Mehriban Əliyeva:
“Qazanılan uğurlar, qələbələr bizim birgə qələbələrimiz,
uğurlarımızdır”
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
çoxşaxəli ictimai fəaliyyəti ilə xalqımızın
ehtiramını və məhəbbətini qazanmışdır. Bu ehtiram bütün fəaliyyətini
xalqına həsr etmiş fədakar, vətənpərvər
bir övladın, ləyaqətli vətəndaşın tam mənəvi
haqqıdır. Elə insanlar var ki, öz
varlıqları ilə el-obaya şan-şöhrət gətirirlər.
Nəsildən-nəslə keçən
xeyirxahlıqları, nəciblikləri ilə
doğulduqları torpağın, sahibi olduqları vətənin
şərəfini uca tuturlar.
Mehriban xanım Əliyeva idrakı ilə
arif, elmi potensialı ilə ağıllı, parlaq zəkası
ilə güclü, qətiyyəti və
işgüzarlığı ilə qüdrətli, təfəkkür
aydınlığı ilə dövlətli,
başladığı möhtəşəm layihələri
hünərvərliklə başa çatdırmaq səyi ilə
iradəli, xalqımızın mədəniyyəti və təhsili
üçün gördüyü əzəmətli işlərin
neçə-neçə əsrlərlə yaşayacaq
vüsəti qədər uzunömürlüdür. Mehriban xanım Əliyeva Azərbaycanın ictimai-siyasi
həyatında xüsusi fəaliyyəti ilə seçilir.
O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Azərbaycan Mədəniyyət Fondunun sədri, Azərbaycan
Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan-İrs”
jurnalının baş redaktorudur.
Azərbaycan
qadınlarının ən gözəl xüsusiyyətlərini,
mənəvi keyfiyyətlərini özündə birləşdirən
Mehriban xanımın fəaliyyətinin bütün istiqamətlərinə
nəzər salsaq, bir daha onun xalqımızın milli sərvətlərinə,
tarixinə, mədəniyyətinə, incəsənət xəzinəsinə
həssas münasibətinin şahidi olarıq.
Noyabrın 7-də dördüncü
çağırış Milli Məclisə seçkilərdə
14 saylı Xəzər II seçki dairəsindən
deputatlığa namizəd Mehriban Əliyeva Binə qəsəbə
nümayəndəliyinin qarşısında seçicilərlə
görüşüb söhbət etdi, onların
qayğıları və problemləri ilə maraqlandı.
Sakinlər Mehriban xanımın gəlişindən
böyük sevinc duyduqlarını bildirərək dedilər
ki, Sizin gördüyünüz
bütün işlər hamımızın gözü
qarşısındadır. Bunu inkar etmək
olmaz. Xəzər rayonunun qəsəbə
və kəndlərində məktəblər, xəstəxanalar,
mədəniyyət ocaqları, istirahət parkları
tikilmiş, təmir olunmuş, yeni yollar salınmış,
elektrik, qaz, su təminatı ilə bağlı problemlər həll
olunmuşdur. Sizin təşəbbüsünüzlə
Binədə elə bir mədəniyyət mərkəzi
tikilib ki, bəlkə də respublikada analoqu yoxdur. Bu binaya görə bütün sakinlərimiz
adından sizə minnətdarlıq edirik.
Binə sakinləri ilə növbəti
görüşdən məmnun olduğunu bildirən Mehriban
xanım Əliyeva dedi ki, Xəzər rayonuna, xüsusilə də
Binə qəsəbəsinə mütəmadi olaraq gəlirəm,
sizlərlə görüşürəm. Biz beş
il bundan əvvəl Xəzər rayonunun hərtərəfli
inkişafı üçün zəruri olan bütün məsələləri
birlikdə müzakirə etdik, problemlərlə tanış
olduq və onların həlli yollarını müəyyənləşdirdik.
Demək olar ki, bu 5 il ərzində
çox uğurlara nail olmuşuq. Ümumiyyətlə,
Xəzər rayonunda bu vaxt ərzində 15 məktəb əsaslı
təmir olunub, yenidən qurulmuşdur. Onlardan
beşi Binə qəsəbəsindədir. Binə qəsəbəsində 2 bağça, bu
yaxınlarda açılışı olacaq mədəniyyət
evi, musiqi məktəbi, kitabxana, xəstəxana, poliklinika
inşa və bərpa olunmuş, parklar
salınmışdır. Əlbəttə,
çox işlər görülüb. Təbii
qaz, elektrik enerjisi, su ilə təminat
yaxşılaşmışdır. Yollar təmir
olunur. Bununla yanaşı, əlbəttə,
problemlər də vardır. Heydər Əliyev
Fondu həm rayonda, həm də ki, Binə qəsəbəsində
çox böyük layihələr həyata keçirir.
