Tatların dilini, mədəniyyətini, tarixini tədqiq edən alim

 

“Maqsud Hacıyevin tədqiqatları Azərbaycan etnoqrafiyası üçün çox faydalıdır”

 

 Haqqında söhbət açacağımız insan  Azərbaycanda yaşayan azsaylı xalqlardan olan tat xalqının istedadlı nümayəndəsi professor, şərqşünas,  yazıçı  Maqsud Hacıyevdir.   Uzun illər ölkəmizdə elmi, bədii yaradıcılıqla məşğul olaraq  bir sıra dəyərli tədqiqatların nəticəsi olan kitablar yazıb. Onun yazdığı kitabların bir hissəsi də Azərbaycanda yaşayan tatlarla bağlıdır. M. Hacıyev şəxsiyyətini şair, alim Hüseyn Alışanov çox gözəl ifadə edib:”Mən Maqsud Hacıyevi  bütün Azərbaycanı sevən adam kimi tanıyıram.  Tat etnosunun bu istedadlı nümayəndəsi  üçün əsas ölçü - mizan ədalətlə  ləyaqətdir. O, bütün yaradıcılığı   məhsuldar qələmi ilə  dəfələrlə sübut edib ki,  onun üçün  Azərbaycanın  vəhdəti və bütövlüyü əfzəlidir, xalqımızın bir yumruq kimi birləşməyi taleyimizdə aparıcı və həlledici qüvvədir”. “Azərbaycanda yaşayan bütün etnik azlıqlar  azərbaycanlılarla birgə  yumruq kimi birləşərək , bütün sahələrdə təmsil olunsunlar və mehriban yaşasınlar”- deyən və ömrünün  75- ci ilini yaşayan Maqsud müəllimin yaradıcılığının tatlarla bağlı olan səhfəsinə nəzər saldıq, eyni zamanda enişli-yoxuşlu həyat və sənət yolundan danışdıq.

İlk olaraq qeyd edək ki,  keçmiş Qonaqkənd  rayonunun Gümür kəndində, kasıb bir kolxozçu ailəsində  dünyaya göz açan  Maqsud Hacıyevin uşaqlığı  fərəhsiz  keçib,  həyatında çox ağır  günlər olub, yetimçilik  yazılıbmış taleyinə. Ömrünün  bu illərində, atası, anası da onu  vaxtsız  tərk ediblər  və uşaq  olub,  elə orta məktəbi  bitirən  kimi  BDU-nun şərqşünaslıq fakültəsinə daxil  olub, oranı da müvəffəqiyyətlə bitirib. Bundan sonra elmə fanatik məhəbbəti onu pillə-pillə arzuladığı zirvəyə aparıb. İndi Maqsud müəllimin özünün müəllifi  olduğu, redaktorluq etdiyi və rəy verdiyi kitabları, tərcümə  əsərlərini, sayı-hesabı  bilinməyən məqalələrini  görəndə bütün  bunların arxasında  zəhmətlə keçən bir  ömrün  dəqiqələrini, saatlarını, günlərini, aylarını illərini görürsən. Maqsud Hacıyevi  bir alim kimi səciyyələndirərkən  onun çoxcəhətli yaradıcılığı  sənətə heyranlıq doğurur.

 Onun Şərq ədəbiyyatı ilə bağlı onlarla  elmi məqalələri çap olunub, beynəlxalq elmi konfranslarda  məruzələr oxuyub  və Azərbaycan şərqşünaslığını  layiqincə təmsil edib. O, həm də dilçidir. Onun fars,puştu , tat dilləri ilə bağlı dərslikləri,proqramları, metodik vəsaitləri və tədris materialları işıq üzü görüb. Elə bircə bu faktı nəzərə çatdırmaq kifayətdir ki,  keçən əsrdə  çap olunmuş “Azərbaycan Sovet Ensiklopediyası”nın  elmi məlumat xarakterli “Avesta dili”, “ İran dilləri” , “Tacik dili”, “Tat dili”, “Talış dili”, “ Puştu-əfqan dili”,”Dəri dili”, “Bəluc dili”, “Gilək və Mazandaran dili və dialektikası”, “Yaqnob dili”, “Yazqulam dili”, “İşkaşım dili”, “ Pəncab dili”, “Qədim fars dili”, “Orta fars dili”, “Yeni fars dili”, “Lor və bəxtiyaari dil və ləhcələi” oçerklərinin müəllifi  Maqsud Hacıyevdir.

Maraqlı bir faktı qeyd etmək istəyirik ki, M.Hacıyevin  yetmiş  beş illik ömrünün on beş ilini  İran və Əfqanıstanda  keçirib. O, ilk azərbaycanlı alim və diplomatlardan biri idi ki, keçən əsrin  70-80-ci illərində Əfqanıstan və İranda gördükləri  bir çox həqiqətləri oxuculara  çatdırmışdı.

