Oğlanqala gələcəkdə
beynəlxalq turizm marşrutuna daxil ediləcək
Qazıntıların yekunu olaraq ABŞ da Oğlanqala
haqqında kitabların, albomların və s. nəşri nəzərdə
tutulur
Azərbaycan dünyanın ən qədim insan
məskənlərindən biridir. Dünyanın ən
qədim xalqlarından
olan Azərbaycan xalqı
özünün tarixi,
maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Zaman uzaq
keçmişlərin bir çox arxeoloji və
memarlıq abidələrini bizim
üçün qoruyub saxlayıb. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar
qalmış xalça naxışları ölkənin qədim tarixə
malik olmasından xəbər verir. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı
ilk sakinlərin məskunlaşmasına aid
zəngin maddi-mədəniyyət nümunələri aşkar olunub
ki, bu da respublika ərazisinin insanın formalaşdığı
məskənlər siyahısına daxil
olmasına zəmin yaradıb. Azərbaycan ərazisi dünyanın ən qədim insan
məskənlərindən biri
olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Bu yaxınlarda Naxçıvan Muxtar
Respublikası Şərur rayonunun Oğlanqala kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı ölkəmizin tarixi
ilə bağlı dəyərli maddi mədəniyyət nümunələri aşkar olunub.
Bununla bağlı olaraq AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
“Nəşrlər və
elmi əlaqələr” sektorunun müdiri, ABŞ-Azərbaycan Arxeoloji Ekspedisiyasının üzvü, tarix elmləri namizədi Səfər Aşurovla həmsöhbət olduq.
-Oğlanqalada tapılan maddi mədəniyyət nümunələri nələrdən ibarətdir və
onlar hansı
tarixi dövrə aiddir?
-Oğlanqala kəndi ərazisində yerləşən eyni
adlı abidə hələ ötən əsrin 30-cu illərində Ə.Ələkbərov tərəfindən qeydə
alınıb. Xarakterinə
görə siklop tikililər siyahısına daxil edilir. Ümumiyyətlə, tikinti xüsusiyyətlərini və
tikinti zamanı
istifadə olunan
daşların böyüklüyünü nəzərə alsaq demək olar ki,
Oğlanqalanın analoqu
yoxdur. Abidə Arpaçayın sağ
sahilində yerli
əhali tərəfindən Qaratəpə adlandırılan dağın
üzərində yerləşir.
Dağın özü qara mərmər bloklardan ibarətdir. Dağın
şərq tərəfi sıldırım qayalıqdan ibarətdir və buradan qalaya qalxmaq
mümkün deyil. Digər tərəflərdən isə
qala divarları
və bürclərlə möhkəmləndirilib. Bir-birinə birləşdirilmiş
iki yarımdairədən ibarət iki
bürc şimal və
cənubdan qalaya çıxışların önünü kəsir. Dağın
yamacları terraslardan ibarətdir və
yaşayış evlərinin qalıqları məhz bu terraslar
üzərində yerləşir.
Oğlanqalada ilk
tədqiqatlar 1988-1989-cu illərdə V.B.Baxşəliyev tərəfindən qalanın mərkəzi hissəsində-Narınqala adlandırılan hissədə aparılıb. Tədqiqatlar nəticəsində bu sahədə e.ə.I minilliyə aid
maddi mədəniyyət nümunələri, sütun altlıqları, tikili qalıqları aşkar edilib.2008-ci ildən tədqiqatlar bərpa edilib. Qazıntılar AMEA Naxçıvan bölməsi və ABŞ Pensilvaniya Universiteti arasındakı anlaşmaya əsasən aparılır.
Əsas qazıntı sahəsi Narınqala hissəsini əhatə
edir. Əsas məqsəd hələ 1989-cu
ildə aşkar olunmuş
tikilinin tam
üzə çıxarılması olub. Qazıntılar zamanı
Narınqalanın bu
hissəsində böyük bir
ictimai binanın-sarayın qalıqları üzə
çıxarılıb. Saray təbii qayaların üzərində tikilib və bu səbəbdən onun divarlarının hündürlüyü müxtəlifdir. Sarayın daxilində 27 ədəd müxtəlif sütun altlıqları aşkar edilib. Dairəvi sütun altlıqlarının analoqlarına
indiyədək rast
gəlinməyib. Sütunlar ağ rəngli daşlardan yonulub.
Bu daşlar Oğlanqalaya kənardan gətirilib. Hələlik onların haradan
gətirildiyi müəyyən edilməyib. Sarayın daxilində şurf
xarakterli qazıntılar zamanı müəyyən edilib ki,
bəzi yerlərdə mədəni təbəqənin qalınlığı 5 m.
