Ölkəmizdə
İKT sektoru dinamik inkişaf dövrünü yaşayır
Ölkəmizdə vətəndaş cəmiyyətinin
qurulması istiqamətində ən zəruri məsələlərdən
biri informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafıdır. Hazırda bu istiqamətdə dövlət səviyyəsində
ardıcıl, məqsədyönlü tədbirlər həyata
keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən İKT-yə göstərilən
diqqət və qayğı, aparılan məqsədyönlü
siyasət, reallaşdırılan genişmiqyaslı proqramlar
və layihələr sayəsində İKT sektoru dinamik
inkişaf dövrünü yaşamaqdadır.
AMEA İnformasiya Texnologiyaları
İnstitununun direktoru, professor Rasim Əliquliyev “Paritet” qəzetinə
açıqlamasında qeyd etdi ki, bu gün Azərbaycan qlobal
informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən
ölkələrdən biridir: “Ölkədə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması,
respublikamızın müxtəlif təbəqələrində,
informasiya texnologiyalarının geniş tətbiqi, orta
ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi,
müxtəlif strateji əhəmiyyətli İKT layihələrinin
həyata keçirilməsi, ayrı-ayrı nazirliklərdə
geniş şəbəkə infrastrukturunun yaradılması,
yeni iş yerlərinin açılması, mobil telefon
bazarında sürətli inkişafın nəzərə
çarpması kimi göstəricilər respublikamızda
informasiya cəmiyyətinin inkişafını xarakterizə
edən indikatorlardır”. İnformasiya cəmiyyəti
quruculuğunda ən mühüm addım “Azərbaycan
Respublikasının inkişafı naminə informasiya və
kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın
(2003-2012)” qəbul olunmasıdır deyən R.Əliquliyev
bildirdi ki, o, bu sahənin mütəxəssisi
kimi Azərbaycanda informasiya cəmiyyətinin qurulması
istiqamətində görülən işlərdən tam
razıdır:” Azərbaycanda informasiya cəmiyyətinin
qurulması prosesi dövlət siyasətinin əsas prioritet
istiqamətlərindən biri kimi elmi əsaslara söykənərək,
sistemli şəkildə, dünya standartlarına uyğun məqsədli
proqramlarla, beynəlxalq qurumların və ekspertlərin dəstəyi
ilə həyata keçirilir. Ölkəmizdə
İKT-nin inkişafı, informasiya cəmiyyətinin
formalaşması ulu öndər Heydər Əliyevin adı
ilə bağlıdır. 2003-cü ildə Heydər Əliyev
qeyd etdiyim Milli Strategiyanı təsdiq etdi ki, bu da ölkədə
informasiya cəmiyyəti və onun mühüm tərkib hissəsi
olan elektron hökumət quruculuğuna start verdi.
Əsası ulu öndər tərəfindən
qoyulan bu strategiya cənab Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Cenevrədə keçirilən
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində
ölkə başçısı “Qara qızılı insan
qızılına çevirək” tezisini səsləndirməklə
Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsinin
əsasının qoyulduğunu bütün dünyaya bəyan
etdi və ölkədə informasiya cəmiyyətinin
qurulması istiqamətində dövlət səviyyəsində
məqsədyönlü işlərə start verdi.Ölkədə
İKT və informasiya cəmiyyətinin
formalaşmasının qanunvericilik bazasının
yaradılması istiqamətində də mühüm addımlar
atılır. Ölkə
başçısı tərəfindən bu məqsədlə
bir sıra qanun, fərman və sərəncamlar imzalanıb”.
İnformasiya Texnologiyaları
İnstitutunun informasiya cəmiyyəti sahəsində dövlət
siyasəti istiqamətində qəbul edilən proqram və qanunlardan irəli gələn
məsələlərin həllində bilavasitə iştirak
etdiyini deyən həmsöhbətimiz bildirdi ki, “Elektron Azərbaycan”
Dövlət Proqramı çərçivəsində
qarşıya qoyulan məsələlərin həlli istiqamətində
informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının
tədqiqi, intellektual korporativ şəbəkə və
sistemlərin yaradılması, internet mühitində
etibarlı, təhlükəsiz (e-hökumət,e-bələdiyyə
və s.) texnologiyalarının işlənilməsi sahəsində
mühüm elmi nəticələr əldə edilib:”
İnstitut əməkdaşları Goranboy, Tərtər və
Qax rayonlarının orta ümumtəhsil məktəblərinin
“İnformatika” müəllimlərinə informatika kursunun tədrisində
və “Ən yaxşı informatika müəllimi” pilot layihəsinin
həyata keçirilməsində yaxından iştirak edib. İnternet- beynəlxalq kompüter şəbəkəsinin
Azərbaycan qovşaqlarının inkişaf etdirilməsi və
Milli CERT-in yaradılması, Azərbaycan
qovşaqlarının infrastrukturunun genişləndirilməsi,
onların funksional imkanlarının və səmərliliyinin
artırılması istiqamətində bir sıra işlər
yerinə yetirilib”.
