Nuhdan qalan dilin daşıyıcıları

 

Xınalıqlılar Qafqazda minilliklərlə yaşayıb, öz dilini, adət- -ənənələrini bu günümüzə qədər qoruyub saxlayıblar

 

Qafqazda Elbrus zirvəsindən sonra ən uca dağların əhatəsində qərar tutmuş Xınalıq kəndi Şah dağının, Şah düzünün və Şahnabat çayının şah əsəridir. Kiçik, lakin çox ecazkar olan Xınalıq Qafqaz dağlarının uca zirvəsində yerləşən amfiteatrdır. Quba rayonunda, 2350 metr yüksəklikdə yerləşən və qibləyə baxan Xınalıq kəndi 5000 illik tarixə malik olan abidədir. Bir-birindən möhtəşəm və məğrur dağ silsiləsinin qoynunda bir əfsanə kimi doğulub ərsəyə gəlmiş bu əsərin müəllifi təbiətin özü qədər qüdrətli və qeyrətli qədim Xınalıq xalqıdır. Onlar əsrlərlə yaşadıqları və indi dünyada Xınalıq kimi tanınan obalarına Kətiş deyirlər. Xınalıq kəndinin sakinlərinin bura haradan, nə vaxt və nə üçün gəliblər sualına hələ dürüst cavab verən olmayıb.  Amma bir şey aydındır ki, vəhşi təbiətlə təkbətək qalmağı üstün tutmuş bu insanlar əldən-ayaqdan uzaq, əlçatmaz, ünyetməz, gümanagəlməz belə ucqar bir yerə elə-belə, öz xoşlarına gələ bilməzdirlər.   Tarixçilərin ehtimalına görə, Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınıb. Qədim yunan alimi Strabon özünün 17 cildlik “Coğrafiya” əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Ehtimal ki, xınalıqlılar həmin 26   tayfadan biridir. Başqa sözlə desək, xınalıqlılar  Qafqazda minilliklərlə yaşayıb, öz dilini, adət-ənənələrini bu günümüzə qədər qoruyub saxlayıblar.

Xınalıq kənd orta məktəbinin direktoru, Xınalıq Mədəniyyət və Xeyriyyə Cəmiyyətinin sədri Ənvər Məmmədovun “Paritet”ə verdiyi məlumata görə xınalıqlıların sayı 2000 nəfərdən çoxdur: “Kənddə  hazırda 200-dən çox  ev var. Bu evlərin bir neçəsinin  yaşı 250-dən çoxdur.  Xınalıqlıların sayı təxminən 20 minə yaxındır. XIX  əsrin I yarısında rus    alman  dilçi  alimlər  araşdırıblar  ki, alban  tayfalarından olan Xınalıqlılar Şahdağ  etnik  qurupuna  daxildir. Xınalıq kəndi  dəniz  səviyyəsindən 2300 m yüksəklikdə yerləşir.  Xınalıqlıların  ilkin əlaqəsi Qəbələ    Şamaxı  rayonu ilə olub, onların  nəqliyyat vasitəsi at və öküz olub. Bu da ancaq yay  aylarında mümkün idi. Xınalıqlılar müsəlman  olaraq dinə çox yaxındırlar. Özlərinin xüsusi adət-ənənələri, geyimləri və mərasimləri olub. Evləri xüsusi quruluşa malik olaraq çay daşlarından tikilib”.

Xınalıq kəndi Qudyalçayın dağlıq düzündə yerləşir. Bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib: “Həyətlərdə balaca bostanlar var. Burada əhali kartof, xiyar, kələm becərir.Evlərin hamısı qədimdir, onların 200-300 il yaşı var. Kənddə daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Kənd öz memarlıq üslubunu itirməmiş, ümumi görünüşdə özündə tamamlanmış ansamblı əks etdirir. Hətta  çay dərəsindən kəndə yaxınlaşarkən gözəl mənzərə açılır. Yeni tikilmiş binalar - bələdiyyə, 7 illik məktəb kəndin aşağısında yerləşir. Xarakterik xüsusiyyətlərdən biri, həyətlərin hamısında formaca kərpicə oxşar, quru və nəm təzəkdən yaradılmış divarların olmasıdır. Bu, xınalıqlıların istifadə etdikləri əsas yanacaq növüdür. Xınalıq yüksək dağlıqda yerləşdiyi üçün, burada yalnız ot bitir. Qızdırıcı və xörək bişirmək üçün xınalıqlılar elektrik plitələrindən də istifadə edirlər. Xınalığın 2 km yüksəkliyində qayalıqda, içərisində müqəddəs sayılan bulağı olan bir mağara var. Oradan saxsı boru və daş akveduk vasitəsilə həyətlərə və kəndin mərkəzi meydanına su gəlir. Orada böyük bayramlar və təntənələr zamanı kəndin bütün əhalisi toplaşır”.

