Dünyanın
ən iti, ən şux və dinamik rəqsini ifa edən xalq
Sədaqət Kərimova: “Ləzgilərin rəqsə
olan məhəbbətini heç nə ilə müqayisə
etmək mümkün deyil”
Əsrlər boyu
müxtəlif etnoslar ölkəmizdə Azərbaycan xalqı
ilə sülh və harmoniya şəraitində
yaşayırlar. Tarixən unikal çoxmillətli ölkə
olan Azərbaycan etnik rəngarəngliyi və
tolerantlığı ilə tanınıb. Dövlətimiz
etnikazlıqların hüquqlarının qorunması üzrə
ardıcıl siyasətini davam etdirir. Bu gün Azərbaycanda
milli azlıqların mədəniyyət mərkəzləri
fəaliyyət göstərir, onların dillərində qəzet
və jurnallar nəşr olunur. Belə mərkəzlərdən
biri “Samur” Ləzgi Milli Mərkəzidir. Ölkəmizin etnik
azlıqları arasında özünəməxsus yeri olan,
ifa etdikləri “Qaytağı” rəqsi ilə yaddaşlara həkk
olan ləzgilərin tarixi, mədəniyyəti, adət-ənənələri
ilə ətraflı tanış olmaq üçün
yazıçı-jurnalist, “Samur” qəzetinin baş redaktoru Sədaqət
Kərimova ilə həmsöhbət olduq.
“”Samur” qəzeti
üç dildə-
ləzgi, Azərbaycan və rus dillərində materiallar dərc
edir”
- Sədaqət xanım, ləzgilərin
tarixi ilə bağlı bir qədər məlumat verərdiniz.
-Antik yunan tarixçiləri Strabon və
Herodot, eramızdan əvvəl və eramızın I-III əsrlərində
yaşamış Roma-Bizans tarixçiləri Apolloni Rodosski,
Stefan Bizanslı, Korneli Tasit, Klavdi Ptolemey və
başqaları, V-VIII əsrlərin tarixçiləri
Aqofenqel, Koryun, Sebeos, VII-XI əsrlərdə Qafqazda olmuş ərəb
tarixçiləri əl-Kufi, Balazuri, əl-Masudi, İbn əl-Asir,
Yaqut əl-Həməvi və başqaları, alban
tarixçisi Musa Kalankaytuklu ləzgilər haqqında
maraqlı məlumatlar veriblər. Rus tarixçilərindən
İ.Gerber, K.V.Trever, V.V.Latışev, A. A. Kudryavtsev, M.İ.
Artomonov, V.F. Minorski, K.M.Kurdov, Z.İ. Yampolski,
İ.Biberşteyn, S.N.Muravyov, A. N.Genko, məşhur şərqşünas
P. K. Uslar, həmçinin ötən əsrin bir sıra
tanınmış rus yazıçıları və jurnalistləri
ləzgi xalqının tarixi, dili, mədəniyyəti və
adət-ənənələri haqqında ətraflı
yazıblar.
Ləzgilərin
tarixi ilə bağlı Dağıstan tarixçilərindən M.İxilovun, R.Məhəmmədovun,
X.Ramazanovun, A.Şixsaidovun, Ə.Ağayevin,
S.Ağaşirinovanın, Z.Rizvanovun, R.Rizvanovun, Azərbaycan
tarixçilərindən Abbas qulu ağa Bakıxanovun, Məhəmməd
Baharlının, İqrar Əliyevin, Ziya Bünyadovun, K.Əliyevin,
F. Məmmədovanın, R.Vahidovun, Rəşid
Göyüşovun tədqiqatları böyük maraq
doğurur.
