İki
rəssamımızın əsərləri estonlarda xoş təəssürat
yaradıb
“Estoniyada
may ayında ikinci dəfə sərgimiz təşkil ediləcək”
Azərbaycan incəsənət
tarixində dəyərli, öz istedadının
işığı ilə ətraf aləmi daha parlaq edən
və əsərləri bir sıra yerli və dünya muzeylərində
saxlanan rəssamlarımız var. Sevindirici haldır ki,
hazırda da bu yaradıcılıq xətti davam etdirilir. Belə
istedadlı rəssamlar sırasında “Qoşa qanad” adlandırılan Rza və İradə
Avşarlarında adı var. Bu
qoşa qanadlar daim birgə
çalışır, rənglərdən
möcüzə dolu əsərlər yaradaraq, kətana
köçürüb bizlərə təqdim edirlər. Bu il
isə “Qoşa qanad”ın sənət işığı
soyuq şimala-yəni Estoniyaya bir istilik gətirmişdi. Bu
yaxınlarda Rza və İradə Avşarın əsərləri
Tallində mədəniyyət ocaqlarından birində estonlara
təqdim edilib. Bizdə bu sərgi haqqında daha ətraflı
öyrənmək üçün onlarla həmsöhbət
olduq. İlk həmsöhbətim istedalı rəssam Rza
Avşar oldu və sərgidən aldığı xoş təəssüratlarını
bizimlə bölüşdü:
“Əsərlərimizlə Şərqin
bir hissəsini Estoniyaya apardıq”
-Estoniyada sərgimiz uzun müddətdir orada fəaliyyət
göstərən “Rauf
Avşar adına kukla teatrı”nın rəhbəri,
əməkdar artist Rauf və
Xatirə Avşarın, eyni zamanda Azərbaycan diasporunun təşəbbüsü
ilə baş tutdu. Bu il avqustun 11-də
Tallin şəhərində “Linda Kivi” adlı Mədəniyyət
və İncəsənət Mərkəzində mənim və
həyat yoldaşım İradə Avşarın 18 rəsm əsərinin
yer aldığı sərgimiz keçirildi. Sərginin
açılışına eston mədəniyyət
işçiləri, müxbirlər, ictimaiyyət nümayəndələri,
orda uzun illərdir yaşayan, həmyerlimiz, Estoniya
senatının millət vəkili Eldar Əfəndiyev, Azərbaycan
diasporu və digər çoxsaylı qonaqlar və adi
tamaşaçılar gəlmişdilər. Sərginin təşkil
olunduğu məkanda iştirakçıların öz fikirlərini
və rəylərini yazmaq üçün bir xatirə
kitabı qoymuşduq. İnanın, bir həftə
ərzində sərgiyə çoxlu əcnəbi gəldi və
onlar maraq dolu baxışları ilə rəsmlərimizi nəzərdən
keçirdilər. Sərgimizə estonlarla yanaşı,
orada yaşayan azərbaycanlılar, finlər, ingilislər və başqa
bir sıra xalqların da nümayəndələri gəlmişdilər.
Onlar yazdıqları rəylərdə və bizimlə
söhbətlərində xahiş etdilər ki, biz
Estoniyada yenidən belə bir
sərgi təşkil edək. Həmyerlimiz, sabiq nazir,
millət vəkili
Eldar Əfəndiyevin əsərlərimiz çox
xoşuna gəldi. Eldar müəllim
bizə dedi
ki, Estoniyadakı azərbaycanlı icması ilə birgə
2011-ci ilin mayında daha
geniş şəkildə sərgimizi
təşkil edəcəklər. Orda müxtəlif
eston qəzetlərindən və radio üçün
müxbirlər bizdən müsahibə aldılar. Sərgi iştirakçıları və mətbuat
nümayəndələri qeyd etdilər ki, işlərimiz təsviri
incəsənətin impressionizm cərəyanına meyillidir. Mən və həyat
yoldaşım əsasən bu cərəyan üzrə işləyirik. Çünki bu cərəyan bizim xarakterə və
təbiətimizə daha yaxındır. Biz onlara əsərlərimizin
dünyanın bir neçə ölkəsində
nümayiş olunduğunu dedik. Bir maraqlı
faktı qeyd edim ki, işlərimizdə daha çox isti rənglərdən
istifadə etməyimiz estonların çox xoşlarına gəldi.
