Bakının yaşıl mərkəzi
Mərkəzi Nəbatat Bağında 2500-ə yaxın faydalı bitkinin
zəngin kolleksiyası
toplanıb
Nəbatat bağları ənənəvi
olaraq bitkilərin adları ilə tanış
olmaq imkanı, həmçinin nadir bitkilərin
saxlandığı və artırıldığı gözəl
landşaftlı yer kimi qiymətləndirilirdi. Lakin
elmi-tədqiqat işləri aparılmayan nəbatat
bağı- adicə parkdır, elmi-tədqiqat işləri
aparılan bağ isə cəmiyyətin inkişafında,
maarifləndirilməsində mühüm rol oynayır.
Belə bağlardan biri də 45
hektarlıq bir ərazini əhatə edən və
Bakının cənub-şərq sisteminin yaşıl
zonasına daxil olaraq onun yaşıl mədəni mərkəzi
hesab olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Mərkəzi Nəbatat Bağıdır. Qeyd edək ki, Bakı şəhərində ilk dəfə
olaraq Nəbatat bağının yaradılması haqqında
fikirlər artıq 1930-cu ildən səslənməyə
başlanmışdı. O vaxtlar neft sənayesi və respublika mərkəzi
kimi inkişaf edən Bakı şəhəri təbii ki,
abadlaşdırılmalı və
yaşıllaşdırılmalı idi. Respublikamızın
yeni bağlara və istirahət mərkəzlərinə
böyük ehtiyacı var idi. Eyni zamanda
şəhərin və sənaye müəssisələrinin
yaşıllaşdırılmasının elmi əsaslarla
aparılması tələb olunurdu.
1934-cü ilin iyun ayının 15-də Azərbaycan
SSR Xalq Komissarları Soveti Bakı Sovetinə Nəbatat
bağının salınması üçün vəsait
ayrılmasını tapşırır. 1934-cü il iyul
ayının 3-də Nəbatat bağı və Nəbatat
İnstitutu üçün Dağüstü Parkdan (indiki
Şəhidlər Xiyabanı) başlamış “Qurd
Qapısı”na gedən yol arasında 80-100 hektar sahə
ayrılması və sahənin su ilə təchiz edilməsi
barədə qərar qəbul edilir.
Nəbatat bağının bazasında
1936-cı ildə Botanika İnstitutu təşkil olunur və
Nəbatat bağı bir şöbə kimi həmin institutun
nəzdində fəaliyyət göstərməyə
başlayır. 1935-1938-ci illər ərzində Nəbatat
bağında institut binası, oranjereyalar, istixanalar,
bağın əməkdaşları üçün
yaşayış binası, emalatxana, təsərrüfat
binası tikilir. Bu vaxtdan etibarən
bağın sahəsində Azərbaycan florasından, eləcə
də ekzot, texniki və dərman bitkilərinin
kolleksiyasının yaradılması ilə yanaşı,
onların üzərində elmi-tədqiqat işləri
aparılır. 1936-1937-ci illərdə
ekspedisiya, ezamiyyətlər və toxum mübadiləsi yolu ilə
digər Nəbatat bağlarından alınan əkin və səpin
materialları hesabına açıq və örtülü
sahələrdə- oranjereya və istixanalarda bir çox
bitkilərin kolleksiyası yaradılır.
Ağır müharibə illəri (1941-1945-ci illər)
ilə əlaqədar olaraq tikintinin dayandırılmasına,
introduksiya işlərinin ləng getməsinə baxmayaraq yerli
floradan olan ot və ağac bitkilərinin
üzərində tədqiqatlar, həmçinin
kolleksiyaların genişləndirilməsi işləri davam
etdirilir.
1950-ci ildə bağın sahəsini
genişləndirmək məqsədilə Əhmədli
yaylasında yeni bağ sahəsi ayrılır və orada xeyli
işlər görülməklə ağaclar əkilir. 1954-cü ildə Əhmədlidə
olan sahə bağdan alınır və əsas işlər
bağın indiki ərazisində aparılır.
1950-1960-cı illər ərzində Nəbatat
bağında suvarma suyunun olmaması introduksiya işlərinin
aparılmasına maneəçilik törədirdi. 1960-cı ildə Ceyranbatan su
anbarının tikilməsi və həmin suyun Nəbatat
bağına verilməsi orada əkin və elmi-tədqiqat
işlərinin genişləndirilməsinə imkan verdi. Elə həmin dövrdə bağın
16 hektarlıq sahəsinə yaxın olan 25 hektar
yaşıllıq sahə Nəbatat bağına verilərək
bağın sahəsi 41 hektaradək
artırıldı.
1960-1978-ci illər bağın
çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Nəbatat bağı
Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və
Naxçıvan Muxtar Vilayətinin
yaşıllaşdırılması üçün 100
növdən ibarət on minlərlə ağac, kol və
çiçək bitkiləri verib, o cümlədən bir
sıra sənaye müəssisələri, məktəb və
bağçaların yaşıllaşdırılmasına
kömək edib.