 

  İlk dəfə olaraq bu kəndə dövlət başçısı gəlirdi

 

Amma bu gün heç də elə düşünmək düz deyil ki, ötən əsrlərdəki kimi xınalıqlılar cəmiyyətdən təcrid həyat keçirirlər. Hazırda  Xınalıqda qədim adət-ənənələr saxlanmaq şərtilə müsair dünyaya inteqrasiya davam etməkdədir. Yəni bu o deməkdir ki, Xınalıq inkişafa qovuşub. 2004-cü ildə Qubaya səfər edən ölkə Prezidenti İlham Əliyev Quba-Xınalıq yolunun bərpası ilə bağlı xüsusi göstəriş verib. 2006-cı ildə isə İlham Əliyev xınalıqlıların qonağı olub. Bu, olduqca tarixi və nadir hadisə idi. İlk dəfə olaraq bu kəndə dövlət başçısı gəlirdi. Yerli sakinlərlə görüşü zamanı Prezident deyib: “Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən yolda bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Sevinirəm ki, mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi... Qafqazın ən yüksək zirvəsində yerləşən bu qədim kənd ən ucqar, əlçatmaz kəndlərdən sayılırdı. Xınalıqlılar ən qədim tarixə malikdir... Bilirəm ki, öz xüsusiyyətlərinizi saxlamısınız, öz dilinizi yaşatmısınız. Xınalıq dili dünyada mövcud dillərdən bəlkə də ən qədimidir. Mən bunları bilirəm. Bu onu göstərir ki, Azərbaycan nə qədər zəngin ölkədir: həm təbii ehtiyatlar, həm gözəl təbiət, həm də insanların - millətlərin, etnik qrupların müxtəlifliyi. Biz Azərbaycanda bir ailə kimi yaşayırıq”.

 Hələ 1960-cı ildə Xınalığa yol çəkilməsi planlaşdırılsa da, bu arzu yalnız XXI əsrin əvvəlində ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Yüz illərlə davam edən yolsuzluq bəlasına son qoyuldu. Xınalığa gedən yolda çaylar üzərində körpülər tikildi. Dağların arasından asfalt yol salındı. Həqiqətən də yol olmayan yerdə heç bir inkişafdan söz açıla bilməz. Bu yolun açılışı ilə bərabər, Xınalığın bəxtinə həqiqətən gün doğdu.  Xınalıqdakı inkişafa əsas səbəb regionlarının sosial-iqtisadi inkişafına dair  dövlət proqramlarının həyata keçirilməsi də oldu. Xatırladaq ki,  2008-ci ildə bu dövlət proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfransda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin quraşdırdığı müasir monitor vasitəsilə Xınalıq kəndi ilə canlı əlaqə yaradıldı. Tədbirdə iştirak edən Prezident İlham Əliyevə canlı əlaqədə Ənvər Məmmədov müraciətlə deyib: “Cənab Prezident, Azərbaycanın ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi olan Xınalıq kəndindən, bütün xınalıqlılar adından Sizi böyük ehtiramla salamlayıram. Cənab Prezident, Sizin tapşırığınızla və xüsusi səyinizlə çəkilmiş yol ilə 2006-cı ilin oktyabrında Xınalıq kəndinə gəlmisiniz. Sizin gəlişinizlə Xınalığın yeni həyatı başlandı. Qısa müddət ərzində 350 şagird yerlik, istilik sistemi ilə təchiz edilmiş internat tipli məktəb, elektron avtomat telefon stansiyası istifadəyə verildi. Elektron ATS-in işə düşməsi xınalıqlılara internet xidmətindən istifadə etmək imkanı qazandırdı. Burada mobil telefon xidməti fəaliyyətə başladı. Televiziya kanalları üçün ötürücülər quraşdırıldı. 2007-ci ildə Xınalıq avtomobil yoluna ikinci qat asfalt örtüyü, kəndə 5 kilometrlik məsafədən içməli su xətti çəkildi. Sizin Sərəncamınızla Xınalığın tarixi ərazisi memarlıq və etnoqrafiya qoruğu elan olundu. Sizin diqqətinizi və qayğınızı bütün xınalıqlılar daim hiss edir və onlar həmişə Sizə dərin hörmət, minnətdarlıqlarını bildirirlər”.

