Əhəd
obrazını isə özüm canlandırdım.Beləliklə
film ekranlara çıxdı. Eyni zamanda bu filmin çox
gözəl taleyi yarandı. Dünyanın ondan artıq
ölkəsində göstərildi və səkkizdən
artıq beynəlxalq
kinofestivalın iştirakçısı oldu, beş beynəlxalq
mükafat qazandı.”Səhra gülü” filminin bu
mükafatları qazanmasının əsas səbəbi sənədli
filmdə göstərilən tolerantlıq idi. Əcnəbilər
üçün Əhədin azərbaycanlı, Erika
xanımın alman olması əsas deyildi, onlara maraqlı olan
iki ayrı dil və din mənsubluğu idi. Filmdə E.Hanpel həyat
yoldaşının qəbrini ziyarət edərkən salavat
çevirir. Bu hal da alman qadınının İslam dininə
vurğunluğunu göstərir. Bu baxımdan bu filmi başqa
millətlərə göstərən də onlar da qəribə
hisslər yaranırdı.Əks istiqamətlərdə fərqli
həyat sürən iki ayrı-ayrı millətin nümayəndəsinin birgə ailə
qurub yaşaması onlar üçün maraqlı idi. Azərbaycanda yetərincə həyat
yoldaşı alman və rus olan insanlar
var. Amma bu filmdə söhbət
Erika xanımın cəsarətindən
gedir. İki gözünü itirmiş Əhəd Əliyev bu bədbəxt hadisə ilə E.Hanperlə görüşməmişdən əvvəl rastlaşmışdı.
Amma bir çox qadınların etmədiyini Erika xanım cəsarət
göstərərək etdi, yəni Ə. Əliyevlə birgə yaşamağa qərar verdi.
-Siz qeyd
etdiniz ki, Erika xanımı uşaqlıqdan
tanıyırsınız. Maraqlıdır kiçik yaşlı Tahir Əliyevin yaddaşında bu alman qadını necə qalıb?
- E.Hanpel Naxçıvanda yaşayırdı, ancaq mən isə iki yaşımdan Bakıda yaşamışam. Məktəb illərində alman
dili keçirdim.
Alman dili qrupuna getməyimin
də səbəbi elə bu qadın
olub. İbtidai sinifdə oxuduğum
illərdə, yaraşıqlı
alman xanımının
Naxçıvan dialekti
və alman dilini birləşdirdiyi gözəl ləhçəsi
ilə bizim qapını döyüb bir söz deməsi
mənə çox xoş idi. Mən də həmişə
evdəkilərdən soruşardım
ki, bu qadın
niyə belə danışır, onlar mənə dedilər ki, o, alman qadınıdır. 4-cü sinifdə
oxuyanda bizə ingilis dili tədris
etdilər, ancaq mən təkid etdim keçdim
o biri sinifə, çünki orda alman dili keçirilirdi.
İnanın, səmimiyyətimə yay tətillərində Naxçıvana gedəndə
üç-dörd söz
alman dilində əzbərləyirdim ki,
Erika xanımla alman dilində danışım.
Ona alman dilində sözləri deyəndə təəccüblənirdi
və deyirdi ki, sən bunları hardan bilirsən. Həqiqətən o zamanlardan bu
alman qadını mənim üçün çox maraqlı görsənirdi. Kinorejissor
olmaq düşünməkdən
başqa, həm də fikirlərini həyata keçirmək üçün bir vasitə olduğu üçün, bu filmin çəkilişində
də mənə sənətim çox kömək
oldu.
-Filmin çox
maraqlı adı var “ Səhra
gülü” bu haqda məlumat verməyiniz maraqlı olardı.
-Bu filmin adı və ekranlaşdırılması professor Qulu Məhərrəmlinin
adı ilə bağlıdır. Filmin prodüseri
də elə Q.Məhərrəmlidir. Ə.Əliyev və E. Hanpel haqqında İslam Səfərli “Çex qızının məhəbbəti”
adlı əsər yazıb. Burda bir haşiyə çıxım ki, o zaman müharibə təzə qurtarmışdı,
almanlara münasibət
gərgin olduğundan
əsərdə alman
qızı yox, çex qızı yazıb.
Mən dedim ki, Erika xanım Çexiyada anadan olub,
bəlkə bunun
üçün
filmin adı “Çex qızının
məhəbbəti” olsun.
Sonra fikirləşdik ki, sadəcə filmin adı “Erika” olsun. Nəsə yenidən filmə baxdıq və belə qərara gəldik ki, filmin adı “Səhra gülü” olsun. Erika xanımın
adı çex dilinə tərcümədə
səhra gülü deməkdir. Ancaq filmi
belə adlandırmağımız
təkcə Erika xanımın
adı ilə bağlı deyildi. Naxçıvan kəskin iqlimi
olan, qayalıq yerdir. Biz də
bu adla onu
göstərdik ki,
Erika xanım həqiqətən
Naxçıvan səhrasında
gülə çevrildi.
