Qadın rəssamların rənglər dünyası

 

Qadın rəssamın istifadə etdiyi rəng, onun daxili aləmini ifadə edir

 

 Rəssamların çoxunda, əsasən də qadın rəssamların əsərlərində  fərqliyi, duyğuların və rənglərin qovşağını, harmoniyasını  görmək olur.  Qadın rəssamların rənglərlə dolu dünyasında sirlərdən  xəbərdar olmaq üçün onların bir neçəsi ilə həmsöhbət olduq. İlk həmsöhbətim gənc və istedadlı rəssam    Vasilisa Abayeva ilə tanışlığımıza səbəb “Azərbaycan gənc rəssamları” kitabında yer almış əsərləri olub. 21 yaşlı V.Abayevanın müxtəlif tablo və rəsmləri sözügedən kitabda yer alıb.  Bir müddət əvvəl “Abşeron” qalereyasında gənc rəssamın 58 rəngkarlıq, qrafika əsərləri və bədii tikmələrinin  yer aldığı fərdi sərgisidə maraqla qarşılanıb.

Rəssamın əsərlərindəki qeyri-adilik  və ecazkarlıq onun çay daşları üzərində yağlı boya ilə çəkilmiş olduqca zərif miniatür rəsmləridir.

Dediyinə görə, intensiv olaraq yaradıcılıq axtarışlarındadır, həm özünəməxsus dəst-xəttini təkmilləşdirir,həm də müasir və klassik dünya sənətkarlarından öyrənir:”Yaradıcılığımda daim yeniliklər etməyə çalışıram. Əsas iki  cəhətə  diqqət yetirirəm. Bunlar mövzu, kompozisiyanın həlli müxtəlifliyi və dekorativ çalarlardı. Lakin bu müxtəlifliyi heç də üslub müxtəlifliyi kimi qəbul etmək lazım deyil. Sadəcə mən  mövzuları təkrarlamağı sevmirəm . Və çalışıram ki, çəkdiyim hər bir tablo hekayətə çevrilib,insanlara nəsə deyə bilsin”.

Bu gənc rəssam özünün dediyi kimiGecikmiş görüş”, “Rahib”, “Ayrılıqtablolarıyla kiçik hekayələr yaratmağa nail olub.Bu da ondan irəli gəlir ki,  uşaqlıqdan nağıl, hekayə yazıb, sonra da ona illüstrasiya çəkərmiş:”Fırça ilə “Təhkiyə qabiliyyətim də bax beləcə yaranıb. Bu təhkiyəyə mən rəssam olaraq ən müxtəlif texniki fəndləri tətbiq etmişəm. Tablolardakı dekorativ çalarları isə (“Madonna”,”Qaraçı qız”, “Sədr”) göstərmişəm. Mənim tətbiqi incəsənətə xüsusi marağım var. Eyni zamanda, bədii tikmələr və çay daşları üzərində miniatür rəsmləridə işləməyi çox sevirəm”.

Vasilisanın rəssamlığa gənc yaşında bu qədər maraq göstərməsi  artıq istənilən janrda uğurlu kompozisiyalar qurmağı bacardığından xəbər veririr. Onun fırçasından gözəl mənzərələrdə çıxır. Belə ki,  ”Bağ evləri”, “Yaşıl lərələr”,portretlər”Marina”,”Anastasiya”,”Yananın portreti”,”İlham pərisi”çıxır. Rəssamın xarakterində də, yaradıcılığında da yaşına uyğun olmayan bir ciddilik vardır.Bu ciddilikdə dini mövzulara olan marağın da payı var (“Rahib”, “Madonna”, “Məbədə araran yol”) ,dünyanı, həqiqətləri dərk etmək istəyindədir (“Əbədi gözəllik”,”Tənhalıq”,”Ayrılıq”)”.

Bir gənc qız olaraq rəssamlıqla məşğul olmaqdan zövq aldığını deyən həmsöhbətim bildirdi ki, qadınlar hər zaman rəngarəngliyi, gözəlliyi sevir: “Çox xoşbəxtəm ki, bir qadın olaraq  rənglər vasitəsiylə gözəllik yaradıram və bir neçə insanda da olsa əsərlərimlə xoş ab-hava yardıram”.

Gənc rəssam onu da qeyd etdi ki, sənətdə bu gün  uğurlarının olmasına  baxmayaraq, gələcək taleyi üçün çox narahatdır. İnanırıq ki, gələcəkdə yüksək yaradıcı potensiala malik olan rəssam əsl yaradıcı səadətə yetişəcəkdir.

 

Rəssamlıqdan-rənglərdən  elmə gedən yol...

 

İkinci həmsöhbətim artıq özü demiş gəncliyini, belə desək həyatının bir hissəsini   rəssamlığa həsr etmiş   Iradə Avşardır. O,  Lənkəranda anadan olub. Amma həyata baxışı, sənətə marağı ailələrində və sonralar yaşadıqları Sumqayıtda formalaşıb:” Mən incəsənətin əsas növlərindən olan rəssamlığa kənarda yox, elə evdə yiyələnmişəm. Sənətin ilk sirlərini bu gün artıq həyatda olmayan bacım  Laləzər mənə öyrədib.  Sənətin daha incəliklərini isə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində  Kamil Ramazanov və Əyyub Hüseynovdan, daha sonra isə Azərbaycan Pedaqoji Universitetinin Bədii Qrafika fakültəsində Qəyyur Yunus, Fikrət Haşımov və Firdovsi Atayevdən öyrənmişəm”. İradə xanım bildirdi ki,  hər bir yaradıcının içindəki “mən” in aşkarlanması və düzgün istiqamətləndirilməsi  həm də müəllim öydünün necəliyindən keçir.  O, qeyd etdi ki, onun da yaradıcılığının formalaşıb püxtələşməsində müəllimlərinin rolu var: ”90-cı illər  yaradıcılığıma  nəzər salsanız, dediklərimi  orda görə bilərsiniz. Əsas axtarışlarla  dolu olan elə bu mərhələdə mənim  rənglərə, bir qədər də sadə dillə desək, rəngliliyə meyilliliyim duyulur. Bu meyllilik əsasən mənim rəngləri mənalandırmaq,  məna-məzmunu ifadə etmək imkanlarımdan  irəli gəlir”. İ. Avşarın “Abşeron şəhəri”,  “Günorta” “Payız meyvələri”, “Meyvə ilə natürmort “”Abşeron”, “İki qadın”, “Çətirli qız”, “Sarı gəlin”, “Dalğalara”,  “Qızılgül” və s . əsərlərində də rənglərdən ustalıqla istifadə etdiyini görmək olur.