 Xatırladaq ki, Xınalığa ilk telefon xətti 1965-ci ildə çəkilib. Bu xətt komutator tipli telefon idi. Əlaqə çox keyfiyyətsiz idi. 1967-ci ildə Xınalıqda rəsmi poçt fəailyyətə başlıyıb. Artıq kəntdə ikinci telefon aparatı poçtda idi. Bu telefon əlaqəsi 2006-cı ilə kimi oldu.

Xınalıq haqqında   ilk sənədli film 1937-ci ildə səssiz lentdə, mətn rus dilində yazılmaqla çəkilib. 1969-cu ildə Cəfər Cabbarlı adına kinostudia tərəfindən “Dağlarda ada” adlı sənədli qısametrajlı film çəkilir. İlk kitabxana 1967-ci ildə fəaliyyət göstərib. Hazırda Xınalıq etnosu haqqında “Xınalıq” adlı ədəbi- ictimai qəzet də buraxılır. Eyni zamanda Xınalıq Mədəniyyət və Xeyriyyə Cəmiyyətinin xınalıq.az saytı da fəaliyyət göstərir. Saytdan xınalıq haqqında geniş bilgilər (bu yazının hazırlanmasında həmin saytdakı materiallardan da istifadə olunub) əldə etmək mümkündür.

 2001-ci -ci ildə Xınalıq tarix-etnoqrafiya muzeyi yaradılıb. Xınalığın köklü və nəcib ailələrindən gələn Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə kənddə qurduqları muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey, sanki “Muzey içərisində muzey”dir.

Muzeydə diqqət çəkən ən vacib bölmə əlyazma kitabların olduğu hissədir. 15-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanmış və müstəqillik dövründə ortaya çıxarılmış qiymətli  əsərlərdir. Burdakı kitablardan aydın olur ki, kəndin keçmişi elmlə sıx bağlı olub, vaxtı ilə Xınalığın mühüm bir elmi mərkəz olduğundan xəbər verir. Tarix, dil, məntiq, riyaziyyat təbabət kimi elmlərə aid olanlar ilə birlikdə fiqh, kəlam, təfsir, hədis kimi dini elmlərlə əlaqəli yüksək səviyyəli kitabların varlığı bunu sübut edir. Bu qiymətli əsərlərin tədqiq edilərək kataloqunun hazırlanması və nadir nüsxələrin surətlərinin çıxarılması təcili görülməli işlərdir.

Kənd ağsaqqallarının ata və babalarından eşitdiklərinə görə, Osmanlı dövründə bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çuvallarla kitab gətirilirmiş.

Onu da deyək ki, Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Quba rayonunun Xınalıq ərazisi “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Ölkə başçısının qərarı ilə həmin ərazidə tarixi və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək, eləcə də burada turizmin inkişaf etdirilməsi məqsədilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib.

Hazırda qoruğun fəaliyyət göstərdiyini deyən Ə.Məmmədovun sözlərinə görə, IX əsrdən başlayaraq Xınalıqda 1935-1940-cı illərə kimi 9 məscid və 9 su dəyirmanı mövcud olub. Hazırda 9 məsciddən 6-sı mövcuddur ki, 9 su dəyirmanından yalnız biri dövrümüzə gəlib çatıb. Ondan kənddəki abidlərdən əsaslar haqqında məlumat aldıq.

 

Babadağı 7 dəfə ziyarət etmək...