Bu illərdə
Nəbatat bağının yeni ərazisində
botaniki-coğrafi prinsipə görə sahələrin
yaradılmasına başlanılır. Bu
məqsədlə Dövlət Layihə İnstitutunda
xüsusi layihə hazırlanır və həmin layihədə
yeni istixana və oranjereyaların tikilməsi nəzərdə
tutulur. Ancaq Nəbatat İnstitutunun yeni
binasının tikilməsi ilə əlaqədar vəsaitin
çatışmaması səbəbindən tikintinin sonraya
saxlanmasına baxmayaraq elmi-tədqiqat işləri davam
etdirilir.
1977-ci ildə akademik Həsən Əliyevin
rəhbərliyi ilə xüsusi komissiya yaradılır və
tərkibinə bir sıra dövlət qurumlarının
nümayəndələrinin və alimlərin daxil olduğu həmin
komissiya bağın inkişafı haqqında tədbirlər
hazırlayır. Həmin tədbirlər AMEA tərəfindən
Nazirlər Sovetinə təqdim edilir və Nazirlər Sovetinin
qərarı ilə bağın abadlaşdırılması
məsələsi Bakı şəhər Abadlaşdırma
Trestinə həvalə olunur və 1978-1980-ci illərdə
yenidən Nəbatat bağının
abadlaşdırılması işlərinə
başlanılır.
1980-ci illərin axırı və 1990-ci illərin əvvəllərindən
respublikadakı ümumi vəziyyətlə əlaqədar
olaraq bağda heç bir iş aparılmadı. Yay
mövsümündə suyun çatışmaması,
qışda oranjereyalarda istiliyin olmaması, əmək
haqlarının az olması ilə əlaqədar
işçi qüvvəsinin çatışmaması
üzündən Nəbatat bağındakı qiymətli
ağaclar, güllər, çəmən və oranjereya
bitkilərinin bir hissəsi məhv oldu.
Akademik Cəlal Əliyevin şəxsi təşəbbüsü
və AMEA-nın Rəyasət Heyətinin “Nəbatat
bağının fəaliyyətinin
yaxşılaşdırılması haqqında” 4 fevral 2000-ci
il tarixli qərarına əsasən Nəbatat
bağı Botanuka İnstitutunun tərkibindən ayrılaraq
Biologiya Elmləri Bölməsi nəzdində müstəqil
elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətə
başladı. Bağın direktoru vəzifəsinə
isə hazırda AMEA-nın müxbir üzvü, biologiya elmləri
doktoru Oruc İbadlı təyin edildi. Daha
sonra isə bağın nizamnaməsi, strukturu, elmi
şurasının tərkibi təsdiq edildi, bağın nəzdində
aspirantura fəaliyyətə başladı və Nəbatat
bağının adı dəyişdirilərək
AMEA-nın Mərkəzi Nəbatat Bağı
adlandırıldı.
Mərkəzi Nəbatat Bağının elmi katibi,
biologiya elmləri namizədi Nilufər Hüseynovanın “Paritet”ə verdiyi açıqlamaya
görə, hazırda bağda bir sıra laboratoriyalar, eyni
zamanda bağın nəzdində “Toxumçuluq” və “Bitkilərin
xəstəlik və zərərvericiləri ilə mübarizə”
sektorları fəaliyyət göstərir. Bağın nəzdindəki
bölmələrdə 123 əməkdaş, o cümlədən
23 nəfər elmi işçi çalışır ki,
onlardan 2 nəfəri AMEA-nın müxbir üzvü, 3 nəfəri
elmlər doktoru, 13 nəfəri isə elmlər namizədidir.
N. Hüseynova bildirib ki, 1984-cü ildən Botanika
İnstitutunun nəzdində fəaliyyət göstərən
və sahəsi 30 hektar olan Şamaxı dayaq məntəqəsi
də Nəbatat bağının strukturuna daxil edilib. Məntəqənin yaradılmasında əsas məqsəd
mayilli, əkinə yararsız və tamamilə erroziyaya
uğramış torpaqlarda terras, xəndək və çala
üsullarından istifadə edərək qozmeyvəlilərdən
ibarət olan 52 çeşiddə badam və püstə
kolleksiyaları yaratmaqdan ibarətdir.
Bağda görülən işlər barədə məlumat
verən N.Hüseynovanın sözlərinə görə, 75
il ərzində bağda bir neçə
min ağac, kol, çiçək, dərman və başqa
texniki bitkilərin növ, forma və sortları sınaqdan
keçirilib. Nəticədə hazırda
bağda 2500-ə yaxın faydalı bitkilərin növ, forma
və sortlarının zəngin kolleksiyası toplanıb.
Bunlar yerli və dünyanın müxtəlif
botaniki-coğrafi rayonlarının florasındandırlar.
