Prezidentin Naxçıvana səfəri başa çatdı

 

Bölgədə yeni mühüm iqtisadi və sosial obyektlər istifadəyə verilib

 

Xəbər verildiyi kimi oktyabrın 5-dən Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb (AzərTAc).

Səfər çərçivəsində dövlət başçısı muxtar respublikanın rayonlarındakı bir sıra yeni sənaye kompleksi, sosial və infrastruktur obyektlərin açılışında iştirak edib. Belə ki, Prezident İlham Əliyev Kəngərli rayonuna gələrək Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin açılışında iştirak edib. Abidənin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb, abidənin ətrafında park salınıb və burada geniş yaşıllaşdırma işləri görülüb.

 Bundan sonra Prezident Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılış mərasiminə qatılıb. O, açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Dövlət başçısı yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.

Prezident muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında da iştirak edib. Prezidentə məlumat verilib ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanıb. Magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək yolunun bir hissəsini təşkil edir. Dövlət başçısı inşaatçıları təbrik edib, onlarla xatirə şəkli çəkdirib.

 Prezident daha sonra Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib.

Qeyd edək ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulub.  Dövlət başçısı Naxçıvana səfəri çərçivəsində Sədərək rayonuna da gedib.

Prezident Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub. Xəstəxananın kollektivi göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq edib.

Prezident səfər çərçivəsində Sədərəkdəki “N” saylı hərbi hissədə də olub. Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Ali Baş Komandan İlham Əliyevə raport verib. Dövlət başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olub və müşahidə məntəqəsindən təmas xəttini seyr edib.

Prezident Sədərək rayonuna səfər çərçivəsində yeni salınan Heydərabad qəsəbəsinə də baş çəkib. Prezident qəsəbədə tikinti işlərinin gedişini əks etdirən fotostendə baxıb. Dövlət başçısı binalarda yaradılmış şəraitlə tanış olub, daha sonra rayon ictimaiyyətinin nümayəndələri ilə söhbət edib.

Eyni gün Prezident İlham Əliyev Ordubad rayonundakı Biləv Su Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə tənzimləyici bəndə və su anbarına baxıb. Məlumat verilib ki, stansiyanın inşasına 2009-cu ilin martında başlanılıb. İnşaat işlərinin yüksək keyfiyyətlə və qısa müddətdə yerinə yetirilməsi üçün maksimum səy göstərilib.

Stansiya ilin bütün fəsillərində bol suyu olan Gilançaydan qidalanır. Su əvvəlcə tənzimləyici bəndə yığılır. Burada suyun toplanması üçün sahəsi 5,15 hektar olan süni göl yaradılıb. Göldəki bəndlərin eni 159 metrdir, hündürlüyü isə 7,3 metrlə 9,5 metr arasında dəyişir. Gölün suyun tutumu 250 min kubmetrdir. Buradan su açıq və qapalı kanallarla sutəmizləyici anbara ötürülür. Üçsıralı anbar 8200 kubmetr su tutur. Burada su bərk əşyalardan təmizlənir və anbara ötürülür. Anbarın su tutumu 34 min kubmetrdir.

Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, bu anbardan su poladdan hazırlanan və uzunluğu 1540 metr olan təzyiq borusu ilə stansiya binasına verilir. Suyun təzyiqi 24 atmosferə bərabərdir. Tənzimləyici bənddən anbara qədər su ötürülən açıq kanalların ümumi uzunluğu 9091 metrə yaxındır. Ərazidəki qapalı kanalların ümumi uzunluğu isə 200 metrdən çoxdur. Burada hər birinin diametri 2,4 metr, uzunluğu təxminən 175 metr və 573 metrə yaxın 2 sifon quraşdırılıb. Bu sifonlardakı suyun təzyiqi 3,2 və 6,4 atmosferdir.

Sonra Prezident stansiya binasının olduğu əraziyə gəlib. O, stansiyanın maketinə və şəkillərinə baxıb. Diqqətə çatdırılıb ki, stansiya binası bütün zəruri avadanlıqla təchiz edilib. Burada Avstriya şirkətinin hazırladığı 2 turbin quraşdırılıb. Bundan başqa, stansiyada 2 generator var. Stansiyanın nominal gücü 20 meqavat, maksimal gücü isə 22 meqavatdır. Stansiyada istehsal edilən enerji yarımstansiyaya ötürülür. Yarımstansiyada hər birinin gücü 25 meqavoltamper olan iki transformator quraşdırılıb. Yarımstansiyanın gərginliyi 110/35/10 kilovoltdur. Burada şəbəkəyə iki qoşulma xətti vardır. Onların hər birinin uzunluğu 8,5 kilometr, gərginliyi isə 110 kilovoltdur. Biləv Su Elektrik Stansiyasında nəzərdə tutulan orta illik enerji istehsalı 80 milyon kilovatsaatdır. Stansiyanın həyətində də geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınıb. Ərazidə əsaslı bəndbərkitmə işləri də aparılıb. Stansıyanın tikinti işləri zamanı Biləv kəndinə gedən 20 kilometrlik yol da əsaslı şəkildə yenidən qurulub. Dövlətimizin başçısı stansiyanı işə salıb.

