“Azərbaycanda heç vaxt antisemitizm olmayıb”

 

Semyon İxiilov: “Bizim fəaliyyətimiz üçün heç bir məhdudiyyət yoxdur və heç vaxt olmayıb”

 

 Oxucu yəqin ki, şəkildən bildi ki, həmsöhbətim dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilovdur. Düzü görüşdən əvvəl dağ yəhudilər ilə azərbaycanlılar arasında böyük bir səddin olduğunu zənn edirdim. Amma görüşdən sonra dağ yəhudilərinin azərbaycanlılarla münasibəti ilə bağlı fikrim tamam dəyişdi. “Azərbaycan mənim doğma vətənimdir” deyən S.İxiilovun anlatdıqlarından məlum oldu ki, dağ yəhudiləri demək olar ki, azərbaycanlılara qarışıblar.  O vurğuladı ki, Azərbaycanda həmişə bütün xalqlar mehriban bir ailə kimi yayaşıblar. Din xadiminin sözlərinə görə, dağ yəhudiləri ilə azərbaycanlılar o qədər bir yerdə yaşayıblar ki, hətta qohum da olublar: “Artıq  biz qız alıb, qız verimişik. Elə bir dağ yəhudisi yoxdur ki, Azərbaycan dilini bilməsin. Azərbaycan dili  dağ yəhudilərinin bir hissəsi üçün doğma dildir. Ona görə bunlar Azərbaycan məktəbində oxuyublar”.

S.İxiilov dağ yəhudilərinin Azərbaycanda məskunlaşma tarixindən də danışdı: “Təxminən 15 il bundan qabaq Milli Elmlər Akademiyasının keçmiş prezidenti Fərəməz Maqsudova rəsmən müraciət etdim ki, araşdırsınlar görək bizim camaatımız nə vaxtdan burada yaşayır. O vaxt Tarix İnstitutunun direktoru İqrar Əliyev idi. Bir müddət sonra İqrar Əliyev mənə  yəhudilərin Azərbaycanda məskunlaşmasının tarixinin 2700 il bundan əvvələ aid olması ilə bağlı tarixi sənəd verdi. Beləcə 2700 il bundan qabaq yəhudi köçkünlər dağlarda tatlarla qonşuluqda məskunlaşıblar. Yəhudilər və müsəlman tatlar arasında münasibətlər illər uzunu dostluq şəraitində inkişaf edib. Dediyim kimi müxtəlif dinlərə etiqad edən iki etnos onilliklər ərzində qohumluq əlaqələri qurmaqda idilər. Münaqişələrdən uzaq olan qarışıq nikahlar peyda oldu. Doğma ibrani dilini qismən, əsasən dini ritual dili kimi  saxlayaraq yəhudilər tat dilinin istifadəsinə keçmişdirlər. Bu ona görə idi ki, ortodoksal yəhudilər özlərinin dininə, adət-ənənələrinə, bayramlarına və müqəddəs Tövratın hökmlərinə sadiq idilər. Sonralar ibrani və fars dillərinin qarışığı olan bu nadir dildə danışan yəhudiləri dağ yəhudiləri adlandırdılar”.

 Qeyd edək ki, Azərbaycanda daha iki yəhudi icması vardır. Bunlar Aşkenazi(Avropa) və gürcü-yəhudi icmalarıdır. Onlar Bakıya XIX əsrdə birinci neft bumu zamanı gəliblər. Bunlar iqtisadçılar, rəssam-memarlar, bütün sahələrdə fəaliyyət göstərən sənətkarlar idilər.

  Bu gün Bakıda, Qubada və Oğuzda sinaqoqlar fəaliyyət göstərir. Onu da deyək ki, ötən bazar Quba rayonunda dağ yəhudilərinin yığcam yaşadığı “Qırmızı qəsəbə”dəki “Giləki” sinaqoqu əsaslı təmir edilib. 200 yaşlı sinaqoqun yenidən istifadəyə verilməsini dağ yəhudiləri Azərbaycanda digər dinlərə göstərilən qaygı və tolerantlığın yüksək nümunəsi kimi qiymətləndiriblər. Açılış mərasimində bildirilib ki, tarixi abidənin bərpası əlamətdar haldır. Bu isə bir daha, Azərbaycanın, digər dinlərə, fərqli etnoqrafik adət-ənənələrə hörmətlə yanaşmasının sübutudur. Mərasimdə xüsusi ilə qeyd olunub ki, Azərbacan xalqı daim dini, mədəni və etnolinqvistik azlıqlarla dostluq və mebribanlıq şəraitində yaşayıb. Onlardan biri olan yəhudilər də dövlətin diqqət mərkəzindədir.

“Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə çatdırılıb”

Bundan başqa Azərbaycanda yəhudi məktəbləri, kolleclər, uşaq bağçaları və “İyeşeva” dini məktəbi fəaliyyət göstərir. Yeri gəlmişkən oktyabrın 4-də Bakıda daha bir yəhudi (“Xabad-Or-Avner”) təhsil mərkəzinin açılışı oldu.

1993-cü ildə Bakı Dövlət Universitetində ibrani(ivrit) dili fakültəsi açılıb. Həmçinin 2004-cü ildə Bakıda “Yəhudi evi” istifadəyə vgerilib. S.İxiilov dedi ki, bundan sonra İcmanın bütün kitabxanası ora köçürülüb.

İcma sədri bildirdi ki, bu gün Azərbaycanda 30 min yəhudi var, onların 95%-i dağ yəhudiləridir və  bunların da ən çoxu Bakıda yaşayır: “1918-ci-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı soyqırım törədilib. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülüb. Qırğından əvvəl Qubada 18 minə yaxın dağ yəhudisi yaşayırdı. Lakin sovet hakimiyyəti qurulandan sonra yavaş-yavaş onlardan kimisini tutub, kimisini sürgün edib, kimisini də öldürüblər. Bir qismi də başqa ölklərə qaçıblar. Hazırda Qırımızı qəsəbədə 4 minə yaxın dağ yəhidisi var.

 XX əsrin 80-ci illərinin sonunda kommunist rejimi sovet ölkəsini və bütün sovet xalqını aclığa və işsizliyə düçar etmişdi. Bunlar bir tərəfdən, erməni aqressiyası, azərbaycanlıların doğma torpaqlarından deportasiyası, uşaq və qocaların, qadınların fiziki zorakılıqla məhv olunması, qədim Azərbaycan torpaqlarının 20%-nin işğal olunması, sayı bir milliondan artıq olan qaçqın və köçkünlərin ortaya gəlməsi,  yəhudi əhalisinin Azərbaycandan emiqrasiyasına gətirib çıxarıb. Amma köçənlərin  çoxu aşkenazilər və gürcü yəhudiləri idi”.

Həmsohbətim dedi ki, Azərbaycanda yəhudiləri heç vaxt sıxışdırmayıblar və burada tolerantlığın; İslam, pravoslav və yəhudi dini liderləri arasında mövcud olan konfessiyalararası hörmətin yüksək səviyyəsi barədə bütün dünya xəbərdardır: “Bu, digər ölkələr üçün bir nümunədir. Azərbaycanda tolerantlıq dövlət siyasəti səviyyəsinə çatdırılıb. Azərbaycanda 26 əsrdən artıqdır ki, bizim xalq yaşayır, əcdadlarımız bu torpaqda dəfn olunublar. Bu bizim üçün müqəddəs göstəricidir. Gözəl diyarın, Azərbaycanın çörəyi, suyu, havası ilə qidalanırıq. Azərbaycan xalqı bütün millətlərin, müxtəlif dinlərin nümayəndələri ilə çoxetnoslu bir ailədə birgə yaşayır. Bu bizim üçün bir sərvətdir”.

 O, dağ yəhudiləri icmasının Azərbaycanda çox sərbəst fəaliyyət göstərdiyini dedi: “Hətta ayda bir dəfə, yeni ay çıxanda biz ibadətimizi sinaqoqun həyətində keçiririk, yeni aya ibadət edirik. Bizim fəaliyyətimiz üçün heç bir məhdudiyyət yoxdur və heç vaxt olmayıb, biz heç kimə maneçilik etmirik. Bu ənənələr tarixidir və heç nə dəyişilə bilməz”.

Ulu öndərin tolerantlıqla bağlı  siyasəti indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

 Azərbaycanda heç vaxt antisemitizm(yəhudi düşmənçiliyi) olmadığını deyən S.İxiilov öz adət-ənənələrini, dinlərini daimi qaruyub saxlaya bildiklərini vurğuladı: “Kimsə gəlib bizə təzyiq göstərib deməyib ki, çıxın buaradan. Əksinə bizə hörmət olub. Çoxlu milli bayramlarımız var ki, onları da hər zaman rahat şəkildə qeyd edirik. Amma onu da deyim ki, bayramlarımızda Prezident İlahm Əliyev bizi təbrik edir. Bizi sayırlar. Mən özüm İsraildə səfərdə olanda infarkt tutdum. Orada müalicə çox bahadır. Allah canını sağ eləsin cənab Prezident İlham Əliyevin. Mənim üçün fəxrdir ki, mənim Prezidentim bunu öyrənib bütün xəstəxana xərclərinin ödənilməsi üçün göstəriş verdi”.