 

Xınalıqda dövlət tərəfindən qorunan bir çox dini və tarixi  abidələr mövcuddur. Bu abidələrdən biri kəndin ən hündür yerində yerləşən Əbu Müslüm cümə məscididir. Əbu Müslümün adını daşıyan cümə məscidinin tarixi təxminən IX əsrin sonu X əvvəllərinə aid edilir.

Əbu Müslüm əslən ərəb olub Azərbaycanın bütün şimal-şərq ərazisindəki kəndlərə(eləcə də o zaman Azərbaycandakı dövlətə bağlı olan Dağıstana) İslam dinini yayaraq  məscidlər tikdirib. Məhz Xınalıqda ilk məscid o vaxt tikilib. Hazırda kəndin əsas cümə məscididir.

 Məscidin girişində, sağ tərəfdə 2 metr yüksəklikdə yerləşən 2 müxtəlif daş üzərində “runa” yazıları həkk olunub.Yazıların təqribən 3-8-ci əsrlər arasında yazıldığını ehtimal etmək olar. Yazıların tam olaraq tərcüməsi olunmasa da, təxmini mənası Günəşin doğması və yeni tarixin başlanması mənasını daşıyır. Xınalıq kəndində dövlət tərəfindən qorunan abidələrdən biri də Pirə Comərd türbə-məscididir.  Pirə-Comərd türbə məscidinin tarixi təxminən XII əsrin sonlarına təsadüf edilir ki, bu türbə-məscid Əbu-Müslümdən xeyli cavandır. Həmin binadakı türbə İslamdan qabaq olub, atəşpərəst dininə aid ayinlərin keçirildiyi məbəd kimi yaddaşlarda qalıb. İslamı qəbul ediləndən sonra atəşpərəst məbədi diqqətdən kənarda qalmış, daha sonra  məbəd bərpa edilib və ona bitişik məscid tikilib. Comərdin(xatırladaq ki, bu ad müəyyən sufi təriqətlərində şərti titul kimi də işlənir-red.)   qəbri də tikilinin daxilindədir. Xınalıqlılar həmin hissəyə zülmətxana (qaranlıq yer)  deyirlər. Ona görə ki, kiçik sərdabəyə işığın düşməsi üçün pəncərə və baca qoyulmayıb. Bu qapalı sərdabəyə işığın düşməsi, yaxud qəbirin açıqda olması ruhun narahat olmasına və allah tərəfindən onu narahat edən insanları cəzalandıracağına inanırdılar. Hazırda Pirə-Comərd türbə məscidi tam fəaliyyət göstərir. Türbə-məscidin üstü torpaq dam olub.

 Dövlət tərəfindən qorunan digər dini  abidəsi olan Şeyx Şalbuz türbə - məscidi                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               

XVII əsrə aiddir. Bu türbə-məscid Aşağı məhəllədə yerləşir. Şeyx Şalbuz İslam dininin və ərəb dilinin bilicisi olub,  mədrəsə açaraq bir çox tələbə-molla yetişdirib. Rəvayətə görə, o, insanların fikrini oxuyaraq problemləri həll etmək üçün dua yazar, əlindəki biocərəyanla müalicə edər, müdrik məsləhətlər verərmiş. Hazırda məscid-türbəyə Şeyx Şalbuz məscidi adlanır və tam fəaliyyət göstərir.

 Xınalığa xüsusi gözəllik bəxş edən təbiət abidəsindən biridə Atəşgahdır. Atəşgah Xınalıqdan şimal istiqamətində 5 km məsafədə olmaqla Heydər Əliyev adına zirvənin cənub ətəyində yerləşir. Bura torpaqdan çıxaraq yanar qaz olduğu üçün Atəşgah adlanır. Xınalıqlıların ilkin inancı atəşpərəstlik olduğunu nəzərə alaraq “Atəşgah” müqəddəs yer sayılır. Atəşgah ekoturizm üçün maraq və istirahət xarakteri daşıyır.

