İşğal
altında olan ərazilərimizdə yüzlərlə
tarixi-dini abidələr məhv edilib
Ermənistanın Azərbaycana olan uydurma torpaq
iddiaları heç bir tarixi mənbəyə söykənmədiyindən,
rəsmi Yerevanın mövqeyi daha çox cığal
uşağın hərəkətlərinə bənzəyir.
Erməni alimlərinin
"tarixi sübutları" əsasında yazılan əsərlər
ancaq Ermənistanın dövlət səviyyəsində
yeritdiyi işğalçılıq siyasətinin tərkib
hissəsi kimi qiymətləndirilməlidir. Ermənipərəst beynəlxalq
təşkilatlar isə bu cür "tarixi
sübut"ları əllərində bayraq tutaraq, məkrli
siyasətlərini yeridirlər. Azərbaycan
alimləri yüksək elmi səviyyədə,
çoxsaylı epiqrafik, orta əsr, arxiv mənbələrinə
əsaslanaraq sübut ediblər ki, Cənubi Qafqazda tarixən
heç bir erməni siyasi qurumu mövcud olmayıb. Sənədlərin analizi Cənubi Qafqazın yeni
tarixi konsepsiyasının işlənməsinə gətirir və
Azərbaycan tarixinin sovet rus və erməni tarixçiləri
tərəfindən
saxtalaşdırıldığını sübut edir. Ermənilər üçün ilk dövləti bu
regionda Sovet Rusiyası və Antanta dövlətləri 1920-ci
ildə Qərbi Azərbaycan torpaqlarında yaradıblar.
Qarabağda yerləşən abidələr
də ermənilər tərəfindən kütləvi surətdə
dağıdılıb və erməniləşdirilib. Bu haqda "əsərlər"
rus, erməni, Avropa dillərinə çap olunur. Qeyd
olunan ərazidə, həm Dağlıq Qarabağ ərazisində,
həm də ona sərhəd və ermənilər tərəfindən
hazırda işğal olunmuş zonada külli miqdarda xanəgahlar,
türbələr, pirlər, monumental tikintilər, orta əsr
qəbiristanlıqları, məscidlər və s. müsəlman
abidələri yaxın zamanlara qədər mövcud idi. Lakin 15 ildir ki, bu ərazilər Azərbaycan nəzarəti
altında olmadığından bu abidələrin indiki vəziyyətindən
dəqiq məlumat yoxdur. Bu abidələrin üzərində
olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların,
sufi şeyxlərinin, Azərbaycan
memarlıq məktəblərinin banilərinin adlarını
ortaya qoyur.
Zəngilan: Türbələr
Şərəkə çayının
hövzəsində yerləşən bir sıra türbələr
öz memarlıq-konstruktiv formasına görə seçilir. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli
kəndində yerləşən Yəhya ibn Məhəmməd
türbəsi, Cəbrayıl rayonunun Şıxlar kəndində
yerləşən Şıxbaba türbəsi (XIV əsr).
Türbənin ətrafında orta əsr qəbiristanlığı
yerləşir. Türbədən bir qədər
aralı Şeyxzadə Şeyx abd as-Salam ibn Şeyx Qiyas əd-Dinin
(759 h. - 1358 il) məzarı yerləşir.
Türbənin ətrafında şeyxin
davamçılarının baş daşları pərakəndə
şəkildə yerləşir. Yazıların
paleqrafik xüsusiyyətlərinə, bədii tərtibatına
görə Şıxbaba Qədiriyyə sufi
xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə
aid etmək olar. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə,
başdaşı formalı, qoç, at heykəlli qəbir
daşları ərəb-fars-azərbaycan dilli yazılarla və
müxtəlif relyeflərlə Azərbaycan xalqının həyat,
məişətinin müxtəlif tərəflərini əks
etdirir, xalqın tarixinə, toponimikasına, xalq təbabətinə,
etnogenez məsələlərinə aydınlıq gətirir,
Azərbaycanın orta əsr mədəni həyatına dair
bir sıra məsələləri işıqlandırır.