Biz eston rəssamlarının işləri ilə tanış olmaq
üçün muzeyə də getdik. Onların rəsm əsərlərində
təbiətlərinə uyğun olaraq rənglər
sakit, soyuq idi. Ancaq onlar bizim işlərdə
öz rəssamlarından fərqli olaraq bunun əksini
gördülər. Əsərlərimizdə daha çox parlaq rənglərdən istifadə
olunub. Yəni bir sözlə elə bil ki, biz əsərlərimizlə
Şərqin bir hissəsini Estoniyaya apardıq. Bu səbəbdən də bizim əsərlərimiz
onlar üçün çox maraqlı idi. Onu da qeyd edim ki, hər hansı eston rəssamının
da Azərbaycanda sərgisini təşkil etsək azərbaycanlılar
tərəfindən eyni maraqla qarşılanacaq.
Dörd tərəfi meşə ilə əhatələnən
Tallin bizdə çox yüksək və xoş
təəssürat yaratdı.Tallində “Köhnə şəhər”
adlı çox gözəl bir məkan var . Bu yeri estonlar
çox gözəl qoruyub saxlayıblar, inanın bir mismar belə
divara vurmaq mümkün deyil. Bu məkana xaricdən çoxlu
sayda turist
axını var.
-Sözügedən sərgidə nümayiş olunan əsərləriniz
hansı janrda idi?
- Janra gəldikdə, biz Estoniyaya əsasən mənzərə
və natürmort janrında olan əsərlərimizi və bir də iki portret
aparmışdıq. Çox əsər
aparmaqda çətinliklər var idi, bunun üçün də
çox əsər apara bilmədik.
-Maraqlıdır, sərgidə nümayiş olunan
işlərinizin satışı oldumu və ya hədiyyə
etdinizmi?
-Yox, bu sərgimizdə satış olmadı. İlk sərgimiz olduğundan tanışlıq
xarakteri daşıyırdı. Sərginin
birinci günü estonlar üç əsərimizi almaq istəyirdilər.
Ancaq biz qeyd etdik ki, bu sərgimizdə
satış nəzərdə tutulmayıb. Müxtəlif mövzular üzrə
sifarişlər
oldu, ancaq onlara dedik
ki, burda elə bir şərait yoxdur ki, biz işləyək. Rəsmlərimizdən E. Əfəndiyevə, Azərbaycan
diasporasına hədiyyə etdik. Ancaq Estoniyada may ayında ikinci dəfə təşkil ediləcək sərgimizdə
satış olacaq.
“Sizin əsərlər eston dövlət muzeyində(Kumu)
nümayiş olunmağa layiqdir”
-Siz qeyd etdiniz ki, sərgidə rəy kitabçası
olub. Bu kitabçanı sərgidən sonra vərəqlədikdə
daha çox oxuduğunuz tamaşaçı fikri hansı
olub?
-Əlbəttə, o rəyləri dəfələrlə
oxumuşam. Orda maraqlı rəylər çoxdur. Orda bir- iki tamaşaçının rəyi isə
mənim daha çox marağıma səbəb oldu. Belə ki, eston qadın
yazırdı: ”Mən Azərbaycanda
olmamışam, amma sizin əsərlərə baxdıqdan
sonra sanki mən Azərbaycanı canlı görmüş oldum.
Yəni sizin əsərləriniz vasitəsilə
Azərbaycana səyahət etdim. Bu sərginiz
axırıncı olmasın, yeni sərgilər və yeni əsərlərlə
Estoniyaya gəlin”.İkinci bir maraqlı rəydə əsərlərimizi
haqqında eston sənətşünası bunları
yazırdı:” Sizin işlər bizim dövlət muzeyində
(Kumu) nümayiş olunmağa layiqdir. Çox xoşuma gəldi ,əsərlərinizdə yeni bir
ab-hava var”.
