Tolerantlıq Azərbaycan xalqının ən böyük sərvətidir

 

 “Azərbaycan burada yaşayan bütün xalqların vətənidir, dini və milli tolerantlığı yüksək səviyyədə olan bir ölkədir. Bu səbəbdən rus xalqına burada yaşamaq asandır. Azərbaycanın tamhüquqlu və ləyaqətli vətəndaşları olan ruslar onun həyatında mühüm rol oynayırlar. Rus millətindən olan bir çox vətəndaşlar Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük rol oynamış və bunun bariz nümunəsi rus millətindən olan dörd Azərbaycan vətəndaşının Milli Qəhrəman adı almasıdır. Ruslar azərbaycanlılarla bərabər çiyin-çiyinə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda döyüşlərdə iştirak etmişlər. Onlardan çoxu erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur”.

Azərbaycan Prezidenti İlham Əliyev Rus İcmasının III Qurultayına göndərdiyi məktubda qurultay iştirakçılarını bu sözlərlə salamlayır.

Həqiqətən də Azərbaycanın rus əhalisi həmişə burada yaşayan digər millətlər kimi tamhüquqlu vətəndaşlar olmuşlar. Biz özümüzü Azərbaycan xalqından heç zaman ayırmamışıq, heç vaxt “tolerantlıq” sözünü işlətməmişik. Azərbaycan cəmiyyətində olan mehriban, bərabərhüquqlu münasibətlər bizi heç vaxt təəccübləndirməmişdir.

Hətta Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman dövlətimiz üçün ən ağır vaxtlarda belə kəskinləşmiş xalq kütlələrinin “milli oyanış” fonunda respublikada insanlara qarşı milli və ya dini zəmində təqiblər olmamışdır. Çünki öz minillik tarixinə söykənən Azərbaycan xalqı milli mentalitetinə, tərbiyəsinə görə yüksək mədəniyyətə, elmi və yaradıcı potensiala malik ən tolerant, mehriban xalqlardan biridir.

Əsl demokratiya uğrunda mübarizədə xalq Ümummilli lider Heydər Əliyevin ətrafında birləşmişdi. Məhz onda Azərbaycan xalqının bütün gözəl keyfiyyətləri cəmləşmişdi və Azərbaycan vətəndaşları Heydər Əliyevin şəxsində dövlətin dağılmasının qarşısını almağa, xalqı ərazi bütövlüyü uğrunda mübarizədə birləşdirməyə, dünyəvi, hüquqi, demokratik dövlət qurmağa qadir liderini görürdü. Həqiqətən də xalq öz seçimində yanılmadı.

Ümummilli lider Heydər Əliyev özündən sonra xalqına müstəqil, sabit və çiçəklənən dövlət miras qoydu və Azərbaycan bu gün iqtisadi və siyasi tərəqqi, demokratik dəyişikliklər yolu ilə gələcəyə doğru inamla addımlayır. Qeyd edək ki, son illər Azərbaycanda aparılan islahatlar sayəsində respublikamızda qlobal maliyyə böhranının təsiri demək olar ki, hiss olunmadı. Azərbaycan iqtisadiyyatı diversifikasiya olunmaqla yanaşı uğurla inkişaf edir və bu, respublikamızı çətin sınaqlarda müdafiə etmiş əsas amildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti sosial məsələlərin üzərində səmərəli işləyir, insanların həyat tərzinin yaxşılaşdırılması, onların dünyada baş verən böhranlardan maksimal dərəcədə müdafiəsi üçün bütün tədbirləri görür. Bu böhran da kimin nəyə qadir olduğunu, hansı dövlətin hansı imkanlara malik olduğunu bir daha göstərdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının memarı Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin iqtisadi potensialının möhkəmləndirilməsi konsepsiyasına yeni yanaşmanı nümayiş etdirir. Son illər ərzində iqtisadiyyatın elə bir sahəsi, əhalinin elə bir sosial təbəqəsi yoxdur ki, dövlət başçısının diqqətindən kənar qalsın. İlham Əliyev söz verdiyi kimi hər bir Azərbaycan vətəndaşının Prezidenti oldu.