Ləzgilərin tarixi küll halında X əsrin
əvvəllərində yazılmış “Axtınamə” əsərində
geniş əksini tapıb. Ayrı-ayrı əsrlərdə
ləzgi tarixçilərinin, alimlərinin irs qoyduqları əsərlər,
X əsrin birinci yarısında qələmə
alınmış “Tarix Bab al-Abvab”,
Məhəmməd Rafinin 1313-cü ildə işıq
üzü görmüş “Tarixi Dağıstan”, ləzgilərin
X-XV əsrlər tarixini əhatə edən, 1610-cu ilə aid
“Tarix Maza”, Mirzə Həsən Alqadarinin XIX əsrin
sonlarında çap olunmuş “Asari Dağıstan”,
M.M.İxilovun “Quba ləzgiləri”, “Ləzgi qrupu xalqları”,
Z.Rizvanovun və R.Rizvanovun “Ləzgilərin tarixi”, həmçinin
son vaxtlar Moskvanın “Olimpiya” nəşriyyatının “Ləzgilərin tarixi” seriyası
ilə çap etdiyi əsərlər zəngin mənbələrdir.Hazırda
ləzgilər yığcam halda Şimali Azərbaycanda və
Cənubi Dağıstanda yaşayırlar. Azərbaycanda
ləzgilər Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən,
Qəbələ, Oğuz, İsmayıllı və başqa
rayonlarda yaşayırlar. Bakı və
Sumqayıt ləzgilərin ən çox məskunlaşdığı
şəhərlərdir. Dağıstanda isə ləzgilər Məhərrəmkənd,
Axtı, Xiv, Doqquzpara, Qurah, Ağul, Rutul, Dərbənd,
Xasavyurd və başqa rayonlarda yaşayırlar. Mahaçqala,
Dərbənd, Kaspiysk, Daqestanskiye Oqni, İzberbaş, Kizlyar,
Yujno-Suxokumsk kimi şəhərlər, Bilici və Məmmədqala
qəsəbələri ləzgilərin ən çox
yaşadığı yerlərdir. Ləzgilərin
“leg” və “gel” tayfaları qədim zamanlardan Gülgəri və
Qudyal çayları arasındakı ərazilərdə
yaşayıblar (xatırladaq ki, tarixçi etnoqraf Şirinbəy
Əliyev qəzetimizə açıqlamasında gelləri
ingiloyların ulu əcdadı olması haqda ciddi elmi iddia səsləndirmişdi-red.)
Qafqaz Albaniyası Sasanilər tərəfindən
işğal edildikdən sonra Albaniyanın bir çox vilayətləri
müstəqil siyasi qurumlar yaratmağa cəhd göstərib.
Albaniyanın şimal torpaqlarında Lezgan,
Müşkür, Layran, Filan kimi qurumlar yaranıb. Orta əsrlərin
ərəb mənbələrində həmin dövlət
qurumlarının adları al-Lakz, Maskut, Layran, Filan və yaxud
Lezganşah, Layranşah, Filanşah və Maskur kimi
verilib.Lezgan ləzgilərin ən güclü tayfalarından
olan lezglər tərəfindən təşkil
olunmuşdu.Sonuncu siyahıyaalmanın nəticələrinə
görə Dağıstanda 255,8 min, Azərbaycanda 178 min,
Rusiyanın ayrı-ayrı vilayətlərində 98 min ləzgi
yaşayır. Ləzgilər dünyanın
onlarca ölkəsində yaşayırlar.
- Siz uzun illərdir “Samur” ləzgi qəzetinə
rəhbərlik edirsiniz. Hazırda bu mətbu orqanın nəşri
hansı səviyyədədir?
- Azərbaycanda yaşayan azsaylı
xalqların mədəniyyətlərini inkişaf etdirməklə
bağlı Azərbaycan Prezidentinin 1992-ci ildə verdiyi fərmandan
sonra digər xalqlarla yanaşı ləzgilərin də mədəniyyət
mərkəzi və respublika qəzeti fəaliyyətə
başladı. Qəzetin ilk redaktoru
tanınmış yazıçı-jurnalist Feyruz Bədəlov
olub. 1997-ci ildən etibarən qəzetə
mən rəhbərlik edirəm. Görkəmli
qələm sahibi Müzəffər Məlikməmmədovla bərabər
nəşr etdiyimiz “Samur” qəzeti üç dildə- ləzgi,
Azərbaycan və rus dillərində materiallar dərc edir.