-Eston və Azərbaycan tamaşaçısı
arasında hansı fərqləri müşahidə etdiniz?
- Səmimi olaraq qeyd edim
ki, ölkəmizdə
təşkil olunan sərgilərə
daha çox media işçiləri və rəssamlar qatılırlar. Adi
tamaşaçıların sayı isə az
olur. Amma orda elə deyil, tamaşaçılar
sərgilərə çox axın edir, əsas fərq budur.
“Estoniya azərbaycanlı rəssamın
gözü ilə”
-Maraqlıdır,
Estoniyadan bu cür xoş təəssüratla
qayıdan rəssamların əsərlərində oranın
mənzərəsi yer alacaqmı?
-(Gülür). Hələ Estoniyada
olduğumuz zaman eskizlər çəkmişəm.
Bakıya qayıtdıqdan sonra Estoniya ilə bağlı rəsmləri
çəkməyə başlamışam. Estoniya ilə bağlı silsilə
bir neçə iş hazır edəcəyəm. İkinci sərgimdə
“Estoniya azərbaycanlı rəssamın gözü ilə” ad
altında qeyd
etdiyim işlər nümayiş olunsun. Yəni bu sərgidə
Estoniyanı bir rəssam kimi necə görmüşəmsə
və məndə hansı təəssüratı
yaradıbsa, onu əsərlərimdə təsvir edib və
tablolarıma köçürüb estonlara təqdim edəcəyəm.
-Eston rəssamları ilə görüşünüz
oldumu?
-Tallindəki “Azadlıq” meydanında Rəssamlar
İttifaqı yerləşir. Binanın ikinci mərtəbəsi ittifaqının binasıdır. Birinci mərtəbədə isə
rəssamlar üçün lazım olan ləvazimatların
yer aldığı mağaza və sərgi salonu yerləşir. Biz orda olanda həmin sərgi salonunda erməni rəssam
Rafael Artunyanın sərgisi açılmışdı.
O erməni
Bakıda anadan olub. Bu Ermənistan -Azərbaycan hadisələrində əvvəl
o rəssam Estoniyaya köçüb və orda
yaşayır. Onun
oğlu Estoniyada çox var-dövlətli insanlardan biridir, bu
sərgini də atasının 75 illiyi münasibəti ilə
təşkil etmişdi. Hətta bu rəssamın
sərgisinin böyük həcmli afişaları Tallində
küçələrdə asılmışdı. Mən də maraq üçün gedib o erməni rəssamın
sərgisinə baxdım, inanın onun sərgisindəki əsərlər
həvəskar bir insan işi idi, orda heç bir
professionallıq yox idi. Estoniya Rəssamlar İttifaqı
da belə bir qeyri-peşəkar rəssamın sərgisini təşkil edibsə,
heç o ittifaqda olan rəssamlarla görüşməyə
dəyməz. Ancaq sərgimdə bir neçə
eston rəssamı ilə görüşdüm. Estonların Tallində
yerləşən “Kumu”adlı
Dövlət İncəsənət Muzeyində olduq. Orda eston rəssamlarının çox gözəl
işləri vardı.
-Sizin “Rauf Avşar adına kukla
teatrı” ilə əməkdaşlığınız
varmı?
-Yox. Ona görə ki, kukla başqa bir aləmdir.
Mən rəssam olaraq fikir deyə bilərəm,
hər hansı eskizi çəkə bilərəm, ancaq bu o
qədər də peşəkar olmaz. Amma bu işlə peşəkarlar məşğul
olsa yaxşıdır. Teatrın direktoru Rauf
Avşar rəssamlıq təhsili alıb və kukla eskizlərini
özü edir. 50-60-a yaxın kuklanı
özü hazırlayıb.
-Teatrdan söz düşmüşkən, sizin atanız
Muxtar Avşarov
tanınmış aktyorlardan olub,
qardaşınız Rauf
Avşarda atanızın sənətini davam etdirir. Bu cür sənət
mühitində
böyüyən Rza Avşar niyə aktyor yox, rəssam
oldu?