   Ümumilikdə Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Onların 16-sı tikintisi olan ibadətgahlardır. Qalanları isə əhali tərəfindən müqəddəsləşdirilmiş ziyarət yerləridir. Ümumiyyətlə, Xınalıq əhalisi kənddə mövcud olan bütün məscidləri “pir” adlandırır. Məscidlər evə bənzəyir və minarələri yoxdur. Bu ərazidə yerləşən, müqəddəs sayılan Babadağın zirvəsindəki oyuğun altında xalq arasındakı rəvayətə görə, Baba adlı müqəddəs şəxsin qəbri var. Bura təkcə bölgədə deyil, bütün Azərbaycanda məşhur ziyarətgahlardan biridir. Babadağı 7 dəfə ziyarət etmək əhalinin inamına görə, Həcc ziyarətinə bərabərdir. Bundan əlavə, Xınalıqda Qəmik məscidi, Şeyx Şalbuzbaba məscidi, Xıdır Nəbi, Qüllə, Cabbar baba, Möhüc baba və Şıxşalburuz baba pirləri də var.

 Məktəb direktorunun bizə verdiyi məlumata görə, Xınalıqda alban qəbristanlıqları da mövcuddur: “Alban qəbristanlıqları kəndin içərisindən başlayaraq dairəvi şəkildə İslam qəbristanlıqlarına qədər uzanır. Qəbristanlığın əhatə etdiyi ərazi 40 hektardan çoxdur. Hətta elə qəbirlər var ki, onlar biri digərinin üstündə yerləşir. Tədqiqat üçün saysız qədər alban qəbirləri mövcuddur. Təəsüf ki, bu vaxta kimi hər hansı tədqiqat işi aparılmayıb. Bu gün Xınalıqda arxeoloji tədqiqatlara çox  ciddi ehtiyac var”.

Qeyd edək ki, Xınalıq qəbiristanlıqlarında qəbirlərin çoxu həm enlilik, həm də uzunluq cəhətdən olduqca iri və nəhəngdir.Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3 mərtəbəlidir. Burada qəbirlər bir birinin üzərində yerləşir. Ancaq qazıntılar qəbirlərin nə qədər qədim olmasını aşkar edə bilər.

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Xınalıqlıların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Kətiş kəndi Kətiş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb, bütün evlər dağılıb. Əhalinin çox hissəsi tələf olub. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxıblar. Və beləliklə Xınalıq yaranıb. Xınalıqlılar hesab edirlər ki, tufandan sonra Nuhun oğulları- Sam və Ham müxtəlif yerlərə köç ediblər,  yalnız Yafəs öz oğulları ilə həmin yerlərdə qalıb. Və buradan Qafqaz xalqları törədi. Həqiqətən 2000 metrdən yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

 Xınalıqlıların öz dili var və bu dilin daşıyıcıları yalnız Xınalıqda yaşayırlar. “Xınalıq bir çox alimlər üçün əsil möcüzədir” deyən həmsöhbətimiz bildirdi ki, Xınalıq dilinin heç bir dialekt və ləhcəsi yoxdur: “Düzdür, Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində yerləşən müvafiq olaraq üç əsas müəyyən hallarda tələffüz zamanı nəsil arasında danışıq dili fərqlənir”.

Rəvayətlərə görə, xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşğul olub.  Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır.

O, 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə “Xınalıq dilinin qrammatikası” kitabını dərc edib. Yunus Deşeriyevin yazdığına görə eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil mövcud imiş. Sonradan dillər bölünməyə başlamışsa da, amma xınalıq dili günümüzə qədər dəyişməz olaraq qalıb. Xınalıq dili mürəkkəb morfoloji struktura malikdir.

 

Xınalıqlıların ənənələri

 

Xınalıqlıların yağışla, əkinçiliklə, bəzi ev heyvanlarına münasibətlə,  toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı zəngin ənənələri var. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.

Qədim dövrdən etibarən Xınalıq sakinləri ovçuluqla məşğul olarlarmış. Ovladıqları heyvanlar - dağ kəli, dağ keçisi olub, qaban ovlasalar da, heç vaxt ətini yeməyib - qonşu kəndlərə göndəriblər. Ovçular ova getmənin vaxtını heç kimə bildirmir, vurulan heyvanları öz aralarında bərabər bölür, qonşu payı saxlayır, kənar adam rast gələrsə, ona da ovlarından pay verirlər.