Mövzularımız çoxdur:
ləzgilərin mədəniyyəti, adət-ənənələri,
etnoqrafiyası, dili, ədəbiyyatı, tarixi, Azərbaycan və
ləzgi xalqlarının dostluq əlaqələri, müstəqil
respublikamızın demokratik inkişaf yolunda
qazandığı uğurlar. “Samur”un Azərbaycan
və Dağıstanla yanaşı bir sıra xarici ölkələrdə
də oxucuları var.
Ləzgilərin milli bayramları...
- Ləzgilərin
hansı milli bayramları var?
- Mən sizə ləzgilərin bir
neçə bayramı haqqında qısaca məlumat verəcəyəm:
Bahar bayramına (Novruza-red.) ləzgilər “Yaran Suvar” deyirlər.
“Yar” ləzgilərin qədim kənd təsərrüfatı
təqviminin bir ayıdır və o, martın 21-dən aprelin
4-dək davam edir. Yar ayı yaz-tarla işlərinin
başlanğıcına təsadüf etdiyindən, ən
maraqlı mərasimlər tarlalarda, bağlarda, əkin yerlərində
keçirilir. Ləzgilərin qədim adətlərindən
biri olan, könüllü iməcilik mənasını verən
“mel”in ən əhəmiyyətlisi bahar bayramı ərəfəsində
keçirilir. Ev-eşik təmizlənir,
yorğan-döşək günə sərilir,
xalça-palaz çırpılır, evlərin divarları
ağardılır, bağ-bağat, tarlalar
çör-çöpdən, alaqdan təmizlənir.”Yar”
sözünün ikinci mənası “qırmızı” deməkdir.
Qədim vaxtlarda ləzgilərin bayram süfrəsi
qırmızı rəngdə olarmış. Adətən toyları Yar ayına salardılar.
Bəyə yaran çam, yəni bahar bəyi, gəlinə
yaran svas, yəni bahar gəlini deyərdilər. Gəlin bahar xalçası toxuyardı. Toy günü onun üzünü düqürlə,
yəni qırmızı duvaqla örtərdilər.
“Yaran suvar” kəndlərdə
xüsusi təntənə ilə keçirilərdi. Son vaxtlara kimi bəzədilmiş
keçi oynatmaq mərasimi geniş yayılmışdı.
Bu, ləzgi mifologiyası ilə əlaqədardır.
Bahar bayramında dağ turunun bənzəri olan keçini bəzədib
küçələrdə oynadardılar ki, o, öz cəsarətindən
hamıya pay versin. Mərasim mahnı və rəqslərlə
müşayiət olunardı.
“Vatsrakar” adlı xalq mərasimini keçirmək də
adət idi. Onun məzmununu Aya və
Günəşə olunan müraciətlər, onların tərifi
təşkil edirdi. Qızlar, oğlanlar
mahnı oxuyaya-oxuya məhəllələrdən keçərdilər.
Martın 21-dən 22-nə keçən gecə
hamı bayram şamları ilə evlərinin
qarşısına çıxır. Şamlar il boyu yığılmış köhnə
paltarlardan hazırlanır, onları od sönüb qurtarana
kimi əllərdə saxlayırlar. Belə bir
inanc var ki, ailənin illik güzəranı bayram süfrəsindən
asılıdır. Ona görə də
hamı çalışır ki, süfrə zəngin olsun.
Bayram süfrəsinə oturmazdan qabaq bayram
payı ilə küsülülərin evinə gedərlər.