Yaşadığımız illərin ən əsas nailiyyəti sülhün və sabitliyin bərqərar olmasıdır. Bu bizim hər birimiz, ölkənin hər bir vətəndaşı üçün ən böyük xoşbəxtlikdir. İnsan yaxşılığa çox tez alışır. Cəmiyyətimizdəki sülhü və əmin-amanlığı biz adi və daimi bir səadət kimi qəbul edirik.

Bu gün suveren və müstəqil ölkədə yaşayırıq. XX əsrin sonunda baş vermiş böyük sarsıntılardan sonra burada yaşamağa qalan bizim hər birimiz Azərbaycanı öz vətənimiz sayırıq. Biz ölkəmizdəki digər xalqlarla birlikdə respublikamız üçün çətin vaxtları birlikdə yaşadıq, sevincimizi, kədərimizi bir bölüşdük, bir yerdə hüquqi və demokratik dövlət qurduq.

Digər millətlərdən olan Azərbaycan vətəndaşları kimi rus əhalisi də ölkədə demokratik, hüquqi dövlətin qurulması prosesində fəal iştirak edərək yüksək dövlət strukturlarında, dövlətin hüquq-mühafizə sistemində, elmi-mədəni, sosial-iqtisadi və istehsal sahələrində çalışırlar. Demək olar ki Azərbaycan Respublikasının Milli Məclisində ölkədə yaşayan bütün millətlər təmsil olunurlar.

Azərbaycan xalqının nailiyyətlərinin təbliğinin əhəmiyyətini anlayaraq Milli Məclisin deputatı, rus diasporasının rəhbəri və Azərbaycan vətəndaşı kimi öz soydaşlarımla birlikdə xarici beynəlxalq təşkilatlarla əlaqənin möhkəmləndirilməsi, Azərbaycan haqqında obyektiv məlumatın çatdırılması məqsədilə xalq diplomatiyasının bütün imkanlarından istifadə etməyə çalışırıq.

2006-cı ildə Rus İcmasının təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Rusiya Həmvətənlərinin Beynəlxalq Şurasının Prezidiumunun geniş iclası oldu. 2007-ci ildə isə Rusiya DİN rəhbərliyi ilə Cənubi Qafqaz Ölkələri Rusiya Həmvətənlərinin Bölgə Konfransı və “Dəyirmi masa” keçirildi.

Uzaq xarici ölkələrdən, MDB və Baltikyanı dövlətlərdən bu forumlara qatılan nümayəndələri dövlət başçısı İlham Əliyev qəbul etdi. Konfrans iştirakçıları şəhərlə, Rus Mədəniyyət Mərkəzi və məbədləri ilə tanış oldu, mədəni tədbirlərdə iştirak etdilər. Qonaqlar gördüklərinə - azərbaycanlıların tolerantlığına, onların mehribanlığına, rus dilinə münasibətə, respublikanın iqtisadi inkişafına heyran qaldılar. Ən əsası isə Prezidentimizlə görüş onlara böyük təsir bağışladı.

2009-cu il noyabrın 6-da Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycan Rus İcmasının III qurultayı keçirildi. Qurultayın işində Azərbaycan və Rusiyanın məsul şəxsləri - Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Milli Məclisin komitə sədrləri və deputatlar, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, qraf Pyotr Şeremetyev (Fransa), knyaz Dmitri Romanov (Danimarka), Rusiya Federasiyası Prezidenti Administrasiyasının nümayəndəsi Valeriy Maksimov, Rusiya Dövlət Dumasının deputatı Mixail Sutyaqinskiy, Moskva hökumətinin məsul işçisi Aleksey Yesipenko, Astraxan vilayəti hökumətinin naziri Denis Afanasyev, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru Eldar Quliyev, “Russkiy mir” Fondunun icraçı direktorunun müavini, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı sabiq səfiri Vasiliy İstratov, Saratov, Ryazan, Murmansk və digər şəhərlərdə yaşayan azərbaycanlıların nümayəndələri iştirak edirdilər.