-Bilirsiniz, mən uşaqlıqdan müstəqilliyi sevirəm.
Həyatda çalışmışam hər şeyi müstəqil
olaraq edim. Mən teatrı çox sevirəm,
uşaqlıqda atam məni və qardaşımı tez-tez
teatra aparardı. Ancaq teatrda müstəqillik
azdır. Sual oluna bilər ki, niyə?
Məsələn, hər hansı bir pyesi
dramaturq yazır, sonra verir rejissora, rejissor da aktyor və rəssamları
toplayır və müzakirə aparır. Yəni, zəncir
kimi, bir-birinə bağlıdırlar. Ancaq
rəssam sərbəstdir. Yəni rəssam hər
hansı bir rəsmi çəkəndə, əvvəlcə
onun haqqında düşünür, sonra kətan üzərində
kompozisiyanı qurur və rənglərdən istifadə edərək çəkir.
Ancaq qeyd edim ki, mən 1996-cı ildə Dövlət İrəvan
Teatrında rəssam kimi iki tamaşada işləmişəm.
Sonra məni Milli Akademik Dram Teatrına dəvət
etdilər ora da getmədim.
-24 saatın
neçə saatını emalatxanada keçirirsiniz?
-Konkret vaxt demək çətindir. Elə günlər
olur ki, bütün günü emalatxanada işləyirəm. Səmimi
olaraq qeyd edim, əvvəllər vaxtımın daha çoxunu orda
keçirirdim. Ancaq əməliyyat olundum, sonra bir az yaşlaşdım, bu səbəbdən
də fiziki baxımdan emalatxanada
çox ola bilmirəm.
- Belə bir fikir var, deyirlər, rəssam əşyanın
özünü yox, onun mahiyyətini çəkir.Siz bu fikirlə
razısınızmı?
- Bu fikirlə razıyam, belə olmasa onda elə fotoqraf
olduğu kimi çəkər də, daha rəssama ehtiyac
olmaz. Rəssam isə insanın portretini yaradan da gərək onun daxilinə
sirayət etsin və yaxından öyrənsin. Bu
zaman çəkilən əsər canlı və
inandırıcı olar.
-Bir ailədə iki rəssamın olması, aranızda
sənət mübahisəsi yaratmır?
-Həyat yoldaşımla aramızda sənət
mübahisələri olur. Biz bir emalatxanada işləyirik. Ancaq ümumi fikirlərimiz də çox olur.
Bunun üçün də maraqlı, gözəl sənət
və ailə həyatımız var.
Həyat yoldaşı ilə birgə Estoniyada
keçirilən sərgiyə qatılan İradə Avşar
da sərgidən aldığı xoş təəssüratı
bizimlə bölüşdü:
-Bir sıra xarici ölkələrdə əsərlərimiz
nümayiş olunub. Ancaq Estoniyada keçirilən
sərgi özünəməxsusluğu və qələbəliyi
ilə fərqlənirdi. Orda fəaliyyət göstərən
Azərbaycan diasporamızın nümayəndələri bizim sərgimizin Estoniyada
açılmasından çox məmnun olduqlarını bildirdilər.
Onlar qeyd etdilər ki, bizdən əvvəl başqa bir azərbaycanlı
qadın rəssamın da Estoniyada sərgisi olub. Ondan sonra isə bizim sərgimiz təşkil olunub. Bu
sərgilər Azərbaycanı və xalqımızı
estonlara daha yaxşı tanıtdı. Onlar bildirdilər
ki, bizim incəsənət
işçilərimiz Estoniyaya az -az gedirlər. Bu səbəbdən
də belə bir sərginin təşkili sübut edir ki, Azərbaycanın
çox yüksək səviyyədə rəssamları var.
Gələnlərin əksəriyyəti estonlar idi. Ən maraqlısı o idi ki, sərgiyə gələn
tamaşaçılar yarım saat, bir saat əsərin
qarşısında dururdular və maraqlı suallarla bizə
müraciət edirlər.
GÜNAY
Paritet.- 2010.- 9-11 oktyabr.- S. 11.