M. Hacıyev təkcə Azərbaycanda deyil,  bir sıra Şərq ölkələrində də tanınır, onun fars, dəri və rus dillərində  bir  neçə kitabı işıq üzü görüb. Əfqanıstanda olduğu illərdə  “Cvəndim”, “Milliyyəthaye bəradər”, “Dusti”, “Həqiqəte inqilabe Saur”, “Pamir”, “Ənis”, İranda yaşadığı illlərdə isə “Ettelaat”, “Mərdom”, “Peyame nevin”, “Fulad”, “Həftəgiye ketab” qəzet və jurnalllarında  elmi və publisistik məqalələri çap olunub. M. Hacıyev bədii yaradıcılıqlada məşğul olur. O, yaradıcılıq işi ilə də həvəskar kimi deyil, əsil peşəkarlıqla məşğul olaraq maraqlı əsərlər yaradır.

Maqsud müəllimin yaradıcılığının əsas hissəsi də tatlarla bağlıdır. Belə ki, o,  Azəri”-Tat Mədəniyyət Mərkəzinin sədri kimi də fəaliyyət göstərir və bu fəaliyyət onun bədii və tərcümə yaradıcılığında da əks olunur. Məlumdur ki, Azərbaycanın şimal bölgəsində bir sıra etnik azlıqların  nümayəndələri də yaşayır və tatlar bu sırada xüsusi yer tutur.  O, bizimlə söhbətində bildirdi ki,  Azərbaycanda yaşayan  etnik azlıqların nümayəndələrinin, o cümlədən tatların da azərbaycanlılarla siyasi, iqtisadi, mədəni  və etnik zəmində  heç bir problemi olmayıb,  hər zaman  dost və qardaş kimi yaşayıblar:” Tarixən Azərbaycanda dini tolerantlıq olub. Bu tolerant yanaşma həm də xalqların, etnik qrupların tolerantlığına aiddir. Mən də bu ideyaya xidmət etmək üçün  tat dili haqqında  kitablar  yazmışam, fərqli etnolinqvistik qruplar əlaqələri daha da yaxınlaşdırmaq üçün   Azərbaycan-Tat  Mədəniyyət  Mərkəzini  yaratdıq. Əsas məqsədimiz o oldu ki, tatların  mədəniyyəti, rəqsi,tarixi, dili, şifahi xalq ədəbiyyatını öyrənib kitab halında nəşr edək.  Çünki tat  etnik qrupu könüllü assimiliasiyaya məruz qalır. Yəni mənim 50-60-cı illərdə  tədqiqat apardığım kəndlər var ki tat dilində danışırdılarsa, bu gün Azərbaycan dilində danışırlar. Onu da qeyd edim ki, Azərbaycanda zorakı assimiliasiyaya   məruz qalan heç  bir kiçik xalq da olmayıb.  Azəri türkləri   həmişə başqa xalqlara qarşı olduqca loyal olublar”.

 Azərbaycanda hər zaman tatlara qarşı tolerant mühitin olduğunu deyən M.Hacıyev bildirdi ki, müxtəlif ad altında kitablar nəşr ediblər:” İlk olaraq  tatlarla bağlı  ədəbiyyatların- kitabların nəşrindən başladıq. Mən və mərkəzin  üzvləri  birlikdə tat nağıllarını topladıq,  1993-cü ildə nəşr etdik.  Sonra Azərbaycan bölgələrində yaşayan tat şairlərinin şeirlərini toplayaraq   “Bahar” adında antologiyanın işıq üzü görməsinə nail olduq. Daha sonra  tat uşaqlarının Azərbaycan şairlərinə marağını artırmaq üçün  tat dilində  klassiklərdən başlayaraq, müasir dövr  Azərbaycan şairlərinin toplusunu nəşr etdik və maraqla qarşılandı. Sevindirici haldır ki, bu  gün Azərbaycan məktəblərində etnik azlıqlar üçün həftədə 1-2 dəfə fakültətiv dərslər keçirilir. Bizdə  bunun üçün tat dilinin əlifbasını nəşr etdik.Bundan başqa “Qonaqkənd tatlarının dili”kitabını  çap etdim”. Maqsud müəllimin xeyli sayda məqaləsi də tat dilinə həsr edilib və onun “Tat dilinin  Qonaqkənd ləhcəsi” adlı sanbalı bir monoqrafiyası da var:”Bu məsələni daha genişləndirmək, tədqiqatları daha dərinləşdirmək üçün  “Azərbaycan tatlarının dili” adlı kitabı nəşr etdim. Bu kitabda Şamaxı, Quba,İsmayıllı, Xızı,Qonaqkənd və s. ləhcələri toplayaraq müqayisəsini apardım.  Bundan sonra Azərbaycan tatlarının etnoqrafiyası ilə  bağlı kitab yazdım.2009-cu ildə “Azərbaycan  tatlarının dili, tarixi və etnoqrafiyası” oçerki yazdım. Qeyd edim ki, keçmişdə yazdığım kitabları  bir yerə toplayaraq 550 səhifəlik bu kitabı nəşr etdik. Çox böyük maraq doğurdu”.