Qurultaydan sonrakı gün Rus İcması rəhbərliyi qurultayın qonaqları ilə birlikdə İsmayıllı rayonuna getdilər. İsmayıllı şəhərində Ulu öndər Heydər Əliyevin heykəli qarşısına gül qoydular, həmçinin Heydər Əliyev muzeyini, Gənclərin Yaradıcılıq Evini, istirahət parkları və rayonun digər mədəniyyət obyektlərini ziyarət etdilər. Daha sonra nümayəndələr İvanovka kəndinin Nikitin adına kolxozuna gedib mədəniyyət sarayına, yeni məktəbə baş çəkdilər. Həmçinin kəndin ağsaqqalları, kolxoz rəhbərliyi və gənclərlə görüş keçirdilər. İvanovka kəndində Heydər Əliyevin heykəli qarşısına gül qoydular. Həmin gün axşam nümayəndələr Bakıya qayıtdılar.

Qeyd etmək lazımdır ki, qonaqlar İsmayıllı şəhəri və İvanovka kəndinin, ümumilikdə Azərbaycan bölgələrinin inkişaf tempinə, Prezident İlham Əliyevin respublikanın rifahının yaxşılaşdırmasına nə qədər diqqət yetirdiyinə, Azərbaycan xalqının mehriban və tolerant olmasına heyran oldular.

Azərbaycan Rus İcmasının III Qurultayı həqiqətən respublikanın həyatında əhəmiyyətli ictimai-siyasi hadisəyə çevrildi, Prezident İlham Əliyevin xarici və daxili siyasətinin Azərbaycanın rus icması tərəfindən dəstəklənməsini nümayiş etdirdi, bir daha ölkədə yaşayan bütün millətlər və xalqlara hörmətlə yanaşıldığını təsdiq etdi.

Azərbaycan bizim evimizdir. Biz burada azərbaycanlılar və respublikada yaşayan digər millətlərlə sülh və firavanlıq şəraitində yaşayırıq. Bizim üçün milli özünəməxsusluğumuzun, adət və ənənəmizin saxlanması, mədəniyyət və dilimizin inkişafı üçün bütün şərait yaradılmışdır. Keçmiş sovet məkanında bir dənə də rus məktəbi bağlanmamış yeganə respublika Azərbaycandır. Bütün ali məktəblərdə rus dilində fakültələr fəaliyyət göstərir, Bakı Slavyan Universitetində isə rus dili və ədəbiyyatı ixtisası üzrə müəllimlər hazırlanır. Bakıdakı Rus Dram Teatrı tamaşaçıları öz tamaşaları ilə sevindirir, bir sıra digər teatr kollektivlərində isə rusdilli truppalar mövcuddur. Respublikamızda rus dilində nəşr olunan onlarla qəzet və jurnal, televiziyada proqramlar mövcuddur, habelə kitab və dərsliklər nəşr edilir.

Məhz buna görə də rusların əksəriyyəti və digər milli azlıqlardan olan vətəndaşlar Azərbaycandan getmədilər. Hazırda rus diasporu Azərbaycanda 150 minə yaxındır və Cənubi Qafqazda ən güclü diasporadır.

2008-ci ildə Prezident İlham Əliyevin yardımı ilə Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılmışdır. Bu da Azərbaycanda təhsilin inkişafında olduğu kimi, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında da çox mühüm bir hadisə idi. İki ölkə arasında səmimi münasibətlərin digər şahidi isə 2009-cu ildə Rusiya Məlumat Mədəniyyət Mərkəzi və Rus Kitab Evinin açılması oldu.