Onu qeyd edim ki,
beynəlxalq aləmdə
də bu filmin maraq doğuran
bir tərəfi də Erika xanımın dinamik və dəyişkən həyatı
olub.
-Bu filmin bədii film ssenarisini
yazırsınızmı?
-İlk olaraq qeyd edim ki,
üç gün müddətində çəkilən
sənədli filmin ssenarisi çəkilişdən
sonra yazılıb. Filmi çəkəndə E.Hanpelin
80-dən artıq yaşı
vardı, hardasa ilk vaxtlar onun tərəfindən
tərəddüd oldu,
ancaq sonra razılşadı. Bu mövzu mənim idi, bunun üçün
çəkməliydim. Erika xanım Naxçıvanda
sevilən və hörmət edilən xanımdır. O, özü
də filmdə dedi ki, Naxçıvanı
sevir. Onun dediyinə görə,
bu sənədli film efirə gedən zaman ona çoxsaylı
telefon zənglər gəlib.
O ki qaldı
bədii filmə, mən bədii filmlər rejissorluğunu bitirmişəm. Sənədli
filmdə işləsəm
də, kurs işim olaraq bədii
film çəkmişəm indi də qısametrajlı
bədii film üzərində
işləyirəm. Konkret olaraq
bu mövzuda bədii film çəkmək
planımda deyil.
Ancaq ümid edirəm ki, yaxın illərdə bu mövzuda bədii filmi çəkəcəyəm. İstedadlı yazıçımız
Yaşar Əliyevlə
bu bədii ssenari üzərində iş görmüşük. Sifarişi Mədəniyyət və
Turizm Nazirliyinə vermişəm və ümid edirəm ki, filmin çəkilişi
alınacaq.Onu qeyd edim ki, “Səhra
gülü” filmi ekran və festival taleyi çox yaxşı yaşayıb.
Filmin çəkilişi əsasən
Naxçıvanda aparılıb,
2008-ci ildə ərsəyə
gəlib.
-Filmdə çox gözəl kadrlar var-Erika xanımın milli rəqsimizi ifa etməsi və onun ağ
saçının və
üz qırışlarının
daha qabarıq və gözəl təsviri...
-Maraqlı məqama toxundunuz. Rəqs səhnəsini, gilas yeməsini və s. mən
tələbə olarkən
çəkmişəm. Təxminən 1997-ci illər idi.
Bu kadrları çəkirdim və ümid edirdim ki, gələcəkdə
Erika xanım haqqında
film çəkəcəyəm. Bu filmdə olan kadrların çoxunu tələbəlikdə
çəkmişəm. Ağ
saçın təsviri də göstərir ki, Erika xanım cavanlıqda olduğu kimi ahıl yaşında da Azərbaycanla bağlıdır
və burda yaşayır. Onda böyük Azərbaycan sevgisi var. Filmin sonunu Möminə Xatun abidəsinin
qarşısında çəkmişik.
Çox az
millətlərdə var
ki, qadına belə möhtəşəm
abidə ucaldılır.
Bizdə
bu abidəni çəkməklə Azərbaycan
qadınının ucalığını
göstərmişik.
“Səhra gülü”
festivalda təmsil olunub
Məlumat üçün
bildirək ki, Serqey Bondarçuk adına “Volokolamskiy Rubej” beynəlxalq hərbi vətənpərvərlik,
beynəlxalq film yarışında
12 ölkəni təmsil
edən 30 film nümayiş
etdirilib.
Azərbaycan bu festivalda kinorejissor Tahir Əliyevin çəkdiyi
“Səhra gülü”
filmi ilə təmsil olunub. Eyni zamanda “Volokolamskiy
Rubej”də Nikita Mixalkov,
Vitali Melnikov, Toni Bill kimi məşhur rejissorların çəkdikləri
ekran işləri də festival iştirakçılarına
təqdim edilib.
Qeyd edək ki,
“Səhra gülü” II Dünya Müharibəsi illərində
alman qızı Erika Hanpelin əsir düşmüş azərbaycanlı
əsgər Əhəd
Əliyevlə məhəbbətindən
bəhs edir. Müharibədə iki gözünü
itirmiş Ə.Əliyevi
Erika tək buraxmır.
Çexiyadan doğma vətəninə
tək qayıtmayan Əhəd Erika ilə ailə həyatı qurur. Real hadisə
üzərində qurulmuş
filmin qəhrəmanlarının
hazırda Naxçıvan
şəhərində yaşadıqları
bildirilir.
Sözügedən festivalın nəticələrinə gəlincə,
qeyd edək ki, Qran-Pri mükafatı
Nikita Mixalkovun “12” adlı
bədii filminə verilib. Həmyerlimiz
Tahir Əliyevin filmi isə Rusiya mətbuatı və televiziyasının
“Qəhrəmanın təqdimatının
bədii həllinə
görə” xüsusi
mükafatına layiq görülüb.
Qeyd edək ki, filmin prodüseri Qulu Məhərrəmli, icraçı prodüser Nicat Hüseynovdur.
Günay Əsədova
Paritet.-2010.- 23-24 noyabr.-
S. 9.