Zəngilanın memarlıq abidələrindən
biri də, Məmmədbəyli kəndindəki türbədir. Səkkiz tilli prizma şəklində
tikilən bu türbənin yuxarısı piramidalı günbəzlə
tamamlanır. Divarları xaricdən və
daxildən yonulmuş daşla çox səliqəli şəkildə
üzlənib. Türbənin sərdabə
hissəsi içəridən kvadrat planda tikilib. Türbənin giriş qapısı üstündə
nəsx xətti ilə yazılmış ərəbcə
kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin
kimə məxsus olduğu və nə vaxt tikildiyi göstərilib.
Türbənin 678 yaşı var. O, Yəhya ibn
Məhəmməd Əl-həcc Seyid Əlinin türbəsidir.
Haçalı qülləsi Məmmədbəyli
kəndinin yaxınlığında dağın
döşündə yerləşir. Kəndin
qəbiristanlığı da buradadır. Qüllənin
bünövrəsi və gövdəsinin divarları çay
daşı, qaya daşı və kirəc məhlulu ilə
hörülüb. Üst örtüyü tağ şəklindədir
və bişmiş kərpiclə tikilib. Silindr
formasında olan bu qüllə yuxarıya qalxdıqca
daralır.
Zəngilan: Qəbiristanlıqlar
XIV əsrdə yaşamış məşhur
coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvinin
yazdığına görə, Zəngilanın əsası
hicri tarixinin 15-ci ilində, yəni 6336-cı ildə qoyulub. Deməli, Zəngilanın
1360 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin
su qovşağının yaradılması ilə əlaqədar
olaraq burada 1974-cü və 1979-cu illərdə arxeoloji
qazıntı işləri aparılıb və məlum olub
ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir.
Bunlardan biri Şərifan kəndində yerləşən
Şəhri-Şərifan abidəsidir. Bu
abidənin böyük bir hissəsini Həkərə
çayının selləri uçurub dağıdıb və
yuyub aparıb. Şəhər
qalığının ərazisi 9 hektara yaxındır.
Şəhər təbii, coğrafi və
strateji baxımdan əlverişli mövqedə yerləşib,
qərb tərəfdən dağ silsiləsi, şərqdən
Həkərə çayının sıldırım sahili
ilə əhatə olunub. Burada aparılan
tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın
olduğu müəyyən edilib. Onların
biri şəhərin varlı əhalisinə məxsus sərdabə
tipli qəbirlərdir. Bu qəbiristanlıq
təqribən 1 km şimalda yüksək dağın
döşündə salınıb. Onlar ağ
daşla inşa edilib, əksər hallarda qapı üstü
və ya mehrabvari hissədə həndəsi və nəbati
formada naxışlanıb. İkinci qəbiristanlıq
isə şəhərin cənub-qərbində olub
üstü dirəklərlə örtülən qəbirlərdən
ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb.
Zəngilan: Qədim Şərifan şəhəri
Şərifanda aparılan
qazıntılarda xeyli miqdarda maddi-mədəniyyət
qalıqları aşkar edilib. Əldə olunan arxeoloji materiallara əsasən,
şəhər tipli yaşayış məskəni olan Şəriban
XIV əsrdə salınmış və XVII əsrə kimi
burada intensiv yaşayış olub. Şəriban
türbəsinin ancaq tağları qalıb. Giriş yolu, mehrabı və divarları nisbətən
yaxşı vəziyyətdədir. Maraqlıdır
ki, giriş və mehrab olan tağ naxışlanıb, digər
tağlarda belə naxış yoxdur. Türbə
içəridən və çöldən dördkünc
formalıdır. Üstünün
uçuğundan məlum olur ki, künclərdə
boşluqları doldurmaq üçün saxsı qablardan istifadə
olunub. Bu da içəridə dua oxunan
zaman səsin ahəngdar səslənməsinə və təsirli
olmasına imkan yaradırdı.
