Ordumuzun döyüş
hazırlığı durmadan artır
Son yeddi il ərzində dövlət büdcəsindən
hərbiyyəyə ayrılan xərclər 14 dəfəyədək
artırılıb
Azərbaycanda ordu quruculuğu
prosesinin geniş vüsət alması artıq heç kimdə
şübhə doğurmur. Silahlı Qüvvələr
quruculuğunun ölkə Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyev tərəfindən prioritet elan olunması
bu sahədə həyata keçirilən kompleks tədbirlərə
rəvac vermiş, xalqın
milli maraqlarının təmin
edilməsi sahəsində
kifayət qədər strateji rol
oynamışdır. Şahidi
olduğumuz son hadisələr, o cümlədən, ordumuzla bağlı həyata
keçirilən silsilə kütləvi tədbirlər
müvafiq yöndə ciddi irəliləyişlərin
əldə olunmasından xəbər verir.
Təkcə onu demək
kifayətdir ki, son yeddi il ərzində dövlət büdcəsindən hərbiyyəyə ayrılan xərclər
14 dəfəyədək artırılıb. 18 iyun 2010-cu il tarixdə Milli Məclisin
növbədənkənar sessiyasında isə müdafiə
və təhlükəsizlik xərclərinin daha 400 milyon
manat artırılması müvafiq sahəyə göstərilən
diqqətin bundan sonra da sistemli və ardıcıl xarakter daşıyacağına
əsaslı sübutdur. Bununla da cari ilin bütün hərbi
xərcləri 2 milyard 150 milyon dollaradək artıb, təcavüzkar Ermənistan
Respublikasının hətta dövlət büdcəsini belə
arxada qoymuşdur. Milli Məclisin
məlum sessiyasından bir neçə gün sonra, daha dəqiq desək, 23 iyun 2010-cu
il tarixdə “Azərbaycan Respublikasının Müdafiə
Nazirliyinin həqiqi hərbi xidmət hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
barədə” ölkə başçısının
imzaladığı Sərəncama əsasən xidməti mənzilə
və mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan hərbi
qulluqçular üçün xidməti yaşayış
evlərinin tikintisinə 5 milyon manat vəsait
ayrılmışdır. Bu sırada ölkə
başçısının şəxsi
tapşırığı ilə müxtəlif hərbi
qarnizonlarda bir sıra sosial, mədəni və məişət
obyektləri ilə birlikdə
inşa olunan beş hərbi şəhərcik
kompleksi hərbi
qulluqçularımız üçün kifayət qədər
ciddi etimad və qayğıdır.
Tikintisi yaxın vaxtlarda başa çatdırılacaq,
ümumilikdə 627 mənzilə malik yaşayış
binaları da ömrünü hərb sənətinə həsr
edən gizir və zabitlərimiz üçün dövlətin növbəti hədiyyəsidir. 20
sentyabr 2010-cu il tarixdə ölkə
başçısının
imzaladığı növbəti Sərəncama əsasən,
Müdafiə Nazirliyi, o cümlədən, digər güc
strukturlarının dövlət büdcəsindən maliyyələşdirilən
qurumlarında çalışan hərbi qulluqçuların, xüsusi rütbəsi olan əməkdaşların
və dövlət
qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə
maaşları sentyabrın 1-dən orta hesabla 10 faiz
artırılmışdır ki, bu da hərbçilərimizin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
dövlət rəhbərliyinin həyata keçirdiyi növbəti
dəyərli tədbirlərdəndir, hansı ki, hərbi
qulluqçularımız bu Sərəncamı dövlətin
onlara göstərdiyi diqqət və qayğısı kimi dəyərləndirmiş,
böyük minnətdarlıq hissi ilə
qarşılayıblar.
Ümumiyyətlə,
ordu quruculuğu sahəsində
hazırda planlı şəkildə kompleks tədbirlər
həyata keçirilir. Başqa sözlə desək, bu gün Azərbaycanda təkcə
hərbiçilərin sosial vəziyyətinin, maddi rifah
halının yaxşılaşdırılması sahəsində
işlər aparılmır, eyni zamanda ordunun yüksək
döyüş hazırlığına yiyələnməsi
üçün kifayət qədər ciddi tədbirlər həyata
keçirilir. Məsələn,
2009-cu ilin sonuna Silahlı Qüvvələrin döyüş
hazırlığını artırmaq məqsədilə təxminən
1 milyard ABŞ dollarından
artıq dəyərdə modern silah və texnikanın hərbçilərimizin
ixtiyarına verilməsi dediklərimizə əyani
sübutdur. Bu il aprelin 23-də
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Müdafiə Nazirliyində keçirilən və ordu
quruculuğu məsələlərinə həsr olunmuş
müşavirədə müvafiq sahə ilə bağlı
görülən işlər haqqında ölkə ictimaiyyətinə
ətraflı məlumat verilmişdir. Məlum müşavirədə ordumuzun yüksək
döyüş hazırlığına malik olduğunu və hərbi
qulluqçularımızın ruh yüksəkliyini xüsusi
vurğulayan Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin öz müdafiə
qüdrətini daim artırmasını Azərbaycan
xalqının təbii haqqı kimi dəyərləndirmiş,
Azərbaycan ordusunu bütün cəhətlərdən Ermənistan
ordusundan daha güclü və peşəkar bir silahlı
qurum kimi xarakterizə etmişdir. Onu xüsusi
vurğulamışdır ki, Silahlı Qüvvələr
quruculuğuna aid xərclər bundan sonra da sistemli şəkildə
artırılacaqdır. Ölkə
başçısının məzmunlu və geniş nitqindən sonra Azərbaycan
Respublikasının Müdafiə naziri general-polkovnik Səfər
Əbiyev çıxış
edərək son illər ordumuzun əldə etdiyi
uğurlardan
danışmış,
ordunun döyüş qabiliyyətinin daha da
artırılması, əməliyyat işləri üzrə
hazırlığın gücləndirilməsi, idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı həyata
keçirilən tədbirlərdən, o cümlədən tədris
ilində birlik və birləşmələrin 70-dək
komanda-qərargah təlimlərindən ətraflı məlumat
vermişdir. Xüsusi qeyd etmişdir ki, bu təlimlərə
Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri
cəlb olunmuş və ən
müasir tələbələrə cavab verən simulyator və
kompyuter şəbəkələrindən fəal istifadə
olunmuşdur.