İ. Avşar rəssamlıqla yanaşı, elmi fəaliyyətlə də məşğul olur.  Belə ki, 1983-cü ildə ali məktəb diplomu alandan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda  rəssam vəzifəsində  işləməyə qərar verib:” Alimlərin müxətlif qazıntılar zamanı üzə çıxartdıqları  nadir maddi-mədəniyyət nümunələri əgər  əvvəllər mənim  üçün mexaniki təsvir  obyekti idisə, yavaş-yavaş həm də elmi araşdırma mahiyyəti daşımağa başladı”. Qeyd edək ki,  bir neçə illik ciddi tədqiqatının nəticəsində o,  “Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının bədii tunc məmulatı (e.ə XIV-VII əsrlər)” mövzusunda dissertasiya işi yazıb  və onu 2005-ci ildə müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb:” Əldə etdiyim elmi nəticələri arxeologiya tarixini tədris etdiyim Bakı Dövlət Universitetinin tarix fakültəsinin  tələbələriylə bölüşürəm. Bu, mənə rəssamlıq duyğularımı  təkrar-təkrar qanadlandırmağa mane olmur”. Əsərlərim  müxtəlif ölkələrdə vaxtaşırı təşkil olunan  sərgilərdə uğurla nümayiş olunur. Bu vaxta kimi müxtəlif mövzuda əsərlərim ABŞ, Norveç, Türkiyə, Fransa, Avstriya, BƏƏ və digər ölkələrdə göstərilib. Qazandığı uğurlar sənət axtarışlarının  özünəməxsus və başqalarından fərqləndiyini göstərir.

Qadının rəssamlıq sənəti ilə məşğul olmasını özünəməxsus bir şəkildə izah edən həmsöhbətim qeyd etdi ki, hər bir qadının daxilində göy qurşağı kimi, rənglərin qovşağı var:” Hər bir qadın ixtisasından asılı olmayaraq həm işində və həm də həyatında  bu rəngli dünyasının şux parlaq rənglərindən istifadə edərək gözəllik yaratmağa çalışır. Mən də bir qadın olaraq daim həyatda, gördüklərimə, eşitdiklərimə rəng verərək ümumiləşdirib,  kətana köçürürəm. Belə deyərdim ki, hər bir qadın rəssamın istifadə etdiyi  rəng onun,  daxili aləmini ifadə edir.”

Məlumat üçün bildirək ki,  İradə Avşar 1975-ci ildə Ə.Əzimzadə adına  Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1983-cü ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu  bitirib. 1997-ci ildən Respublika və Beynəlxalq miqyaslı sərgilərdə iştirak etməyə başlayıb. 2001-ci ildə İstanbulda  ”Enka Renessans” və “Fəruk” qalereyasında sərgisi açılıb. Onun əsərləri Dövlət Rəssamlıq Qalereyasında  və şəxsi kolleksiyalarda saxlanılır.

 

Rəsmləri ilə ürəyindəki duyğuları göstərən gənc rəssam

 

Gənc bakılı rəssam Nərmin Quluzadə isə  Mone və Qogen yaradıcılığının pərəstişkarıdır:” Azərbaycnlı ustadlardan isə  Böyükağa Mirzəzadə və Sakit Məmmədova pərəstiş edirəm. Mən gənc rəssam olaraq Sakit Məmmədovun rəhbərliyi altında bacarığımı təkminləşdirmək arzusundayam. Amma avtoritetlərə olan dərin ehtiramım mənə incəsənətdə öz yolum ilə getməkdə mane olmur.  Qeyd edim ki, təsviri incəsənət studiyasında məşğul ola-ola böyümüşəm”.Nərminin dediyinə görə sənətdə şəxsi yolunun prioritetlərini özü üçün müəyyənləşdirib:”Onlardan ən birincisi abstrakt incəsənət olub. Studiyalarda çalışdığım bu illər ərzində gənc rəssam  olaraq sevimli materiallarımı və  sevimli janrlarımı da müəyyənləşdirmişəm”.

Sonda isə Gənc rəssam Nərmin Quluzadə bir müddət əvvəl keçirilmiş ilk fərdi sərgisi ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:”Mən çox sevinirəm ki,  bu yaşda mənə sərgi keçirtmək, ürəyimdən gələn duyğuları rəsmlərimdə nümayiş etdirmək nəsib olub. Həm də fərəhləndirici hallardan biri də, mənim sərgimdə respublikanın görkəmli şəxslərinin iştirak etməsi olub, bu da hər gənc rəssama qismət olmur”.

 

 

GÜNAY

 

Paritet.- 2010.- 26-27 oktyabr.- S. 12.