Laçın: At heykəlli qəbirlər
Azərbaycanın Laçın rayonunun
Malıbəy kəndində aşkarlanmış üç
at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) və
Almazzisxevndə yerləşən (XIV əsr) at heykəlli
abidənin bud tərəfində həkk olunan üç
horizontal və bir vertikal xətt çox maraqlıdır. Qarabağ abidələrindəki
epiqrafik məlumatlardan və təsviri incəsənət
motivlərindən Cənubi Qafqazda Azərbaycan xalqının
təşəkkülündə mühüm rol
oynamış qədim türk tayfalarının məskunlaşmasını
müəyyən etmək olar. Laçın rayonunun
Malıbəy, Güləbird kəndlərində at heykəlli
qəbir daşlarında günəş simvolunun və əlində
quş tutmuş insanın təsvirləri var. Məlumdur ki, qədim
türk xalqlarının tanrısı Humay quşu idi və
bunun abidələrin üzərində təsvir olunması,
güman ki, abidələri dağılmaqdan qoruma məqsədi
daşıyırdı. Laçın rayonunun
Cicimli kəndində 1790-1791-ci ildə çaylaq
daşından düzbucaqlı planda tikilmiş məscid
binası mövcud olub. Laçının
Ağoğlan məbədinə gedən yolun sağında
XVI əsrin at heykəlli və sənduqəformalı qəbir
daşları var idi.
Füzuli: Şeyx Babi Yaqub türbəsi
Epiqrafik abidələr Qarabağda gedən
tikinti işlərindən, Qarabağ xanlarının mədəni-maarif
fəaliyyətindən xəbər verir. Bu abidələr sırasına
Füzuli rayonunun Babı kəndində yerləşən səkkiz
guşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini aid
etmək olar. Füzulinin Əhmədallar kəndində,
orta əsr qəbiristanlığının yerində sənduqəformalı
qəbir daşı qalıb. Qarğabazar
kəndində, "Şah Abbas" karvansarasından
yuxarı, qayanın üstündə "Qiyas əd-Din"
məscidi durur. Yerli əhali onu
"Şah Abbas" məscidi adlandırırdı. Kənddə yerləşən bulağın üzərində
üç sətirli ərəbdilli yazı var. Yazıda
deyilir ki, bulağı 1305-ci ildə Gəncəli Əmir
Qarğabazarlının oğlu tikdirib. Bərdədə
bir türbə və Axsadanbaba türbəsinin bünbvrəsinin
qalıqları var. Bu naxçıvanlı memar Əhməd
bin Eyyub əl-Hafiz Naxçıvaninin işidir.
Cəbrayıl: Tarixi abidələr
Cəbrayıl rayonunun Xocalı kəndində,
köhnə qəbiristanlıqda yazının bir
parçası aşkar olunub. Həmin yerdə, yolun qırağında
iki başdaşı aşkarlanıb. Başdaşlarının
yuxarı hissəsində heyvan təsvirləri - dağ
keçiləri və Qobustanda, Abşeronda olan qayaüstü
təsvirləri xatırlayan müxtəlif tamqalar həkk
olunub. Cəbrayılın ətrafında
müxtəlif bədii formaya malik qəbir daşları
qalıbdır, onlardan ikisi qoç heykəllidir və Azərbaycanın
digər dağətəyi rayonlarında mövcud olmuş
abidələrin analogiyasıdır. Ümumiyyətlə,
Cəbrayıl uyezdində 15 məscid və 16 məscid prixodu
mövcud olub.
Memar Kərbəlayı Səfi xan
Qarabağlı tərəfindən inşa edilən abidələr
Şuşa şəhərində memar Kərbəlayı
Səfi xan Qarabağlı tərəfindən inşa edilən
iki məscid və iki mədrəsə binası var. Bu haqda məlumatı
məscidin üzərindəki kitabə xəbər verir. Memarın adına
Füzuli rayonunun mərkəzində yerləşən məscidin,
Bərdə və Ağdamda olan məscidlərin, Şuşa
şəhərinin bir sıra məhəllə məscidlərinin
üzərində də rast gəlmək olar. Bütün
bu abidələr əsrin ikinci yarısına aiddir.
