“Yaddaş”- yaddaşlara əsl həqiqəti həkk etdi

 

Sənət adamları “Yaddaş” filmini müstəqil Azərbaycanın ilk döyüş filmi adlandırır

 

Azərbaycan xalqının əzmkarlıq mübarizəsini nümayiş etdirən, Qarabağ müharibəsini canlı olaraq ekrana gətirən  Bakı Film”in istehsalı olan “Yadddaş” filminin bu günlərdə təqdimatı olub.  Film Qarabağ müharibəsinin başlanğıcından, bu günümzə qədər olan hadisələr ustalıqla verilib. Əsas rolarda dörd dost-Əli(İlqar Musayev), Həsən(Pərviz Məmmədrzayev), Hüseyn(Anar Heybətov) , Azər(Şövqi Hüseynov) və  Arzu(Rada Nəsibova) çəkilib. Filmin məzmuna gəldikdə isə Azər Arzu ilə nişan üçün  Qarabağa yollanır. Nişan günü erməni-rus hərbi birləşmələri nişan mərasiminin keçirildiyi yerə  hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağın edir. Amma bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür. Belə ki, Arzu yaralanır, Azər komaya düşür. 19 ildən sonra  dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşürlər. Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən “Yaddaş” bizi baş qəhrəmanla bərabər həqiqətə-gözlənilməz bir sonluğa aparır.

Son illər ardıcıl olaraq bir neçə filmlərdə rol alan, biri-birindən fəqli obrazlar yaradan  Rada Nəsibova bu dəfə “Yadaş” filmində canlandırdığı “Arzu” obrazı ilə həqiqətəndə tamaşaçıların yaddaşında əbədi qalacaq. Həm filmin mövzusu, həm ideyası və həm də aktrisanın  canlı  inadırıcı oyunu bunu deməyə əsas verir. Belə ki, “Yaddaş”dan əvvəl R. Nəsibova “Bakı film”in istehsalı olan “Bulağıstan” və “Qaydasız döyüş” filmlərində də biri-birindən fərqli obrazlar canlandırıb:-

- Çəkildiyim digər  filmlərdə  sınaq olub və birbaşa çəkilmişəm.   Ancaq  Bakı Film”in  istehsalı olan “Yaddaş” filminə çəkilməyim fərqli oldu.  Bildiyimə görə, bu filmə çəkilmək üçün məndən qabaq müxtəlif teatrlardan bir neçə aktrisa sınaq  üçün dəvət edilibmişlər. Ancaq nədənsə aktrisalar yaradıcı heyəti qane etməmişdilər. Sonda məni də dəvət etdilər. Səmimi olaraq deyim ki, filmdə çəkiləcəyimə inanmırdım.  Ancaq “Yaddaş”-ın mövzusu Qarabağa aid olduğundan, igid oğullarımızdan və ən əsası Azərbaycan xalqının tarixi faciələrindən bəhs etdiyi üçün istəyirdim ki, bu filmdə çəkilim. Sınaq çəkilişi üşün mənə verilmiş səhnəni hər dəfə oxuduqca göz yaşlarımı gizlədə bilmirdim. Bu səhnəni sınaqda  o qədər ürəkdən oynamışdım ki, elə bil həmin hadisə öz başıma gəlib.  Yəni, yaşayaraq  hadisəni  oynamışam və bəlkə də bu qədər ürəklə oynadığım üçün məni bu rola təsdiq etdilər.  Çox sevindim ki, Azərbaycanın qanlı tarixi ilə bağlı olan filmdə mənə rol veriblər”.

-Siz müsahibələrinizdə qeyd etmisiniz ki, son on ildə Azərbaycanda müharibə mövzusunda  belə film çəkilməyib.

- Düzdür,  Azərbaycanda bu  mövzuda silsilə filmlər çəkilib.  Amma bu filmin digər filmlərdən əsas  fərqi odur ki, bunu izləyərkən elə bil canlı döyüşün ağuşundasan. Atəş səsləri, fəryadlar, insanların ağrı-acısı çox peşəkarlıqla verilib. Səmimi deyim ki, atəş səslərini eşitdikdə özümü çox həyəcanlı hiss edirdim, elə bilirdim ki, bu güllələr insanların üstünə gəlir. Filmdə mənə bir insan kimi təsir edən səhnələrdən biri qocanın nəvələri ilə birgə hasara sıxılmasıdır. Kiçik yaşlı uşaqlar elə bilir ki, babasının qucağına sığınmaqla güllələrdən xilas olacaqlar. Filmdə bu cür ürəkağrıdıcı, reallığı əks etdirən epizodlar çoxdur. . Mən sənət adamı və aktrisa kimi yox, adi vətəndaş kimi deyə bilərəm ki, “Yaddaş” Qarabağ mövzusuna  həsr olunmuş ilk güclü müharibə filmdir.Müharibə başlayanda çox kiçik yaşlarımda olmağıma baxmayaraq xəyaləndə olsa, atəş səslərini və  dəhşətli tarixi  xatırlayıram. Hətta o zaman valideynlərimiz  bizi məktəbə göndərməyə  belə qorxurdu ki, nəsə olar və çox həyəcan keçirdilər.