Kolleksiyada 250 növə qədər ağac və kol Şərqi
Asiya florasından olub, 30 növə qədər dovşanalması,
yapon kriptomeriyası, Himalay sidri, 20 növ dekorativ alma, 25
növ zirinc, ağcaqayın, itburnu, yemişan, sərv, tuya və
s. var.
Şimali Amerika florasından tikanlı küknar, nəhəng
sekvoyyanı, iriçiçək maqnoliyanı, 30 növə
qədər yemişan, göyrüş, Aralıq dənizi
florasından atlas sidrini, livan sidrini, çiyələk
ağacını, qara şamı, bir çox buxur kolu
növlərini, Qafqaz florasından şabalıdyarpaq
palıd, Eldar şamı, dəmirağac, vələsyarpaq
azad ağacını, mantar və daş palıdını,
ipək akasiyasını və s. göstərmək olar.
Hazırda bağda Qafqaz florasından olan 149 növ nadir
və nəsli nəsli kəsilməkdə olan və
adları keçmiş SSRİ-nin və Azərbaycanın
“Qırmızı kitablarına” daxil edilmiş geofit bitkilərin
kolleksiyası var. Bağda çiçək bitkilərinin, o
cümlədən 400-ə qədər qızılgül sortunun
kolleksiyası toplanıb. Eyni zamanda bağın
oranjereyalarında 200-dən artıq subtropik və tropik bitkilərin
kolleksiyası mövcuddur ki, bunların da mənzillərin,
ofislərin, yaşayış binalarının daxili
yaşıllaşdırılmasında istifadəsi təklif
olunur.
N.Hüseynova dünyanın 100-dən artıq nəbatat
bağı ilə toxum mübadiləsi etdiklərini də
bildirib: “Bağımız başqa ölkələrin Nəbatat
bağları ilə sıx əlaqələr quraraq toxum
mübadiləsi aparır. Bundan əlavə
bağımızın kolleksiyasını zənginləşdirmək
məqsədi ilə Bağın əməkdaşları
ölkəmizin müxtəlif bölgələrində
ekspedisiyalarda olurlar. Həmin bölgələrdən
ağac, kol, çiçək bitkilərinin əkin və səpin
materialları gətirilərək Nəbatat bağında
introduksiya edilib”.
N.Hüseynova keçən ilin 23-24 sentyabr tarixində
AMEA-nın Biologiya Elmləri Bölməsi və Azərbaycan
Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı
ilə Nəbatat bağında bağın 75 illiyinə həsr
olunmuş “Bioloji müxtəliflik və bitkilərin
introduksiyası” mövzusunda beynəlxalq elmi konfransın
keçirildiyini də xatırladaraq, həmin konfransda
dünyanın 10 ölkəsindən alimlərin iştirak
etdiyini bildirib.
Bağın direktoru Oruc İbadlı isə
bağdakı yeniliklər barədə məlumat verərək,
yeni oranjereya və istixanaların tikildiyini bildirib:
“Bağdakı tikililərin əksəriyyəti keçən
əsrin 30-40-cı illərində tikildiyindən sıradan
çıxıb. Hazırda bağımızda
dünya standartlarına cavab verən iki istixana və bir
oranjereya tikilir. Lakin vəsait
azlığından tikinti işləri yarımçıq
qalıb. Vəsait tapılan kimi işlər
tam başa çatdırılacaq”.
Mövcud problemlərdən də danışan
bağın direktoru bağın hasarının avtomobillər
tərəfindən dağıdıldığını
xüsusi qeyd edib: “Bağın avtomobil yolunun
yaxınlığında yerləşməsi bizim
üçün müəyyən problemlər yaradır. Belə ki, vaxtaşırı baş verən
avtomobil qəzaları nəticəsində bağın divarlarına
ciddi ziyan dəyir. Bağın divarları
avtomobillər tərəfindən son iki ayda altı dəfə
uçurulub. Uçurulmuş divarın bərpası
üçün isə böyük vəsait tələb
olunur ki, bu da bizə baha başa gəlir. Hətta
böyük fəsadlar da törəyə bilər. Çünki buradakı bitkilərin çoxu efir
yağı ilə zəngin olan iynəyarpaqlı bitkilərdir.
Kiçik bir alov böyük bir ərazinin yanaraq kül
olmasına səbəb ola bilər”.
O.İbadlı
mövcud problemlərdən
biri kimi kadr çatışmazlığını göstərib:
“İşçilərə, xüsusən də aqronoma
böyük ehtiyacımız var. Maaş çox
aşağı olduğundan burada işləmək istəyənlərin
sayı azdır. Bu problemi həll etmək, bizə
ixtisaslı kadrlar göndərməsi üçün
Dövlət Aqrar Universitetinə müraciət etmişik.
Digər tərəfdən texnika
çatışmazlığı da mövcud olduğundan əksər
işlər əllə görülür. Traktora və su daşıyan maşına
böyük ehtiyacımız var”.
B.CAHANDAROV
Paritet.- 2010.- 12-13
oktyabr.- S. 10.