Şuşa: Məscidlər
XIX əsrin sonunda Şuşada 17 məscid
fəaliyyət göstərirdi. Bunlar Yüxarı Came, Aşağı Came məscidi, Təzə
məhəllədəki məscid, Malıbəyli,
Gülablı, Şelli, Yusifcanlı, Mərəzəli, Xəzəristan,
Lembran, Ağcabədi, Xəlil Fəxrəddinli,
Xunaşın kənd məscidləri idi. Şuşa uyezdində
Hacı Yusifli, Heydəri, Hamam, Cula Məriyanlı, Rahatlı,
Dəmirçi, Hacı Mircanlı, Çoluçağa, Məhəli,
Çuxur, Quyluq, Dövrlər qurdu, Qapan kəndlərində
də məscidlər var idi. 1904-cü ildə Şuşa
uyezdində 28 məscid, Cəbrayıl uyezdində 10 məscid
fəaliyyət göstərirdi. 1911 ildə məscidlərin
sayı Şuşa uyezdində 50-yə,
Füzuli uyezdində isə 19-a çatıb. İndi
bu abidələrin böyük qismi dağıdılıb, bəziləri
isə erməniləşdirilib. A.A.Xaçatryan
"Korpus arabskix nadpisey Armenii XIII-XVI vv. Yerevan, 1987 q"
kitabında çap etdiyi abidələri görmədiyi halda
belə Naxçıvan, Zəngəzur, bütün Azərbaycan,
Qars, Anadolu abidələrini bu kitaba salıb, erməni abidələri
kimi iddia edir. 1828-ci ildən Azərbaycana
köçürülən ermənilər hələ sovet
hakimiyyəti zamanı yaşadıqları Ordubadın Der kəndində
azərbaycanlılara məxsus orta əsr qəbiristanlığını
erməni qəbiristanlığına çeviriblər.
Erməni bərpaçılarının
"bərpa işləri"
Bərpa idarəsində işləyən erməni
inşaatçı ustaları Bakıda Came məscidi
kompleksində olan mədrəsə kitabəsini torpağa
basdırıb, Came məscidi bünövrəsindəki
Şirvan ordusunun baş komandanı şəhid Əbu Yaqub
Yüsifə həsr olunan kufi yazılı xatirə lövhəsini
ovub, oxunmaz hala salıb, Bakı qala hasarında daşnak
partiyasının emblemini həkk ediblər.
Cəbrayıl: Xudafərin
körpüsü
Xudafərin körpüsü haqqında
ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü
Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr
şəhərlərini birləşdirən, karvan ticarət
yolu üzərində tikilib. O, həm də
mühüm hərbi-strateji əhəmiyyət kəsb edir. Araz çayının ən dar, qayalıqla əhatələnən
bir yerində inşa edilmiş ilk körpü isə VIII əsrin
sonu - IX əsrin əvvəllərindən başlayaraq XIX əsrə
kimi fəaliyyət göstərib. Kərpic
körpü isə XII əsrdə tikilib.
Ümumiyyətlə, son 200 ildə Azərbaycan
xalqı, onun maddi mədəniyyət abidələri ermənilər
tərəfindən genosidə məruz qalıb. Azərbaycan
torpaqlarının işğalının ardınca kütləvi
surətdə abidələr məhv olunur, erməniləşdirilir,
maddi-mədəniyyət abidələri ilə yanaşı
Azərbaycan xalqının bu yerlərdə köklü xalq
olduğunu sübut edən toponimlər dəyişdirilir.
Azərbaycanın işğal edilmiş əraziləri
İslam abidələri ilə zəngin zona olub. Bu ərazilərdə 300-dən
çox dini abidələr mövcud olub. 19-cu əsrdə
Şuşada 17 məscid, Cəbrayıl rayonunda 15 məscid,
Ağdam şəhər məscidi və bir çox başqa
kəndlərdə məscid və pirlər mövcud idi. Füzuli şəhərində Hacı Ələkbər
məscidi, Qiyas-əd-Din məscidi, 17-ci əsrə aid məscidlər
olub, Babı kəndində XIII əsrə aid Şeyx Babı
Yaqub türbəsi bir çox qədim qəbiristanlıqlar
mövcud olub. Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində, həmçinin
tarixi Azərbaycan torpaqları olan Qərbi Azərbaycanda, Zəngəzurda
çoxsaylı qədim dini abidələr, müqəddəs
sitayiş yerləri müsəlman qəbiristanlıqları
var idi. Xocalı şəhərində
yaşı 600-dən artıq olan qəbiristanlıq olub.
İrəvan yaxınlığında
1413-cü ildə tikilmiş türbə vardı. İslam mədəniyyətinin bir parçası
olan bütün bu abidələr bu gün
işğalçı ermənilərin tapdağı
altındadır.
Paritet.- 2010.- 5-6
oktyabr.- S. 8-9.