Ümummilli lider Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırlayan S.İxiilov ulu öndərin tolerantlıqla bağlı müdrik siyasətinin indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı: “Heydər Əliyev hər zaman milli mədəniyyətlərin, ənənələrin inkişafına böyük diqqət yetirirdi. O, xalqların dostlaşması üçün əlindən gələni etdi. Tolerantlıq milli azərbaycanlı mentalitetin xarakterik cəhətinə çevrildi və dövlət siyasəti səviyyəsinə çatdırıldı. Milli müstəqilliyimizi əldə etdikdən sonra baş verən ictimai-siyasi proseslər bunu bir daha isbat edir. Heydər Əliyev kimi dahi insanlar Yer üzünə 500-1000 ildə bir dəfə gəlirlər. Heydər Əliyev tarixi yaradan insanlardan biridir. Heydər Əliyev insanları milli mənsubiyyətlərinə görə deyil, peşəkarlığı və işgüzarlıqlarına görə qiymətləndirirdi. O, öz çıxışlarında dəfələrlə söyləmişdi ki, çoxmillətlilik - Azərbaycanın böyük sərvətidir. Onun müdrik rəhbərliyi sayəsində müstəqil Azərbaycanda bütün xalqlar bərabər hüquqlu vətəndaşlardır. O cümlədən yəhudilər də antisemitizm və millətlərarası ziddiyyəti hiss etmirlər. Sinaqoqlar sərbəstcə fəaliyyət göstərirlər”.

 S.İxilov bildirdi ki, onlar hər zaman Qarabağ münaqişəsi zəminində Azərbaycanı dəstəkləyib, hətta BMT-nin sabiq baş katibi Kofi Annan və ABŞ-ın sabiq prezidenti Corc Buşla görüşü zamanı da bu məsələyə toxunub:“Corc Buşla görüş zamanı o, məndən soruşdu ki, Azərbaycanda yəhudilər necə yaşayırlar? Mən ona dedim ki, cənab prezident, yəhudilər Azərbaycanda o qədər gözəl yaşayırlar ki, mən deyərdim ki, onlar dünyanın heç bir ölkəsində bu qədər rahat olmurlar. İlham Əliyevin prezident kimi bacarığını və işgüzarlığını bəyənirəm. O, öz atası Heydər Əliyevin məktəbini keçib. Ümumiyyətlə, biz bu ölkədə hər zaman gözəl münasibət görmüşük. Heydər Əliyevin Azərbaycanda tolerantlığın möhkəmləndirilməsi üçün ardıcıl siyasəti hazırda da  İlahm Əliyev tərəfindən uğurla davam etdirilir”.

 

Semyon İxiilov lazım olanda gedib məscid də namaz qılıb

 

Həmsöhbətim son bir neçə ildə Azərbaycanda böyük dəyişikliklər baş verdiyini də bildirdi: “Müasir Azərbaycanın vətəndaşları olaraq biz bu proseslərdə fəal iştirak edirik və millətimizin xaricdə yaşayan nümayəndələrini bu işlərə cəlb etməyə çalışırıq. Hər şeydən əvvəl, bunlara sosial-iqtisadi, ümumtəhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrdə gedən proseslər aid olunur”.

O, ABŞ və İsraildəki yəhudi icmaları ilə də əlaqlərinin möhkəm oludğunu qeyd etdi: “Biz gedirik, onlar gəlirlər. Onlar gələndə 10-15 nəfər olurlar. Prezidentimiz də hamısını qəbul edir”. Yeri gəlmişkən Prezident İlham Əliyev yuxarıda qeyd etdiyimiz yəhudi məktəbinin açılış mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən respublikamıza gələn yəhudi icmalarının nümayəndələrini də qəbul edib”.

 S. İxilovun sözlərinə görə Azərbaycanda hər bir şeyə böyük hörmətlə yanaşılır: “İstənilən ibadət aparılırsa, ona hörmət etmək lazımdır, çünki ibadət edən insanlarla böyük yaradan arasında ünsiyyət yaranır, ona görə də bu mənzərəyə hörmətlə, anlayışla yanaşmalısan. Biz deyirik ki, sinaqoq, məscid və kilsə hamısı Allahın evdir. Mən lazım olanda gedib məscid də namaz qılmışam”.

S.İxiilov Azərbaycandakı tolerantlığın digər dövlətlər, hətta Avropa ölkələri üçün nümunə olduğunu qeyd etdi.O bildirdi ki, Azərbaycanda tarixən formalaşmış və bu ərazidə yaşayan insanların xarakterik xüsusiyyətinə çevrilmiş tolerantlıq ənənələri bu gün də inkişaf etdirilir.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2010.- 7-8 oktyabr.- S. 8-9.