Bu il Silahlı
Qüvvələr günü ərəfəsində
iyunun 24-də keçirilən
Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin
və Daxili İşlər Nazirliyi Daxili
Qoşunlarının birləşmə və hissələrinin
irimiqyaslı birgə əməliyyat-taktiki təlimi yuxarıda deyilənlərin arxasında
konkret faktların dayandığını bir daha göstərdi.
Bu təlimi izləyən Ali Baş Komandan cənab İlham Əliyev birgə səylərlə doğma
torpaqlarımızın işğalçılardan təmizlənməsinin
əsas məqsəd olduğunu xüsusilə vurğuladı
və təlim zamanı
qarşıya qoyulan bütün vəzifələrin icra
edildiyini, Silahlı Qüvvələrimizin
yüksək peşəkarlıq nümayiş etdirdiyini
bildirdi.
Əlbəttə, əldə
olunan uğurlarda mühüm
rol oynayan ən əsas məsələlərdən biri də
Silahlı Qüvvələr quruculuğu ilə bağlı həyata
keçirilən tədbirlərdə fikir və əməl
birliyinin daim ön planda dayanmasıdır. Bu gün inamla deyə
bilərik ki, Müdafiə Nazirliyinin rəhbərliyi ölkə
başçısının qarşıya qoyduğu
bütün vəzifələri layiqincə yerinə yetirir,
yüksək döyüş hazırlığına nail
olmaqla dövlətin və xalqın etimadını doğruldur.
Orduya ayrılan maddi vəsaitin səmərəli xərclənməsi
də günün ən vacib tələbi kimi Müdafiə
Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində
dayanan əsas faktlardandır. Bu
sırada Azərbaycan ordusunun ən müasir və modern
silah-sursat və hərbi texnikalarla təmin olunmasına
xüsusi diqqət yetirilir. Məqsəd ordumuzu qısa zaman kəsiyində
dünyanın ən qabaqcıl və aparıcı güc
strukturuna çevirməkdir.
Təəssüf
ki, orduya aid xərclərin artırılması ilə
bağlı müzakirələrin başladığı
bütün dövrlərdə olduğu kimi bugünlərdə
də bir sıra müxalif
yönlü KİV-lərin vasitəsilə dövriyyəyə
həqiqətə uyğun gəlməyən bir sıra
yalançı informasiyalar buraxılır, bir növ
Silahlı Qüvvələrimizə qarşı qara piyar əməliyyatlarına
start verilir. Ötən həftənin mətbuatla bağlı
siması bunu bir daha təsdiq etdi. Bütün bunlar,
şübhə yoxdur ki,
dövlətlə xalqın
fikir və əməl birliyini sarsıtmaq, Azərbaycan
Respublikasının ən böyük güc strukturu
sayılan ordumuzu nüfuzdan salmaq məqsədi
daşıyır. Bir mərkəzdən tərtib olunan, o
cümlədən müxtəlif qeyri-peşəkar qəzetlərə
ötürülən və bu zaman
heç olmasa peşə
prinsipləri xatirinə mətni
belə azacıq da olsa redaktə olunmayan yazılara başqa
cür nə ad vermək olar. Taleyüklü məsələlərin
həllində Azərbaycan hökumətinin ciddi irəliləyişlərə
nail olduğu bir vaxtda bu
cür çirkin
kampaniyalara qoşulanlar
düşmən dəyirmanına su tökdüklərini bilməlidirlər.
Bütün bunlarla
bərabər, dövlətin ordu ilə bağlı siyasəti
ən yaxın gələcəkdə Silahlı Qüvvələrimizin
daha böyük uğurlara imza atacağından xəbər
verir. Nazirlər Kabinetinin oktyabrın 20-də keçirilən
iclasında ölkə Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev bir daha ordu
quruculuğu məsələsinə toxunaraq gələn il
üçün hərbi xərclərin 2 milyard 500 milyon manat
səviyyəsində olacağını, bununla da, müvafiq
sahəyə 3 milyard dollardan çox vəsait
ayrılacağını bildirərək demişdir: “ Ermənistandan
fərqli olaraq, iqtisadiyyatımızı, ordumuzu Azərbaycan
xalqının iradəsi və zəhməti hesabına
qururuq. Xalqımızın zəhməti hesabına
qazanılmış gəlirlər
Azərbaycan üçün ən vacib olan ordu quruculuğu
sahəsinə yönəldilir. Biz gələcəkdə də
bu işləri davam etdirəcəyik.” Azərbaycan Prezidentinin
fikirlərini böyük ruh yüksəkliyi ilə
qarşılayan ordu mənsubları
öz üzərlərinə düşən vəzifələri
dərindən dərk edir, onlara göstərilən inam və
etimadı doğrultmağa çalışırlar. Bu,
onların dövlət və xalq qarşısında ən
böyük məsuliyyətidir.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Paritet.- 2010.-26-27
oktyabr.- S. 9.