çatır.
Qafqazda analoqu olmayan
yarımdairəvi bürclərdə aparılan qazıntıların əsas məqsədi bürclərin xarakterini
öyrənməkdən ibarətdir. Bir neçə
tonluq yonulmuş
daşlardan inşa olunan qoşa yarımdairəvi bürclər tikinti
texnikasına
görə diqqəti cəlb edirdi. Bu hissədə aparılan araşdırmalar zamanı müəyyən olundu ki,
bürcün üzəri qala
divarlarının uçub tökülməsi nəticəsində örtülüb. Araşdırmalar yarımdairəvi qala bürclərinində birbaşa Qaratəpə dağının qayaları
üzərində tikildiyini təsdiq edir. Tədqiqatlar zamanı bu sahədən çəhrayı,
boz rəngli saxsı
parçaları aşkar olunub. Qablar
narın qum qarışığından hazırlanıb, bəziləri yaxşı
cilalanıb.
Bu tip
keramika forma
və texnoloji xüsusiyyətlərinə görə Azərbaycanda, o cümlədən Naxçıvanda geniş
yayılan erkən dəmir dövrü keramikası ilə
yaxındır.
Çəhrayı
rəngli keramika parçalarından birinin üzərində Xocalı-Gədəbəy keramikası üçün xarakterik olan qabarıq çıxıntıya rastlanıb. Məhz bu fakt
təsdiqləyir ki,
Qaratəpə dağı üzərində məskunlaşma hələ son tunc
dövründə, e.ə. II minilliyin sonlarında başlayıb. Qala divarlarının funksiyasını
müəyyən etmək üçün
şimal qala
bürcü yaxınlığında aparılan qazıntılar nəticəsində şimal
qala bürcünün yaxınlığında
müdafiəni möhkəmləndirmək
üçün terraslar üzrə
pilləli, enli qala
divarlarının inşa olunduğu məlum oldu. Kərpic divarlar daş
təməl üzərində inşa olunmuşdu. Sonrakı tarixi mərhələdə kərpiclərin dağılması nəticəsində qalın mədəni təbəqə əmələ gəlib.
Qala divarlarının tikilmə
tarixini öyrənmək
üçün 2010-cu ildə
bir neçə
yerdə yeni şurflar qoyulub. Qazıntılar nəticəsində Narınqalanın şimal müdafiə divarının 2,7-3 m dərinliyə qədər davam etdiyi
müəyyən olundu.
Araşdırmalar Oğlanqalanın qala
tipli şəhər-dövlət və mühüm inzibati-siyasi
mərkəz olduğunu göstərir. Urartunun sərhədləri yaxınlığında
yerləşən
Oğlanqaladan tapılan keramika və
digər nümunələr Oğlanqalanın Urartu
ilə, həmçinin Qafqaz və
Ön Asiyanın digər cəmiyyətləri ilə
ticarət əlaqələri saxladığını təsdiq edir. Saraydan tapılan və
üzərində mixi işarələr olan
təsərrüfat küpünün parçaları Oğlanqalanın özünəməxsus yazı
sistemi olduğunu təsdiqləyir.
Qazıntılar zamanı aşkarlanmış və
e.ə. IV əsrin sonuna
aid edilən binanın daxilindən götürülən kömürün C14 tarixləri e.ə.
340-320 -ci illər tarixini təsdiq edir. Bu göstərir ki, qala şəhərdə Atropatena dövrünə aid mədəni təbəqə var. Sütunların və
gil qabların tədqiqi onların bir qisminin Atropatena dövrünə aid olduğunu göstərir. Lakin
bu dövrdə sarayın tikintisi yarımçıq
qalmış, daha
sonra insanlar müdafiə divarlarını yenidən bərpa edərək qalada möhkəmləniblər.
2010-cu ildə
aparılan qazıntılar bir
daha təsdiq etdi
ki, Oğlanqalada yaşayış e.ə.
II miniliyyin sonlarından e.ə.I minilliyin sonlarınadək, yəni təqribən 1000 il davam edib. Hələlik Oğlanqala Azərbaycan ərazisində faktlarla təsdiqlənmiş ən qədim şəhərdir.
-Arxeoloji tədqiqatlara beynəlxalq ekspedisiyanın cəlb olunması
hansı zərurətdən irəli gəlib?
