Rumıniyada Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilib

 

Buxarestdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Rumıniyadakı Səfirliyinin və Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolumövzusunda beynəlxalq konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunması: “Çağırışlar, siyasətlər və gələcək öhdəliklər”, “Avropa bazarlarına enerji resurslarının daşınmasında əsas iştirakçı və vasitəçilərin rolunun yenidən araşdırılması”, “Avropanın enerji təhlükəsizliyinin və təchizatının təmin olunmasında Azərbaycan etimadlı və strateji tərəfdaş kimi”, “Qloballaşma dövründə Qara Dəniz və Xəzər Dənizi regionlarında əməkdaşlıq. Milli perspektivlərmövzularında müzakirələr aparılıb. Konfransda Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi, Enerji təhlükəsizliyi məsələləri ilə bağlı xüsusi tapşırıqlar üzrə səfir, Rumıniyanın digər yüksək səviyyəli rəsmiləri, 32 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, Qara Dəniz-Xəzər Dənizi Əməkdaşlığı və Tərəfdaşlığı üzrə Beynəlxalq Fondun rəhbərliyi, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin direktor müavini, Münaqişələrin qarşısının alınması və erkən məlumatlandırma Mərkəzinin direktoru və başqaları çıxış ediblər.

 Çıxışlarda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın geostrateji mövqeyi, ölkənin enerji və infrastruktur şəbəkəsinə çevrilməsi, Azərbaycanda son texnologiyaya əsaslanan müasir infrastrukturun yaradılması, Azərbaycanın təsdiq olunmuş və potensial enerji ehtiyatları barədə ətraflı məlumat verilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisirzurum qaz kəməri, “Nabukko”, İTGİ, AGRİ layihələrinin əhəmiyyəti və onların gerçəkləşdirilməsində Azərbaycanın rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.   Regionda mövcud olan münaqişələr, o cümlədən   Dağlıq Qarabağ münaqişəsinin mövcudluğunun Avropanın gələcək sabit enerji təchizatı və təhlükəsizliyi üçün real təhlükə olması xüsusilə qeyd edilib. Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Y.Fota Qara dəniz və Xəzər dənizi regionlarının inteqrasiyası üçün böyük potensialın olduğunu, bu potensialın reallaşdırılması üçün birgə maraqlara xidmət edən layihələrin gerçəkləşdirilməsinin zəruriliyini diqqətə çatdıraraq, AGRİ layihəsini bu istiqamətdə atılmış mühüm addım kimi qiymətləndirib. İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyinin dövlət katibi K.Borbeli enerji təhlükəsizliyinin mühüm siyasi səciyyə daşıyan ciddi məsələ olduğunu, Rumıniyanın qonşu ölkələrlə enerji bağlantılarını artırmaq və yeni enerji layihələrində iştirak etməklə öz enerji təhlükəsizliyini gücləndirdiyini bəyan edib. O, AGRİ layihəsinin Rumıniyanın enerji təchizat mənbələrinin şaxələndirilməsinə böyük töhfə verəcəyinə əminliyini bildirib.  Nabukkobeynəlxalq qaz kəməri layihəsi GmBH-nin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri D.Abaciyev deyib ki,  Nabukko  Avropa İttifaqında Cənub dəhlizi boyunca yeganə səmərəli layihə hesab olunmasa da, indiki şəraitdə Avropa İttifaqı üçün ən prioritet layihədir. 2011-ci ildə layihənin gerçəkləşməsi istiqamətində “Nabukko” ölkələrinin dövlət başçılarının görüşləri keçiriləcək. O əlavə edib ki, Avropa İttifaqı fondlarından layihə üçün 200 milyon avronun ayrılması irəliyə atılmış ilk addımlardan biridir. İraq və Gürcüstan üzərindən olan bağlantılar istisna olunmaqlaNabukkoya digər təchizatçı ölkələrin cəlb edilməsi gözlənilmir. Macarıstanın Rumıniyadakı səfiri Oskar Lazslo Füzes isə öz çıxışında vurğrlayıb ki, Avropa İttifaqının 2011-ci ilin ilk yarındakı sədri kimi Macarıstan bir sıra siyasi, iqtisadi-sosial sahələrdə islahatlar aparacaq.Macarıstan Azərbaycanı əlverişli tərəfdaş hesab edir. Bu, Azərbaycanın tutduğu geostrateji mövqeyi və ya zəngin enerji resurslarına malik olması ilə əlaqələndirilməməlidir. Azərbaycan dialoqa və əməkdaşlığa açıq ölkədir, bu isə öz növbəsində Avropa İttifaqının Azərbaycana olan etimadını artırırdeyə səfir bildirib. Bolqarıstanın bu ölkədəki səfiri Valentin Radomirski deyib ki, Avropa İttifaqının vahid enerji siyasətinin hazırlanması, yeni strategiyaların müəyyənləşməsi Aİ üzv ölkələrinin müvafiq sahədə əməkdaşlıq mexanizmlərinin qurulmasına təkan verəcək:  “Əminəm ki, Azərbaycanın Bolqarıstan, Rumıniya və tranzit ölkələrlə apardığı fəal əməkdaşlıq Aİ-nin vahid enerji siyasətində xüsusi ilə nəzərə alınacaqdır”.

Qeyd edək ki,  Rumıniya Prezidenti Administrasiyasında Prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın Azərbaycan Respublikasının Rumıniyadakı səfiri Eldar Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri S.Hümbətov,  Prezident yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini E.Nəsirov və mərkəzin tədqiqatçısı A.Əsgərzadə ilə görüşü olub. Görüşdə iki strateji tərəfdaş ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin hazırkı inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparılıb, keçirilmiş beynəlxalq konfransın əhəmiyyəti qeyd olunub. 

 

 

G. ƏSƏDOVA

 

Paritet.- 2010.- 28-29 oktyabr.- S. 13.