Siz bilirsiniz ki, rayon ağsaqqallarının təşəbbüsü
ilə Xəzər Rayonunun İnkişafı Fondu
yaradılmışdır. Həmin fond
Heydər Əliyev Fondu ilə çox sıx əməkdaşlıq
edir, layihələr həyata keçirir və rayonun həyatında
mühüm rol oynayan quruma çevrilir.
Bununla
yanaşı, mən bilirəm ki, bizim əməkdaşlar
çox tez-tez qəsəbəyə gəlirlər,
insanların gündəlik həyatı ilə
maraqlanırlar. Əgər kimin köməyə ehtiyacı varsa, biz
hər zaman çalışırıq ki, bu köməyi edək.
Bu gün qəsəbədə problemlər
vardır. Məsələn, yollar. Mən hesab edirəm ki, onun da müəyyən səbəbləri
vardır. Çünki yollar
abadlaşdırılır sonra qaz və su xətləri
çəkmək üçün yenidən qazılır.
Bunlar olmamalıdır. Mən
inanıram ki, biz qarşıdakı illərdə yeni mərhələyə
keçəcəyik. Əgər biz bundan əvvəl
məktəblərin maddi-texniki bazasını möhkəmləndirirdiksə,
növbəti mərhələdə gərək təhsilin
keyfiyyətini düşünək. Gərək
bizim uşaqlar məktəblərdə ən yüksək təhsil
alsınlar. Buna görə bütün məktəblər
kompyuterlə təmin olunmalıdır. Dünya
təhsil sistemində ən müasir nə varsa biz onu tətbiq
etməliyik.
Məqsəd
odur ki, bütün mövcud problemlər çox qısa bir
zamanda öz həllini tapsın. Əhalinin sosial rifah halı daha da
yaxşılaşsın, qaz, su, elektrik enerjisi təminatında
problemlər olmasın. Mən inanıram
ki, biz birlikdə, buna da nail olacağıq.
Sağ olun, mən bir daha sizə öz
minnətdarlığımı bildirmək istəyirəm.
Çünki bütün bu illər ərzində mən
sizin dəstəyinizi çox yaxşı hiss etmişəm. Hesab edirəm ki, qazanılan uğurlar, qələbələr
bizim birgə qələbələrimiz, birgə
uğurlarımızdır.
Qəsəbə
sakinləri Mehriban xanımın Milli Məclisə
deputatlığa namizədliyinin yenidən Xəzər
rayonundan irəli sürülməsindən çox sevindiklərini
bildirdilər. Dedilər ki, biz bundan çox böyük qürur
hissi duyuruq və Sizi həmişə dəstəkləyəcəyik.
Mehriban xanım Əliyeva dedi ki, mən
sizin məhəbbətinizi hər zaman hiss edirəm. İnanıram ki, biz bütün
imkanlarımızı səfərbərliyə alıb qalan
problemləri də birlikdə həll edəcəyik.
Mən bütün işlərimdə
sizə arxalanıram, sizin
dəstəyinizi hər
zaman hiss
və biz bir komanda kimi
çoxlu nailiyyətlər qazanmışıq
Bu fikir Milli Məclisə
deputatlığa namizəd Mehriban xanım Əliyevanın
Türkan qəsəbə parkında seçicilərlə
görüşündə səslənmişdir.
Yenidən Türkan qəsəbəsində
olmaqdan məmnunluğunu bildirən Mehriban xanım Əliyeva
dedi ki, qəsəbənizin problemləri mənə
yaxşı tanışdır. Ötən
müddətdə biz sizinlə bərabər qəsəbənin
inkişafı, problemlərin həlli istiqamətində
çalışmışıq.
