Bakının yaşıl muzeyi
Mərdəkan dendrarisi növlərin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyaları
səviyyəsindədir
Ölkəmizdə zəngin flora növlərinin
qorunub saxlandığı, bitkilərlə bağlı
elmi-tədqiqat işlərinin aparıldığı
yaşıllıq mərkəzlərindən biri də Azərbaycan
Milli Elmlər Akademiyasının Mərdəkan dendrarisidir. Məlumat üçün bildirək ki, dendrarinin
yerləşdiyi ərazi 1895-1920-ci illərdə neft
milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub.
Ümumi sahəsi 24 hektar olan bağ Abşeron yarımadasının
səfalı guşələrinin birində, yarımadanın
şimal-şərq hissəsində, Mərdəkan qəsəbəsində
yerləşir. Dendrari dəniz səviyyəsindən
8,2 m hündürlükdə olub, illik orta
temperatur təxminən 13- 150
C-yə bərabərdir. Qış aylarında
temperatur 8-140 C, yayda isə 35-400 C-yə çatır. Havanın illik
nisbi rütubəti 76-82 faizdir, lakin quraq yay günlərində
rütübətlilik 35-40 faizədək aşağı
düşür. Mərdəkanda illik yağıntının
miqdarı 170-270
mm-dir. Mərdəkan dendrarisinin
bitki kolleksiyaları özünəməxsus landşaft ansamblı
olub, park dizaynının ən yaxşı nümunələrindən
istifadə edilərək şərq və qərb park memarlığı ənənələri
ilə tərtib edilib. Zəngin bitki
kolleksiyaları, elmi faliyyətin nəticələri,
çoxsaylı kitablar Mərdəkan dendrarisinə beynəlxalq
şöhrət qazandırıb.
Qeyd edək
ki, bağ öz təbii, coğrafi xüsusiyyətlərinə
görə Afrika, Asiya, Avropa və Amerikanın iqlim
zolanalarına oxşardır. Məhz buna görə də 1926-45-ci illərdə
görkəmli rus botaniki, akademik N.Y.Vavilov bağın iqlim,
torpaq, əkin üçün yararlı xüsusiyyətlərini
nəzərə alaraq burada Ümumittifaq Təcrübi Botanika
və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya
filialını təşkil edib.
N.Y.Vavilov, A.D.Strebkova, N.D.Kosteçkiy,
P.A.Sutov, Y.A.Yiqareviç, S.D.Ələkbərov kimi görkəmli
alimlər tərəfindən dendraridə yeni növlərin
introduksiyası istiqamətində elmi tədqiqat işlərinin
aparılması respublikamızda subtropik bitkiçiliyin
inkişafına səbəb olub. Dünyanın
müxtəlif guşələrindən 1500 növə
yaxın müxtəlif bitki toxumlarının nümunələri
gətirilib. Bunlardan 400 növə qədər
dekorativ ağac və kol, 100 növdən artıq subtropik meyvə
bitkilərinin Abşeron şəraitində seçilib becərilməsi,
rayonlaşdırılması və iqlimləşdirilməsi
sahəsində geniş işlər aparılıb.
1945-1965-ci illərdə bağ
Bağçılıq, Üzümçülük və
Subtropik Bitkilər İnstitutunun təcrübə bazası
kimi fəaliyyət göstərib. Bu dövrlərdə
bağda 700 növə yaxın subtropik ağac və kol
bitkisi introduksiya edilib. Arizona sərvi, İtaliya və Hələb
şamları, dəfnə, İspan nazı və digər
qiymətli, prespektivli ağac, kol bitkilərinin, gül sortlarının,
efiryağlı, dərman bitkilərinin növ, forma,
sortlarının kolleksiyalarının qorunub
artırılmasına xüsusi diqqət yetirilib.
1966-cı ildə bağ Azərbaycan Milli
Elmlər Akademiyasının Nəbatat İnstitutuna verilib və
burada qiymətli, texniki, dekorativ, subtropik, efiryağlı və
digər bitkilərin introduksiyasını, yerli şəraitdə
iqlimləşdirilməsini öyrənmək məqsədilə
Mərdəkan Dendrarisi yaradılıb.