  Ancaq bugünkü gənc nəsil müharibə haqqında kitablarda oxuyurlar, teleekranda izləyirlər. Bu film isə gənclərə və ümumilikdə hər bir azərbaycanlıya müharibəni bir daha canlı izləmək imkanı verdi.

Filmdə əsas rollardan biri ifa edən aktrisa canlandırdığı obrazı qısca olaraq bu cür xarakterizə etdi:

- Mənim ifa etdiyim Arzu rolu demək olar ki, müharibənin törətdiyi fəsadlar nəticəsində gözüyaşlı qalan torpağın acısını, eləcə də övladlarını və ya valideynlərini itirmiş insanların acısını yaşayan ümumiləşdirilmiş obrazdır”.

-Artıq siz iki filmdə-“Qaydasız döyüş” və “Yaddaş” filmində silahdan istifadə etmisiniz. Bir qadın olaraq, silahdan istifadə etməkdə çətinliyiniz olmadımı?

- İlk olaraq onu qeyd edim ki, aktrisa olduğum üçün,  filmlərdə və teatrda müxtəlif obrazlar yaratdığımdan mən bir sıra ünsürləri öyrənməyə can atıram. Belə ki, at sürmək, rəqs etmək,  maşını idarə etməyi bacarıram.  Həmçinin  karate  ilə məşğul olmuşam, silahdan istifadəni də çəkildiyim son filmlərdə öyrəndim. Yəni hər şeyi öyrənməyə can atan bir insanam. “Yaddaş” filmində də silahdan istifadə üçün heç bir məşq prosesi keçmədim. Ancaq filmin quruluşçu rejissoru və ssenaristi Vahid Mustafayev silahı idarə etmək üçün mənə istiqamət verdi. İnanıram ki, hər bir azərbaycanlı qadın özündə cəsarət tapıb, düşmən qarşısına çıxa biləcək gücə malikdir.  

Onu qeyd edək ki, filmdə ən təsirli səhnələrdən  biri  öz doğmalarını itirmiş Arzunun Şəhidlər xiyabanına gəlişi və orda göz yaşlarına hakim ola bilməməsi səhnəsidir. Aktrisa sanki daxili yaradıcı potensialını filmin finalına yaxın olan bu səhnədə çox gözəl ifadə etmiş , yaşayaraq  inandırıcı oynamışdı.Aktrisa qeyd etdi ki, nəninki bu obraz və digər oynadığı obrazlarını da  yaşayaraq, yəni özününküləşdirərək tamaşaçılara çatdırıb:

-  Şəhidlər Xiyabanında çəkilən bu səhnədə bir dəfəyə çəkilib. Ümumiyyətlə,  Yaddaş” filmi yaddaşıma bu dəhşətli,   qanlı hadisələri  bir daha  həkk etdi. Bu filmdə oynamaq mənim aktrisa kimi, yox vətəndaş kimi borcum idi. Yaradıcı imkanlarımdan istifadə edərək obrazı canlandırdım.

Həmsöhbıtim  söhbət əsnasında çəkiliş prosesində baş verən hadisələrdən də danışdı:

-Filmdə bir səhnə var, orda mənim saçımı qrim ustası  ağardıb. Bu səhnəyə mən uşaqlarla çəkilirdim. Uşaqlarda çəkilişə öz valideynləri ilə gəlmişdilər. Qış vaxtı,  yanvarın ortası idi. Bədənimi hiss etmirdim.Çəkilişin başlamasını gözləyirdim. Bu zaman kənarda dayanan insanlar  deyirdilər ki, yazıq qız cavandı, ancaq gör saçı necə ağarıb.  Qrim ustası saçımı təmizləyib əvvəlki vəziyyətinə gətirdikdə. Onlar hamısı mənə dedi ki, biz elə bildik ki, sizin gənc yaşınızda saçını ağarıb. Bu səhnə yadımda qalıb. Bundan başqa filmin çəkiliş zamanı daha maraqlı bir hadisə baş verdi, belə ki, düşmənlər gələndə Azər yaralı nişanlısı  Arzunu  qorumaq üçün zirzəmidə gizlədir.  Qız su istəyir, o gedir ona su gətirməyə. Bu səhnənin çəkilişi bitib. Ancaq mən yaddan çıxıb qalmışam zirzəmidə  itəliyirəm qapını aça bilmirəm. Məcbur oldum qışqırdım ki, burda qalmışam, açın qapını. Bu zaman Azər rolunun ifaçısı Şövqi Hüseynov dedi ki, qız burda qalıb deyəsən, ordan məni çıxartdılar. Yaradıcı heyyətdə dedi ki, gərək bu səhnəni çəkərdik, qalardı.