Respublikada bir sıra Rusiya-Azərbaycan layihələrini yerinə yetirən qeyri-kommersiya təşkilatı - İnkişaf fondu, “Avrasiya Araşdırma İnstitutu” fəaliyyət göstərməyə başladı. Respublikanın ən yüksək tədris müəssisələrinin 12 tələbəsinə Mendeleyev təqaüdü verildi. Respublika ictimaiyyəti Bakı və Xəzərətrafı Yeparxiyanın yaranmasının 10 illiyinin qeyd edilməsinə çox böyük maraq və diqqət göstərdi.

Hazırda Azərbaycanda 6 pravoslav kilsəsi fəaliyyət göstərir. Bunlardan 3-ü Bakıda, 3-ü isə ölkənin digər şəhərlərində - Gəncə, Xaçmaz və Sumqayıtda yerləşir. Azərbaycana gəlişi zamanı II Patriarx Aleksey bildirdi ki, “Bakı-Xəzəryanı bölgənin Yeparxiyasının yaranması Azərbaycanın mömin pravoslavları üçün çox vacib bir hadisə oldu, eyni zamanda, müsəlman nümayəndələri və ölkənin pravoslav icması arasında dialoqun nizama salınmasına imkan yaratdı”. Patriarx Azərbaycanda ruslara olan səmimi münasibəti çox yüksək qiymətləndirdi, eyni zamanda, qeyd etdi ki, rus icmasının burada mövcudluğu “mədəniyyətin qarşılıqlı təsirinin mühüm amilidir”.

Rus İcması Azərbaycanda “Moskva Merinin Təqaüdü” layihəsinin həyata keçirilməsinə təşəbbüs göstərdi və nəticədə Azərbaycan İnstitutunun 22 tələbəsi Moskva hökumətindən hər ay təqaüd alır. Rus və Azərbaycan xalqlarının bir neçə əsrlik münasibətlərinə dair “Azərbaycan tarixində ruslar” kitabı nəşr edilmişdir.

Hər il respublikamızda uşaqların yay istirahəti layihəsi həyata keçirilir. “Drujba” uşaq xeyriyyə idman-sağlamlıq düşərgəsi fəaliyyət göstərir. Düşərgənin 14 illik fəaliyyəti dövründə orada 3 mindən artıq uşaq evlərinin və aztəminatlı ailələrin uşaqları istirahət etmişdir.

Tərəfimizdən keçirilən xalq diplomatiyası ictimai təfəkkürə çevrilir və vətəndaşlarımızın problemlərinin həllində çıxış yollarının axtarışına, hakimiyyətin sosial siyasətinin səmərəliliyinin artırılmasına, gənc nəslin beynəlmiləl və tolerantlıq ruhunda tərbiyə olunmasına, əsrlər ərzində yaranmış fundamental dəyərlərin qorunmasına yardım edir.

Prezident İlham Əliyevin Rus İcmasının 15 illiyi ilə əlaqədar 2008-ci ilin sentyabrında bizə göndərdiyi müraciətdə deyildiyi kimi, “15 illik fəaliyyəti ərzində Azərbaycanın Rus İcması demokratik və hüquqi islahatların həyata keçməsində, azad vətəndaş cəmiyyətinin qurulmasında fəal iştirak etmiş, Azərbaycan həqiqətlərinin və ölkəmizdəki vəziyyət haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması sahəsində böyük işlər görmüşdür. İnanıram ki, sizin təşkilat bundan sonra da cəmiyyətdə vətəndaş həmrəyliyinin, xalqlar arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsinə yardım edəcək və xalq diplomatiyasının inkişafına öz layiqli töhfəsini verəcəkdir”.

 

 

Mixail Zabelin,

Yeni Azərbaycan Partiyasının

Siyasi Şurasının üzvü,

Milli Məclisin deputatı

 

Paritet.- 2010.- 19-20 oktyabr.- S. 9.