1966-1988-ci illərdə
Mərdəkan dendrarisinə biologiya elmləri namizədi
R.M.Abbasov rəhbərlik edib. Bu müddət ərzində laboratoriyalar
tərəfindən bağda 420 növ, forma və sorta
yaxın ağac və kol bitkisi, 100-dən çox
efiryağlı texniki və dərman bitkisi, 100-ə qədər
otaq, istixana və bəzək gülü, respublika
florasına aid 50-yə qədər cır halda bitən bitki
nümunələrinin öyrənilib. Biologiya elimləri doktoru Z.Ə.Novruzova,
biologiya elimləri namizədləri F.M.Məmmədov,
A.M.Sadıqov, Y.U. Kərimov, A.Ş.Şıxıyev,
M.İ.Ağamirova, L.Q.Əliyeva və başqalarının
apardıqları elmi-tədqiqat işlərinin nəticələri
bu gün də şəhər yaşıllaşdırılmasında
geniş istifadə edilir.
1988-93-cü illərdə respublikada
baş vermiş məlum hadisələr Mərdəkan
dendrarisində də özünü göstərib ki, nəticədə
bir çox növlər məhv olub, tikililər
dağılıb.1996-cı ildən Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyətinin və Biologiya
Elmləri Bölməsinin təşəbbüsü ilə Mərdəkan
Dendrarisi Biologiya Elmləri Bölməsinə tabe edilib, ona
hüquqi status verilib. Son on il ərzində bağda yenidənqurma,
abadlaşdırma, tikinti işləri aparılıb, növ zənginliyini
bərpa etmək məqsədilə dünyanın müxtəlif
ölkələrindən 700-ə yaxın yeni bitki
növü gətirilib, bioekoloji xysusiyyətləri öyrənilib
və kolleksiyalara daxil edilib.
Dendrarinin zəngin bitki örtüyü
Nəzərə
çatdıraq ki, landşaft parkı əsasında
salınmış dendrarini landşaft
memarlığının nümunəsi kimi milli sərvət
hesab etmək olar. Buradakı bitki nümunələri bağın ən
böyük ekspozisiyasıdır. Dendrarinin
əsas sərvəti təxminən 1800 növədək
ağac, kol, və liana kolleksiyalarından ibarətdir. Mərdəkan dendrarisi növlərin ümumi
miqdarına və yaş tərkibinə görə ən
yaxşı dünya kolleksiyaları səviyyəsindədir.
Dendrarinin mərkəzi xiyabanının hər
iki tərəfində əkilmiş sərv, ardıc, şam,
tuya və s. kolleksiyalar öz zənginliyi ilə fərqlənir.
Müxtəlif dekorativ bitki növlərinin
çiçəkləmə dövründə bağ daha da
gözəl görünür. Təbii
növlər və formalarla yanaşı dendraridə müxtəlif
çətri formalı bitkilər də var. Antropogen təsir
nəticəsində nəsli kəsilməkdə olan nadir
endemik bitkilərə bağda xüsusi sahə ayrılıb.
“Azərbaycanın Qırmızı Kitabı”na
salınmış 141 növ ağac bitkilərindən
dendraridə 69 növ var.
Qeyd edək
ki, bağın mərkəzi xiyabanının sağ və
sol tərəfində təbii bitkilərin ekspozisiyaları
yerləşir. Dendrarinin 18
hektar sahəsində səkkiz
botaniki-coğrafı ekspozisiya: “Şərqi Asiya
florası”, “Orta Asiya florası”, “Şimali Amerika florası”,
“Cənubi Amerika florası”, “Aralıq dənizyanı ölkələrinin
florası”, “Avstraliya və Yeni Zelandiya florası”, “Afrika florası” və “Qafqaz florası”
ekspozisiyaları yaradılıb.
Ekspozisiyalarda
subtropik, tropik mənşəli, müxtəlif tipli meşə,
çəmən, çöl və səhra bitki
nümünələri nümayiş etdirilir. Burada introduksiya olunan 1800 növdən təxminən
69-u nadir və nəsli kəsilməkdə olan bitki növüdür. Su hovuzların ətrafında 25 növ, rütubətsevən
230 növ bitki qruplaşıb. Sahələrdə
yaradılmış alpinariyalarda müxtəlif regionlardan olan
bitki qrupları yerləşdirilib. Təbii
floranın bitki ekspozisiyaları zəngin növ müxtəlifliyinə
malikdir. Aralıq dənizyanı ölkələrdən
255 növ, Avstraliya və Yeni Zelandiya florasından 105 növ,
Qafqaz florasından 420 növ, Şərqi Asiya florasından
170 növ, Şimali və Cənubi Amerikadan 180 növ, Orta Asiya florasından isə
109 növdən çox ağac və kol bitkiləri əkilib.