Siz yəqin xatırlayırsınız ki,
beş il bundan əvvəl biz sizinlə
görüşəndə qərara aldıq ki, prioritet istiqamət
təhsildir. Ötən beş ildə qəsəbədə
bu istiqamətdə xeyli iş görülmüşdür. Məktəblər tikilir, bəziləri yenidən
qurulur, onların maddi-texniki bazasının gücləndirilməsi
ilə bağlı böyük nailiyyətlər əldə
olunmuşdur. Ümumiyyətlə, Xəzər rayonunda
bu beş ildə 16 məktəb binası
tikilmiş və ya yenidən qurulmuşdur. Təmirə
ehtiyacı olan bir-iki məktəb binası
qalmışdır. Yaxın gələcəkdə
onların da maddi-texniki bazasını yüksək səviyyəyə
çatdırdıqdan sonra növbəti mərhələdə
biz artıq təhsilin səviyyəsini, keyfiyyətini
düşünməliyik. Məktəblərin
hamısında kompyuter, ən yüksək, müasir
təhsil üçün bütün zəruri vasitələr
olmalıdır, uşaqlarımız yaxşı şəraitdə
təhsil almalıdır.
Türkan qəsəbəsinə hər gəlişindən,
sakinlərlə görüşlərindən məmnunluğunu
bildirən Mehriban xanım Əliyeva dedi ki, burada olan
abadlığı, təmizliyi, gözəlliyi görürəm. Bunlar məni
sevindirir. İnanıram ki, mövcud
problemləri də çox qısa bir zamanda
imkanlarımızı səfərbərliyə alıb həll
edəcəyik. Çünki mən
bütün işlərimdə sizə arxalanıram, sizin dəstəyinizi
hər zaman hiss edirəm və biz bir komanda kimi çoxlu
nailiyyətlər qazanmışıq. Həm ümumiyyətlə,
rayona, həm də Türkan qəsəbəsinə baxsaq,
burada bir neçə park, mədəniyyət evi, poliklinika,
tibbi yardım stansiyası, sanatoriya, məktəblər,
bağça, internat məktəbi - bunlar hamısı
inkişafdır, abadlıqdır. Əlbəttə,
mənim arzum odur ki, bütün problemlər çox qısa
bir zamanda həllini tapsın. Həm əhalinin rifahı, həm su,
elektrik enerjisi, qazla təminat yaxşılaşsın. Qəsəbədaxili yollar bəzi yerlərdə
yaxşı deyildir, onları yenidən qurmaq lazımdır.
Bütün bu problemlər öz həllini
tapacaqdır. Mən əminəm ki,
yaxın gələcəkdə bu məsələlərin
hamısı həll olunacaqdır. Bir daha demək istəyirəm
ki, Türkan daha da
gözəlləşəcəkdir. Türkan
bu gün də çox gözəldir. Bundan
da artıq gözəl olacaqdır.
Sizinlə
görüşməyə hər zaman şadam. Sizə minnətdarlığımı
bildirmək istəyirəm. Sizin məhəbbətinizi,
sevginizi həmişə hiss etmişəm. Əldə edilən bütün uğurlar bizim birgə
qələbəmizdir.
Mehriban xanım sakinlərin qayğı və
problemləri ilə
maraqlandı, istək və arzularını dinlədi
və onlara kömək göstərəcəyini dedi.
Sakinlərdən Gülarə Rəhmanova, Sevda Əlifəttahzadə,
Leyla İbrahimova və başqaları dedilər ki, burada sizin
təşəbbüsünüzlə çox böyük
işlər görülmüşdür. Göstərdiyiniz
qayğıya görə Sizə minnətdarıq.
Türkanı müasirləşdirirsiniz, Allah Sizə
cansağlığı versin. Son illər
ölkəmizdə, o cümlədən qəsəbəmizdə
görülən xeyirxah işləri yüksək qiymətləndirir,
ürəkdən sevinir, fəxr edirik. Bu
nailiyyətlərin hamısı göz qabağındadır.
Sizin gəlişinizə bütün qəsəbə
sakinləri sevinirlər. Qarşıdan gələn
seçkilərdə bir nəfər kimi sizə səs verəcəyik.
Çünki bizim ümidimiz sizədir. Sizi dəstəkləməyə həmişə
hazırıq, çünki sizin köməyinizi daha çox
görürük.
Noyabrın 7-də, Allah qoysa,
hamımız sizə
səs verəcəyik.
Mehriban
xanım Əliyeva bildirdi ki, Türkanda xüsusi bir mühit
vardır. Buraya qədəm qoyan kimi onu hiss edirəm. Ona
görə bir daha sizə dərin minnətdarlığımı
çatdırmaq istəyirəm. Əminəm ki, sizin dəstəyinizlə
bütün problemləri həll edəcəyik.
Ş.Cəfərov
Paritet.- 2010.- 30 oktyabr-1 noyabr.- S. 1;4.