Xınalıqda məişətdə bir çox cadu və ovsunlar da geniş yayılıb. Onların tarixi çox qədimdir. Xınalıqlılar insan nəfəsinin ruh olduğunu düşünür və insan ölərkən nəfəslə birgə onun bədənindən ruhun çıxmasına inanırlar. Xınalıqlılar illəri, qoyun sürülərinin artması ilə hesablayırdılar. Bu ənənənin haradan başlandığını heç kim bilmir. Məsələn, demək olar ki, 1937-ci il - kənddə 70 min baş qoyun olduğu ildir.

Xınalıqlılar mal-qaraya həmişə hörmətlə baxırlar. Onlar öz mallarının sayını heç kəsə bildirmirlər ki, mal-qaraya bəd-nəzər toxuna bilər. Qədim ənənələrdən biri-ölən malın kəlləsini tövlənin astanasında basdırmaqdır. Bəzən malın kəlləsini çəpərə yaxud divara bərkidirlər.

Xınalıqlılar səma cisimləri içərisində Günəşi daha çox müqəddəs hesab edirlər. Bu mənada qızlar günəş simvolu olan qırmızı rəngdə paltar geyməyi çox xoşlayırlar, günəşə and da içirlər.Xınalıqlılar qonşu kəndlərdən qız alıblar. Məsələn, Quruş kəndindən. Amma, buna baxmayaraq, heç bir kəndə qız verməyiblər.  Xınalıq körpələri bayıra çıxarılanda və yatanda, onların başlarının altına qara qüvvələrə qarşı kömür tikəsi qoyurlar.  Xınalıqda bu günə qədər istifadə olunan  ənənələrdən biri də oğlan uşağının başında 7 yaşa qədər hörük saxlanmasıdır. Bu adətin də nə zamandan Xınalıqda işlənməsindən heç bir informasiya yoxdur.

   Kəndə olan diqqətin artdığından buraya turist axını da çoxalıb. “Xınalıq” Ailə Turizmi Assosiasiyasından bidirilib ki, xınalıqlıların əsas məşğuliyyətləri dərman bitkiləri və otların yığılması və qurudulmasıdır, sonra onlardan həm mətbəxdə istifadə edilir, həmçinin gələn qonaqlara satılır: “Kənddən dağ yolu ilə “Şah Yaylağına” keçərək Xınalıq aşırımına gəlib çatmaq olar və Qızıl Qaya dağ massivinə qalxmaq olar (3700 m.). 1997-ci ildə Qızıl Qaya dağ massivinin zirvələrinin birində ümumxalq lideri Heydər Əliyevin adına gümüş lövhə bərkidilib. Xınalıq aşırımından keçərək Qusar çayın sahilində yerləşən ləzgi kəndi Lazaya getmək olar. Aşırımdan sonra”Şah Yaylağı” adlanan yüksək dağ yaylasından keçək at cığırı Laza kəndinə aparır. Xınalıqla  Laza  arasındakı məsafə 30 km-dir.  Xınalıq sakini Əşrəf Əliyev turistlərə   milli güləş, at yarışları və bazarların keçirildiyi “Şah Yaylaq” və “Şah Nabat” yaylalarına atla turların təşkilini təklif edir. Yeri gəlmişkən Avropa İttifaqı və Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə yardımı ilə “Ekoleks” ekoloji hüquq mərkəzi “Turizm-Xınalıq kəndinin dayanıqlı inkişafı və əhalinin kasıbçılığının aradan qaldırılması vasitəsi kimi” layihəsini həyata keçirir. Layihə çərçivəsində Xınalıq kəndində biznes imkanlarının artırılması və “Xınalıq” Ailə Turizmi Assosiasiyasının üzvlərinə fundreyzinq və QHT-nin idarə olunması üzrə bigilərin verilməsini nəzərdə tutan treninqlər təşkil olunur.

“Ekoleks”in icraçı direktoru Sevil İsayevanın dediyinə görə, layihə 18 ay ərzində   həyata keçirilir: “Layihənin yerli tərəfdaşları Xınalıq bələdiyyəsi və Xınalıq mədəniyyət mərkəzi ictimai birliyidir. Layihənin əsas məqsədi Azərbaycanın dağlıq Xınalıq kəndində dayanıqlı inkişafın təmin edilməsinə və kasıbçılığın aradan qaldırılmasına nail olmaqdır”.

 

 

         Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 27-29 noyabr.- S. 8-9.