Bu gün Azərbaycan xalqı üçün ağrılı və eyni zamanda vacib olan Qarabağ mövzusunda silsilə filmlərin çəkilməsinin vacib olduğunu deyən R. Nəsibova  filmin yaradıcı heyətinin və xüsusilə də quruluşçu rejissor və ssenarist Vahid Mustafayevi və filmin prodüseri Vaqif Əsədullayevi  bu  mövzuya müraciət etməsini və film çəkmələrinin alqışa layiq olduğunu qeyd etdi:

- Bu gün bizim üzdən iraq düşmənlərimiz torpaqlarımız işğal etməklə yanaşı, milli musiqimizi,alətlərimizi,  mətbəximizi oğurlayaraq öz adlarına çıxıblar.Eyni zamanda həqiqətə uyğun olmayan  fikirlərini geniş auditoriyaya çatdırmaq,  təbliğ etmək üçün  Azərbaycan əleyinə film çəkirlər. Bizdə   bu cür filmlərin  çəkilməsi ermənilərə sərt mesajdır. Çox istərdim ki, bu film Azərbaycanla yanaşı, xarici ölkələrdə də nümayiş olunsun ki, həm dünya əsl həqiqəti görsün  həm də düşmənlərimiz ibrət götürsün. İnanıram ki, “Yaddaş”ın çəkilməsi ilə bu mövzu bitmədi, gələcəkdə də belə filmlər  davamlı olaraq çəkiləcək”,

 Qeyd etdik ki, sözügedən filmin aparıcı xətti dörd dostla bağlıdır. Filmdə dörd dostddan birini canlandıran əməkdar aktyor Şövqi Hüseynovovdur. İstedadlı aktyor olan Ş.Hüseynovun teatrda biri-birindən maraqlı, romantik   canlı oyunları tamaşaçıların yaddında qalıb. Bu film isə aktyorun yaradıcılığının  başqa bir tərəfini tamaşaçılar üçün açdı.  Ş. Hüseynov “Yaddaş” filmini  müstəqil Azərbaycanın ilk döyüş filmi adlandırıb  bildirdi ki, Qarabağ mövzusunda çəkilən filmlər arasında bu qədər həqiqi döyüş səhnələri olan ilk filmdir:

Bu filmdə iştirak etmək bir aktyorluqdan əlavə bir vətəndaş olaraq da mənim üçün borc idi. Əslində bu filmdə iştirak edə-edə mən şəxsən bir döyüş yolu keçdim. Sanki şəhid olmuş qardaş-bacılarımızın, döyüşkən oğlanların ruhu ilə təmasda olduq. Buna görə mən Vahid Mustafayevə, Vaqif Əsədullayev təşəkkür edirəm ki, bizi bu filmə cəlb etdilər. Obrazdan əlavə biz bu filmlə döyüş yolunu da keçmək şansı qazandıq.

   Filmdə  dostlardan biri olan Həsəni Pərviz Məmmədrzayev canlandırıb. Əvvəllər  Pantomima Teatrında çalışan P.Məmmədrzayevu tamaşaçılar pantomim yəni mimika və jestlərlə  işləyən aktyor kimi tanıyırdılar. Son illər isə o, sərbəst çalışır.”Yaddaş” filmində canlandırdırdığı zarafatcıl Həsən obrazını usatlıqla tamaşaçılara təqdim edib. O deyir ki, hər kəsin içərisində döyüş hissi var. Sadəcə biz onu oyatmağı bacarmalıyıq. Filmdə bəhs edilən 4 dost buna nail ola bildi. Onlar müharibədə belə haqsızlıqla barışmadılar. Bu film həqiqətən Azərbaycana lazımdır. Düşünürəm ki, uzun onilliklər keçsə də bu  film öz aktuallığını saxlayacaq.