Plov qazanından çəkilmiş ilk
nimçəni qonşuluqda xəstə yatan və ya kimsəsiz,
köməksiz adama göndərərlər. Ləzgilərin qədim
Çiçək bayramı əsasən kənd əhalisi tərəfindən
geniş qeyd edilir. Böyük
şadyanalıqla keçirilən çiçək
bayramının əsl vətəni Dağıstan
Respublikasının Axtı rayonunun Cəbə kəndidir.
Hələ XIX əsrin ortalarında rus toporqafı S. Q.
Aleksandrov, həmin əsrin 70-ci illərində alman alimi
A.Bekker ləzgilərin bu bayramı haqqında məlumat
verib.Dağlarda qarlar əriyib, alp çəmənlikləri
çiçək açanda bütün el əvvəlcədən
elan olunmuş vaxtda Cəbəyə axışır.
Başqa yerlərdən atlı və
piyadalar buraya üz tutur. Cavanlar
bəslədikləri yüyrək atlarla cıdıra
çıxır, pəhləvanlar qurşaq tutur, qızlar
çiçəklərdən çələng
hörürlər. Bayramın ən maraqlı
hissəsi mahnı və rəqs yarışmasıdır.
Qızlarla oğlanlar bir yerdə mərasim
mahnıları ifa edir, rəqs yarışına
qoşulurlar. Bu, həm də gənclərin
bir-birini bəyənib seçməsi üçün əlverişli
yer və vaxtdır. Sonra hamı çəmənlikdə
salınmış süfrə ətrafına
yığışır, mahnı və rəqslərdən
ibarət məclisə start verilir. Qaş
qaralanda dağlardan evə dönənlərin əllərində
çiçək dəstələri olur. Bunlar adi çiçəklər deyil, hər biri
bir dərdin dərmanıdır. Qadınlar onları
evlərin damlarında səliqə ilə qurudur, ilboyu
müxtəlif xəstəliklərin müalicəsində
istifadə edirlər.Ləzgilərin kənd təsərrüfatı
işləri ilə bağlı olan xalq bayramı - ilk
şırım bayramı kəndlərdə ilk baharda qeyd
olunur. Torpağın şumlanıb əkin
üçün hazırlanması vaxtı yetişəndə
elliklə yığışıb ilk şırımın
açılması mərasimində iştirak edirlər.
Kəndin təcrübəli əkinçilərindən
biri xışını sahəyə çıxarır, digərləri
isə sahənin kənarında tonqal qalayırlar. Həmin
əkinçi hamının gözü qarşısında
xış qoşulmuş öküzləri əkinə
istiqamətləndirib deyir: “Hiş! İzləriniz
bərəkətli olsun!”
Sahənin bu başından o başına gedib
qayıtmağa “rqal” (şırım) deyirlər. Əkinçilər ilk şırıma
böyük əhəmiyyət verir, gələcək məhsulun
taleyi ilk şırımdan asılı olur, deyirlər. Elə ona görə də bu məsul vəzifəni
kimə gəldi yox, nüfuzlu, əli yüngül kinçiyə
etibar edirlər. İlk şırımdan
sonra əkinçi öküzlərini gənclərə həvalə
edir. Ertəsi gün bütün el
şuma çıxır. Yer
şumlaya-şumlaya hamı əkinçi mahnısı
(havar) oxuyur. Hav - dörd şırım
deməkdir. Bir qayda olaraq hər dörd
şırımdan sonra əkinçi dincini alır. Ləzgi folklorunun bir növü olan, kənd yerlərində
geniş yayılmış havarları bir solist ifa edir, xor isə
müşayiət edir. Sahənin kənarına
yığışmış damlar bayram şənliyi, yemək-içmək
mərasimi üçün hazırlıq görürlər.