Artıq
İKT Azərbaycanda digər sahələrdə olduğu kimi
təhsil sisteminədə də geniş şəkildə tətbiq
edilir və bu istiqamətdə məqsədyönlü
işlər aparılır. Belə ki, bu günlərdə ölkəmizdə Təhsil
Nazirliyi tərəfindən, Heydər Əliyev Fondunun dəstəyi
ilə “Təhsil və
Texnologiya vasitəsilə iqtisadi inkişaf” adlı beynəlxalq konfrans
keçirilib. R.Əliquliyev qeyd edir ki,
informasiyalaşdırma prosesində təhsil sistemi xüsusi
diqqət tələb edən sahədir:” Son vaxtlar təhsil
sistemində həyata keçirilən tədbirlər,
xüsusilə elektron dərs vəsaitlərinin
hazırlanması da təhsil sistemində, bütövlükdə
ölkədə informasiya cəmiyyəti quruculuğu
prosesinin növbəti mərhələyə
-informasiyalaşdırma mərhələsinə keçdiyindən
xəbər verir. Təhsil Nazirliyində elektron
dərs vəsaitlərinin hazırlanması istiqamətində
atılan addımlar təqdirəlayiqdir. İnformasiya
cəmiyyətinin qurulması üçün lazım olan
texnoloji vasitələri xaricdən gətirmək,
bütün təhsil müəssisələrini təmin etmək
mümkündür. Ancaq elə məsələlər
var ki, onlar yalnız Azərbaycan reallıqlarına, ənənələrinə,
mentalitetinə əsaslanaraq həll olunmalıdır. Bunlar e-kontentlərin bir hissəsi olan e-dərsliklərdir.
E-dərslikləri biz özümüz - Azərbaycanın
alim və mütəxəssisləri birgə
çalışaraq hazırlamalıyıq. Bu cür dərsliklərin meydana gəlməsi yeni
e-müəllimlərin yetişdirilməsi problemlərini ortaya
çıxarır. Çünki elektron
müəllim olarsa, e-şagird, e-məktəb və daha sonra
müxtəlif e-peşələr meydana gələcək.
Bütün bunları e-müəllim
yetişdirəcək, nəhayət, e-vətəndaş
yetişdirilməsi problemi həll ediləcək”.
Xaricdəki soydaşlarımız tarix və mədəniyyətimizi
İKT vasitəsilə öyrənəcək
İKT-nin təhsil sahəsində tətbiqinin
geniş miqyas alması nəinki ölkə daxilində, həm
də ölkədən
kənarda yaşayan azərbaycanlılar üçün Azərbaycan
dili, tarixi, ədəbiyyatı və s. haqqında öyrənmək
üçün geniş imkanlar açır. Belə ki,
Diasporla İş üzrə Dövlət Komitəsindən
aldığımız məlumata görə, “Virtual həftə
sonu məktəbi”nin təqdimatı olacaq.
Bu layihənin məqsədi xarici ölkələrdə
yaşayan azərbaycanlı uşaqlara və gənclərə
müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan
tarixi, mədəniyyəti və coğrafiyasının tədris
edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə
olunmasına xidmət etməkdir. “Virtual həftə sonu
məktəbi” xarici ölkələrdə yaşayan və Azərbaycan
haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı
gəncə virtual məkanın imkanlarından istifadə edərək
ana dilini öyrənmək, doğma Vətənin tarixini,
coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini
mənimsəmək imkanı yaradır. Burada bir neçə
istiqamət üzrə məlumat əldə etmək
mümkündür: “Ana dili” bölməsində Azərbaycan
dilinin qrammatikası, fonetika, leksika, morfologiya, köməkçi
nitq hissələri, sintaksis dərsləri yerləşdirilib. “Azərbaycan
coğrafiyası” bölməsində Azərbaycanın fiziki
və iqtisadi coğrafiyası barədə məlumatlar öz
əksini tapıb. “Azərbaycan tarixi”
bölməsi Azərbaycanın ən qədim dövrlərdən
müasir günümüzə qədər olan tarixini əhatə
edir.