Aktyor filmdə canlandırdığı  Həsən rolunu belə  xarakterizə edir:

Həsən təbiətcə sakit, zarafatcıl, gərgin anlarda vəziyyəti sakitləşdirmək üçün əlindən gələni edən insandır. O, vətənpərvər və döyüşkən, eyni zamanda ziyalı adamdır. Həsən inanır ki, ruslar ermənilərin torpaqlarımızı qəsb etməsinə imkan verməzlər. Həmişə deyir ki, ruslar qoymaz. O inanır və ümid edir ki, ruslar işğala imkan verməz. Lakin sonradan onun ümidi qırılır. Fikrimcə, filmin maraqlı yerlərindən biri də, bir neçə kadr sonra Əlinin ona “bu da sənin rusların” kəlməsinin dediyi yerdir.

 Əli adlı dindar bir  obrazı canlandıran İlqar Musayevin də oyunu tamaşaçılar tərəfindən çox sevildi. Dindar insan obrazını canlandırmağı onun həyatına uğur gətirdiyini deyən aktyor  bildirib ki, “Yaddaş” filmindən sonra real həyatda da dindar olmağa qərar verib:

-Namaz qılmağı öyrənməyə başlamışam. Ailəmlə birgə məscidə gedirəm. Ailə üzvlərim də ibadətlə məşğuldur. Məncə, “Yaddaş”da obrazın Əli adlandırılması da təsadüfi deyil. Onu da qeyd edim ki, mən Qarabağ müharibəsində iştirak etmişəm. Düşmənlə bir addımlıqda idim. Döyüşdə yüngül beyin zədəsi də aldım. Özümü çox xoşbəxt hiss edirəm ki, həm həqiqi döyüşlərdə, həm də “Yaddaş” filmində düşməni susdurmaq mənə nəsib olub. Heyf ki, döyüşlərdə şəhid olmadım, amma “Yaddaş”da şəhidlik zirvəsi mənə qismət oldu. Bunun ikisi də mənə xoşdur. Ən gözəl hiss şəhidlik məqamıdır ki, bu da mənə bu  filmində qismət oldu.

  Dördüncü dost olan Anar Heybətovun canlandırdığı Hüseyn obrazıda özünəməxsusluğu ilə seçilirdi. Aktyor mətbuata verdiyi məlumatda deyib ki, “Yaddaş” filmində o ləyaqətli, vətənpərvər, xalqını, millətini sevən bir şəxsin- Hüseynin obrazını oynayıb:

-Qarabağ müharibəsi və onun sadə insanların başına gətirdiyi fəsadlardan bəhs edir. Real faktlar əsasında səhnələşdirilən film iki hissədən ibarətdir. Birinci hissədə Qarabağda baş verən hadisələrdən, ikinci hissədə isə hazırlı dövrdən, yəni 2000-ci illərdən, artıq atəşkəs zamanı Bakı şəhərində baş verən hadisələrdən bəhs edilir. Filmdə 4 dostun həyatından danışılır. Hüseyn, Azər, Həsən və Əli adlı dostların həyatı, onların müharibə öncəsi və döyüşlər zamanı göstərdiyi şücaətlər əks olunur. Filmin ideya müəllifi, çox hörmət etdiyim Vahid Mustafayev məhz mavi ekran vasitəsilə tamaşaçılara bunu çatdırmaq istəyir. Gələcək nəsli Qarabağ haqqında məlumatlandırmaq, vətənpərvərlik hisslərini sözlə yox, obrazlı şəkildə çatdırmaq baxımından bu filmin əvəzsiz rolu olacaq.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vahid Mustafayev mətbuata verdiyi açıqlamada  bildirib ki, filmdə o əsasən xalqımızı göstərmək istədiyib: “Elə şeylər var ki, əbədi yadımızda qalmalıdır. Filmdə də əsas göstərmək istədiyim azərbaycanlılardır: necə görmüşəm, necə görürəm və necə görmək istəyirəm. Sadəcə olaraq prizmalar müxtəlifdir”.

Məlumat üçün bildirək ki, “Yaddaş”finin ssenari müəllifi, quruluşçu Vahid Mustafayev, baş redaktoru Mailə Muradxanlı, musiqisi Yaşar Baxış, səs rejissoru Uğur Səfərov, baş rejissoru Vaqif Əsədullayev, montaj edən  Elşad  Rəhimovovdur.Əsas çəkilişləri  Bakıda, Şəkidə, Ağsuda və digər rayonlarda aparılan film 6 seriyalıdır.  Ancaq tamaşaçılara film hələ   1 saatdan artıq tammetrajlı film kimi təqdim edilib. Bizdə inanırıq ki  vətənpərvərlik mövzusunda çəkilən və reallığa əsaslanan film  tamaşaçılar yaddaşına əbədi həkk olacaq.

 

 

Günay

 

Paritet.-2010.- 23-25 oktyabr.- S. 11.