Bağda
geniş çeşiddə əkilmiş gül-bəzək
bitkiləri bura gələnlərin zövqünü
oxşayır. Burada
dünya florasından gətirilmiş 380 növ, o cümlədən
22 növ və 300 sort qızılgül, 9 növ və 35 sort nərgiz, 25 növ və 42
sort zanbaq, 6 növ və 12 sort süsən və s. müxtəlif
gül-bəzək kolleksiyaları da toplanıb. Geniş
yayılmayan 75 növ və 162 sort çoxillik bitki, 28 növ
və 56 sort kaktus, eləcə
də digər bitki kolleksiyaları var. Kolleksiya fondunun fərqləndirici
xüsusiyyətləri buradakı subtropik zonaya xas müxtəlif
bəzək növləridir, təkcə lalələrdən ibarət zəngin
kolleksiyada təxminən 15
növ və 26 sort var.
Bağdakı
mədəni bitkilər isə 12 ekspozisiyada nümayiş
etdirilir. Burada təxminən
600 növ və 760 sort var.
Ekspozisiyalarda kənd təsərrüfatı bitkilərinin təkamülü,
mənşəyi və introduksiya nəticələri təsvir
olunur. Onların üzərində bitkilərin yabanı əcdadlarından
və ilk az məhsullu formalarından
müasir yüksək məhsuldar sortlarına qədər dəyişmələrini
izləmək olar. Bir çox
ekspozisiyalarının əsas xüsusiyyəti burada
çoxlu miqdarda növ və sortların olmasıdır.
Mərdəkan dendrarisində ən iri nar kolleksiyası –18
növ və 400 sort, meyvə ağaclarının
kolleksiyası – 128 növ, giləmeyvəlilər – 60 növ,
130 sort saxlanılır. Efiryağlı bitkilərin
kolleksiyası 420 növdən ibarətdir. Dərman bitkilərinin kolleksiyasında 370 növ
var. Onlar elmi və xalq təbabətində istifadə edilir.
Meyvə bitkilərinin yabanı növlərinin kolleksiyası
isə 62 növ və formadan ibarətdir.
Bundan əlavə
dendraridə fond oranjereyası da mövcuddur. 1998-ci ildə
yaradılmış oranjereya tropik və subtropik bitkilərin
canlı muzeyidir. Burada elmi işçilərin
və səyəhətçilərin köməkliyi ilə əhali
arasında bioloji biliklərin və təbiətin mühafizəsi
təbliğatı aparılır. Oranjereyada subtropik və
tropik bitkilərin bioloji müxtəlifliyi və onlardan sənayedə
istifadəsi elm əsaslarla öyrənilir. Oranjereyada olan
canlı kolleksiyalar dünyanın müxtəlif bağları
ilə qarışılıqlı əməkdaşlıq nəticəsində
zənginləşdirilib. Hazırda təxminən 900 kv m sahədə yerləşən 270 növdən
çox istisevən bitkilərin mədəni formaları
böyük elmi və estetik əhəmiyyətə malikdir. Su və sahilyanı bitkilərin ekspozisiyası Fond
oranjereyasını daha da zənginləşdirib. Nəsli kəsilməkdə olan bitkilər təkçə
dendrari üçün deyil, respublika əhəmiyyətlidir.
Bu kolleksiyalarda 100 növ bitki Beynəlxalq
Qırmızı Kitaba salınıb. Oranjereyada və
açıq şəraitdə müxtəlif formalı bonsay
kolleksiyası ilə tanış olmaq olar.
Mərdəkan dendrarisində təbii halda
çoxlu bonsay bitkisi var. Bonsay – sərhədsiz
yaradıcılıq imkanlarının incəsənətidir.
Miniatür ağacların yetişdirilməsi
bitkilərin bioloji xüsusiyyətləri haqda biliklərin
artırılmasına və Şərq ölkələrinin
mədəni ənənələrinin öyrənilməsinə
səbəb olur.