Stansiyanın açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən layihələr, sosial-iqtisadi inkişaf haqqında danışıb. Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra Prezident məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib. Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisi, gözdən əlil uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanmasıdır. Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin BMT-nin İnkişaf Proqramının həyata keçirdikləri bu layihənin əsasında yaradılan Naxçıvan Regional İnformasiya Mərkəzinin xidmətindən Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar istifadə edə biləcəklər.

İkimərtəbəli mərkəzdə 60 nəfərlik kinozal, 40 nəfərlik iclas zalı yaradılıb. Kinozalda məhdud imkanlı insanlar üçün subtitrli filmlərin nümayişi nəzərdə tutulub. Mərkəzdə istirahət otağı, 24 kompyuterdən ibarət 2 kompyuter və 12 kompyuterlə təchiz olunan tədris otaqları fəaliyyət göstərir. Burada gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların Brayl monitorları vasitəsilə internetə daxil olaraq informasiya əldə etməsi və informasiyanı Brayl printerləri ilə çap etmələri üçün lazımi şərait yaradılıb. Görmə qabiliyyətini itirmiş insanlar burada mətni audio formata çevirən avadanlıq vasitəsilə istədikləri məlumatı əldə edə bilərlər. Kitabxanada isə Brayl şriftli kitablardan ibarət xüsusi guşə yaradılıb. Burada gözdən əlillər üçün xüsusi klaviatura və qulaqcıqlar qoyulub. “Kitabsevər” xüsusi avadanlığı vasitəsilə isə hər hansı məlumatı kompyuterə köçürüb səsləndirmək mümkündür.

Mərkəzdə audiostudiya da vardır. Studiyanın köməyi ilə audiokitabların nəşri mümkündür. İstifadəçilər mərkəzin internet saytından lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qura bilərlər. Burada əqli cəhətdən zəif olan insanlar üçün intellektual oyunlar otağı da yaradılıb.

Ümumi sahəsi 860 kvadratmetr olan binanın həyətində yaşıllaşdırma işləri aparılmış, istirahət guşələri salınıb. Birgə əməkdaşlıq çərçivəsində Gəncə şəhərində də müvafiq mərkəz yaradılıb.

Prezident Naxçıvan şəhərində “Gəmiqaya” daş məhsulları kompleksinin açılışında iştirak edib. Prezident kompleksin ərazisində xammal nümunələrinə baxmış, istehsal sahəsini gəzmiş, müəssisənin hazırladığı məhsulların nümunələri ilə tanış olub. Dövlət başçısı Naxçıvan şəhərini içməli su ilə təmin edəcək supaylayıcı qurğunun istifadəyə verilməsi mərasimində də iştirak edib. Prezident İlham Əliyev şəhərdaxili su və kanalizasiya şəbəkələrinin, içməli su təchizatı sistemlərinin baş planlarına baxıb, qurğunu işə salıb.

Həmçinin Prezident Naxçıvan şəhərinin içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin birləşdiyi Supaylayıcı qurğunun işə salınma mərasiminə də qatılıb.

Dövlət başçısı Naxçıvan şəhərinin içməli su ilə təmin edəcək su təchizatı sistemlərinin və Naxçıvan şəhərdaxili su və kanalizasiya şəbəkələrinin baş planları ilə tanış olub. Məlumat verilib ki, Naxçıvan çay yatağının yaxınlığında yeraltında toplanan su mənbələrindən çəkilən yeni su təchizatı sistemi şəhərin içməli suya olan tələbatını tam ödəyəcək. Prezident Naxçıvan şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb.

Dövlət başçısı ictimaiyyət nümayəndələri qarşısında çıxış edib. Bildirilib ki, Naxçıvan şəhərinin içməli su ilə təmin edəcək Supaylayıcı qurğunun işə salınması ilə əhalinin suya olan tələbatı tam ödəniləcək.

Sonra rayon sakini Əli Novruzov çıxış edərək, rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirib.

Dünən Prezidentin Naxçıvana səfəri başa çatıb. Naxçıvan beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və muxtar respublika hökumətinin üzvləri yola salıblar.Həmin gün dövlətimizin başçısı Naxçıvandan Bakıya qayıdıb.

 

 

FUAD

 

Paritet.- 2010.- 7-8 oktyabr.- S. 1;3.