-Hazırda Azərbaycanda geniş qazıntılar aparmaq iqtidarında olan
çoxlu arxeoloqlar var. Bununla yanaşı
beynəlxalq arxeoloji ekspedisiyalara müraciət edilməsini bir sıra amillər zəruri etmişdi. Birincisi, qazıntıların kompleks aparılması zərurətidir. Bu zaman
arxeoloqlardan başqa bir sıra mütəxəssislərə ehtiyac duyulur. Ekspedisiyalarda antropoloqların,
paleontoloqların,
geomaqnitik araşdırmalar aparan fiziklərin və
başqa ixtisas sahiblərinin iştirakı ekspedisiyaların nəticələrini daha
tam və
uğurlu edir. Bu ixtisaslar
üzrə mütəxəssislər Azərbaycanda yoxdur.İkincisi, müasir texnoloji yeniliklərdən yararlanmaq zərurəti. Təkcə onu qeyd
etmək istərdim ki, geomaqnitik araşdırmalar Azərbaycanda ilk
dəfə olaraq Naxçıvanda beynəlxalq ekspedisiyalar tərəfindən həyata keçirilib.Üçüncüsü, abidələrimizin qazıntılardan sonra
beynəlxalq miqyasda tanıdılması məsələsidir. Artıq Oğlanqalada aparılan qazıntılarla əlaqədar olaraq
ABŞ, İngiltərə, Macarıstan, Rusiya, Qazaxıstan kimi ölkələrdə məruzələr edilib və
bu məruzələr maraqla
qarşılanıb. Bu günlərdə isə Almaniyada keçiriləcək konfransda Oğlanqalada aparılan son
tədqiqatlarla bağlı olaraq geniş
məruzə ediləcəkdir. Nəticələr Pensilvaniya Universiteti tərəfindən yaradılmış xüsusi İnternet səhifəsində öz
əksini tapır. 2012-ci
ildə isə Amerikada bilavasitə
Oğlanqala qazıntılarına həsr olunmuş simpoziumun keçirilməsi planlaşdırılır.
-Ermənilər iddia
edirlərki guya Oğlanqala Urartu
abidəsidir və dolayısı ilə də onlara məxsus abidədir.
-
Bu qazıntılar göstərdi ki,
Naxçıvan
ərazisi heç
zaman Urartu
tərəfindən işğal
edilməyib. Az miqdarda Urartu elementləri
isə iqtisadi əlaqələr vasitəsilə gətirilib. Xatırlatmaq istərdim ki, hələ ötən əsrin
20-30-cu illərində Naxçıvanda Urartu
yazıları axtarmaq cəhdi heç
bir nəticə verməmişdi. Və məhz o
zaman ortaya
atılan bir səhv nəzəriyyə bu gündə “erməni tədqiqatçıları”
tərəfindən istifadə olunur. Bu nəzəriyyə ondan ibarətdir ki,
Qafqazın ən qədim dövləti Urartu olub
və onlar erməni və gürcülərin əcdadlarıdır. Sayıqlamalar hətta o səviyyəyə çatmışdı
ki, orta əsrlərə aid ərəb əlifbası
ilə olan yazıları belə ermənicə oxumağa başlamışdılar. Sonrakı araşdırmalar təsdiq etdi ki,
urartulular yer
üzündən silinmiş
xalqdır. Onun ermənilərlə heç bir bağlılığı olmayıb. Hətta Urartu
tarixinin və
arxeologiyasının ən
böyük tədqiqatçısı,
arvadı erməni olan
B.B.Piatrovski də
sonda dözə bilməyib SSRİ
Elmlər Akademiyası səviyyəsində bu sayıqlamalara sərt cavab
verməli oldu və
bir daha
bildir di
ki, Urartunun ermənilərlə heç bir əlaqəsi yoxdur. Ermənilərin Oğlanqala ilə bağlı yaydıqları yalan məlumatlar isə yalnız özləri tərəfindən eşidilir. Beynəlxalq elmi ictimaiyyat bu cür cəfəng uydurma
və yalanlara inanmır.
-Tapılmış nümunələrin dünyada tanıdılması üçün
hansı işlər görüləcək?
-Artıq qeyd etdim
ki, qazıntıların davam
etməsinə baxmayaraq ekspedisiya
üzvləri müxtəlif beynəlxalq elmi
tədbirlərdə Oğlanqala və
burada aparılan tədqiqatlar, onların nəticələri barədə çıxışlar edir.
Qazıntıların yekunu olaraq
ABŞ da Oğlanqala haqqında kitabların,
albomların
və s. nəşri
nəzərdə tutulur. Ən önəmlisi isə
buranın gələcəkdə beynəlxalq turizm marşrutuna daxil
edilməsi
üçün hazırlanmasıdır.
Murad
Paritet.- 2010.- 30 oktyabr-1 noyabr.- S.9.