Bu günədək dendrariyə mərkəzi su xətti
çəkilməyib
Qeyd edək
ki, dendraridə növ zənginliyinin artırılması
istiqamətində aparılan tədqiqat işlərində
bitkilərin suya olan tələbatını təmin etmək
məqsədilə 50-70 m dərinlikdə olan yeraltı su
yataqlarından istifadə edilir. Su məngənələr vasitəsilə çıxarılır. Hazırda bağda 17 belə yeraltı su quyusu var
(Dendrariyə bu günədək əkin üçün
yararlı mərkəzi su xətti çəkilməyib).
Buradan çıxarılan su dendraridə müxtəlif ərazilərdə
yerləşən 8 ədəd su hovuzuna
yığılır. Həmin hovuzlardan isə
bağın suvarılması üçün istifadə
edilir. Lakin bu suyun tərkibində yodluq və
qələvilik normadan artıq olduğundan, ona şirin su əlavə
etmədən 1-3 illik bitkiləri suvarmaq mümkün deyil.
Başqa bir
problemsə Mərdəkan dendrarisinin torpaq qatının əkin
üçün yararlı olmaması və 20-40 sm dərinlikdə
əhəngli qayalıqlarla əhatə olunmasıdır. Hələ o dövrdə
bağın sahibi M.Muxtarov bağa əkin üçün
yararlı olan torpaq ortüyünü Lənkəran
zonasından gətirib. Göründüyü
kimi dendraridə yaradılmış bu süni ekosistemdə
laboratoriyalar tərəfindən aparılan tədqiqat işləri
Abşeronun mühit amillərindən bir çox ekoloji
problemlərin həllində hərtərəfli rol
oynayır.
Bağda su hovuzları ilə yanaşı 6 süni
şəlalə də inşa edilib ki, bu da bağın
ümumi kompozisiyasında çox gözəl
görünür. Dendrarinin tarixini əks etdirən, hələ
də inşası hansı əsrə aid olduğu məlum
olmayan 4 ədəd yeraltı su kəhrizi təkcə dendrari
üçün deyil, həmçinin respublikamız
üçün tarixi abidədir. Onu da deyək
ki, bu yeraltı su kəhrizləri çoxlu keçid və
mağaralarla zəngindir. Quyuların
diametri 8-13 m olub, 36 m dərinlikdədir. Mağaralara səyahət
edərkən özünü nağıllar aləmində
hiss edirsən. Hələ də bu günədək
bu yolların hara qədər uzandığı məlum deyil.
Dendraridə konfrans zalı və qonaq evi tikilib
Mərdəkan dendrarisinin direktor müavini
Zümrüd Məmmədovanın sözlərinə görə,
hazırda Mərdəkan dendrarisi respublikamızda təbii və
mədəni flora genofondunun bərpasında, dünya bitki
ehtiyatlarından səmərəli istifadədə, eləcə
də uyğunlaşdırılma və introduksiya istiqamətində
geniş tədqiqat işləri aparır. Burada flora ilə
yanaşı nəsli kəsilməkdə olan faunanın bir çox növlərinin
adaptasiya imkanlarının öyrənilməsi istiqamətində
reabilitasiya mərkəzi açılıb. Dendraridə
müasir dövrün tələblərinə uyğun 4
laboratoriya və 2 qrup fəaliyyət göstərir. Bundan əlavə 2003-cü ildən Azərbaycan
Dövlət Televiziyasının “Bağçılıq”
verilişi məhz Mərdəkan dendrarisinin elmi əməkdaşları
tərəfindən aparılır. Hazırda Mərdəkan
dendrarisində 169 əməkdaş,
o cümlədən 5 elmlər doktoru, 23 elmlər namizədi,
64 elmi işçinin çalışdığını
deyən direktor müavini bağda aparılan tikinti quruculuq
işləri barədə də məlumat verib. Bildirib ki, dendraridə dünya səviyyəsində
Azərbaycan Milli Elmlər Akademiyasının konfrans zalı və
40 yerlik qonaq evi yaradılıb.
Sonda onu da nəzərinizə
çatdıraq ki, Mərdəkan dendrarisində İ.N.
Vavilov muzeyi fəaliyyət göstərir. Burada Vavilovun müxtəlif
ölkələrdəki fəaliyyəti, subtropik, tropik mənşəli
nümunələr, qiymətli ağacların oduncaqları,
meyvə və toxumların kolleksiyaları nümayiş
etdirilir.
B.CAHANDAROV
Paritet.- 2010.- 28-29 oktyabr.- S. 13.