Onlar qoyun kəsir, xörək hazırlayır,
çörək bişirirlər. Sonra
hamı bayram süfrəsinin ətrafına
yığışır. Mahnı səsləri
uzaqlara yayılır.Taxıl biçininin vaxtı
yaxınlaşanda adətən ilk sünbülün
yığılması bayram edilir. Bu
bayrama “ilk sünbül”, “ilk dərz” və ya “peçxür
bayramı” da deyirlər. İlk dərzləri
yığıb onları zəminin kənarında
başı üstə qoyur, sünbülləri
oxşaya-oxşaya, xeyir-dua edə-edə mahnı oxuyur və süfrə
arxasına keçirlər.Zurnanın və
nağaranın şux səslərini eşidən uşaqlar
rəqsə girişirlər. Qadınlar təzə
arpadan bişirdikləri çörəkdən qonşulara, kənddəki
imkansız ailələrə və yetimlərə pay verirlər.
İnanca görə, belə bəxşişlər
paylanmayanda yağış və ya dolu yağır. Xalq
oyunları ilə müşayiət olunan, kollektiv şəkildə
ifa olunan
mahnılarla zəngin olan “Peşapay” bayram qədim
teatr ünsürləri ilə zəngindir. Uzaq
keçmişdə “Peşapay” kişilərin tamaşası
olub. Uzun müddətli
quraqlıq zamanı bərəkət, bolluq arzusu ilə
insanlar küçələrə çıxaraq, ğutslardan
(tanrıçalardan) yağış diləyərdilər.
Adətən bir oğlan uşağına ağac
budaqlarından “paltar” geyindirib, küçə-küçə
gəzdirər, onu müşayiət edərək
yağış arzusu ilə mahnı oxuyardılar. Mahnılar yağış yağana kimi davam edərdi.
Adamlar Peşapayın üstünə su
atardılar.Son illərə kimi quraqlıq zamanı ləzgi kəndlərində
“Quni” gəzdirmək adəti var idi. Oğlan
uşağını soyundurub, ona çubuqlar sarıyıb,
iplə bağlayar, ondan “Quni” düzəldərdilər.
Uşaqlar onu dövrəyə alaraq, məhəllə-məhəllə
gəzdirər, mahnı oxuyardılar.Mahnı sona çatanda ev yiyəsi “Quni”nin başına su tökərdi.
Bundan sonra hər uşaq Quni haqqında bildiyi
mahnıları oxuyardı. Uşaqların
biri digərini tamamlamalı idi. Bu qayda ilə
əsl mahnı yarışması gedirdi. Ən çox
mahnı oxuyan uşağa ev sahibi tərəfindən
bəxşişlər verilərdi. Bunlar qiymətli hədiyyələr
idi: xəncər, qəmə,
çuxa, dayça, erkək quzu. Belə hədiyyələr
uşaqların ürəyincə olar, onlara qəhrəmanlıq
ruhu aşılayardı.Yağıntı çox düşəndə
“Peşəpay””ın əksi olan, Günəşə
çağırışdan ibarət olan “Alapex” mərasimi
keçirilərdi. Bu mərasimdə ancaq
qadınlar iştirak edərdi. Onlar gəlinciyə
qırmızı yaylıq geyindirib, qapı-qapı gəzdirərdilər.
Qədim ləzgilərin təsəvvürlərinə
görə Rağ (Günəş) qızdır.
Onu qırmızı
rəngin köməyi ilə çağırmaq olar. Bahar mərasimi olan “Peşəpay”dan fərqli
olaraq, “Alapex” yay
mövsümünün mərasimidir.
“Hazırda “Suvar” rəqs məktəbi peşəkar kollektivə çevrilib”
- Rəqsi ləzgilərin vizit vərəqi
adlandırırlar. Yəqin bu fikir təsadüfən
yaranmayıb.