Qeyd edək
ki, bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da
Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin
XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq
Qurultayında irəli sürülüb. Azərbaycan Milli Elmlər Akademiyası
İnformasiya Texnologiyaları İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü Rasim Əliquliyev Qurultayın
Elm, təhsil və texnologiya komissiyasının
iclasındakı çıxışında xaricdə
yaşayan soydaşlarımıza milli-mənəvi irsimizin,
tariximizin öyrədilməsinə ciddi ehtiyac duyulduğunu nəzərə
alaraq, bu sahədə virtual məkanın imkanlarından daha
geniş şəkildə faydalanmağın vacibliyini
vurğulayıb. Layihənin həyata
keçirilməsinə 2009-cu ildə başlanılıb.
Bu zaman müxtəlif ölkələrin bu sahədəki
təcrübəsi öyrənilib. Layihə Azərbaycan
Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri,
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının test vəsaitləri əsasında
hazırlanıb.
“Azərbaycan əhalisinin 50%-i internet istifadəçidir”
Hər il ənənəvi olaraq ölkəmizdə
“BakuTel” sərgisinin keçirilməsi cəmiyyətdə
İKT-nin geniş formada təbliği ,
iqtisadi əlaqələrin genişləndirilməsi, dünyada mövcud olan ən yeni
texnologiyalarla ictimaiyyətin
tanış olması üçün yaxşı bir
platformadır. Bu il ölkəmizdə
keçirilən XVI”BakuTel-2010”
Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları sərgisində çıxış edən
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, bu gün Azərbaycanın həm
iqtisadi, texniki, həm də siyasi nöqteyi-nəzərdən
mürəkkəb transmilli İKT layihələrini
reallaşdırmaq niyyəti dünya ictimaiyyəti tərəfindən
müsbət qarşılanır:” Milli peykin orbitə
buraxılması üçün işlər davam etdirilir,
“E-hökumət”, AzDATACOM və “Xalq kompüteri” layihələrinin
əhatə dairəsi genişlənir, “E-imzanın” tətbiqi
üzrə işlər yekunlaşmaq üzrədir. İnnovativ fəaliyyətin təşkili, ixrac
potensialının artırılması və kadr
hazırlığının səviyyəsinin yüksəldilməsi
məqsədilə “Regional innovasiya zonası”nın
yaradılması prosesi davam etdirilir “. Nazir qeyd edib ki,
bütün bu nailiyyətlərin davamı olaraq, bu il qəbul
olunmuş “Azərbaycan Respublikasında rabitə və
informasiya texnologiyalarının inkişafı üzrə
2010-2012-ci illər üçün Dövlət Proqramı”
(Elektron Azərbaycan)” və “Azərbaycan Respublikasında
2010-2011-ci illərdə “Elektron hökumət”-in
formalaşdırılması üzrə Fəaliyyət
Proqramı” qarşımıza mühüm vəzifələr
qoymaqla bərabər, ölkəmizdə informasiya cəmiyyəti
quruculuğu istiqamətində yeni imkanlar açır”.
Ölkədə bu sahədə onlarla
layihənin icra olunduğunu bildirən nazir onu da qeyd etdi ki,
hazırda Azərbaycan əhalisinin 50%-i internet istifadəçidir
ki, onun da 12%-i geniş zolaqlı internetə qoşulub: “Eyni
zamanda biz ölkədə rəqəmli televiziya
yayımının tam tətbiqinə dair işləri davam
etdiririk və artıq 2012-ci ildə Azərbaycanda analoji TV yayımı rəqəmsal
televiziya yayımı ilə əvəzlənəcək. Bu da Beyənlxalq Telekommunikasiya İttifaqının
bütün ölkələr qarşısında qoyduğu tələbdən
3 il tez deməkdir”.
Ölkə Prezidenti İlham Əliyev İKT-haqqında
dəyərli bir fikri var:”Mən
informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda
tətbiqini prioritet məsələ hesab edirəm”. Prezidentimizin bu fikirlərinin təsdiqi kimi, Azərbaycanda
bu günlərdə keçirilən “BakuTel-2010” sərgisi
yüksək texnologiya və rabitə vasitələri sahəsində
ölkəmizin başqa ölkələr ilə
qarşılıqlı faydaya əsaslanan əlaqələrinin
gələcəkdə də möhkəmlənməsinə
xidmət edəcək və İKT sənayesinin
innovasiyalı texnologiyalar əsasında yenilənməsi
istiqamətində lokomotiv rolu oynayacaq.
Ağasəf BABAYEV
Paritet.- 2010.- 27-29 noyabr.- S. 13.