M.Hacıyevin tatlar və tat dili haqqında yazdığı kitabları və məqalələri ilə bağlı bir sıra tanınmış elm xadimləri və ziyalılar  dəyərli fikirlər deyiblər. Belə ki,  tarix elmləri doktoru,professor Qəmərşah Cavadov onun yaradıcılığını belə xarakterizə edib: “Azərbaycanda yaşayan etnik qrupların hər birinin  ayrı-ayrılıqda  tarixi-etnoqrafik, dil və mədəniyyət  və s.  baxımından tədqiq olunmasına böyük ehtiyac var. Maqsud Hacıyevin tatların indi də məişətində müəyyən yer tutan  bəzi adət-ənənələrini müxtəlif fakt və  mənbələr əsasında üzə çıxarması, onların qədim  İran xalqları  mədəniyyəti ilə, Azərbayacan xalqının  mədəniyyəti ilə bağlılığı, bu adətlərin maddi-mədəni  müştərəkliyi  inandırıcı dəlillərlə izah olunur. Maqsud Hacıyevin tatların adət-ənənələrinə həsr olunmuş  tədqiqatları uzun illər ərzində  çəkilmiş gərgin zəhmətin nəticəsidir və onlar, heç şübhəsiz, Azərbaycan etnoqrafiyası üçün faydalıdır”.

Məlumat üçün bildirək ki,  Maqsud Hacıyev  1935-ci ildə  Quba-Qonaqkənd rayonunun Gümür  kəndində  anadan  olub.  Kiçik yaşlarından valideynlərini itirdiyindən  Qubadakı Cimi kənd uşaq evində  böyüyüb, burda orta təhsilini almışdır. ADU-nun şərqşünaslıq fakültəsini  bitirdikdən sonra AEA Şərqşünaslıq və  Milli Münasibətlər İnstitutunda böyük elmi işçi kimi tanınıb, İran filologiyası üzrə  namizədlik dissertasiyası  müdafiə edib.1962-ci ildən  başlayaraq ayrı-ayrı vaxtlarda Əfqanıstan və İranda  tərcüməçi işləyib.Eyni zamanda  İrandakı İsfahan  metalurgiya zavodunda  sovet mütəxəssisləri  rəhbərinin müavini, Əfqanıstanın Kabul  şəhərindəki sovet səfirliyində ikinci katib, Ümuməfqanıstan siyasi klubunun sədri, Əfqanıstan İctimai Elmlər Akademiyasının  əfqan ədəbiyyatı kafedrasının ustad-professoru  kimi çalışıb. Tələbəlik illlərində tərçüməçilik və publisistik fəaliyyətinə başlayıb, ardıcıl şəkildə  Azərbaycan ədəbiyyatının  Yaxın Şərq xalqları ədəbi prosesi  ilə əlaqələrini, Cənubi Azərbaycan ədəbiyyatını tədqiq və təbliğ  edib. Eyni zamanda şərqşünas  kimi bir çox beynəlxalq  simpozum və elmi-ədəbi konfranslarda Azərbaycanı layiqincə təmsil edib, “Əmək rəşadətinə görə” medalına  layiq görülüb, fəxri fərmanlar alıb. Y. Məmmədəliyev adına “Qızıl medal”, “Araz” və “Qızıl qələm” diplom və ali jurnalist  mükafatları laureatı, Beynəlxalq Şərqşünaslıq  Assosiasiyasının həqiqi üzvü, Azərbaycan-Tat Mədəniyyət Mərkəzinin  sədri, Azərbaycan Ziyalıları  Cəmiyyətinin  və Jurnalistlər  Birliyinin üzvüdür.

Hazırda  Milli Aviasiya Akademiyasında çalışmaqla tələbələrinə diplomatiyanın sirlərini öyrədir.

Onun müxtəlif illərdə  qələmə aldığı “Tat dilinin Qonaqkənd ləhcəsi”, “İranın  tarixi-etnoqrafik oçerki”, Əfqan ədəbiyyatında  milli barışıq siyasətinin inkası”, “Ədəbiyyat və sülh mövzusu”, “Əfqanıstan görüşləri”, “Diplomatik protokol və xarici əlaqələr”, “Azərbaycan  tatlarının dili:” Tatların tarixi- etnoqrafik oçerki”, “Zamanın özü, zamanın sözü” və s.  elmi-publisistik  yazıları maraqla qarşılanıb.

Şeir və poemalardan ibarət olan “Bahar”, “Dünyan mənim”, Günəşlə birgə”, “İblis yığnağı”, “Cəngi çalın” və s. kimi kitabları nəşr edilib.

 

Günay ƏSƏDOVA

 

Paritet.-2010.- 30 noyabr-1 dekabr.- S.9.