-Ləzgilərin rəqsə olan məhəbbətini
heç nə ilə müqayisə etmək mümkün deyil. “Ləzginka”(Qaytağı, ləzgihəngi-red.) sədalarını
eşidəndə iməkləyən uşağın da əlləri
göyə qalxır, onun ayaqları musiqiyə uyğun hərəkətlər
edir. Hər bir ləzgi rəqs edərkən cuşa gələrək
öz hiss və həyəcanını “assa” sözü ilə
ifadə edir. “Ləzginka” dünyanın ən
iti, ən şux və dinamik rəqsidir. Bu
rəqsə çeviklik, cəldlik, plastika və coşqunluq
xasdır. Elə ona görə də
dünyada məşhurdur və çox sevilir.
XIX əsrin əvvəllərində
Dağıstanda yaşamış bir sıra rus tarixçiləri
və yazıçıları bəzi başqa ləzgi rəqslərini
də gözəlliyinə və iti ritmlərinə görə
“Ləzginka” adlandırıblar. Muravyov və Veliçko kimi məşhur rus
tarixçiləri “Ləzginka”nın
döyüşkən və səfərbəredici gücə
malik olduğunu xüsusi qeyd edib, Qafqaz müharibəsi
zamanı onun sədaları altında Şeyx Şamilin öz
müridlərini döyüşə necə səslədiyi
haqqında ətraflı yazıblar.
Ləzgi rəqsləri zənginliyi və müxtəlifliyi
ilə diqqəti cəlb edir. İlk dəfə
SSRİ Dövlət Mükafatı laureatı, ləzgilərin
və Dağıstan xalqlarının peşəkar musiqisinin
banisi Qotfrid Həsənov 1925-ci ildə 126 ləzgi xalq
melodiyasını lentə alıb. 1927-ci ildə o, zurna
ilə ifa olunan 12 “Ləzginka”nı lentə
köçürüb. 1948-ci ildə çap etdirdiyi “100
Dağıstan havası” adlı antologiyaya Q.Həsənov onlarca rəqs
havasını daxil edib. Məşhur “Ləzginka”
rəqs ansamblının bədii rəhbəri Zeynal
Hacıyev 1959-cu ildə “30 ləzgi xalq rəqsi” adlı toplu
buraxıb. Bəstəkar Fətullah Rəhimxanov
ləzgilərin 79 xalq mahnısını və 23 rəqsini
nota köçürüb.
-Rəhbəri olduğunuz “Suvar” mahnı və
rəqs ansamblı haqqında məlumat verərdiniz.
-”Suvar”ın əsası 1996-cı ilin iyununda
Bakıda qoyulub. Onun ilk konserti
Bakının Gənc Tamaşaçılar Teatrında
keçirilib. İfaçıları arasında Rəşad
İbrahimov, Ruslan Pirverdiyev, Roza Hacımuradova, Cəmilə
Zalova, Cavahir Abdulova və Elvina Heydərova kimi istedadlı gənclər
var. Ansamblın repertuarına ləzgi xalq mahnıları və
bəstəsi Sədaqət Kərimovaya məxsus olan onlarca
mahnı daxildir.
2004-cü ildə
“Suvar” rəqs məktəbini yaratdıq. Quruluş verdiyimiz ondan
çox rəqs “Suvar”ın repertuarına daxil edildi.
2006-cı ildə Azərbaycan Dövlət Opera və Balet
Teatrının səhnəsində 10 illiyi təntənə
ilə qeyd edən ansambl özünün 50 nəfərlik
kollektivi ilə tamaşaçıları heyran etdi. Hazırda “Suvar” rəqs məktəbi peşəkar
kollektivə çevrilib. Burada xoreoqraflar
Zeynal Cigərxanovla Gülnarə Bayramova gənclərə ləzgi
və Qafqaz rəqslərinin sirlərini öyrədirlər.
“Suvar”
ansamblı haqqında İctimai Televiziyada bir saaatlıq film
çəkib nümayiş etdirilib, digər televiziya
kanalları dəfələrlə verilişlər
hazırlayıb. Kollektiv Rusiyanın
Moskva, Sankt-Peterburq, Yaroslavl və
başqa şəhərlərində konsertlər verib. 2009-cu
ilin mayında Türkiyənin TRT kanalının dəvəti
ilə bu ölkədə olmuş kollektiv haqqında həmin
kanal tərəfindən bir saatlıq film çəkilib
nümayiş etdirilib.Ansamblın 4 albomu və Azərbaycan ləzgilərinin
həyatından bəhs edən “Mənim doğma elim” adlı iki musiqili-sənədli
filmi işıq üzü görüb.
-”Suvar”
sözünün mənası nədir?
-Bu sözün bir neçə mənası
var. Bir mənası bayramdır. Ləzgilər
alp çəmənliklərinə də suvar deyirlər.
Suvar həm də xalq eposumuz olan “Şarvili”nin
baş qəhrəmanının nişanlısının
adıdır. Gördüyünüz kimi, ansamblın adı xoş əhval-ruhiyyə,
gözəllik, məhəbbət kimi hisslər doğurur.
Dosye
İstedadlı
yazıçı-jurnalist Sədaqət Kərimova Qusarda
anadan olub. O, Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
“Sovet kəndi”,
Azərbaycan parlamentinin “Həyat” və “Azərbaycan” qəzetlərində
şöbə müdiri, redaktor müavini vəzifələrində
çalışıb. 1997-ci ildən “Samur” Ləzgi Mədəniyyət Mərkəzinin
orqanı olan “Samur” qəzetinin baş redaktorudur.
S. Kərimova Azərbaycan, ləzgi və
rus dillərində çap olunmuş 3 mindən artıq məqalə,
oçerk, korrespondensiya, zarisovka və esselərin müəllifidir.
Jurnalistika sahəsindəki uğurlarına görə
“Qızıl qələm”, Həsənbəy Zərdabi
adına mükafatlara layiq görülüb, KİV Həmkarlar
İttifaqının Məhsəti Gəncəvi adına və
Natəvan adına mükafatları ilə təltif olunub.S.Kərimova
povest və romanlar müəllifi kimi də tanınır.Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür,15 kitabı
çapdan çıxıb. Onun
yaradıcılığının mədəni-maarif müəssisələrində
təbliği məqsədilə Mədəniyyət Nazirliyi
və M.F.Axundov adına Azərbaycan Dövlət
Kitabxanası 2003-cü ildə “Sədaqət Kərimova - 50”
adlı metodik vəsaiti buraxıb, tanınmış
yazıçı-jurnalist Müzəffər Məlikməmmədov
onun haqqında “Sədaqət” adlı geniş həcmli sənədli
publisistik kitab dərc etdirib.S.t Kərimova həm də bəstəkardır.
Onun bəstələdiyi mahnılardan ibarət
5 albom musiqisevərlərə çatdırılıb.
15 ildən bəri rəhbərlik etdiyi “Suvar”
mahnı və rəqs ansamblının sorağı
respublikamızdan uzaqlara yayılıb.2006-cı ildə
Prezident İlham Əliyevin sərəncamı ilə S. Kərimovaya
“Azərbaycanın əməkdar mədəniyyət
işçisi” fəxri adı verilib.
Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”nin
partiturası nəşr etdirilib
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyi Mədəniyyət və Turizm Nazirliyinin
maddi dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq
professional və milli musiqimizin banisi, görkəmli bəstəkar
Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi”nin
(1932) partiturasını nəşr etdirib. Üzeyir Hacıbəylinin
125 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı
çərçivəsində bəstəkarın “Ləzgi
rəqsi”nin ilk nəşrinin təqdimat mərasimi
keçirilib. Təqdimatda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin xalq
çalğı alətləri orkestrinin bədii rəhbərinin
(Gülağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin “Ləzgi
rəqsi”, “Koroğlu” uvertürası, “Sevgili canan”
romansı,”Qaragöz”, “Sən o yanda, mən bu yanda”
mahnıları səslənib.
Günay ƏSƏDOVA
Paritet.- 2010.- 23-25 oktyabr.- S. 8-9.